Sevda XƏLƏFOVA
tarix
üzrə fəlsəfə doktoru, dosent
TƏHSİL
SİSTEMİNİN İNFORMASİYALAŞDIRILMASINDA
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARININ ƏHƏMİYYƏTİ
Açar
sözlər: təhsil sisteminin
informasiyalaşdırılması, təhsildə İKT-nin tətbiqi
ilə bağlı dövlət siyasəti, təhsildə
informasiya və kommunikasiya texnologiyalarından istifadə,
elektron təhsil texnologiyalarının üstünlükləri
Ключевыe
слова: информатизация системы образования, государственная
политика в связи с применением ИКТ в образовании, использование
информационно-коммуникационных технологий в образовании, преимущества
электронных технологий в образовании.
Keywords:
information
of education system, state policy on application of ICT in education, usage of
information and communication technologies in education, advantages of
e-education technologies
Məqalədə
respublikamızda informasiya-kommunikasiya texnologiyalarının
müxtəlif fəaliyyət sahələrinə, xüsusilə
də təhsil sisteminə tətbiqi ilə əlaqədar
dövlət siyasəti, qəbul olunmuş qərar, sərəncam
və dövlət proqramları haqda məlumat verilmiş, təhsil
sisteminin informasiyalaşdırılması və kompüterləşdirilməsi,
müxtəlif strateji əhəmiyyətli İKT layihələrinin
həyata keçirilməsi, təhsil şəbəkə
infrastrukturunun qurulması və s. məsələlərə
toxunulmuşdur.
Biliklərə
əsaslanmış iqtisadiyyatın təşəkkül
tapdığı şəraitdə informasiya və
kommunikasiya texnologiyalarının (İKT) inkişafı
ölkənin intellektual və elmi potensialının vacib
göstəricilərindən biridir. Qloballaşan dünyada
ölkələrin rəqabət qabiliyyəti ilk növbədə
onların İKT-dən səmərəli istifadəsi ilə
müəyyənləşməklə formalaşır.
Hazırda respublikamızda bütün sahələrdə
mütəxəssislərin informasiya və kommunikasiya
texnologiyaları ilə işləmək və onlardan
düzgün istifadə etmək bacarığına çox
böyük önəm verilir. İKT biliyinə mükəmməl
yiyələnməyin ən yaxşı yolu isə əsasən
təhsil müəssisələrindən başlayır.
Ölkəmizdə
İKT-nin inkişafı, informasiya cəmiyyətinin
formalaşması ulu öndər Heydər Əliyevin adı
ilə bağlıdır. Onun 17 fevral 2003-cü ildə imzaladığı
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər)
Milli Strategiya" 10 ilə yaxın müddətdə
müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi
sahəsində prioritet vəzifələr müəyyənləşdirib.
Əsası ulu öndər tərəfindən qoyulan bu
strategiya hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Hələ 2003-cü ilin dekabrında
BMT və UNESCO-nun Cenevrədə keçirilən
İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti
üçüncü minilliyin əsas vəzifəsini -
informasiya cəmiyyəti qurulması vəzifəsini bəşəriyyətin
inkişafının mühüm şərti kimi
vurğuladı. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev həmin sammitdə çıxış edərək
ölkəmizdə İKT-nin gündəlik həyatımızın
tərkib hissəsinə çevrildiyini, mütəxəssislərimizin
informasiya və kompüter texnologiyaları üzrə müxtəlif
layihələri həyata keçirdiklərini bildirmişdir.
Bu gün informasiya və kommunikasiya texnologiyaları
ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələri əhatə
edərək cəmiyyətin inkişafına güclü təsir
göstərən əsas amillərdən birinə
çevrilmişdir. Hazırda informasiya və kommunikasiya texnologiyalarının
tətbiqinin səviyyəsi hər bir ölkənin zehni və
elmi potensialının, dövlət idarəçiliyində
şəffaflığın və demokratiyanın
inkişafının, sosial-iqtisadi problemlərin həllinin,
yoxsulluğun aradan qaldırılmasının əsas göstəricilərindən
hesab olunur. Son illərdə ölkəmizdə cəmiyyətin
sənəd-informasiya tələbatını, o cümlədən
ədəbiyyata olan tələbatını daha dolğun
şəkildə ödənilməsi və bu işdə
İKT-dən istifadə sahəsində bir sıra ciddi
addımlar atılmışdır.
