Adilə ABDULLAYEVA

AMEA-nındoktorantı

 

AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA MƏDƏNİYYƏTİNİN FORMALAŞMASININ MÜASİR VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ

 

Açar sözlər: informasiya mədəniyyəti, kitabxanalar, informasiya-kommunikasiya texnologiyaları, internet resursları, anket sorğusu

Êëþ÷åâûå ñëîâà: èíôîðìàöèîííàÿ êóëüòóðà, áèáëèîòåêè, èíôîðìàöèîííî-êîììóíèêàöèîííûå òåõíîëîãèè, èíòåðíåò ðåñóðñû, àíêåòíûé îïðîñ

Key words: information literacy, libraries, information and communication technologies, internet resources, questionnaire

Məqalədə Azərbaycanda informasiya mədəniyyətinin formalaşması problemi tədqiq edilmiş, informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların rolunu müəyyənləşdirmək məqsədilə oxucular arasında keçirilən anket sorğunun nəticələri təhlil edilmiş, informasiya mədəniyyətinin formalaşmasının hazırki vəziyyəti işıqlandırılmış və gələcək inkişaf perspektivləri barədə tövsiyələr verilmişdir. Sorğunun nəticələrinə əsasən demək olar ki, cəmiyyət üzvlərinin bir qisminin və xüsusən də tələbələrin informasiya mədəniyyəti aşağı inkişaf səviyyəsinə malikdir.

Bugün ən demokratik və ən çox tələb olunan mədəniyyət müəssisəsi kimi kitabxanaların qapıları sosial statusundan, gəlir səviyyəsindən, təhsilindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün açıqdı. Bundan əlavə onlar xalqın maddi-mənəvi sərvətləri və mədəni potensialının mühüm tərkib hissəsi olan informasiyaları toplayır, qoruyur vətəndaşların istifadəsinə təqdim edir. Kitabxanalarda informasiya mənbələri içərisində kağız sənədlər üstünlük təşkil etsə də vahid informasiya məkanına tamhüquqlu iştirakçı kimi daxil olmaq üçün kitabxanalar fəal şəkildə öz fondlarını yeni elektron resurslarla formalaşdırırlar. Bu elektron resurslara kitabxananın elektron kataloqu, tammətnli məlumat bazaları və elektron kitabxanalar, tədris prosesi üçün zəruri olan elektron dərsliklər və dərs vəsaitləri, ensiklopediyalar, lüğətlər, məlumat kitabçaları, eləcə də metodik göstərişlər və digər elektron nəşrlər aiddir.

Ənənəvi olaraq kitabxanaların əsas məqsədinə əhalinin informasiya tələbatını ödəmək, mütaliə mədəniyyətini inkişaf etdirmək və kitabxana-biblioqrafiya aparatından, kitabxana fondundan, informasiya resurslarından istifadə, sənəd axını haqqında məlumatlandırma, informasiya axtarışının metodları, informasiya xidməti və s. proseslər daxildir. Kitabxanalar cəmiyyətin fəal üzvləri olan oxucularla, yəni şəxsiyyətlərlə birbaşa təmasda olduqlarından, əhalinin maariflənməsi, mədəni cəhətdən inkişaf etməsi, informasiya ilə təmin olunmasında bilavasitə iştirak etməklə mədəni tərəqqiyə xidmət edirlər. Kitabxanalar və kitabxana işçiləri informasiya savadlılığı və təhsilin tədrisində əsas tərəfdaşlardan hesab edilir. Lakin bu prosesdə təkcə kitabxanalar və kitabxanaçıların qüvvəsi təbii ki, çox azdır. Bu prosesdə bütün cəmiyyət üzvləri: müəllimlər, pedaqoqlar, valideynlər, təhsil alan şəxslər özləri və təhsillə əlaqəli bütün idarə və təşkilatlar yaxından iştirak etməlidir.

Hazırda kitabxanaların inkişafında sosial-mədəni dinamika müşahidə edilir və bu gün tədqiqat obyekti kimi kitabxana məkanı araşdırılır, yeni iş prosesləri təhlil edilir. Kitabxananın texniki imkanlarının genişlənməsi, oxuculara təqdim edilən xidmət növlərinin məzmunca keyfiyyətinin yaxşılaşması və kəmiyyətcə artması kitabxana məkanına “sərhədsiz informasiya aləmi” kimi baxmağa əsas verir. Kitabxanalar müasir informasiya cəmiyyətində biliklərin idarə olunmasında, cəmiyyətlə-insan, insanla-informasiya arasında qarşılıqlı informasiya kanallarının yaradılmasında və əlaqələndirilməsində, ardıcıl olaraq təkmilləşdirilməsində, sürətlə islahatlar aparmaq və yeniləşmək vəzifəsi qarşısında dayanmışdır. [1, S.149.] Bu vəzifələrin müvəffəqiyyətli həlli cəmiyyətdə kitabxanaların nüfuzunun yüksəlməsinə xidmət edir.

Müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı və geniş istifadəsi şəraitində hər bir cəmiyyət üzvünün informasiya mədəniyyəti sahəsində mənimsəməli olduğu bir sıra bacarıq və vərdişlər mövcuddur ki, bunlar da aşağıdakılardır:

- İnformasiya, kompyuter, rəqəmsal texnika və proqram təminatı, çox böyük və daim artan informasiya axını ilə işləmək vərdişləri, o cümlədən, məlumatların kodlaşdırılması və ötürülməsi bacarıqları;

- informasiyaya tənqidi münasibət vərdişləri, yalan məlumatı, qeyri-dəqiq mənbələri aşkar etmək bacarığı və s. ;

- interaktiv rejimdə ünsiyyət vərdişləri, qlobal şəbəkədə kommunikasiya bacarıqları; şəbəkə etikası elementləri; şəbəkədə sosial münasibətlər qurmaq bacarığı, azad və təhlükəsiz informasiya fəaliyyətini təşkil etmək;

- “sürətli dəyişikliklər cəmiyyətində” bəzi bacarıqlar, müxtəlif sosial və mədəni mühitlərdə sürətli əmək və fərdi adaptasiya (uyğunlaşma), texniki, texnoloji, sosial, iqtisadi və digər yeniliklərə tolerant münasibət;

- özünütəqdimat vərdişlərinin formalaşması, informasiya məkanında mövcud təhlükələri qiymətləndirmək və riskləri öncədən hesablamaq, şəxsi, sosial, iqtisadi, ekoloji və informasiya sahəsində təhlükəsiz davranış modelini yaratmaq bacarığı.

 

İxtira və kəşflərin sürətli artımı şəraitində, təkcə dövri nəşrlər deyil, həm də digər informasiya mənbələri sayca və həcmcə artım tendensiyasını yaşadığı bir zamanda, gələcək mütəxəssisə yalnız müəyyən biliklər vermək mühim deyil, həm də onlara bu bilikləri əldə etməkçün informasiya axtarışı vərdişlərini aşılamaq, fəal və effektiv şəkildə müasir informasiya-axtarış sistemləri ilə qarşılıqlı əlaqə qurmaq bacarığını formalaşdırmaq lazımdır. Lakin bu gün fəaliyyət göstərən kitabxanaların oxucuların informasiya tələbatlarını ödəyə bilməsi, onlara geniş informasiya axınında istiqamət verməsi, lazımi informasiyanı əldə etməkdə və ondan istifadə etməkdə əsas vasitəçi rolunu oynaması və yeni axtarış vərdişlərinin əldə edilməsində yol göstərməsi və biz tədqiqatçıları düşündürən digər məsələlərin tam real vəziyyətini müəyyənləşdirmək çox önəmlidir. Apardığımız tədqiqatın əsas məqsədi Azərbaycan oxucularının informasiya mədəniyyətinin səviyyəsini öyrənmək, onların bugünkü informasiya tələbatlarının ödənilməsində və gələcək elmi fəaliyyətlərində kitabxanaların bir elm, informasiya və mədəniyyət müəssisəsi kimi necə vasitəçilik etdiyini müəyyənləşdirməkdən ibarətdir.

İlk növbədə onu qeyd edək ki, oxucuların informasiya mədəniyyətinin səviyyəsini müəyyənləşdirmək məqsədilə təcrübədə geniş vüsət almış anket üsulundan istifadə edilmişdir. Anket sorğusunun məqsədi:

- Oxucular tərəfindən “informasiya mədəniyyəti” termininin dərk edilməsini və onların müxtəlif informasiya mənbələrinə münasibətinin xüsusiyyətlərini müəyyənləşdirmək;

- Peşəkar əhəmiyyətli informasiyanın müstəqil axtarışı və emalı prosesində, onlayn bazalardan istifadə zamanı oxucuların-istifadəçilərin təcrübi bacarıqlarını müəyyənləşdirmək və onların yeni texnologiyalardan istifadə bacarıq və vərdişlərini öyrənmək;

- Oxucuların, gələcək mütəxəssislərin informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların, kitabxana işçilərinin rolunu müəyyənləşdirmək.

Oxucuların informasiya mədəniyyəti bir tərəfdən, peşəkarcasına əhəmiyyətli problemlərin və məsələlərin geniş dairəsini əhatə edən informasiya tələbatı ilə səciyyələnir, digər tərəfdən - peşə əhəmiyyətli vəzifələrin həlli üçün informasiyanın qavrayışı və emalında, müstəqil axtarış zamanı təcrübi bacarıqların səviyyəsi ilə xarakterizə olunur. Ona görə də cəmiyyət üzvlərinin informasiya mədəniyyətinin formalaşması probleminin tədqiqi çox aktualdır.

Qeyd etmək istərdim ki, bu anket sorğusu 118 nəfər oxucu arasında keçirilmişdir. Əsasən Azərbaycan Milli Kitabxanasının oxucuları olan anket iştirakçıları içərisində ən kiçik yaşlı oxucu 16 yaş, ən yaşlı oxucu isə 67 yaşında olmuşdur. Anketdə 65 qadın, 53 kişi iştirak etmiş, onlardan 57 nəfər ali, 23 nəfər doktorant, 21 nəfər ali magistr, 13 nəfər natamam ali təhsilli, 4 nəfər isə orta təhsilli olmuşdur.

İlk olaraq təqdim edilən “Kitabxanada Sizi nə cəlb edir?”sualına anket iştirakçıları müxtəlif cavab variantlarını seçmiş və onlardan 50 %-i kitabxanada xoş abu-hava və rahatlığın olması, 44,91 %-i elektron kitabxana, 33 %-i elektron kataloq; 22,88 %-i internetin olması, 22,03 %-i isə “heçnə cəlb etmir, sadəcə tədris və ya iş fəaliyyəti ilə əlaqədar kitabxanadan istifadə etməliyəm” cavab variantını seçmişdir. Bu sualda anket iştirakçıları bir neçə cavab variantını seçmək imkanına malik olmuş və nəticələrdən də göründüyü kimi daha çox kitabxanada xoş abu-hava və rahatlığın olması, elektron kitabxana və elektron kataloq variantı seçilmişdir. Sevindirici haldır ki, bu gün oxucularımız kitabxanalarda müasir texniki vasitələrin tətbiqinə müsbət yanaşır və onlardan istifadə vərdişləri mövcuddur. Artıq müasir oxucuları ənənəvi vasitələrdən çox elektron vasitələr cəlb edir.

