Sabir irsinin tədqiqi və öyrənilməsində
yeni mərhələ
Yusif ASLANOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Kitab rəfimi zənginləşdirən
monoqrafiyaları mütaliə etdikcə alim zəkasının
qüdrəti, dərin tədqiqatçılıq səriştəsi,
arxiv materiallarını saf-çürük etmək
bacarığı, iti qələm sahiblərinin məharəti
məni heyrətləndirir, onlara dərin rəğbətimi
daha da artırır. Oxuduğum kitablar arasında dahi satirik
şairimiz M.Ə.Sabirlə bağlı yazılan kitab və
monoqrafiyalar diqqətimi daha çox cəlb edir. Bu mənbələrdən son illərdə çap
olunan “Mirzə Ələkbər Sabir – davam edir ənənələr”
(B., 2012) monoqrafiyası ədəbiyyatşünaslıqda yeni
bir hadisə kimi dəyərlidir. 2012-ci ildə
nəfis şəkildə nəşr olunan
“Sabirşünaslıq Azərbaycanda və xaricdə”
monoqrafiyası faktların bolluğu, mükəmməlliyi və
orijinallığı ilə seçilən dəyərli bir
tədqiqat əsəridir. Müəllimimin
uğurları, elmi diapozonunun genişliyi, Sabir irsini Azərbaycan
və dünya ədəbiyyatşünaslıq kontekstində
araşdırması sözügedən monoqrafiyanın elmi məziyyətləri,
sanbalı ilə bağlı bəzi məqamlara
aydınlıq gətirmək, gərgin əməyin nəticəsinə
münasibət bildirmək zərurətini yaratdı.
Görkəmli
alim, AMEA-nın müxbir üzvü Rafael Hüseynov
monoqrafiyaya yazdığı “Sabirin güzgüsü” adlı
ön sözdə Tərlan müəllimi Sabir haqqında
kitab yazmaq xatirinə kitab yazan, böyük şairi yubileydən
yubileyə, bayramdan bayrama yada salanlardan
olmadığını və Sabiranə
yazdığını ifadə etmişdir. Bu
fikirlər bir daha təsdiq edir ki, T.Novruzov
sabirşünaslıqda xüsusi mövqeyi olan, Sabiri dərk
etmək və dərk etdirmək yolunda axtarışlar aparan
yorulmaz tədqiqatçı, nüfuzlu pedaqoqdur.
Sabirşünaslıqda
yeni töhfə hesab edilən monoqrafiyaya yazılmış
ikinci bir rəydə də filologiya üzrə elmlər
doktoru, tənqidçi Vaqif Yusifli Sabir ədəbi məktəbinin
poetik bir sistem kimi öyrənilməsində, ayrı-ayrı
problemlər üzrə Sabir irsinin
araşdırılmasında T.Novruzovun tədqiqatının
müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edir,
sabirşünaslıqla bağlı heç bir mənbənin
diqqət və təhlildən kənarda
qalmadığını göstərir.
Böyük qürur hissi duyuruq ki, M.Ə.Sabir Azərbaycan
ədəbiyyatı tarixində ədəbi məktəb
yaratmış Xalq şairi, böyük satirik ustad, mahir
pedaqoqdur.
Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah
Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə
ənənələrini layiqincə davam etdirən Mirzə Ələkbər
Sabirin satiraları özünəməxsusluğu,
orijinallığı, sələflərinin poeziyasından fərqli
xüsusiyyətləri ilə seçilir, şeirləri xələflərinə,
ədəbi prosesə güclü təsir göstərən
milli və bəşəri mövzulardır. Azadlıq
ideyaları, istiqlal uğrunda mübarizə aparan şairin
mövzu problematikası çox geniş, tənqid hədəfləri,
ifşa üsulları güclüdür. Şairin
xalqı qəflət yuxusundan oyatmaq, ictimai quruluşun dəyişməsi
amalı yolunda apardığı mübarizə sərhəd
tanımır, onu bir ölkə çərçivəsindən
çıxarıb dünyanın şairinə, yoxsulların,
əzilənlərin, hüquqları əlindən alınan
insanların müdafiəçisinə çevirir.