Azərbaycan
Prezidenti İlham Əliyevin 22 oktyabr 2005-ci il tarixli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramı (Elektron Azərbaycan)" rabitə və informasiya
texnologiyalarının geniş tətbiqinə imkan yaradan,
habelə bölgələrdə geniş
yayılmasını təmin edən mükəmməl fəaliyyət
konsepsiyasına çevrilmişdir. 11 avqust 2008-ci il tarixli
"Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramının (Elektron Azərbaycan)"
təsdiq edilməsi haqqında sərəncam da bu sahədə
həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə
yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Artıq
İKT Azərbaycanda digər sahələrdə olduğu
kimi, təhsil sistemində də geniş şəkildə tətbiq
edilir. Təhsil cəmiyyətin əsas aparıcı qüvvəsi
olmaqla ölkələr, müxtəlif mədəniyyətlər
arasında qarşılıqlı anlaşmanın
yaxşılaşdırılmasına, münaqişələrin
sülh yolu ilə həllinə, cəmiyyətin bütün
üzvlərinin fiziki və mənəvi təkmilləşdirilməsinə,
iqtisadi inkişafa dəstək olmaqla yoxsulluğun
azaldılması və həyat səviyyəsinin yüksəlməsinə
birbaşa təsir edir. İKT-nin təhsildə tətbiqi Azərbaycan
vətəndaşlarının müasir biliklərə və
bacarıqlara malik olan yeni nəslinin formalaşmasına
birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.
Son illər təhsil sistemində İKT infrastrukturunun
inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin
dünya standartları səviyyəsinə
çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən
biridir. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi
sahəsində müxtəlif layihə və tədbirlər
hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin
təhsil sahəsində aparılan islahatların çox vacib
mərhələlərindən biri olmaqla təhsil
ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin informasiya
və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər)” xüsusi əhəmiyyətə
malikdir. Proqramın həyata keçirilməsi nəticəsində
ölkənin ümumtəhsil məktəblərinin informasiya
və kommunikasiya texnologiyaları ilə əsasında qurulmasına
diqqət xeyli artmışdır.
Ölkədə
informasiya və kommunikasiya texnologiyalarının təhsil
sisteminə inteqrasiyası və təhsil prosesinin məzmunca
modernləşməsi sahəsində əməli işlərdən
biri də 10 iyun 2008-ci il tarixində ölkə
başçısı tərəfindən qəbul edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"dır. Bu proqramda İKT-dən istifadə etməklə
ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə
yeni təhsil modelinin qurulması, vahid elektron təhsil məkanının
yaradılması və təhsil sisteminin dünya təhsil məkanına
inteqrasiya etdirilmisini əsas məqsəd kimi qarşıya
qoyulmuşdur. Dövlət proqramının əsas məqsədi
təhsilin bütün pillələrində müasir
informasiya və kommunikasiya texnologiyalarının səmərəli
tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil
mühitinin formalaşdırılması və bu zəmində
əhalinin bütün təbəqələri
üçün keyfiyyətli təhsil almaq imkanlarının
təmin edilməsi, habelə ölkənin təhsil sisteminin
dünya təhsil məkanına inteqrasiya olunması
üçün şərait yaradılmasıdır.
İKT-nin
təhsildə tətbiqi, eləcə də adı çəkilən
proqramın icrası baxımından Təhsil Nazirliyi ilə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
arasında səmərəli əməkdaşlıq
mövcuddur. Təhsil sisteminin
informasiyalaşdırılmasının əsas istiqamətlərindən
biri də infrastrukturun inkişafıdır. Bu prosesdə
RİTN və Təhsil Nazirliyinin yaxından əməkdaşlığı
nəticəsində “Azərbaycan Təhsil Şəbəkəsi”
(AZEDUNET) yaradılmışdır. Dövlət proqramı
çərçivəsində yaradılan AZEDUNET ölkəmizin
təhsil sistemini vahid bir informasiya məkanında birləşdirmək
məqsədini daşıyır. AZEDUNET-in əsas məqsədi ölkənin
bütün təhsil ocaqlarını vahid yüksək
sürətli internet şəbəkəsi çərçivəsində
birləşdirməkdən ibarətdir. Vahid təhsil şəbəkəsinin
mövcudluğu ölkə çərçivəsində təhsil
ocaqları arasında yüksək sürətli məlumat
mübadiləsini təmin etməyə imkan yaradacaq və
bununla da milli elektron təhsil şəbəkəsinin
inkişafına təkan verəcək. Bundan əlavə, təhlükəsiz
informasiya sistemlərinin fəal istifadəsi ilə təhsil
ocaqları ardıcıl surətdə internetə
çıxışla təmin olunur.
