A.A. XƏLƏFOV

Bakı Dövlət Universiteti

 

 

İNFORMASİYA CƏMİYYƏTİ VƏ KİTABXANAŞÜNASLIĞIN MÜASİR PROBLEMLƏRİ

 

Müstəqil, suveren Azərbaycan dövləti özünün çiçəklənmə dövrünü yaşayır. Son dövrdə ölkəmizdə iqtisadiyyat, siyasət, elm, təhsil, mədəni quruculuq, sosial tərəqqi, o cümlədən doğma vətən torpağını erməni faşistlərindən azad etmək üçün xalqımıza, dövlətimizə ən çox gərək olan ordu quruculuğu sahəsində böyük nailiyyətlər qazanılmışdır.

Eyni zamanda dərin ardıcıl təhsil islahatları keçirilmiş, Təhsil Qanunu qəbul edilmişdir. Vətən elminin inkişafı üçün elmin perspektiv inkişaf strategiyası qəbul edilmiş, elm və təhsilin inkişaf etdirilməsi üçün böyük perspektivlər açılmışdır.

Respublilkamızda müstəqillik illərində humanitar elmlərin mühüm tərkib hissələrindən biri olan kitabxanaşünaslıq elminin inkişafı sahəsində də böyük tərəqqi və yeniliklər baş vermiş, kitabxanaşünaslığın mühüm problemlərinə dair geniş elmi tədqiqatlar aparılmış, elmi məqalələr, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri nəşr edilmişdir. Sovetlər Birliyi zamanı respublikamızda ali və orta ixtisas kitabxanaçılıq müəssisələrində bir dənə də milli dərslik olmadığı halda hazırda onlarla milli dərslik və dərs vəsaitləri meydana gəlmişdir. Elmi dərəcəsi olan milli kadrların sayı 3 dəfədən çox artmışdır. Hazırda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində və respublikamızın elmi kitabxanalarında 10 nəfərə yaxın elmlər doktoru və 30-a qədər elmlər namizədi çalışır. Bakı Dövlət Universitetində və AMEA–nın Mərkəzi Elmi Kitabxanasında 20 nəfərdən artıq doktorant və dissertant elmi tədqiqat işi aparır. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində 30 nəfərə qədər magistr təhsil alır. Magistrlər kitabxanaşünaslıq və informasiyanın aktual problemlərinin araşdırılmasında yaxından iştirak edirlər. Böyük elmi və praktik əhəmiyyətə malik olan magistr dissertasiyaları yazılan zaman əldə edilən nəticələri, təklif edilən nəzəri fikirləri çap etmək, onları kitabxanaların təcrübəsinə tətbiq etmək zərurəti meydana çıxır. 

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin kafedralarında çox güclü elmi potensiala malik alimlər - fəlsəfə doktorları və elmlər doktorları fəaliyyət göstərir. Bu alimlər bir qayda olaraq BDU-nun elmi tədqiqat planına müvafiq müasir dövr kitabxana quruculuğunun aktual problemlərinə dair araşdırmalar aparırlar. Belə tədqiqatların çap edilməsi, respublikamızın çox¬saylı kitabxana ictimaiyyətinə çatdırılması böyük elmi-nəzəri və praktik əhəmiyyət kəsb edir, əldə edilən elmi nəticələrin kitabxana praktikasına tədbiq edilməsinə şərait yaradır.

Müstəqillik illərində bir sıra kitabxanalar elmi status almış, geniş elmi tədqiqat işləri aparmağa başlamışdılar. Belə kitabxanalara misal olaraq M.F.Axundov adına Milli Kitabxananı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasını, Prezident Kitabxanasını, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasını və s. sahəvi kitabxanaları göstərmək olar. Bu kitabxanaların elmi-metodik və informasiya şöbələrində onlarla elmi əməkdaş çalışır. Bu kitabxanalarda kitabxanaşünaslığın və informasiyanın aktual problemlərinə dair ciddi araşdırmalar aparılır, olduqca böyük elmi-nəzəri və praktik əhəmiyyətə malik olan nəticələr əldə edilir. Bu baxımdan böyük elmi  kollektivlərin və ayrı-ayrı tədqiqatçıların əldə etdiyi nəticələrin çapı da böyük aktuallıq kəsb edir.