T.Novruzov da Sabir ədəbi məktəbinin ideya-estetik məziyyətlərini,
təsir dairəsinin gücünü vurğulayaraq
yazırdı ki, bu müqtədir şair yalnız Azərbaycan
ədəbiyyatında deyil, onun hüdudlarından kənara
çıxan, dünya bədii fikrinə daxil olan klassik sənətkardır.
Həqiqətən,
Sabirin əsərlərinin Yaxın və Orta Şərqdə,
keçmiş sovetlər məkanında, Avropada, Amerikada və
başqa dünya ölkələrində yaşayan
xalqların dillərinə tərcümə olunması, sevilə-sevilə
“Hophopnamə”nin oxunması onu öz xalqının şairi
olmaqdan daha çox dünyanın şairinə çevirir.
Şairin
elmi tərcümeyi-halının yazılması, sənətkarlıq
xüsusiyyətləri, poetikası, novatorluğu, dil və
üslubu, təhsil və məktəb konsepsiyası, pedaqoji
görüşləri, şifahi xalq ədəbiyyatı və
mifologiya ilə bağlılığı, satirik poeziyada Sabir
ənənələri, Sabir və mətbuat, Sabir və
dünya ədəbiyyatı, Sabirin səyahətlərinin
coğrafiyası və bu kimi aktual, dərin tədqiqat tələb
edən mövzular monoqrafik mənbələrdə, dərsliklərdə,
dissertasiyalarda, qəzet və jurnal məqalələrində
araşdırılır, sabirşünaslıq elmi dəyərli
əsərlərlə zənginləşdirilir. Bu tədqiqatların nəticələrinin ümumiləşdirilməsi,
mübahisə doğuran məsələlərə
aydınlıq gətirilməsi, Sabir irsinin mərhələlərlə
öyrənilməsi və müasir ədəbiyyatşünaslıq
elminin nailiyyətləri əsasında təhlil olunması
T.Novruzovun tədqiqat fəaliyyətinin diapozonun genişliyini
sübut edir.
Monoqrafiyada
M.Ə.Sabir inqilabdan əvvəlki ədəbi fikirdə, Sabir
irsinin öyrənilməsində yeni istiqamət (1920-30-cu illər),
Sabirşünaslıq inkişafda (1940-50-ci illər), Sabir
irsinin tədqiqinin müasir mərhələsi (60-70-ci illər),
Sabir irsi son araşdırmalarda, Sabir irsi xaricdə problemləri
sabirşünaslığın elmi istiqamətləri kimi
araşdırılmış, zəngin elmi mənbələrin
əsasında fundamental tədqiqat işi ərsəyə gətirilmişdir.
Mirzə Ələkbər Sabirin əsərləri həyatın
aynası, özü isə əsrin şairi, gələcəyin
görücüsü və bilicisidir. Bu aynada həyatın
hər anı, hər üzü görünür, bədii
sözün ifadəsində, təsir gücündə poetikləşir,
müxtəlif şəkil və formaya salınır.
Sabirin əsərləri ədəbiyyat, dil, tarix, iqtisadiyyat,
din, təhsil, tərbiyə, məktəb, milli adət-ənənələr,
etnoqrafiya, coğrafiya, mifologiya, folklor və s. sahələr
ilə bağlı faktlarla zəngindir. Buna görə də
Sabiri bütün insanlar sevir, filosof, ədəbiyyatşünas,
folklorşünas, dilçi, iqtisadçı, pedaqoq, psixoloq,
coğrafiyaşünas, etnoqraf və başqa elm sahələri
ilə məşğul olan alimlər, sənət və
peşə adamları əsərlərini öyrənir, tədqiq
edir, ondan tərbiyələnirlər. Həqiqət
budur ki, Sabirin poeziyası qəlbləri riqqətə gətirir,
oxucunu düşündürür, saflığa,
ucalığa aparır, tərbiyə edir, özünü
özünə tanıdır, dərk etdirir. Görkəmli sabirşünas alim Abbas Zamanov
yazırdı ki, Sabir gülüşünün vüsəti
ölçüyə gəlməz. Sabir
gülüşü nə böyük – kiçik, nə
milli məhdudiyyət, nə də coğrafi sərhəd
tanıyır.