Bu gün informasiya əsrində internet ümumbəşəri sərvət kimi insana xidmət etmək və hər kəsin hüquq və azadlıqlarının reallaşması, rifahının daha da yaxşılaşdırılması üçün yaradılmış azad bir məkandır. Hər kəs bu kiberməkandan istifadə edərək, öz rahatlığını və haqlarını həyata keçirmək imkanı əldə edir, ətraf aləm haqqında tez və əlçatan bilgilərə sahib olur, ifadə və informasiya azadlığını reallaşdırır, elektron kitabxanalara daxil olaraq mütaliə edə bilir, distant təhsillə özünün təhsil hüququnu reallaşdırır, e-maillə məlumatları operativ şəkildə alır və ötürür, elektron xidmətlər vasitəsilə dövlət orqanlarına asan müraciət imkanları, habelə digər hüquq və üstünlüklər əldə edir. Əhalinin günbəgün artan tələbatını hansı vasitələrlə ödədiyini, kitabxanaların və internetin insanların həyatında yerini müəyyən etmək məqsədilə anket iştirakçılarına “Sizə lazım olan informasiyanı necə əldə edirsiz?” sualı ilə müraciət etdik. Sorğuda iştirak edənlər bir neçə variant seçə bilərdilər və onlardan 68,64 %-i “internet vasitəsilə”, 58,47%-i “kitabxanalardan”, 21,18 %-i “dövri mətbuat səhifələrindən”, 11,86 %-i “televiziya vasitəsilə”, 8,47 %-i “iş yoldaşlarım və yaxınlarım vasitəsilə” əldə etdiklərini bildirmişlər. İnformasiya əsrində təbii ki, informasiya əldə etmək üçün İnternetin əsas vasitə olması təəccüb doğurmur, lakin İnternetə azad çıxışın olması kitabxanaları əvəz edə bilməz, rəyi soruşulanların 58,9 %-i hesab edir ki, “kitabxanaların yoxluğu cəmiyyət üçün böyük itki olardı”. Odur ki, kitabxanaların internetdən sonra insanların informasiya əldə etmək üçün müraciət etdikləri əsas informasiya mərkəzi kimi seçilməsi cəmiyyətdə, ictimai həyatın bütün sferalarında kitabxanaların əhəmiyyətini bir daha təsdiq etmiş olur.

İnternet bütün dünya üzrə müxtəlif kompyuterlər arasında ünsiyyət üçün imkan yaradan və operativ informasiya mübadiləsini təmin edən qlobal şəbəkədir. İnternet istifadəçilərin “məlumatın saxlanması, paylanması və rahat əldə olunması” istəkləri nəticəsində yaranmış bir texnologiyadır. [2] İnterneti bir məlumat dənizinə, yaxud çox böyük bir informasiya mərkəzinə- kitabxanaya bənzədə bilərik. Keçirdiyimiz sorğuda da respondentlər ən çox müraciət etdikləri mənbə kimi İnternet şəbəkəsini göstərmişdir, bəs internet şəbəkəsindən istifadə bacarıqları hansı səviyyədədir? Bunu yoxlamaq məqsədilə bir sıra suallarla müraciət etdik. Elektron poçtdan fəal şəkildə istifadə edənlər 39,83%, “e-mail ünvanım var və bəzən işlədirəm” deyənlər 38,13 %, “e-mail ünvanım yoxdur” deyənlər 22,04 % təşkil edir. “Elektron Azərbaycan” hökumətinin təşəkkülü şəraitində elektron poçtdan istifadə etməyən və hətta e-mail ünvanı olmayan cəmiyyət üzvlərinin sayının 22,04% olması fikrimizcə kifayət qədər çoxdur. İnternetdə şəxsi veb resurslar yaratmaq sorğu keçirilən anket iştirakçıları üçün ən çox çətinlik çəkdikləri prosesdir desək yanılmarıq. Belə ki, internet saytlarında şəxsi veb resurslar yarada bilməyənlər 60,16% təşkil edir. Lakin internetdən istifadə zamanı informasiya azadlığı və informasiya təhlükəsizliyi məsələlərinə diqqət yetirmək, internet etikasına riayət etmək lazımdır.

Sorğu vasitəsilə həmçinin oxucuların internetdən hansı məqsədlərlə istifadə etməsi də bizi narahat edən məsələlərdən biri idi. İnternet vasitəsilə lazımlı informasiyanı əldə edənlər 82,20%, elmi tədqiqat və şəxsi təhsil məqsədilə internetdən istifadə edənlər 32,20%, internet vasitəsilə filmlərə baxıram, oyun oynayıram deyənlər 20,33%, müzakirələrdə və internet konfranslarda iştirak edənlər 13,55%-dir. Göründüyü kimi internet bu gün insanların həyatında çox mühüm rol oynayır və lazımi informasiyanı əldə etmək üçün müraciət edilən kütləvi qlobal vasitəçidir.

Oxucuların geniş spektrli informasiya ilə işə inteqrasiyasında kitabxana işçiləri xüsusi rol oynayır. Respondentlərin 63,8 %-i düşünür ki, kitabxanada lazımi informasiya mənbəyini axtarmaq və əldə etmək üçün kitabxanaçıların köməyinə ehtiyac var və 36,2 % oxucu düşünür ki, onların informasiya mənbələrində axtarış vərdişləri və texniki vasitələrdən istifadə bacarıqları mövcuddur, kitabxanaçıların köməyi olmadan da istənilən informasiyanı əldə edə bilərlər.

