Mədəniyyət və mənəviyyat
adamı
Ömrün
yarı yaşını, gənclik mərhələsini
adladıqdan, arxada qoyduqdan sonra qarşılanan hər yuvarlaq
il, yubiley mərasimi geriyə baxmaq, görülən işləri
nəzərdən keçirmək, yanlış
addımları, xeyirxah əməlləri dəyərləndirmək
üçün taleyin insana qismət etdiyi unikal şans,
qaçılmaz fürsətdir. Bu konteksdə filologiya üzrə
fəlsəfə doktoru, dosent, ADMİU Sənətşünaslıq
fakültəsinin dekanı, tədqiqatçı-alim Vəfa
Xanoğlanın (Əliyev) həyat və
yaradıcılıq yoluna nəzər saldıqda xalqa, elmə
və milli mədəniyyətə sədaqətlə, fədakarlıqla
xidmət edən bir cəfakeş ziyalının, mənəviyyat
sevdalısının zəngin və mənalı ömür
salnaməsi göz önündə canlanır.
Vəfa
Xanoğlan 60 il əvvəl Füzuli rayonunun Kürdmahmudlu kəndində
“Şərəf nişanı” ordenli, “SSRİ-nin maarif əlaçısı”,
“Qabaqcıl maarif xadimi”, “Baş müəllim”, “Əmək
igidliyinə görə” və s. müxtəlif təltiflərə,
fəxri adlara, çoxsaylı mükafatlara layiq
görülmüş, yarım əsr məktəb direktoru
işləmiş müəllimlər müəllimi
Xanoğlan Murtuza oğlu Əliyevin ailəsində –
Qarabağda tanınmış ziyalılar ocağında
dünyaya göz açıb. Kürdmahmudlu kənd orta məktəbini
bitirdikdən sonra tərəddüdsüz atasının
yolunu – müəllimlik peşəsini seçən gənc
abituriyent Bakıya gələrək sənədlərini Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə
verir və bu ali təhsil ocağına qəbul
olunur. Universiteti bitirdikdən sonra orta məktəbdə
müəllim, tədris işləri üzrə direktor
müavini vəzifəsində çalışmaqla
yanaşı elmi-ədəbi axtarışlara meyl salan Vəfa
müəllimin tədqiqatları o zaman yerli “Araz” qəzetində
işıq üzü görürdü. Ədəbiyyatşünaslığın
müxtəlif problemlərinə həsr etdiyi maraqlı elmi
araşdırmaları ilə ədəbi prosesə qoşulan
V.Xanoğlan Xalq yazıçısı Elçinin “Tənqid
və ədəbiyyatımızın problemləri” kitabı
haqqında yazdığı “Ədəbiyyatşünaslığımıza
yeni töhfə”, cənublu şair Səhəndin eyniadlı
kitabına həsr etdiyi “Sazımın sözü”, şairə
Hökümə Billurinin yaradıcılığından
soraq verən “Bir də bahar gəlsə...” və digər
resenziyaları orijinal deyim tərzi, məntiqli, bənzərsiz
mülahizələri ilə mütəxəssislərin diqqətini
cəlb edirdi.
Respublikanın nüfuzlu mətbuat orqanlarında onun cənub
mövzusunda çap etdirdiyi məqalələr elmi ictimaiyyət
tərəfindən rəğbətlə
qarşılanırdı. Vəfa Xanoğlan
professor Rüstəm Əliyevin rəhbərliyi ilə Cənubi
Azərbaycan şairi “Həbib Sahirin poetik
yaradıcılığının inkişaf yolu” adlı tədqiqat
işi üzərində ciddi araşdırmalar
aparırdı. Mübahisəli məsələlərdə
akademik Mirzə İbrahimov, professor Qafar Kəndli,
İsmayıl Cəfərpur, Hökumə Billuru və b.
görkəmli ədəbiyyatşünaslar,
tanınmış alimlər gənc tədqiqatçıya dəyərli
məsləhətlər verirdilər. Dissertasiyada
Həbib Sahirin timsalında bütöv bir dövr, Cənubi
Azərbaycandakı ədəbi-mədəni mühit sistemli
olaraq müqayisəli üslubda təhlil edilir, işin elmi
yeniliyi yüksək qiymətləndirilərək dissertant
1985-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi
dərəcəsinə layiq görülmüşdür.