Mirzə Ələkbər Sabir irsinin öyrənilməsi,
tədqiqi və təbliğinə marağın artması
şairin poeziyasının təbiiliyindən, fikirlərinin fəlsəfi
dərinliyindən, çağdaş dövrümüzlə
səsləşməsi ilə bağlılıqdan irəli gəlir. Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin imzaladığı
sərəncam əsasında 2012-ci ildə Mirzə Ələkbər
Sabirin 150 illik yubileyinin layiqincə keçirilməsi də bu
mənbədən, mövqedən qaynaqlanmışdır.
Bu tarixi sərəncamın imzalanması Prezidentin ədəbiyyata,
mədəniyyətə və incəsənətə
göstərdiyi böyük diqqət və
qayğının təzahürüdür: “Mirzə Ələkbər
Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini
layiqincə yaşatmaqla ədəbiyyatımızı keyfiyyətcə
yeni mərhələyə yüksəldərək onu ictimai
məfkurə baxımından daha da zənginləşdirən
söz ustası kimi geniş şöhrət
tapmışdır”.
Şairin
söz inciləri elə bir məxəzdir ki, ondan öyrəndikcə
yenə də nə isə axtarırsan, özünü bu
hadisələrin içində rahat tapırsan, sözün
sehrindən, işığından mənəvi dünyaya
axan hərarəti, istiliyi duyursan, kimin kim
olduğunu dərk edirsən. Tərlan Novruzovun
monoqrafiyasınında sabirşünaslığın tədqiqi
və təbliğində xüsusi bir mərhələ
yaratmış Ə.Şərif, Ə.Mirəhmədov, M.Cəfərov,
A.Zamanov, M.İbrahimov, K.Talıbzadə, Ə.Cəfər,
T.Hacıyev, M.Məmmədov, A.Məmmədov (Bayramoğlu),
N.Paşayeva, R.Məhərrəmova və başqa görkəmli
alimlərin tədqiqat işləri ümumiləşdirilir, təhlillər
aparılır və bugünki baxış müstəvisində
dəyərləndirilir.
Müəllif
arxiv materialları əsasında sübut edir ki, XX əsrin əvvəllərində
Abbas Səhhət, Seyid Hüseyn, Firidun bəy Köçərli,
Yusif Vəzir Çəmənzəminli və Tağı
Şahbazi Simurqun Sabir irsinin öyrənilməsində xidmətləri
böyükdür. Onların ədəbi-nəzəri
fikirləri 20-30-cu illərdə davam etdirilmiş, Sabir irsinin
öyrənilməsinə maraq güclənmiş, şairin
ideyaları, mövzu problematikası, həyat və
yaradıcılığının bəzi məqamları tədqiqat
obyekti kimi götürülmüşdür.
Sabirşünaslıqda 40-50-ci illər dövrü daha
məhsuldar bir mərhələ kimi tədqiqatçıların
diqqət mərkəzində saxlanılır. M.Cəlal, H.Səmədzadə,
Ə.Şərif, M.Hüseyn, M.Cəfərov, C.Xəndan və
başqalarının yazdıqları monoqrafiyalar, məqalələr
ədəbiyyatşünaslıq və ədəbi tənqidin
nailiyyətləri
kimi qiymətləndirilir.