Hazırda biz tədqiqatçıları düşündürən mühüm məsələlərdən biri də cəmiyyət üzvlərinin mütaliə maraqlarını müəyyənləşdirməkdən ibarətdir. Əgər verilən cavabların doğruluğuna və səmimiliyinə inansaq nəticələri qənaətbəxş qiymətləndirmək olar. Çünki “Siz daha çox hansı informasiyanı axtarırsız?” sualına verilən cavablardan məlum olur ki, anket iştirakçılarının 50%-i elmi tədqiqat işi ilə bağlı, 45,76 %-i tədrislə bağlı, 41,52% ölkədə və dünyada baş verən hadisələrlə bağlı, 14,40 %-i informasiya-kommunikasiya texnologiyaları ilə bağlı, 5,08% oxucu isə əyləncə və yumorla bağlı informasiyaya daha çox tələbat duyur. Faizlərdən də görünür ki, bu gün elmi tədqiqat və tədris məqsədilə informasiyaya ehtiyac duyan və bununla da başlıca elm, təhsil, informasiya mərkəzi olan kitabxanalara müraciət edən oxucular üstünlük təşkil edir.

Anket sorğusunda təqdim edilən bir neçə sual oxucuların müasir informasiya texnologiyaları ilə işləmək üzrə təcrübi bilik və bacarıq səviyyəsinin müəyyən edilməsinə yönəlmişdir. Verilən cavablara əsasən belə bir nəticə çıxarmaq olar ki, oxucuların əksəriyyəti xüsusən də tələbələr informasiyanın elektron kataloqda müstəqil axtarışı və emalını, elektron resurslardan istifadəni bacarsalar da bu zaman bir sıra çətinliklər çəkirlər.

Yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar kitabxanalarda daha çox elektron resurslardan - elektron kataloq, elektron kitabxanadan istifadə geniş vüsət almışdır. Anketdə təqdim edilən Elektron kataloqda sərbəst axtarış apara bilirsinizmi?sualına 80,50 % bəli, 19,49% xeyr cavabını vermişlər.

Sevindirici haldır ki, elektron resurslardan istifadə edənlərin sayı faiz etibarilə (80,50 %) elektron resurslardan istifadə edə bilməyənlərdən çoxdur. Elektron resurslardan istifadə etməyənlər əsas səbəb kimiənənəvi informasiya daşıyıcıları ilə işləmək rahatdır” variantını seçmiş (15,25%), oxucuların 12,71 %-inin fikrincə isə elektron resurslardan istifadəyə ehtiyac yoxdur, yalnız 3,38 % istifadəçi informasiya şəbəkələrində məlumat bazaları ilə işləmək bacarığının olmadığını səbəb kimi qeyd etmişlər.

Xidməti proqramlarla (faylların DVD və CD disklərə yazılması, arxivin, ZİP və RAR faylların yaradılması) işləyə bilirsinizmi? sualına oxucuların 55,93% bacarıram, 28,81% bəzi çətinliklərim var; 15,25% bacarmıram cavabını vermişdir. Baxmayaraq ki, xidməti proqramlarla işləməyi bacaranlar üstünlük təşkil edir, lakin bu proqramlarla “işləməyi bacarmayanlar” və “çətinlik çəkənlər” heç də az deyil.

Günümüzdə bir çox sahələrdə mütəxəssislərin müraciət etdikləri slayd təqdimatların yaradılmasına gəldikdə sorğu aparılan 118 nəfərdən PoverPoint proqramında tam işləyə bilənlər 39,66% olsa da, təqdimat hazırlamağı bacarmayanlar isə 32,20% təşkil edir. Slaydlarda təkcə mətn və şəkil qoya bilənlər 23,72 %, mətn və şəkillərlə yanşı animasiya və diaqramlardan da istifadə edənlər 14,40% dir. Təəssüf ki, slayd təqdimatlar hazırlaya bilməyənlərin faiz göstəricisi heç də az deyil. (32,20%)

Anketdə iştirak edən bir sıra respondentlər “informasiya daşıyıcıları ilə işləyərkən çətinlik çəkirsiz?” sualına 24,57% bəli, 75,42% xeyr cavabını vermişdir. Bəli deyənlər informasiya daşıyıcıları ilə işləyə bilmədiklərinin səbəbini avtomatlaşdırılmış rejimdə (elektron kataloq, elektron kitabxana, saytlar, məlumat bazaları, İnternet və s.) axtarış etməyi bacarmadıqları və informasiya mənbələri ilə işləyə bilmədikləri ilə izah etmişlər.

Anketin maraqlı sorğularından biri də “informasiya mədəniyəti” ilə əlaqədar idi. Bu gün cəmiyyətdə hər bir fərdin təhsilli, dünya görüşlü, yüksək intellektli şəxsiyyət kimi yetişməsində informasiya mədəniyyətinin əhəmiyyəti böyükdür. Lakin təəssüf ki, bu gün cəmiyyət üzvlərinin əksəriyyəti, xüsusilə də gənc nəsil “informasiya mədəniyyəti” anlayışı barədə məlumatsızdırlar. “İnformasiya mədəniyyəti” deyəndə nə başa düşürsünüz? sualını cavablandıran oxucuların 52,54 %-i yanlış, 27,11 %-i doğru cavab vermişlər. Bu nəticələr ürəkaçan olmasa da reallığı əks etdirir. Hətta anketdə iştirak edənlərin 53,84%-i bu anketə qədər informasiya mədəniyyəti anlayışına rast gəlmədiyini bildirmişlər.

“Siz öz informasiya mədəniyyətinizin səviyyəsini necə qiymətləndirirsiz?” sualına respondentlərdən 54,23 %-i orta, 24,57 %-i yüksək, bilmirəm deyənlər 15,25 %, aşağı cavabını verənlər isə 5,93 % təşkil edir. Lakin respondentlərin çoxunun informasiya mədəniyyəti anlayışını doğru şərh etmədiklərini nəzərə alsaq öz informasiya mədəniyyətlərinin səviyyəsini də doğru qiymətləndirmədikləri ortaya çıxar.