Bütün bu göstərdiklərimizlə yanaşı informasiya cəmiyyəti kitabxanaşünaslıq elmləri qarşısında daha ciddi problemlər qoymuşdur. Təəssüf ki, informasiya cəmiyyətinin inkişafında mühüm rol oynayan informatika elminin bəzi nümayəndələri, informasiya texnologiyasına, kompüterə, informasiya¬laşdırma prosesinə, internetə, məlumatın elektron daşıyıcılarına aludə olaraq, elektron kitabxanaların yaradılmasını mühüm amil hesab edərək, ənənəvi kitabxanaçılığın əhəmiyyətini azaltmağa meyl göstərirlər. Bizcə, belə meylləri təhlil etmək, onun mənfi və müsbət cəhətlərini göstərmək, perspektivlərini müəyyənləşdirmək və kitabxana işində elektron vəsaitlərdən istifadə etmək işini araşdırmaq, klassik kitabxanaçılıqla yeni kitabxanaçılığın inteqrasiyası prosesini ön plana çəkmək zərurəti meydana çıxır. Hər şeydən öncə infor¬masiya cəmiyyətinin mahiyyətini dərk etmək, onun inkişaf istiqamətlərini, məqsəd və vəzifələrini müəyyənləşdirərkən belə bir inkaredilməz həqiqət ortaya çıxır ki, informasiya cəmiyyəti kitabxanasız keçinə bilməz. Oxucuların informasiya tələbatının ödənilməsi bilavasitə maddiləşmiş biliyə, həqiqi biliyə, yəni kitaba əsaslanmalıdır. Kitablar isə kitabxanalarda toplanmışdır. Deməli, obrazlı şəkildə desək, kitabxanalar informasiya cəmiyyətinin döyünən ürəyidir. Bu ürək nə qədər sağlam olsa, ritmik döyünsə, informasiya cəmiyyəti bir o qədər sürətli inkişaf edən, böyük nemət olan biliyin idarə olunmasında daha yaxından iştirak edə bilər. Bütün bunlar isə ən böyük sosial funksiyalar: biliklə insan arasında etibarlı və əbədi körpü olan, biliyin idarə olunmasında və kitabın cəmiyyət üzvlərinə çatdırılmasında etibarlı vasitə olan, cəmiyyətin informasiya fəaliyyətini təmin edən kitabxanaların missiyasıdır.

Beləliklə, kompüter texnologiyalarının nailiyyətlərinə və qlobal informasiya şəbəkələrinin inkişafına əsaslanan “informasiya cəmiyyəti” və xüsusən daha geniş əhatəli sosial, etik və siyasi parametrləri əhatə edən “biliklər cəmiyyəti” kitabxanasız keçinə bilməz. Məhz buna görədir ki, YUNESKO-nun əsas sənədlərində kitabxanalar informasiya cəmiyyətinin əsas atributlarından biri kimi qiymətləndirilir. Cəmiyyətin sosial təsisat (institut) kimi formalaşdırdığı kitabxanalar tarixən mədəniyyətin normal fəaliyyətinin mühüm şərti olmuş, mədəniyyətin yaddaşını itirilməkdən qorumuş, gələcək nəsillərə çatdırılmasında əvəzsiz xidmət göstərmişdir.