60-70-ci illər ədəbiyyatşünaslığında
Azərbaycan və Şərq xalqları ədəbiyyatında
realizmin ideya-estetik məziyyətlərinin, təkamül və
inkişaf mərhələlərinin
araşdırılması ilə yanaşı, tənqidi və
romantik ədəbiyyatın öyrənilməsi problemləri
də ciddi müzakirə obyektinə çevrilir. Azərbaycan ədəbiyyatşünaslığında
Mirzə İbrahimov, M.Cəfər, Əziz Mirəhmədov, Əkbər
Ağayev, Yaşar Qarayev, Asif
Hacıyev, Seyfulla Əsədullayev və başqaları bədii
metodun metodologiyası ilə bağlı tədqiqatlar
apardı, nəzəri konsepsiya hazırladılar. Akademik Kamal Talıbzadə isə öz müasirlərindən
fərqli olaraq Sabirin ədəbi-tənqidi görüşlərini
fundamental tədqiqata cəlb etdi və ədəbi-nəzəri
fikir tarixinin inkişafında ciddi dönüş yaratdı.
Bu mərhələdə
sabirşünaslığın nailiyyətlərinin ümumiləşdirilməsi,
elmi istiqamətlərə münasibətin bildirilməsi Tərlan
müəllimin tədqiqatçılıq səriştəsinin
güclü olduğunu bir daha təsdiq edir.
XX əsrin bu tarixi mərhələsində folklorun
yazılı ədəbiyyata təsiri və
qarşlıqlı əlaqəsinin tədqiqinə
böyük əhəmiyyət verildi. Əli Saləddinin
“Sabir və folklor” kitabının çap edilməsi də
sabirşünaslıqda müsbət qiymətləndirildi.
Müəllifin Sabir şeirlərinin xalq
yaradıcılığı ilə əlaqəsi, Sabir və
adət-ənənələr, idiom, atalar sözü və məsəllərdən,
folklorun müxtəlif janrlarından istifadə, Sabirin tipləri
və folklor surətləri və s. problemlərlə
bağlı söylədiyi mülahizələr də
T.Novruzovun diqqət mərkəzindən
kənarda qalmamışdır.
Sabir
irsinin tədqiqi tarixində görkəmli sabirşünas
alim, professor Məmməd Məmmədovun “İdeal
qardaşları”, “Şair-vətəndaş”, “Sabir və məktəb”,
“Sabir və Azərbaycan demokratik mətbuatı”, “Sabir:
mübahisələr, həqiqətlər” kitablarının
orijinallığı, faktların zənginliyi
baxımından fərqlənməsi də mövcud
monoqrafiyanın sanbalı və dəyərini qat-qat
artırmışdır.
Monoqrafiyada qeyd olunur ki, mövzu problematikası
baxımından 60-70-ci illərdə ədəbiyyatımızın
öyrənilməsində iki istiqamət özünü
göstərirdi. Bunlardan birincisi, Şərq xalqları və
dünya ədəbiyyatının Azərbaycan ədəbiyyatı
kontekstində müqayisəli araşdırılması və
tədqiqi, ədəbiyyatımızda realizmin təkamül və
inkişaf mərhələlərinin təhlil predmetinə
çevrilməsidir. Tarixi təkamül və
inkişaf mərhələlərinə uyğun
ayrı-ayrı ədəbi simaların, yaxud bir neçə əsərlərin
müqayisəsinin aparılması zəminində poetika məsələlərinin
tədqiqi ikinci meyil kimi ortaya qoyulmuş və əsas problem
kimi M.Cəlalın, Y.Qarayevin ədəbi-nəzəri
baxışlarına əsaslanılmışdır.
Prof. Tərlan Novruzov da Mir Cəlalın Sabirin əsərlərində
axtardığı realizm və tipikləşdirmə
üsullarına, ümumiyyətlə, onun sənətkarlığına
aid mülahizələrinə əsaslanaraq yazırdı: “Tədqiqatçı
(M.Cəlal – Y.Y.Aslanov) hadisə və faktların daxili mahiyyətini,
mənşəyini, səbəbini, başqa hadisələrlə
əlaqə və münasibətlərini dərindən əks
etdirməyi Sabir realizmini şərtləndirən əsas
xüsusiyyətlər kimi müəyyənləşdirir”.