Anketdə iştirak edən oxuculardan 38,13%-i informasiya axtarış sistemlərində və məlumat bazaları ilə işləmək üçün məşğələlərə, köməyə ehtiyac duyduğunu, 35,59%-i buna ehtiyac olmadığını bildirmiş, 26,27 % oxucu isə bəzən cavabını vermişdir. Ancaq fikrimizcə anketin nəticələrinə görə cəmiyyət üzvlərinin informasiya mədəniyyətinə yiyələnmək sahəsində məşğələlərə çox böyük ehtiyacı vardır.

Əldə etdiyimiz nəticələrdən demək olar ki, cəmiyyət üzvlərinin bir qisminin informasiya mədəniyyəti aşağı inkişaf səviyyəsinə malikdir və informasiya-axtarış sistemləri və onlayn bazalardan istifadə sahəsindəki bacarıqları da aşağı göstəricilərlə səciyyələnir. Cəmiyyətin informasiya resursları və informasiya mədəniyyəti sahəsində nəzəri və təcrübi biliklərə malik olan şəxslər, xüsusən də tələbələr təəssüf ki, azlıq təşkil edir. Hətta kompyuter və rəqəmsal texnologiyaların istifadəsi və mənimsənilməsi səviyyəsi şəhər əhalisi arasında nisbətən qənaətbəxş olsa da, regionlarda bu səviyyə çox aşağıdır. İnternet texnologiyaları üzrə əhatə dairəsi kifayət deyil, hətta onların istifadəsi üçün xüsusi cəhd və maraq da yoxdur. Bu, əhalinin müəyyən təbəqəsində informasiya yoxsulluğu üzrə təhlükənin yaranmasına və informasiya mədəniyyətinin formalaşdırılması üzrə ciddi problemlərin meydana çıxmasına səbəb ola bilər. Xüsusi qeyd etmək lazımdır ki, gənclər əsasən əyləncə və ya əyləncə axtarışı ilə əhatə olunmuşdur və zamanlarını sosial şəbəkələrdə keçirirlər.

Təəssüf ki, əsas problemlər şəxsin uşaqlıq dövründən başlayır. Hazırda uşaq və yeniyetmələrin mütaliə xarakteri dəyişmişdir. Cəmiyyətin informasiyalaşdırılması şəraitində başlıca vəzifələrdən biri - dəyişiklikləri təkcə inkişaf etməkdə olan yeni elektron cəmiyyətdə yaşayacaq oxucuların vərdişlərində və simasında görmək deyil, həm də onlara yeni mədəniyyətin elementlərini qəbul etməkdə köməklik göstərmək, uşaq və yeniyetmələrdə istənilən formada təqdim edilən (çap və ya elektron) mətnin oxunması mədəniyyətini yüksək səviyyədə inkişaf etdirməkdən ibarətdir.

Müxtəlif sahələrin mütəxəssisləri- psixoloqlar, pedaqoqlar, sosioloqlar- qeyd edirlər ki, oxumayan, informasiya ilə işləməyi bacarmayan uşaqlar təkcə şəxsiyyətin təşəkkülü üçün maneə deyil, həmçinin cəmiyyət üçün böyük bir riskdir. Mütaliə edən, səriştəli vətəndaş-Azərbaycanın milli dəyəridir. Bir qayda olaraq, orta ümumtəhsil məktəblərinin məzunları məktəbi bitirib ali təhsil ocaqlarına qəbul olarkən təhsil prosesində problemləri başlayır. Xüsusən də informasiya ilə bağlı axtarış apararkən köməksiz qalırlar: kitabxananın kataloq və kartotekasının quruluşunu, tərkibini, onların spesifik xüsusiyyətlərini bilmirlər, informasiya sorğularının ödənilməsi metodikasına yiyələnməyiblər, axtarışın nəticələrini doğru təhlil edib, tələbatlarına uyğun gələn dəqiq mənbəni seçə bilmirlər. Odur ki, böyüməkdə olan nəslin intellektual və mənəvi simasının formalaşmasında məktəb kitabxanasının rolu və əhəmiyyəti böyükdür. Məktəb kitabxanası kitabxanaçının müəllimlərlə bərabər pedaqoji vəzifələri həll edən təhsil bölməsi kimi çıxış edir, müəllim və şagirdlərin informasiya mədəniyyətinin yüksəldilməsi sahəsində bir mütəxəssis - informasiya lideri olur, müəllimlərin fasiləsiz təhsil tələbatının formalaşmasında, onların kitab və informasiya vasitəsilə tərbiyəsində köməkçi rolunu oynayır. Məktəb kitabxanasının rolu təhsil prosesində müəyyənləşdirilmişdir: əsas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və təhsil müəssisəsindən kənarda məqsədyönlü, sistemli və istifadəçilərin tələbatına uyğun üsullarla biliklərin əldə edilməsini, informasiya ilə işləmək vərdişlərinə yiyələnməyi təmin etməkdir.

