BDU-nun dilçi alimləri
Polşada XIII Uluslararası böyük türk dili qurultayında
Türkiyənin İhsan Doğramacı
adına Bilkənd Universiteti, Yunus Əmrə İnstitutu və
Varşava Universitetinin birgə təşkilatıçılığı
ilə Polşa Respublikasının Varşava Universitetində
XIII Uluslararası Böyük Türk Dili Qurultayı
keçirilib. 26 sentyabr Türk dili bayramı gününə
və Türkiyə-Polşa diplomatik münasibətlərinin
600 illiyinə təsadüf edən qurultaya dünyanın
müxtəlif ölkələrindən 120 elm adamı, o
cümlədən Bakı Dövlət Universitetinin Azərbaycan
dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova,
Türkologiya kafedrasının dosenti Qızılgül
Abdullayeva və Türkoloji araşdırmalar ETL-in kiçik
elmi işçisi Pərvin Eyvazov qatılıb.
Qurultayın açılış mərasimində
türk coğrafiyasının elmi-mədəni mühitindən,
xüsusilə türkologiya sahəsində
qarşılıqlı əlaqələrin
inkişafından, qarşıda dayanan əsas vəzifələrdən
və gələcək perspektivlərdən
danışıb, qurultayın əhəmiyyətindən
söz açılıb. Açılış mərasimindən
sonra öz işinə başlayan bölmə iclaslarında
Zemfira Şahbazova “Türk dillərində sual əvəzlikləri
və onların linqvistik xüsusiyyətləri”,
Qızılgül Abdullayeva “XVII əsrdə aparıcı dil
anlayışı və normada xəlqiləşmə”, Pərvin
Eyvazov isə “Professor Bəkir Çobanzadə və türkcənin
söz varlığı” adlı məruzələrlə
çıxış edib.
Ölkəmizin Polşadakı səfiri,
professor Həsən Həsənov Azərbaycandan qurultaya
qatılmış akademik heyətlə görüşüb.
Azərbaycan-Polşa münasibətlərindən
danışan Həsən Həsənov səfirliyin həyata
keçirdiyi mühüm işlərdən söz açaraq
elm sahəsində əlaqələrin möhkəmlənməsinin
vacibliyini vurğulayıb, bu cür tədbirlərin təşkil
edilməsini müsbət hal kimi dəyərləndirib və
BDU təmsilçilərini “Azərbaycan-Polşa əlaqələrinin
möhkəmlənməsində xidmətlərinə görə”
medalı və diplomu ilə təltif edib.
Qurultayın bağlanış mərasimində
Azərbaycan nümayəndə heyəti adından BDU-nun
Türkologiya kafedrasının dosenti Qızılgül
Abdullayevaya çıxış edib. Sonda bütün
iştirakçılara təşkilat komitəsi tərəfindən
sertifikatlar təqdim olunub.
Onu da qeyd edək ki, BDU alimləri 1918-1920-ci illərdə
Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş
polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası
Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan
əsilli Vəli bəy Yadigarın xatirəsinə
ucaldılmış “Müstəqil Azərbaycan və
Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini
ziyarət ediblər.
Eyvazov, Pərvin.
Kredo 2018.- 4 oktyabr. - S.16.