Qeyd
edək ki, 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə
İKT ili” elan olunmasını da Azərbaycanda bu sahədə
görülən işlərin zirvəsi hesab etmək olar. “Təhsildə
İKT ili” çərçivəsində elektron resursların
yaradılması barədə yeni layihələr və tədbirlər
həyata keçirilmişdir. Artıq respublikamızda
bütün təhsil pillələri üçün İKT
üzrə proqramlar hazırlanıb təsdiq edilmiş,
distant təhsil üzrə ilk eksperimentlər aparılmağa
başlanılmışdır. Hazırda təhsil portalının
informasiya resursları formalaşmaqdadır, bəzi təhsil
müəssisələrinin saytları yaradılmış və
aktiv halda saxlanılır. Təhsilin idarə
olunmasının məlumat sistemlərinin yaradılması,
informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil
məktəblərində tətbiqi və ümumtəhsil məktəbləri
üçün informasiya və kommunikasiya texnologiyaları
sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi
heyət kadrlarının hazırlanması üzrə işlərə
başlanılmışdır.
Məlum
olduğu kimi, təhsil sisteminin informasiyalaşdırlması
prosesində müəllim əsas yer tutur. Təhsilin
informasiyalaşdırlmasının müvəffəqiyyəti
məhz müəllimin İKT sahəsində biliklərinin səviyəsindən
və onun bu sahədə olan vərdişlərinin tədrisdə
tətbiqindən birbaşa asılıdır. E-tədris və
təhsilin idarə edilməsi, elektron dərsliklərin
yaradılması texnologiyalarının, bu sahədə olan
beynəlxalq standartların araşdırılması, elektron
dərsliklərin istifadəsi, ekspertizası və qiymətləndirilməsi
istiqamətində təklif və tövsiyələrin
hazırlanması, təlimin informasiya texnologiyalarının təhsil
müəssisələrində tətbiqi, bu sahədə elmi
əsaslara söykənmiş tədqiqatların
aparılması məsələlərinin həlli olduqca
önəmlidir. Professor Rasim Əliquliyev qeyd edir ki, “artıq
tabaşir, lövhə, kağız qələm yox, müəllimlə
tələbə arasında müasir kompüter vasitələri
olmalıdır. Ona görə artıq müəllim öz
biliklərini ənənəvi mühazirə qaydasında yox,
multimedia bilikləri şəklində təqdim etməlidir”.
Dünya
təcrübəsi göstərir ki, İKT-dən istifadə
etməklə qurulan müasir təhsil modeli məktəbin
pedaqoji heyəti qarşısında da yeni tələblər
və vəzifələr qoyur. Müəllimlərin tək
öz seçdikləri fundamental biliklər, pedaqogika və
psixologiya sahəsində deyil, həm də informasiya sahəsində
yenidən təlim alması olduqca aktuallaşır. Artıq
yeni nəslin müəllimlərindən konkret öyrətdikləri
fənnin struktur məzmununa və məqsədinə
uyğun, tələbələri individual xüsusiyyətlərini
nəzərə alan onların harmonik inkişafını
mümkün edən texnologiyaları seçib tədrisdə
tətbiq etmək tələb olunur.
İKT
vasitələri öz geniş imkanları ilə təhsil prosesini
xeyli sadələşdirir, onu dinamik və çevik edir.