Ən təhlükəlisi də odur ki, informasiya mədəniyyətinin səviyyəsi çox aşağı olan istifadəçilər informasiya fəaliyyəti sahəsindəki səriştəsizliklərindən məlumatsızdılar. Onlar informasiya xidməti sahəsində xüsusi bilik və bacarıqların dəyərini anlamır, təcrübi fəaliyyətin tədris, elmi-təcrübi, şəxsi təhsil, asudə vaxt kimi müxtəlif sahələrində bu bilik və bacarıqların real olaraq onlara necə kömək edə biləcəyindən xəbərsizdilər. Şagirdlərin informasiya mədəniyyətinin formalaşdırılması məsələlərinin təhlili göstərir ki,.informasiya mədəniyyətinin tədrisini elə məktəblərdən başlamaq lazımdır. İnformasiyalaşdırma və informasiyalı cəmiyyətə keçid şəraitində şəxsin informasiya mədəniyyətinin şüurlu, məqsədyönlü formalaşdırılması çox zəruridir. Bu da öz növbəsində, informasiya mədəniyyətinin nəzəri əsasları və onun reallaşması proqramı daxil edilmiş müvafiq konsepsiya hazırlanmadan mümkün deyil.

Kitabxana vasitələrindən istifadənin öyrənilməsi və axtarış strategiyalarının formalaşması bu gün tədris müəssisələrini resurs mərkəzi kimi təqdimetmənin perspektiv bir nümunəsidir. Tələbə və onun tələbatlarına yönəlmiş və bu gün daha çox üstünlük təşkil edən yanaşma informasiya-axtarış fəaliyyətinin bütöv bir proses kimi öyrənilməsidir. Burada axtarışın ənənəvi tədrisi, informasiyanın həmin informasiyadan biliklərin əldə edilməsi prosesi ilə eyni vaxtda istifadəsi başlıca ideya hesab edilir.

İnformasiya mədəniyyətinin formalaşdırılması prosesi oxuculara fərqli yanaşmanı, peşəkar ixtisaslaşmanı nəzərə almaqla tədris proqramları və metodikanın seçilməsini, onların informasiya tələbatı və informasiya hazırlığını, kompyuter texnikası ilə işləmək vərdişlərinə yiyələnməyi tələb edir. Kitabxanaya müraciət edən oxucuların informasiya tələbatının diapazonu hədsizdir. Ona görə də informasiya təhsili üzrə tədbirlərin təşkilini üç səviyyədə həyata keçirmək məqsədəuyğundur:

1. Kitabxanadan istifadənin ənənəvi tədrisi (kitabxanada istiqamətlənmək təkcə kitabxana fondları, kataloqu, kitabxanada mövcud xidmət sistemi haqqında məlumat verməklə məhdudlaşmır);

2. Biblioqrafik təhsil, informasiya üzrə axtarış metodları və biblioqrafik mənbələrin öyrənilməsi;

3. Kompyuter texnikasının tətbiqi ilə elektron onlayn məlumat bazalarından, elektron daşıyıcılarda olan informasiyadan istifadənin tədrisi. [4]

Kitabxana proseslərinin avtomatlaşdırılması ilə əlaqədar olaraq fəaliyyəti yeni informasiya mühitini formalaşdıran, təkcə kitab “dənizi”ndə bələdçi deyil, həm də kompyuter şəbəkələrinin naviqatoruna çevrilən kitabxana işçilərinin informasiya mədəniyyətinin yüksəldilməsi problemi də bu gün çox aktualdır. Elementar olaraq kitabxanaçının informasiya mədəniyyəti olmasa nə özü professional əməliyyatları yerinə yetirə bilər, nə də başqasında informasiya mədəniyyətini formalaşdıra bilər. Yeni kitabxana-informasiya infrastrukturu üçün elə mütəxəssislər lazımdır ki, həm informasiya sistemləri ilə işləmək bacarığı olsun, əldə etdiyi informasiyanı qiymətləndirə bilsin, həm də oxcunu informasiya bolluğu şəraitində düzgün istiqamətləndirməyi bacarsın.

Odur ki, hər bir kitabxanaçı-biblioqraf şəxsi təhsili üzərində müntəzəm olaraq çalışmalı və onu təkmilləşdirməlidir. Müxtəlif məzmunlu ədəbiyyatı mütaliə etməli və xüsusən də ixtisas ədəbiyyatına dair bütün yeniliklərdən xəbərdar olmalı, yeni çap olunmuş milli və xarici jurnallarla tanış olmalı və mətbuatı izləməlidir. Eyni zamanda mütəmadi olaraq müxtəlif idarə və təşkilatlar tərəfindən təşkil edilmiş treninqlərdə, kurslarda iştirak etməsi məqsədəuyğun olardı. Kitabxanaçı-biblioqrafların bacarıq və vərdişləri isə onların təcrübi fəaliyyətləri nəticəsində əldə edilir. Vərdişlər adətən avtomatik olaraq daim təkrarlanan proseslərin yerinə yetirilməsi ilə əmələ gəlir və xüsusi şüurlu nəzarət tələb etmir.

Biblioqrafın fəaliyyət sferasına 2 əsas istiqamət daxildir:

- informasiyalaşdırma istiqaməti- informasiyanın işlənməsi, qorunması, ötürülməsi, biblioqrafik mənbələrin hazırlanması;

- informasiyanı tələb edən və yaradan insana (tələbatçıya) istiqamətlənmiş mədəni istiqamət- biblioqrafik xidmət.

İkinci istiqamət informasiyanın istifadəsi və yayılması prosesini, biblioqrafın oxucu və işçilərlə ünsiyyət mədəniyyəti, biblioqrafik idarəetmə və biblioqrafik təhsil verməni özündə birləşdirir. Bu ikimeyllilik biblioqrafın informasiya mədəniyyətində biblioqrafik komponentin yerini və rolunu müəyyən edir.

Kitabxanaçı-biblioqrafın insanlarla münasibətində səmimilik, ədalət, səbr, düzgünlük, məsuliyyət, kollektivçilik keyfiyyətlərini, fəaliyyətin tərzini əks etdirən təşəbbüskarlıq, işgüzarlıq, tələbkarlıq, dəqiqlik kimi keyfiyyətləri, ümumi rəftarı müəyyən edən iradə, özünə nəzarət, tarazlıq, əminlik keyfiyyətləri və yaddaş, analitik qavrama kimi zehni keyfiyyətlərini də nəzərə almaq lazımdır.