Vəfa
Xanoğlan 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində fəaliyyətə
başlayıb, sənətşünaslıq, rejissorluq və
aktyor sənəti fakültələrində “Azərbaycan ədəbiyyatı tarixi” fənnindən
mühazirələr oxuyur, 1990-cı ildə “Ədəbiyyat
və dillər” kafedrasına baş müəllim
seçilib, 1993-cü ildən isə dosent elmi adına layiq
görülübdür. O müxtəlif illərdə
Universitet Elmi Şurasının katibi vəzifəsində
çalışıb, son on beş ildə
isə sənətşünaslıq fakültəsinə rəhbərlik
edir. Azərbaycan Yazıçılar Birliyinin
(2004) və Teatr Xadimləri İttifaqının (2009)
üzvüdür. “Kino və televiziya ssenariləri”
(2011) dərsliyinin müəllifi, A.A.Bakıxanov adına mükafatın laureatıdır.
Vəfa Xanoğlanın H.Sahirin taleyindən və ədəbi-bədii
irsindən bəhs edən “Hürriyyət fədaisi” adlı
ilk monoqrafiyası 2000-ci ildə “Ozan” nəşriyyatında
işıq üzü görüb. Cənublu şairin həsrət
və həqiqət poeziyasının problemlərindən və
poetikasından bəhs edən bu elmi əsər ədəbi tənqid
tərəfindən maraqla qarşılanmış və
layiqincə dəyərləndirilmişdir. Qədirşünaslıqla vurğulanmalıdır
ki, Vəfa müəllimin böyük coşğu və sevgi
ilə toplayıb müasir əlifbaya transfonoliterasiya edərək
geniş ön söz yazdığı və 2004-cü ildə
işıq üzü görən Həbib Sahirin “Məndən
salam olsun gözəl Təbrizə” şeirlər toplusu ədəbiyyatımıza
dəyərli töhfə və layiqli xidmətdir.
Onun “Sənətkar və ədəbi proses” (2004)
kitabı da fədakar və istedadlı alim əməyinin məhsuludur. Kitabdakı əsərlərin
əsas mövzusunu XX əsr Azərbaycan ədəbiyyatı
məsələləri, Cənubi Azərbaycanda ədəbi
proses, çağdaş ədəbi proses və sənətkarlıq
problemləri, şəxsiyyət və zaman, teatr və
teatrşünaslığın aktual məsələləri
təşkil edir. Elmi məqalələr toplusunda yer alan
“Azadlıq nəğməkarı”, “Bəşəri
duyğular şairi”, “Azərbaycan ədəbiyyatşünaslığına
yeni töhfə”, “Tənqidçinin taleyi və irsi”, “Ekran
dramaturgiyasının tədqiqi”, “Mədəniyyətimizin
böyük təəssübkeşi” və b. əsərlərin
ümumi səciyyəsini, xarakterik xüsusiyyətini
aydınlıq, konkretlik, rəvanlıq, həqiqətə sədaqət
prinsipləri şərtləndirir.
V.Xanoğlanın
elmi əsərlərindən söz açanda onun “Ədəbi
proses və ədəbi nəsil” (“Təhsil”, 2008, Prof.N.Şəmsizadə
ilə şərikli) monoqrafiyasını xüsusi
vurğulamağa ehtiyac duyulur. Bu kitabda müəlliflər
sovet dövrü üçün mümkün olmayan fərqli
biçim, seçim və mündəricatdan
faydalanmış, yaradıcı Əfəndiyevlər nəslinin
ədəbiyyatımıza gətirdikləri yenilikləri mərhələlər
üzrə eyni məcrada incələmiş, mövzu və
janr rəngarəngliyi, sənətkarlıq xüsusiyyətləri
tədqiq və təhlil edilərək obyektiv dəyərləndirmişdir.