"Müəllim - tələbə - dərslik" tədris
modelinə kompüterin də əlavə edilməsi tədris
prosesini individual proqram üzrə təşkil etməyə,
tələbənin dərsə marağını və istəyini
stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan
dərslər çox cəlbedici və yaddaqalan olur. Multimedia
vasitələri, avtomatlaşdırılmış öyrədici
sistemlər, kompüter tədris proqramları, animasiya
qrafikası, rəngarəng illüstrasiyalar öyrənənlərin
idrak aktivliyinə müsbət təsir göstərir.
Tədris
prosesində interaktiv lövhədən istifadə edilməsi
dərsin əsas prinsiplərindən birini - onun əyaniliyini
təmin edir. Elektron lövhənin sensorlu, yəni
hissiyyatlı səthinə xüsusi qələmlə və
ya barmaqla yavaşca toxunmaqlaonun üzərində kompüterdə
mümkün olan bütün əməliyyatları interaktiv
rejimdə aparmaq olar. "Ağıllı lövhə, həmçinin
kompüterə qoşulan mikroskop, skaner, rəqəmli
fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri
də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da tədris
müəssisələrində virtual laboratoriyaların təşkilində
mühüm əhəmiyyətə malikdir. Tələbələr
kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin
izahını və videogörüntülərini, müxtəlif
cihazların, qurğuların, texniki vasitələrin işləm
prinsiplərini "möcüzəli" ekranda izləyə
bilərlər. Bu isə nəzəri metodoloji biliklərin,
praktiki bacarıq və təcrübələri inteqrasiya etməklə
tədrisi xeyli canlandırır, tələbələrdə
yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq,
tədris materialını dərindən dərk etmə
qabiliyyətini daha da artırır. "Ağıllı"
lövhənin bir üstün cəhətini də xüsusi
qeyd etmək lazımdır ki, onun üzərində
aparılan bütün əməliyyatları, dərsin
gedişini, hazırlanmış şablonları, modelləri
kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə
istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən
dərsləri buraxanlar və ya təlimdən geri qalanlar
üçün xüsusi əhəmiyyətə malikdir. Belə
ki, tələbə iştirak edə bilmədiyi dərsin
elektron variantı ilə sonradan tanış ola bilər və
ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana
kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər.
İKT-nin
imkanlarından tədrisdə uğurla istifadə edən
müəllimlər qeyd edir ki, interaktiv rejimdə keçilən
dərslərdə tələbələrin mərkəzi
fiqur olması təmin edilir. Müəllim əsasən tələbənin
konsultantı, onun fərasətini və orijinal
bacarığını qiymətləndirən, onu aktivliyə,
müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən
rolunda çıxış edir. Elektron tədrisdə
uşaqların hamısı lövhəyə
çıxıb, müəllimin bütün
tapşırıqlarını yerinə yetirməkdə həvəsli
olurlar. İnteraktiv rejimdə keçilən dərslər
bütün uşaqların, o cümlədən passiv, utancaq,
müəyyən fiziki və ya psixoloji qüsuru olan tələbələrin
dərs prosesinə aktiv qoşulmasına şərait
yaradır.
Ümumiyyətlə,
ölkədə bütün təhsil pillələri
üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq
edilmiş, distant təhsil üzrə ilk eksperimentlər
aparılmağa başlanılmışdır. Hazırda təhsil
portalının informasiya resursları formalaşmaqdadır, bəzi
təhsil müəssisələrinin saytları
yaradılmış və aktiv halda saxlanılır. Təhsilin
idarə olunmasının məlumat sistemlərinin yaradılması,
informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil
məktəblərində tətbiqi və ümumtəhsil məktəbləri
üçün informasiya və kommunikasiya texnologiyaları
sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi
heyət (laborant) kadrlarının hazırlanması üzrə
işlərə başlanılmışdır.
Lakin
təəssüflər olsun ki, ölkənin təhsil
sistemində müasir informasiya və kommunikasiya
texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi
istər dinamik inkişaf edən iqtisadiyyatımızın
mövcud imkanları, istərsə də dünya təhsil məkanına
inteqrasiya baxımından qənaətbəxş hesab edilə
bilməz. Ölkədə təhsil ocaqlarının
kompüter avadanlığı ilə təminatındakı
irəliləyişlərə rəğmən,
bütövlükdə təhsil sisteminin informasiya
infrastrukturunun səviyyəsi hələ ki, günün tələbləri
səviyyəsində deyil.