Oxuculara xidmət göstərən kitabxanaçı-biblioqraf axtarış zamanı qısa vaxt ərzində qərara gəlməli, müxtəlif və mürəkkəb xarakterli sorğuların qeyri-bərabər axını şəraitində səriştəli fəallıq göstərməli, informasiya tələbatçıları ilə münasibətdə emosional sabitliyi gözləməlidir.

Bu problem xüsusilə region kitabxanalarında daha çox diqqəti cəlb edir. Regionlarda mövcud olan kitabxanalarımızın fəaliyyətinə nəzər salsaq görərik ki, bu gün regionlarda ali təhsilli kitabxanaçı kadrların azlığı, digər kitabxana işçilərinin texniki vərdişlərinin və peşə səriştəsinin aşağı səviyyədə olması regionlarda informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların roluna əsaslı dərəcədə mənfi təsirini göstərir. Bu problemin həlli məqsədilə region kitabxanaçıları üçün müntəzəm olaraq distant kursların, telekonfransların təşkili məqəsədəuyğun olardı. Odur ki, şəxsiyyətin informasiya mədəniyyəti problemi - tükənməzdir və kitabxanada müasir səviyyədə həll olunmalıdır.

Son zamanlar təhsil sahəsində baş verən dəyişikliklər, yeni islahatların təhsil prosesinə tətbiqi ali məktəblərin qarşısında da yeni tələblər qoymuşdur. Artıq ali təhsil ocaqları təkcə ali təhsilli kadr yetişdirməklə kifayətlənmir, öz məzunlarının sosial həyata hazırlıqlı olmasını da təmin edirlər. Tələbədə ümumbəşəri, milli və mədəni dəyərlər formalaşdırmaqla yanaşı, qarşıya xüsusi bir məqsəd də qoyulur-professional mədəni mütəxəssis yetişdirmək. [3]

Professional-mədəniyyətə aşağıdakılar daxildir:

-professional səriştə;

-yerinə yetirdiyi işin əhəmiyyətini dərk etmək;

-yüksək nəticələrə nail olmaq cəhdi, karyera yüksəlişinə və maddi rifaha inam;

-öz gücünə güvən;

-kollektivdə işləmək bacarığı;

-kommunikativlik və qavrama qabiliyyəti (informasiyanın qəbul edilməsi, emalı və qiymətləndirilməsi, informasiya mədəniyyətinə malik olması)

Professional mədəniyyətin bütün bu komponentləri informasiya mədəniyyətinin mühüm tərkib hissəsini təşkil edir.

Mütəxəssislərin yüksək səviyyəli hazırlıq sisteminə keçməsi informasiya mədəniyyətinin əsasları üzrə fənlərin tədrisinə yeni yanaşmanı tələb edir. Gələcək mütəxəssislər üçün informasiya mədəniyyətinin əsasları üzrə zəruri keyfiyyətlərin müəyyənləşməsində təhsil standartlarına uyğun tədris pilləsi (orta təhsil, bakalavr və magistr pilləsi, doktorantura və s.) ilə bağlı tədris-metodiki kompleksin hazırlanması mühüm əhəmiyyət kəsb edir. [5]

Bu məqsədlə BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin müəllimləri, həm də respublikanın aparıcı kitabxana mütəxəssisləri tərəfindən fənlərin tədris-metodik kompleksinin - bakalavr pilləsi üçün “İnformasiya mədəniyyətinin əsasları”, magistr pilləsi üçün isə “Magistrin informasiya mədəniyyəti” fənləri üzrə proqramların hazırlanması və tədrisi məqsədəuyğun olardı.

Lakin təhsil müəssisələri ilə yanaşı yaxşı olardı ki, kitabxanalarda da “İnformasiya mədəniyyətinin əsasları”nın tədrisi üzrə məşğələlər təşkil edilsin. Bu məqsədlə ilk öncə informasiya mədəniyyətinin tədrisi üzrə proqram hazırlamaq müəyyən oxucu qrupları arasında təbliğat aparmaq, onları bu prosesdə iştiraka cəlb etmək zəruridir.

Oxucuların informasiya mədəniyyətinin səviyyəsini artırmaq məqsədilə təşkil edilən biblioqrafik axtarış və mənbələrlə işləmək metodikası barədə fərdi məsləhətlər (informasiya mədəniyyətini inkişaf etdirmək və təkmilləşdirmək yolları barədə, dünya informasiya sistemlərindən istifadə üsullarını müəyyənləşdirmək və s.); elektron və ənənəvi informasiya resurslarından istifadə üzrə təcrübi məşğələlər, İnternetdən istifadə metodikası mühüm əhəmiyyət kəsb edir. Oxucuların informasiya mədəniyyətinin inkişafına kömək məqsədilə müxtəlif ədəbiyyat göstəriciləri, yaddaşlar, kitabxana üzrə bələdçilər, soraq kitabları nəşr edilməli, elektron vasitələrlə fərdi tədrisi təmin edən xüsusi proqramlar hazırlanmalıdır. [6] Sevindirici haldır ki, bu gün Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən olan “ADA” Universitetinin kitabxanasında tələbələrin informasiya mədəniyyətinin formalaşmasına xüsusi önəm verilir və bu məqsədlə artıq 2013-cü ildən “İnformation literacy” (İnformasiya mədəniyyəti) dərsləri tədris edilir. Öncədən müəyyən edilmiş oxucu qrupları arasında tədris edilən bu dərslərin əsas məqsədi tələbələri kitabxananın strukturu, informasiya mənbələri, fondları, məlumat bazaları ilə tanış etmək, onlar vasitəsilə axtarış aparmaq, onlayn məlumat bazaları ilə işləmək və ədəbiyyat sifarişini həyata keçirmək bacarığını aşılamaqdan ibarətdir. Yeni tədris həyatına qatılan gənc tələbələrin gələcək elmi fəaliyyətində və iş həyatında bu bilik və bacarıqların əhəmiyyəti böyükdür.