Ədəbiyyatımızda əruzşünaslıq məktəbinin
banisi hesab edilən Əkrəm Cəfərin tədqiqatlarında
Sabirin klassik irslə əlaqəsi, müxtəlif şeir
şəkilləri müəyyən üsul və vasitələrlə
izlənilir, nəzirə və bənzətmələri təhlil
edilir, şairi sələfləri və xələflərindən
fərqləndirən xüsusiyyətlər
araşdırılır və ümumiləşdirilir. Bu istiqamətlərdə
Tərlan müəllimin monoqrafiyada apardığı nəzəri
təhllilər də diqqəti cəlb edir.
60-cı illərdən başlayaraq Sabir
satiralarının dilinin tədqiqi də əsas elmi istiqamət
mövzularından biri kimi araşdırıldı, tədqiqat
obyekti kimi götürüldü. Bu dövrün elmi
nailiyyətləri də professorun baxış prizmasında
öz geniş elmi həllini tapdı və R.Məhərrəmova,
T.Hacıyev, M.Adilovun monoqrafiyaları sabirşünaslıqda
mühüm hadisə kimi qiymətləndirildi.
80-90-cı illərdə Sabir irsinin öyrənilməsi
ədəbiyyatşünaslıq və ədəbi tənqidin
əsas problemlərindən biri kimi daha da aktuallaşır,
yeni kitablar çap olunur. Bu mərhələdə
Tərlan Novruzovun özünün ardıcıl və sistemli
tədqiqat işi aparması daha çox diqqəti cəlb
edir. O, bir-birinin ardınca “M.Ə.Sabir irsinin tədqiqi və
təbliği”, “M.Ə.Sabir (tədqiqat tarixindən)”, “Sabir və
davamçıları”, “Sabir ədəbi məktəbi”, “M.Ə.Sabir”,
“Mirzə Ələkbər Sabir – davam edir ənənələr”
və s. kitablarını nəşr etdirdi. Professor
Tərlan Novruzovun namizədlik və doktorluq işinin də
Sabirlə bağlı olması da onun Sabir irsinə
böyük məhəbbət və sevgisindən irəli gəlmişdir.
80-ci illərdən Sabirin elmi tərcümeyi-halının
faktlar, arxiv materialları əsasında yenidən
yazılmasına, mübahisəli məqamlara aydınlıq gətirilməsinə
ehtiyac duyulurdu.
Bu sahədə Alxan Məmmədovun
(Bayramoğlunun) sabirşünaslığa gətirdiyi elmi
yenilikləri T.Novruzov təhlil etmiş və yeni faktların
üzə çıxarılması baxımından
faydalı bir mənbə olduğunu üzə
çıxarmışdır.
Milli müstəqillik dövründə
sabirşünaslıqda ənənəvi ədəbi-nəzəri
təcrübənin öyrənilməsi zəminində
poetika məsələlərini tədqiqat predmetinə
çevirmək aktual bir məsələ kimi qarşıya
çıxır. Monoqrafiyada da qeyd olunur ki, ədəbi tənqid
və ədəbiyyatşünaslığın ciddi
müzakirə probleminə çevrilən poetika səpkili tədqiqatlar
C.Xəndanın, A.Zamanovun, Ə.Cəfərin və başqa
nüfuzlu alimlərin fikrinə əsaslanılmaqla davam
etdirilir, monoqrafiyalar yazılır. Yaradıcılıq
axtarışları, tədqiqatçı səriştəsi
ilə fərqlənən və zəngin təcrübədən
faydalanan Ənvər Əhmədin “Mirzə Ələkbər
Sabirin poetikası”, Akif Əlinin “M.Ə.Sabirin satira sənətkarlığı”
kitablarında da M.Ə.Sabir və klassik satira ənənələri,
Sabir satiralarının bədii xüsusiyyətləri və
sənətkarlığı, özünəməxsusluğu,
M.Ə.Sabirin satira sənəti yeni dövr satirasının
ideya və poetika zəmini kimi məsələlərə
elmi-nəzəri baxış fonunda qiymət verilir, ədəbiyyatşünaslığın
müasir nəzəri aspektləri kontekstində təhlillər
aparılır.