Müasir
təhsil texnologiyalarının genişmiqyaslı tətbiqi
ilk növbədə təhsil müəssisələrinin
kompüter avadanlığı ilə təminatının
köklü şəkildə
yaxşılaşdırılmasını nəzərdə
tutur. Tələbə (şagird) / kompüter nisbətinin
bütövlükdə ölkə üzrə, xüsusilə
də bölgələrdə və kənd yerlərində
optimallaşdırılması qarşıda duran ən vacib
problemlər sırasındadır. Lakin bu gün ölkənin
təhsil sisteminin bütün pillələrində
kompüterlərə çıxış imkanlarının
genişləndirilməsi zərurəti ilə yanaşı,
İKT avadanlığının daha səmərəli istifadə
olunmasının, o cümlədən texniki nəzarət və
dəstək sisteminin təkmilləşdirilməsinin
aktuallığı qabarıq şəkildə hiss olunur.
Xüsusən də rayon səviyyəsində texniki nəzarət
və dəstək sisteminin mövcud olmaması, yaxud
günün tələbləri səviyyəsində qurulmaması
artıq quraşdırılmış kompüter
avadanlığından, rəqəmsal təhsil
resurslarından tam səmərəli şəkildə bəhrələnmək
imkanlarını məhdudlaşdırır.
Respublikada
təhsil prosesində rəqəmsal texnologiyaların geniş
istifadəsinə maneçilik törədən əsas amillərdən
biri rəqəmsal şəbəkə infrastrukturunun zəif
inkişaf etməsi, təhsil ocaqlarının ölkədaxili
intranet şəbəkəsi ilə yetərli səviyyədə
əhatə olunmaması və yüksək sürətli
internet əlaqəsi ilə təmin olunmamasıdır. Belə
ki, hazırda respublikanın ali məktəblərində internet
əlaqəsi tam təmin olunsa da, orta təhsil məktəblərinin
və orta ixtisas məktəblərinin internetə
çıxış imkanlarında problemlər var. Təhsil
müəssisələrinin böyük əksərinin veb-səhifələri
yaradılmamış, müəssisədaxili rəqəmsal
şəbəkələri, həmçinin vahid ölkədaxili
təhsil portalı formalaşdırılmamışdır.
Bununla yanaşı, multimedia xarakterli dərsliklərin və
digər tədris vasitələrinin işlənilməsi,
yayılması və təhsil prosesində tətbiq
olunması ləngiməkdədir. İKT-nin tətbiqi üzrə
elmi-metodiki bazanın təkmilləşdirilməsi,
ümummilli səviyyədə vahid elektron təhsil məkanının
təşəkkül tapması günün əsas tələbi
olaraq qalır.
Azərbaycan
Respublikasında təhsil sisteminin islahatları ilə
bağlı ən aktual məsələlərdən biri də
İKT tətbiq etməklə təhsilin idarə
olunmasının təkmilləşdirilməsidir. Bu sırada
təhsildə İKT-nin tətbiqi sahəsində yerli
özünüidarə və dövlət orqanlarının
fəaliyyətini tənzimləyən normativ hüquqi
bazanın təkmilləşdirilməsi, təhsil sahəsində
effektiv idarəetmə üçün zəruri olan və bu
sahənin vəziyyətini xarakterizə edən elektron məlumat
bazası sistemi hazırlanıb tamamlanması xüsusi diqqət
tələb edir. Həmçinin ölkənin təhsil
sisteminin yüksək İKT bilik və bacarıqlarına
malik pedaqoji və inzibati kadrlarla təminatının
müasir standartlar səviyyəsinə çatdırılması
təxirəsalınmaz məsələ kimi qarşıda
durur.
