Təhsilimizin inkişafı ulu öndərin adı ilə
bağlıdır
Təhsilin
inkişafı hər bir ölkədə
inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir
Azərbaycanda təhsilin
inkişafında ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri
olub. Ulu öndər
ölkənin və xalqın taleyində, hərtərəfli
tərəqqisində, uğurlar
qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini hər zaman nəzərə alıb, yüksək dəyərləndirib:
“Hər bir dövlət, əgər
istəyirsə ki, öz
ölkəsinin inkişafını təmin etsin,
öz millətinin elmini,
mədəniyyətini dünya
standartlarına çatdırsın, o
mütləq, hər şeydən çox,
təhsilə fikir verməlidir, təhsilin
inkişafına səy göstərməlidir, təhsil üçün bütün
imkanları yaratmalıdır”. Ulu öndər həm təhsilin məzmunu, mahiyyəti,
məqsədləri, səmərəli təşkili, müəllim
əməyinin şərəfi, şagirdlərin və tələbələrin
vəzifələri barədə dəyərli fikirlər
söyləyib, həm də Azərbaycan təhsilinin hərtərəfli
yüksəlişi qayğısına qalıb, illərlə
bu sahədə böyük
inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib.
1969-82-ci illərdə Azərbaycanda 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib
İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, Vətənin, xalqın tərəqqisində onların roluna yüksək qiymət verib. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, - deyən ulu öndər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görüb. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkib. H.Əliyev uzun illər təhsilimizin inkişafına hərtərəfli diqqət və qayğı göstərib, bu sahənin tərəqqisinə nail olub. Respublikamızda ümumi orta, texniki peşə, orta ixtisas və ali təhsilin əsaslı yüksəlişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə qəbul olunaraq həyata keçirilən bir sıra mühüm qərarlar, o cümlədən “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973), “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” (1978) qəbul olunan qərarlar ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövrünün mühüm nailiyyətləri sırasındadır. Həmin illərdə məktəblərin şəbəkəsinin genişləndirilməsi, texniki bazasının, kadr potensialının əsaslı şəkildə yaxşılaşdırılması xüsusi ilə qeyd olunmalıdır. Belə ki, 1965-ci illə müqayisədə 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə çatıb. 1969-82-ci illərdə Azərbaycanda 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib, məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırılıb. Məktəblərin texniki, elmi-metodik vasitələrlə təminatı sahəsində də böyük işlər görülüb. Həmin illərdə Azərbaycanda texniki peşə təhsili də yeni yüksəlişə qədəm qoyub. 1970-82-ci illərdə respublikada texniki peşə məktəblərinin sayı 76-dan 184-ə, onlarda təhsil alan şagirdlərin sayı 40,9 mindən 109 minə çatıb. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə texniki peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanıb və uğurla həyata keçirilib.
SSRİ-nin 170-dən çox ən məşhur ali məktəbində
250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb
Ali və orta ixtisas təhsili məsələləri də ulu öndərin daim diqqət mərkəzində olub. 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil ocaqlarının sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlib. Bundan başqa, ulu öndər respublikanın ehtiyacı olan ixtisaslar üzrə Azərbaycandan kənarda ali təhsilə də xüsusi önəm verib. 1970-80-ci illərdə dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSRİ-nin 170-dən çox ən məşhur ali məktəbində Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu 250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onu da deyək ki, 1970-ci ilədək respublikadan kənarda ali təhsil almağa göndərilən azsaylı kontingentin cəmi 40 faizi Azərbaycan millətindən idi. Ulu öndərin respublikaya rəhbərliyə başlamasından sonra ali təhsilə göndərilənlərin sayı ilbəil dəfələrlə artdığı kimi, milli tərkib də dəyişmişdi. Belə ki, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndəsi idi.
Azərbaycan müstəqillik qazandıqdan sonra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qovuşması da məhz Heydər Əliyevin sayəsində gerçəkləşdi. Ulu öndər müstəqil dövlətimizin təhsil sisteminin qarşısında duran böyük işlərə diqqəti yönəldərək deyirdi: “Bu gün biz Azərbaycanda bütün təhsilin - orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır. İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin”.
Ulu öndərin tapşırığı əsasında Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartının təsdiq edilməsi və buna uyğun olaraq, həyata keçirilən islahatlar təhsil sistemində mühüm yeniləşməyə rəvac verib. Ümummilli liderin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 30 mart 1998-ci il tarixli sərəncamına uyğun olaraq, təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar proqramı hazırlanıb. 15 iyun 1999-cu il tarixli sərəncamla qəbul olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” bu sahədə hərtərəfli inkişafa geniş şərait yaradan qiymətli dövlət konsepsiyasıdır. Ulu öndərin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 23 iyun 2000-ci il tarixli fərmanı da təhsil sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəddir. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli sərəncam da müdrik rəhbərin təhsilə göstərdiyi qayğının daha bir parlaq təzahürüdür. Təhsilin istehsalatla əlaqəsinə xüsusi diqqət yetirən Heydər Əliyevin təşəbbüsü ilə 23 avqust 1996-cı ildə “Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” qərarın qəbulu və icrası da özünün müsbət nəticələrini verir. Ümumiyyətlə, qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirib.
Yeni təhsil müəssisələrinin
yaradılması, məktəblərin müasir
tədris vasitələri ilə təmin edilməsi,
şagirdlərin dövlət hesabına pulsuz
dərsliklərlə təmin olunması, müəllim əməyinin
yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə
yaxşılaşdırılması,
istedadlı gənclərə böyük
dövlət qayğısının göstərilməsi,
onların xaricdə təhsilə göndərilməsi və
sair sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda
təhsil siyasətinin inkişafının göstəricisidir.
Beləliklə, bu gün ölkədə təhsilin bütün pillələrinin əsaslı
yüksəlişi məhz müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər
Əliyevin adı ilə bağlıdır. Ümummilli
liderin əsası qoyduğu
təhsil siyasəti, elmə, təhsilə göstərdiyi
qayğı, diqqət bu gün ölkə başçısı tərəfindən
uğurla həyata keçirilir.
Nigar Abdullayeva
Palitra.-2016.-11 may.-S.11.