Şübhəsiz ki, Vəfa Xanoğlanın uzun illər
üzərində çalışdığı, elmi
baxımdan sanballı, sistemli və əhatəli əsəri
“İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti”
(“Elm”, 2013, 336 səh.) monoqrafiyasıdır. Xalq yazıçısı
İlyas Əfəndiyev çoxəsrlik Azərbaycan ədəbiyyatı
tarixinin elə nadir sənətkarlarındandır ki, illər
ötdükcə, zaman dəyişdikcə, yeni ədəbiyyatşünaslar
nəsilləri yetişdikcə onun həyat və
yaradıcılığına qayıtmaq, ayrı-ayrı əsərlərini
müasir tələblər baxımından nəzərdən
keçirmək ehtiyacı həmişə hiss olunacaq və
zərurət duyulacaqdır. Vəfa
Xanoğlanın yazdığı tədqiqat işini ilk
növbədə bu konteksdə dəyərləndirmək
daha obyektiv və ədalətli olardı. Həqiqətən,
İ.Əfəndiyevin ədəbi irsinin sovet dönəmində
və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından
sonrakı dövrdə tədqiq edilməsi oxşar cəhətləri
ilə yanaşı, fərqli məqamları ilə də
seçilir. Bu fərqli cəhətləri
aşkarlamaq, eyni zamanda İ.Əfəndiyevin həyat və
yaradıcılığı ilə bağlı bir çox məsələləri
dəqiqləşdirmək monoqrafiyanın
aktuallığını şərtləndirən əsas
amillərdir.
Vurğulamaq lazımdır ki, V. Xanoğlan İ.Əfəndiyevin
ədəbi-bədii yaradıcılığı
mövzusunda apardığı araşdırmalarını,
elmi qənaətlərini, nəzəri düşüncələrini
respublikamızda və onun hüdudlarından kənarda nəşr
olunan nüfuzlu məcmuələrdə və toplularda mütəmadi
çap etdirir. Onun monoqrafiyaları çağdaş
elitar isteblişment, ədəbi-elmi ictimaiyyət tərəfindən
həmişə böyük maraqla
qarşılanmışdır.
Monoqrafiyanın birinci fəsildə İlyas Əfəndiyevin
nəsrində milli mədəniyyət problemlərindən
söz açılmış, yazıçının hekayə,
povest və romanlarında mənəvi-əxlaqi dəyərlərin
prioritet yer alması, xeyirxahlığın, humanizmin, sosial ədalət
prinsipinin aşılanması məsələləri ciddi
araşdırma predmetinə çevrilmişdir. “Söyüdlü
arx”, “Körpüsalanlar”, “Sarıköynəklə Valehin
nağılı” romanlarında yazıçının
müasirlik və sənətkarlıq axtarışları
milli mənəvi dəyərlər müstəvisində
elmi-nəzəri həllini tapmışdır.
Əsərin ikinci fəslində isə İ.Əfəndiyevin
bütövlükdə dramaturgiyası tədqiqat obyektinə
çevrilmişdir. Tədqiqat işində “İlyas Əfəndiyev
teatrı” ifadəsinin dönə-dönə
vurğulanması təsadüfi deyil. Ötən
əsrin 40-80-ci illər Azərbaycan teatrında İ.Əfəndiyev
dramaturgiyası fərdi lirik-psixoloji yaradıcılıq
üslubu, təhkiyədə konkrekliyə meyillilik tərzi, zərifliyin,
gözəlliyin, lətifliyin bədii-estetik təqdimat simbiozu
mühüm bir mərhələ təşkil edir.
“İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”,
“Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”,
“Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda
qaldı”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Şeyx
Məhəmməd Xiyabani”, “Tənha iydə ağacı”,
“Hökmdar və qızı” və b. səhnə əsərləri
teatrın inkişafında əlahiddə rol oynadı,
aktyorlar və rejissorlar nəslinin formalaşmasında sənət
universiteti funksiyasını yerinə yetirdi, sovet dönəmində
milli şüurun təşəkkülünə
güclü təkan verdi. Bu əsərlərin
ən incə məqamlarına diqqət yetirilməsi,
yazıçı düşüncəsinin alt qatına, rəmzlərinə
aydınlıq gətirilməsi tədqiqat işinin diqqəti
cəlb edən məziyyətləri kimi dəyərləndirilməlidir.
V.Xanoğlanın
tədqiqat işinin
üçüncü – sonuncu fəsli İlyas
Əfəndiyevin nəzəri-estetik görüşlərinə,
milli-mədəni dəyərlər məsələsinə və
sosial-kulturoloji problemlərə həsr edilmişdir. Araşdırıcı ilk növbədə
böyük sənətkarın milli teatrla, yeni tamaşalarla,
gənc dramaturqlarla bağlı məqalələrini bir araya
gətirərək yüksək peşəkarlıqla incələmiş,
əsasən obyektiv qiymətləndirməyə
çalışmışdır. İ.Əfəndiyevin
“Yüksək səhnə əsərləri uğrunda”,
“Dramaturgiyamızın bəzi məsələləri
haqqında”, “Həyat yeni quruluşda”, “Gözəl
tamaşalar yaradın”, “İstedad və mövzu”, “Teatr
qayğıları”, “Teatr və dramaturgiya məsələləri”,
“Əsəri də, tamaşanı da istedad yaradır” və
b. əsərləri tədqiqat işində təhlilə cəlb
edilmiş, uğurlu nəticələrə nail olunmuşdur. Bütövlükdə “İlyas Əfəndiyev və
Azərbaycan mədəniyyəti” monoqrafiyasının elmi-nəzəri
səviyyəsi yüksəkdir və zəngin qaynaqlar, elmi məxəzlər
əsasında yazıldığı üçün diqqəti
cəlb edir. Müəllif bu tədqiqat
işinə əsasən iddiasında olduğu kulturologiya
üzrə elmlər doktoru alimlik dərəcəsini almaq
üçün ilkin müzakirələri, prosedura mərhələsini
uğurla keçmişdir.
Vəfa Xanoğlan dəyərli alim, istedadlı tədqiqatçı
olmaqla yanaşı didaktik, konstruktiv, kommunikativ və
iradi-emosional qabliyyətə malik pedaqoq, səmimi mədəniyyət
və mənəviyyat adamıdır. Ümummilli lider Heydər
Əliyev “Mən yer üzündə müəllimdən
yüksək ad tanımıram” – demişdir. V.Xanoğlan müəllim adını uca tutan, şərəfləndirən,
düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik
kimi nəcib əxlaqi keyfiyyətlərə malik, geniş
erudisiyalı, dərin bilikli ziyalılarımızdandır.
Cəmiyyətin ən qiymətli kapitalı olan gənc
insanlarla – tələbələrlə sıx, səmimi
ünsiyyət quran, onlara vətənpərvərlik və
millətsevərlik hissi aşılayan, gənclərin əhatəsində
olmaqdan zövq duyan təmkinli və təvazökar dostmuz Vəfa
Xanoğlanın 60 yaşı tamam olur. Yubliyara
çətin, şərəfli və məsuliyyətli
elmi-pedaqoji fəaliyyətində müvəffəqiyyət,
cansağlığı və yaradıcılıq
uğurları arzulayıram.
Asif RÜSTƏMLI
filologiya elmləri doktoru,
professor
kredo.-2013.-28 sentyabr.-S.2.