“İspaniyadakı azərbaycanlılar
arasında həmrəylik var”
Mahir Qurbanov: “Bayramlarımızda
İspaniyada yaşayan katalonları öz evimizə dəvət
edirik”
İstər xaricdə, istərsə də ölkə daxilində yaşayan gənclərimiz vətənin adını uca etməyi özlərinə milli borc bilirlər. Onlar bilik və bacarıq, eləcə də öz fəaliyyətləri ilə bunu sübut edirlər. Elə müsahibimiz Mahir Qurbanov da həm xaricdə təhsil alarkən, həm də ölkəmizdəki işində bu amala sadiq qalıb. Xatırladaq ki, Mahir Qurbanov Göyçay rayonunda doğulub. Daha sonra isə Ukraynanın Xarkov şəhərində yaşayıb. 2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetinin İspan dili üzrə tərcüməçilik fakültəsində təhsil alıb. Tələbəlik illərində ADU-nun Amerika mərkəzində danışıq klubunun rəhbəri olub. 2013-2014-cü illərdə Barselona Dövlət Universitetinin Siyasi təhsil ixtisası üzrə magistr pilləsində təhsil alıb. Bir sıra dövlət tədbirlərində, rəsmi qonaqların qəbulunda ispan dili üzrə tərcüməçilik edib. Hazırda politoloq, eyni zamanda ispan və ingilis dilləri üzrə tərcüməçidir. Bununla yanaşı, “Azərbaycan-Latın Amerikası Gənclərinin Dostluğu” İctimai Birliyinin sədri, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının vitse-prezidentidir.
-İspaniyada
təhsil alarkən Azərbaycanın təbliğatını
necə
aparırdız?
- Hər bir əcnəbi insan yaşadığı ölkənin mentalitetinə, aurasına, ictimai-siyasi vəziyyətinə uyğun olaraq diaspor işini apara bilər. Diaspor, yaşadığı ölkənin dilində səlis danışmalı, onların mədəniyyətini bilməli, ictimai-siyasi proseslərində fəal olmalıdır. Təbii ki, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız diaspor işində fəaldırlar. Məncə, diaspor işində fəaliyyət və fəallıq vaxtdan asılıdır. Yəni hər hansı xarici ölkədə nə qədər çox yaşasan, öz fəaliyyətini daha yaxşı edə bilərsən. Məsələn, mən İspaniyada təhsil aldığım bir il ərzində Azərbaycan haqqında az məlumatı olan tələbələrə və ictimaiyyət nümayəndələrinə çalışdığım qədər məlumatlar verdim. Təbii ki, İspaniyada fəaliyyət göstərən səfirliyimiz bu işi müvəffəqiyyətlə aparır. Amma Barselona Kataloniyanın paytaxtı olduğu üçün biz də orada təhsil alan azərbaycanlılar olaraq çalışırdıq ki, qədim tariximiz, zəngin mədəniyyətimiz haqqında məlumatları düzgün və dolğun verək. Əsas məqsədim İspaniyada Azərbaycanı layiqli şəkildə təmsil etmək idi. Bütün hallarda azərbaycanlı olaraq vətənimi və xalqımı hər zaman üstün tutmağa hazır idim və hazıram. Çünki harada olsam da, qanım azərbaycanlı qanıdır.
- İspanlar Qarabağ münaqişəsi haqqında nə dərəcədə məlumatlıdırlar? Siz bu istiqamətdə hansı işlər görürdüz?
-Əlbəttə ki, bu təbliğat aqressiya olmadan, diplomatik formada aparılmalıdır. 2014-cü ilin fevralında məndən iki həftə önsə İspaniyanın “Mollet del Valles” radiosunun “Annour la Llum” proqramına orada fəaliyyət göstərən bir erməni politoloq dəvət olunmuşdu. O, Dağlıq Qarabağ münaqişəsi və qondarma erməni soyqırımı haqqında yanlış fikirlər bildirmişdi. Bu radionun da dinləyicisi çoxdur. Mən həmin radio ilə əlaqə saxlayıb erməni politoloqun səhv fikirlərinin səsləndirilməsinə etirazımı bildirdim. Qeyd etdim ki, azərbaycanlı olaraq bu münaqişə haqqında mən də fikirlərimi bildirmək istəyirəm. “Çünki bu konfliktdir, burada hər iki tərəfin fikirlərinə yer verməlisiz”, -deyə onlara çatdırdım. Onlar əvvəl qəbul etmək istəmirdilər, amma qarşılarına qoyduğum fakt və uzun təkidlərimdən sonra çıxış üçün razılıq verdilər. Fevralın 26-da “Annour la Llum” proqramında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında çıxış etdim. Proqramdan dərhal sonra “Mollet del Valles” radiosuna çoxsaylı zənglər daxil olmuşdu. Radionun dinləyiciləri həmin verilişdən sonra artıq bu münaqişədə kimin haqlı, kimin isə haqsız olduğunu daha yaxşı anlamaq imkanı əldə etdiklərini söyləmişdilər. Bir həftə ərzində dinləyicilər tərəfindən bu buraxılış 118 dəfə onlayn yüklənmişdi. Bu da öz növbəsində həmin ilin rekord göstəricisi idi.
Sonradan mart ayında yenidən məni “Mollet del Valles” radiosuna dəvət etdilər. Budəfəki verilişdə Azərbaycanın hərtərəfli inkişafı, eyni zamanda, uğurla davam etdirilən genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət haqqında geniş söhbət apardıq. Veriliş boyu “Əsrin müqaviləsi”, ümumilikdə ölkəmizdə uğurla həyata keçirilən yeni neft strategiyası, onun iqtisadi proseslərə müsbət təsiri barədə məlumat verdim.