XX əsrin 60-70-ci illərindən başlayaraq ədəbiyyatşünaslıqda
sosioloji təhlildən uzaqlaşıb novatorluq məsələlərinin
tədqiqi gündəmə gətirilir. Bu istiqamətlərdə
aparılan tədqiqatlar 90-cı illərdə də davam
etdirildi, uğurlu nəticələr əldə edildi.
Filologiya elmləri doktoru, professor Nərgiz
Paşayevanın 1997-ci ildə “Mütərcim” nəşriyyatında
çap edilən “Sabir novatorluğu” kitabı bu sahədəki
boşluğu tamamlamaq zərurətindən yarandı. İki fəsildən ibarət olan bu tədqiqat əsərində
Sabir şeirində mövzu, məzmun və ideya
novatorluğu, Sabir şeirində forma yenilikləri tədqiq
olundu, elmi-nəzəri fikirlərin təhlilinə müasir ədəbiyyatşünaslıq
fonundan düzgün qiymət verildi. Bu
istiqamətlərdə aparılan ümumiləşmələr,
nəzəri təhlillər T.Novruzovun tədqiqatında
xüsusi vurğulanır və bu problemlərin
sabirşünaslıqda böyük əhəmiyyət kəsb
etdiyi göstərilir.
Sabir
irsinin öyrənilməsində Sona Xəyalın “Mirzə Ələkbər
Sabirə yeni nəzər”, N.Kərəmovun “Mirzə Ələkbər
Sabirin səyahətləri”, S.Aslanovun “Sabir yalnız şair
idimi” kitabları da əhəmiyyətli və tədqiqatçılar
üçün faydalı mənbələrdir. Son illərdə
çap olunan S.Aslanovun “M.Ə.Sabir və türk dövlətçiliyi
tarixi məsələləri”, A.Səmədovun “M.Ə.Sabir:
böyük satirik, mahir pedaqoq”, R.Hüseynzadənin “M.Ə.Sabirin
pedaqoji görüşləri” məqalələri də Sabir
irsinə göstərilən diqqət və
qayğının bariz nümunəsidir.
Monoqrafiyada
Sabir irsinin öyrənilməsi və tədqiqi sahəsində
keçmiş SSRİ məkanında, İranda, Türkiyədə,
İraqda, Amerika Birləşmiş Ştatlarında
sabirşünaslığın araşdırılması,
öyrənilməsi və tədqiqi ilə bağlı
mübahisəli məsələlər dəqiqləşdirilir
və sabirşünaslıqda dəyərli bir tədqiqat əsəri
ortaya qoyulur. ABŞ vətəndaşı, mənşəcə
azərbaycanlı, Vaşinqton Universitetinin professoru Həsən
Cavadinin Sabir haqqında iki məqaləsinin əldə edilməsi,
tərcümə olunması və təhrif olunmuş bir
neçə faktın dəqiqləşdirilməsi professorun
cəfakeş, zəhmətsevər bir tədqiqatçı
olmasını, qəlbən Sabirə bağlılığını
bir daha təsdiq edir.
Ümumiyyətlə,
Sabir irsinin tədqiqi və təbliği ilə bağlı
aparılan tədqiqatların mövzu problematikası
geniş, tədqiqatçıların sayı kifayət qədərdir.
Sabir nəinki Azərbaycanda, hətta onun hüdudlarından
çox-çox uzaqlarda tədqiq edilir, öyrənilir. Mən
bu çətin, şərəfli omür yolunda müəllimimə
uğurlar diləyir, sabirşünaslığı yeni-yeni
elmi axtarışlarla zənginləşdirməyi arzu edirəm.
Kredo.-2013.-11 may.-S.6.