Kitabxanaların tarixinə nəzər saldıqda məlum olur ki, bütün dövrlərdə kitabxanalar xalqın yaratmış olduğu elmi və mədəni sərvətləri qorumuş, bəşəriyyətin işıqlı gələcəyinə, təhsilinə, maarifinə, mədəniyyətinə, elminə, tərbiyəsinə xidmət etmiş, bilik, elm, informasiya mərkəzi kimi bəşər sivilizasiyasının yüksəldilməsi vasitəsi olmuşdur. İlk kitabxanalar hələ b.e.ə III minil¬likdə bəşər mədəniyyətinin beşiyi olan Şumerdə yaranmışdır. Sonrakı əsrlərdə Assuriyada, Kiçik Asiyada, Qədim Misirdə, Romada, Ərəb və Avropa ölkələrində informasiya vasitələri olan kitabları və s. yazılı materialları toplayıb saxlayan, onu nəsildən-nəslə ötürən kitabxanalar dövrün-zamanın keşməkeşli yollarından keçərək mədəniyyət və informasiya vasitəsi kimi xidmət etdikləri cəmiyyətin və insanların böyük hörmətini qazanmışlar. Belə kitabxanalara misal olaraq Assuriya carı Aşşurbanipalın öz fondunda 200 mindən artıq gil lövhəciklərdən ibarət kitabxanasını, dünyanın mədəni möcüzələrindən biri olan İsgəndəriyyə Kitabxanasını, Perqam padşahlığının kitabxanasını, orta əsrlərin ümumi kitabxanalarını, müasir dünyanın böyük dövlətlərinin milli kitabxanalarını göstərmək olar. Dünya tarixində bəşəriyyətə 5 min ildən artıq xidmət edən bu kitabxanalar elm və mədəniyyətin inkişafı zəminində daim inkişaf etmiş, “öz qiymətli yükünü” bəşəriyyətin inkişafı naminə irəliyə aparmışdır. Kitabxanaların daim inkişaf edən, təkmilləşən, daha həyati, səmərəli xarakter daşıyan tarixi missiyası xalqların yaddaşına həkk edilmişdir.

İlk kitabxanaların tarixindən 5 min il keçir. Bu beş min ildə milyonlarla oxucuya xidmət edən kitabxanalar öz ilk forma və strukturlarını əsasən saxlamış, ancaq daim təkmilləşmiş, dövrlə, zamanla ayaqlaşmağa çalışmışlar. Lap qədim zamanlardan kitabxanaların iki funksiyası fəaliyyət göstər-məkdədir. Kitabxanaların ilk və ən mühüm funksiyası sənədləri (əlyazmaları, çap kitablarını və s.) toplamaq başqa sözlə, fond yaratmaq funksiyasıdır. Arxivdən fərqli olaraq kitabxana fondları həmişə oxucuların üzünə açıq olmuşdur. Bəzi vaxtlarda kitabxana fondlarının qapalı xarakter daşıdığı halda belə onlar müəyyən qrup oxuculara xidmət etmişdir. Kitabxanaların ikinci mühüm funksiyası oxuculara xidmət funksiyasıdır. Bu iki funksiyanın qarşılıqlı əlaqəsi, birləşdirilməsi və işlək vəziyyətə gətirilməsi kitabxanaçıların fəaliyyəti nəticəsində mümkün olmuşdur. Kitabxanaçılar tarixən kitabxana işinin hərəkətverici qüvvəsi olmaqla, cəmiyyətlə kitabxanalar arasında əlaqələndirici vasitə rolunu oynamışdır. Kitabsız, oxucusuz kitabxana olmadığı kimi kitabxanaçısız da kitabxana ola bilməz. Beləliklə, kitabxana bu üç sütun üzərində bərqərar olmaqla inkişaf edib zəmanəmizə gəlmişdir. Deməli, 5 min il tarixi olan kitabxanalar cəmiyyətin yaratdığı ən mühüm təsisatlardan (institutlardan) biri kimi daim onu yaradan cəmiyyətə xidmət etmiş, cəmiyyət kitabxanaların hamısı kimi çıxış etmişdir. Cəmiyyətlə kitabxanalar arasında olan bu üzvi bağlılıq kitabxanaların yaşamasını təmin emtiş, onun fəaliyyətindən cəmiyyət üzvləri elm, təhsil, mədəniyyət və tərbiyə sahəsində bəhrələnmişdir.

Ancaq çox təəssüflə qeyd etmək istəyirəm ki, müasir informasiya cəmiyyətində kitabxanalara münasibət hec də birmənalı deyildir. Bəzi informatika mütəxəssisləri, müasir elektron kitabxanaların, elektron kataloqların inkişafına daha  çox diqqət yetirməyə, internetin fəaliyyətindən bəhrələnməyə və bütün informasiyaları elektron vasitələrlə əldə etməyə üstünlük verməklə ənənəvi kitabxanalardan tədricən əl çəkməyi məsləhət bilirlər.