Ölkəmizdə
informasiya və kompüter texnologiyalarının, ümumiyyətlə,
elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi
ilə əlaqədar aşağıdakı təklif və
tövsiyələri qeyd etmək istərdik:
-
ölkə daxilində təhsilin, xüsusilə distant təhsilin
inkişaf etdirilməsi üzrə tədbirlərin həyata
keçirilməsi: əsasən multimedia
texnologiyalarının tətbiqi ilə müasir elektron dərsliklərin
hazırlanması və yayılmasının genişləndirilməsi;
-
bütün fənlər üzrə müasir elektron
elmi-metodiki vəsaitlər, elektron dərsliklər kompleksinin
işlənilməsi və yayılması;
-
elektron təhsil (e-Learning) resursları bazasının
yaradılması və tədris prosesinə inteqrasiyası;
-
təhsildə İKT-nin tətbiqi üzrə məlumat və
resurs mərkəzlərinin yaradılması;
-
vahid təhsil portalının yaradılması və mütəmadi
dəstəklənməsinin təmin olunması;
-
təhsildə dünya informasiya resurslarından səmərəli
istifadənin təşkili, interaktiv tədris imkanlarından
daha geniş istifadə olunmasının dəstəklənməsi.
Hazırda
informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin
gələcəyinə gedən yol kimi dəyərləndirirlər.
Artıq alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin
tam formalaşdığı mərhələdə
insanların əsas əmək predmeti informasiya, əmək
alətləri isə İKT olacaq. Ona görə də bu
gün respublikamızda təhsilin bütün pillələrində
İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda
İKT-nin özünün tədris olunması, gənclərdə
müstəqil şəkildə informasiya toplamaq, analiz etmək,
ötürmək qabiliyyətinin
formalaşdırılması onların gələcəkdə
informasiya cəmiyyətinin qiymətli üzvlərinə
çevrilməsində mühüm rol oynaya bilər.
ƏDƏBİYYAT
1.
Попов, В.Б. Основы
информационных и телекоммуникационных технологий. Мультимедиа [Текст]. - М.:
Финансы и статистика, 2007. - 336 с. - ISBN: 978-5-279-03176-4.
2.
Пилко, И.С.
Информационные и библиотечные технологии [Текст]: Учеб. пособие / И.С.Пилко.-
СПБ.: Профессия, 2006.-342 с.-
3.
Трайнев, В.А. Новые
информационные коммуникационные технологии в образовании [Текст] / В.Ю.
Теплышев, И.В. Трайнев. - М.: Дашков и Ко, 2012. - 320 с. - ISBN:
978-5-394-01685-1.
4.
Чепмен, Н. Цифровые
технологии мультимедиа [Текст]. - М.: Вильямс, 2006. - 624 с. - ISBN:
5-8459-0888-4.
5.
Чернобай, Е.В.
Технология подготовки урока в современной информационной образовательной среде
[Текст]. - М.: Просвещение, 2012. - 56 с. - ISBN: 978-5-09-024975-1.
6.
http://www.ict.edu.az/az/tehsil-sisteminde-ikt-infrastrukturunun-inkisaf-etdirilmesi.html
7.
eco.gov.az/.../Ibrahimov%20Ali%20Zulfuqar%20oglu-Hefte%20Ichi-qa.
8.
http://www.paritet.az/olke/2769.html
9.
http://www.muallim.edu.az/arxiv/2010/44/25.htm
С.А. Халафова
ЗНАЧЕНИЕ ИНФОРМАЦИОННО-КОММУНИКАЦИОННЫХ
ТЕХНОЛОГИЙ В ИНФОРМАТИЗАЦИИ СИСТЕМЫ ОБРАЗОВАНИЯ
РЕЗЮМЕ
В
статье рассказывается о государственной программе, принятых решениях, распоряжениях
и государственных программах в связи с применением информационно-коммуникационных
технологий в различных сферах деятельности, и в особенности, в системе
образования, также были затронуты информатизация и компьютеризация системы
образования, осуществление различных ИКТ проектов стратегического значения,
создание сетевой инфраструктуры образования и др. вопросы
S.A. Xalafova
SIGNIFICANCE OF INFORMATION AND COMMUNICATION
TECHNOLOGIES IN INFROMATIZATION OF EDUCATION SYSTEM
SUMMARY
The
article includes ICT’s various spheres in our republic, especially state policy
on its application in education system, passed decision, information about
order and state programs, informatization and computerization of education
system, implementation of various strategic ICT projects, building of education
network infrastructure and other issues.
Kitabxanaşünaslıq və
biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi
jurnal.- 2014.- № 2.- S. 22-29.