Maraqlıdır ki, bundan sonra “Badalona” Dövlət Televiziyasına məni dəvət etdilər. Burada da Azərbaycan və İspaniya gənclərinin əməkdaşlığı mövzusunda danışdım. Azərbaycana qayıdandan sonra isə “Skype” vasitəsilə İspaniyanın çoxsaylı dinləyici auditoriyası olan “Radio Juventud Gran Canaria”ın radiosunun populyar “Radio dos luces” proqramına müsahibə verdim. Qeyd edim ki, müsahibə ispan radiosunun təşəbbüsü ilə reallaşdı. Bu proqramda da Azərbaycanın iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsi və İlk Avropa Oyunları haqqında danışdım.
Həmçinin İspaniya və Azərbaycan əlaqələrinə də toxundum, Azərbaycanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirdim.
-İspaniyadakı
səfirliyimiz gənclərin ictimai fəallığına
nə kimi dəstək göstərir?
- İspaniyadakı səfirliyimiz soydaşlarımıza çox gözəl dəstək göstərir. Hər bir bayramda və ya digər əlamətdar günlərdə keçirilən müxtəlif tədbirlərlə bağlı orada yaşayan və fəaliyyət göstərənlərə elektron formada məlumatlar göndərilir. Oradakı bütün azərbaycanlılar həmrəy olaraq gəlib o tədbirlərdə iştirak edirlər. İspaniyadakı soydaşlarımız istənilən məsələ ilə bağlı səfirliyə yaxınlaşıb, hər hansı dəstəyi istəyə bilərlər. Mən səfirliyin ərazisində olanda özümü çox rahat hiss edirdim. Sanki Azərbaycanda imiş kimi idim.
-Xaricdəki gənclərimizin
ictimai fəallığını necə
qiymətləndirirsiz?
-Xaricdə təhsil alan gənclərimizdə vətənə sədaqətlə qulluq etmək hissi çox güclüdür. Onlar istəyirlər ki, xaricdə azərbaycanlı olduqlarını bildirsinlər. İspaniyada azərbaycanlılar hər zaman həmrəydirlər, bir-birlərinə köməklik göstərirlər. Bayramlarımızda İspaniyada yaşayan katalonları öz evlərinə dəvət edirlər. İspanlar artıq bilirlər ki, Azərbaycanda nələr var.
-İspanlarla
azərbaycanlıların hansı oxşar
və fərqli cəhətləri var?
- Oxşar cəhətlərimiz
odur ki, biz də, onlar da temperamentli xalqlarıq. Onlar da azərbaycanlılar
kimi dostluğa sadiqdir, vətənlərini
çox sevirlər.
Amma azərbaycanlılarda qonaqpərvərlik
daha çoxdur, nəinki ispanlarda.
-Bir politoloq olaraq
Avropadakı ictimai-siyasi
vəziyyəti necə
təhlil edərdiz?
- Avropada terrora qarşı mübarizə
aparılır. Təkcə Avropa
deyil, beynəlxalq aləm, o cümlədən
Azərbaycan da dünya ölkəsi olaraq terrora qarşıdır və terroru pisləyir. Prezident İlham Əliyev də UNESCO-dakı son çıxışında
dedi ki, keçmişdə çoxsaylı
terror hadisələrinin qurbanı
olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə
öz rolunu oynayır və bu rol beynəlxalq
ictimaiyyət tərəfindən
qiymətləndirilir.
Təbii
ki, bu hadisələr
Fransada da baş verdi.
Ondan da əvvəl İspaniyanın Barselona şəhərində müəyyən
qruplaşmalar arasında
terror hadisələri baş
vermişdi. Təbii ki,
ölən və yaralananlar var idi. Əlbəttə ki, terrorun qarşısının alınmasında
beynəlxalq birlik olmalıdır. Siyasi mövqedən
baxsaq yeni və köhnə, balaca və böyük qruplaşmalar
var. Onların istiqamət
və koordinasiyasını
bilmək lazımdır.
Lakin Avropada çətin vəziyyət yaranıb.
Baxmayaraq
ki, Avropa ölkələri bir-birinə
köməklik göstərməyə
çalışırlar. Amma iqtisadi böhran Avropa ölkələrinə
öz mənfi təsirini göstərib.
Bu terror problemi də Avropaya bir təzyiq oldu.
-Avropalılar, konkret olaraq ispanlar inanırlarmı ki, bu terroru
törədənlərin İslama
aidiyyəti yoxdur?
-Biz görürük ki, İslam pərdəsi arxasında terror edib və özünü nümayiş etdirənlər,
əslində, müsəlman
deyillər. Bu, bir oyundur. Ona görə də bütün İslam dünyası və bunu başa düşən qeyri-müsəlmanlar
belələrini pisləyir.
Bunu Avropada yaşayan müsəlmanlar, avropalılar,
ümumiyyətlə, bütün
dünya liderləri də deyirlər.
Eyni zamanda ispanlar da bunu
çox gözəl başa düşürlər. Çünki onların ətrafında minlərlə müsəlman
yaşayır və onlarla dostluq edirlər. Təbii ki, onlar bilirlər
ki, bunun arxasında başqa pis niyyəti olan, dünya stabilliyinə, dostluğuna
zərər verən qruplaşmalar var. Ona görə avropalılar, eləcə də ispanlar da anlayır
ki, əsl müsəlman bunu etməz.
Fuad Hüseynzadə
Palitra.-2015.-17 dekabr.-S.7.