Əgər kitabxanalar yalnız informasiya cəmiyyəti nəzəriyyəçilərinin öy-rən¬mə obyekti kimi qalarsa, deməli, kitabxanaların uzun müddət əldə etdiyi təcrübə, ənənəvi kitabxanaçılığın bütün nailiyyətləri, biliklərin idarə edilməsi texnologiyası, oxucu və kitabxanaçı probleminin davamlı öyrənilməsi və proqnozlaşdırılması imkanlarından, müasir informasiya cəmiyyəti şəraitində kitabxanalarda aparılan yeniliklərin, yeni iş forma, metodlarından istifadə kitabxana informasiya və kommunikasiya texnologiyasının ənənəvi kitabxanaçılıqla əlaqələndirilməsi prosesindən istifadə etmək olduqca cətin olacaqdır. Bütün bunları nəzərə alan kitabxanalar və kitabxanaşünaslıq elmləri bu düzgün olmayan elmi, praktik və tarixi cəhətdən əsaslandırılmayan, səhv tendensiyaya qarşı çıxmalı böyük sosioloji tədqiqatlar, kitabxanaların 5 min illik təcrübəsinə əsaslanan informasiya cəmiyyətinin qarşıda qoyduğu aktual problemlərin öyrənilməsinə dair ciddi elmi araşdırmalar aparılmalı, əldə edilən nəticələri nəzəri cəhətdən əsaslandırmaqla müasir dövr üçün ciddi tövsiyələr hazırlamalıdır. Ancaq bundan sonra müasir kitabxana, onun quruluşu, struk¬turu, statusu, cəmiyyətdə tutduğu mövqe və onun vəzifələri haqqında elmi fikir söyləmək olar. Bunun üçün isə ölkənin kitabxana ictimaiyyəti ilə kitab¬xanaşünas alimlərin birgə fəaliyyətinin zəruriliyi ortaya çıxır.

Qeyd etdiyimiz kimi, son illərdə həm beynəlxalq, həm də regional səviyyədə mübahisələrin, müzakirələrin ardı-arası kəsilmir; kitabxanalar hamının vərdiş etdiyi kimi öz ənənəvi formasını (bina, kitabsaxlayıcı, kataloqlar, oxu zalları və s.) saxlayacaqmı? Və yaxud kitabxanalar yaşamağa qadirdimi? Müxtəlif fikirlərin ortaya çıxdığı belə bir şəraitdə kitabxana-informaisya texnologiyası sürətlə inkişaf edir, elektron kataloqlar, elektron kitabxanalar yaranır, kitabxanalar internetə qoşulur. Kitabxanalardan internetə çıxış yolundan oxucular müvəffəqiyyətlə internetdən istifadə edir. İnternet müstəqil infor¬masiya vasitəsinə çevrilir. Həmçinin kitabxana fondlarında elektron kitabların və elektron jurnalların miqdarı artır. Tammətnli elektron nəşrlərə abunələrin genişlənməsi ənənəvi abunələri üstələyir və ona qalib gəlir. Gələcək elektron kitabxanaların əsasını təşkil edən bu ünsürlər getdikcə daha geniş meydan alır, sonra ənənəvi kitabxanalara “Mən sənin gələcəyinəm” deyir. Ancaq bu dediklərimiz və müasir dövrdə kitabxanaçılıq aləmində baş verən proseslər hec də göründüyü kimi deyil və mikrodaşıyıcılar, nə audio-video kasetlər, qrammofon valları, nə də CD-ROM-lar kitabxanaların bir institut kimi mövcudluğunu şübhə altına ala bilməz. Tarixə nəzər salaq: 5 min ildən artıq tarixi olan ənənəvi kitabxanalar bütün zamanlarda və dövrlərdə bəşəriyyətə uğurla xidmət edib, təkmilləşərək, yeniləşərək zəmanəmizə qədər gəlib çıxmışdır. Məhz buna görə də  kitabxanaların gələcəyinə nəzər salarkən, kitabxana quruculuğunun gələcəyini proqnozlaşdırarkən keçmişi dərindən öyrənilməli, kitabxanaların 5 min illik təcrübəsi nəzərə alınmalıdır.