Beləliklə, vətəndaşları cəmiyyətin informasiyalaşdırılması prosesinə cəlb etmək məqsədilə cari informasiyaya əlyetərliyi təmin etmək, bütün həyatı boyunca şəxsin təhsilində iştirakını təmin etmək, cəmiyyət üçün intellektli və informasiya ilə işləməyi bacaran vətədaşlar yetişdirmək, eləcə də informasiya mədəniyyətinin formalaşması mərkəzinə çevrilmək məqsədilə müasir kitabxanalar öz prioritet funksiyalarını yenidən nəzərdən keçirməli, iş prosesində yeni iş üsullarını və dünyaca qabaqcıl təcrübəni tətbiq etməlidirlər.

 

 

ƏDƏBİYYAT

1.       Xələfov, A. Kitabxana və cəmiyyət :monoqrafiya /A. Xələfov, elmi red. Məmmədova L., red. K.Aslan.-Bakı: Azərnəşr, 2011.- 348 s.

2.       Məcidli, S.İnternet hüququ və etikası /S.Məcidli; elmi red. R.K. Məmmədov; rəyçi Ə.Sadıqov, Ə.Məmmədov.- Bakı:[Elm və təhsil], 2013.- 220, [4] s.

3.       Ãåíäèíà, Í. È. Ôîðìèðîâàíèå èíôîðìàöèîííîé êóëüòóðû ëè÷íîñòè: îò òåîðèè – ê ìîäåëè èíôîðìàöèîííîãî îáðàçîâàíèÿ /Í.È. Ãåíäèíà //Îòêðûòîå îáðàçîâàíèå.-2007.- ¹ 1.- Ñ. 4-10.

4.       Äðèãàéëî, Ñ.Â. Ôîðìèðîâàíèå èíôîðìàöèîííîé êóëüòóðû ïîëüçîâàòåëåé è ñîòðóäíèêîâ áèáëèîòåêè /Ñ.Â. Äðèãàéëî//Íàó÷íûå è òåõíè÷åñêèå áèáëèîòåêè.-2011.-¹1.-Ñ. 81.

5.       Õåñóñ Ëàó «Ðóêîâîäñòâî ïî èíôîðìàöèîííîé ãðàìîòíîñòè äëÿ îáðàçîâàíèÿ íà ïðîòÿæåíèè âñåé æèçíè»=Guidelines on Information Literacy for Lifelong Learning /Ë.Õåñóñ.- Ìîñêâà :«Èíôîðìàöèÿ äëÿ âñåõ», 2006.- Ñ.16.

6.       Lanning, S. Concise Guide to Information Literacy.- Santa Barbara, California: ABC-CLİO, LLC, 2012.-p. 5.

7.       Yang, H. Study on Information Literacy of College Students with University Library/Yang, Hai-bo, Yan-yan Zhang, and Ning Yu //Information Computing and Applications.- Springer Berlin Heidelberg, 2012.-414-420.

À.Àáäóëëàåâà

 

ÑÎÂÐÅÌÅÍÍÎÅ ÑÎÑÒÎßÍÈÅ È ÏÅÐÑÏÅÊÒÈÂÛ ÔÎÐÌÈÐÎÂÀÍÈß ÈÍÔÎÐÌÀÖÈÎÍÍÎÉ ÊÓËÜÒÓÐÛ

 ÀÇÅÐÁÀÉÄÆÀÍÑÊÎÉ ÐÅÑÏÓÁËÈÊÅ

 

Ð Å Ç Þ Ì Å

 ñòàòüå èññëåäîâàíà ïðîáëåìà ôîðìèðîâàíèÿ èíôîðìàöèîííîé êóëüòóðû â Àçåðáàéäæàíå, áûëè ïðîàíàëèçèðîâàíû ðåçóëüòàòû îïðîñà, ïðîâåäåííîãî ñðåäè ÷èòàòåëåé ñ öåëüþ îïðåäåëèòü ðîëü áèáëèîòåê â ýòîé îáëàñòè, àòàêæå îñâåùåíà íûíåøíÿÿ ñîñòîÿíèÿ ôîðìèðîâàíèÿ èíôîðìàöèîííîé êóëüòóðû è áûëè äàíû ðåêîìåíäàöèè î ïåðñïåêòèâàõ ðàçâèòèÿ. Ñîãëàñíî ðåçóëüòàòàì îïðîñà ìîæíî ñêàçàòü, ÷òî ÷àñòü ÷ëåíîâ îáùåñòâà è îñîáåííî ñòóäåíòû èìåþòíèæíåãî óðîâíÿ ðàçâèòèÿ èíôîðìàöèîííîé êóëüòóðû.

 

 

 

 

A.Abdullayeva

 

CURRENT STATE AND PROSPECTS OF FORMATION OF INFORMATION LITERACY IN THE AZERBAIJAN REPUBLIC

 

S U M M A R Y

The problem of formation of information literacy in Azerbaijan was investigated in the article, results of survey conducted among readers with the purpose to define a role of libraries in this area were analysed, also have been made recommendations about a present condition of formation of information literacy and futuredevelopment prospects.

According to results of questionnaire part members of society especially students have low level of development of information literacy

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- ¹ 2.- S. 112-123.