Beləliklə, elektron daşıyıcıların inkişafı ənənəvi kitabxanaların yaşamasına, fəaliyyət göstərməsinə, cəmiyyətin informasiya tələbatının ödənilməsində onların roluna heç bir xələl gətirmir, əksinə, onun daha da təkmilləşməsinə, oxuculara xidmət işinin daha səmərəli təşkilinə, operativliyinə kömək edir. İnformasiya cəmiyyətində kitabxana işi sahəsində sürətlə baş verən bu inqilabi dəyişikliklər, onların dərindən öyrənilməsi, ümumiləşdirmələr aparılması kitabxanaşünaslıq elmləri qarşısında olduqca mühüm vəzifələr qoyur. Məhz kitabxanaşünaslıq kitabxana işinin yeni şəraitə uyğunlaşmasına, informasiya elmi ilə inteqrasiyasına dair araşdırmalar aparmalı kitabxanalarımızı elmi-nəzəri müddəalarla silahlandırmalıdırlar.

Yadda saxlamaq lazımdır ki, axtarış məharətinin bütün növlərini məhz kitabxanalarda təkmilləşdirmək mümkündür. Bu baxımdan görkəmli Amerikan kitabxanaşünası Cessi Şiranın kitabxanaların gələcəyə yönəlmiş fəaliyyəti haqqında sözləri olduqca maraqlıdır. O yazır: “Fundamental sosial tələbatı təmin etməkdən ötrü cəmiyyətin yaratdığı kitabxana sivilizasiyanın nəhəng abidələri icərisində demək olar ki, yeganə abidədir ki, indi əvvəlkindən daha yüksəkdə durur və zülmətə qarşı çıxır. Onlar belə bir fikrin universal təsdiqidir ki, insan varlığının ulu sənədli sübutları yaşamaqda davam edir və bizə çox şey söyləyir, həm də hər biri ayrı-ayrılıqda yox, hamısı birlikdə və onlar buna ehtiyacı olan hər bir kəsin üzünə acıq olmalıdır”.

 

ƏDƏBİYYAT

 

1.           Xələfov A.A. Kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir. - B., 2010.- 186 s.

2.           Kitabxanalar biliklər cəmiyyətində (İkidilli Azərbaycan-Rusiya layihəsi). - B., 2006. - 516 s.

3.           Áèáëèîòåêè â îáùåñòâå çíàíèé (Äâóõÿçû÷íûé àçåðáàéäæàíñêî- ðîññèéñêèé ïðîåêò). -  Á., 2006. - 516 ñ.

4.           Øðàéáåðã ß.ß. Áèáëèîòåêè ýëýêòðîííàÿ èíôîðìàöèÿ è ìåíÿþ-ùååñÿ îáøåñòâî â èíôîðìàöèîííîì âåêå.- Ì., 2006.- 35 ñ.

5.           Xələfov A.A. Kitabxanaşünaslığa giriş. - B., 2001. - 398 s.

 

ÈÍÔÎÐÌÀÖÈÎÍÍÎÅ ÎÁÙÅÑÒÂÎ È ÑÎÂÐÅÌÅÍÍÛÅ ÏÐÎÁËÅÌÛ ÁÈÁËÈÎÒÅÊÎÂÅÄÅÍÈß

 

À.À.ÕÀËÀÔÎÂ

 

ÐÅÇÞÌÅ

 

   ñòàòüå ðàññìîòðåíà àêòóàëüíûå ïðîáëåìû áèáëèîòåêîâåäåíèå â ãîäû íåçàâèñèìîñòè Àçåðáàéäæàíà. Èíôîðìàòèçàöèÿ òðàäèöèîííûõ áèáëèîòåê è âàæíîñòü îáåñïå÷åíèå ñîâðåìåííûì áèáëèîòå÷íî-èíôîðìàöèîííîé òåõíîëîãèÿìè áèáëèîòåê ÿâëÿåòñÿ îñíîâíûìè ïðîáëåìû áèáëèîòåêîâåäåíèÿ è èíôîðìàòèçàöèè îáøåñòâà.

                                                     

MODERN PROBLEMS OF INFORMATION SECIETY

AND LIBRARY SCIENCE

 

A.A.KHALAFOV

 

SUMMARY

 

  In the article is given about the actual problems of the library science library science during the independence years. The main problems of the library science and information is to secure the library information technology.

                                                              

Kitabxanaşünaslıq və informasiya.- ¹1.- 2010.- S. 9-14.