Şirin bir xatirə tək...
Firuz Mustafa
Elegiya
(Dünyadan nakam
köçmüş tələbəlik dostum Məhəmməd
Məhərrəmovun xatirəsinə)
Bir müddət əvvəl Dənizkənarı
bulvarda qaçan yaşlı bir kişi mənim
yaddaşımı təzələdi. Özümdən
asılı olmayaraq uzaq illəri və o illərdən boy verən
əziz bir dostumu xatırladım.
Məhəmməd Tovuz
rayonunun Böyükqışlaq kəndində anadan
olmuşdu.
Biz onunla eyni ali məktəbin
eyni fakültəsində təhsil alırdıq. Müxtəlif qruplarda oxusaq da tez
dostlaşmışdıq. Bir müddət
eyni yataqxanada və eyni otaqda qaldıq. Az
qala hər gün dərsdən sonra Axundov adına kitabxanaya
gedər, acgözlüklə mütaliə edərdik. Təhsili başa çatdırandan sonra hər
ikimiz eyni rayona - Saatlıya getdik. Əvvəlcə
təyinatımızı kənd məktəbinə
vermişdilər. Sonra iş yerini rayon məktəbinə
dəyişildik. O, Səməd Vurğun adına
məktəbdə çalışırdı, mən isə
Əzizbəyov adına məktəbdə işləməli
oldum. “Mərkəzə” gəlməkdə məqsədimiz
o idi ki, tezliklə əsgərliyə gedək, sonra
aspiranturaya daxil olaq. O zamanlar kənd məktəblərindən
hərbi xidmətə aparmırdılar. Birlikdə kirayə ev tutduq. Çalışdığımız
illərdə Saatlının küçələrini o ki var
eninə-uzununa “ölçdük”.
Daim bir yerdə olardıq. Məni tək
görən tanışlar təəccüblə
soruşurdular ki, bəs dostun hanı? Elə
ona da həmin sualla müraciət edənlər olurdu.
Məhəmməd zahirən
yaraşıqlı bir oğlandı. Ucaboy, ağsifət,
qaragöz-qaraqaş. Alnına tökülən
uzun saçlarını tez-tez əli ilə arxaya daraqlayardı.
Pianoçular kimi uzun barmaqları vardı.
Maraqlı və ya məzəli bir şeydən
danışanda əl-qolunu yana açarqaq
qəhqəhə ilə gülər, bikef və
düşüncəli vaxtlarında isə uzun qolları sinəsinin
üstündə çarpazlaşardı.
Onun daxili aləmi zahiri
görünüşünü tamamlayırdı. Yəni mənim
dostum daxilən də gözəl bir insandı. Ədalətli,
səmimi, düzünəqulu, ürəyigeniş...
O, mənə “mirzə”, ya da “qoca”
deyərdi, mən isə ona “gənc”.
O, çox emosional və coşqun
idi, mən isə nisbətən dinc.
Öz aramızda nadanlara,
cahillərə “çürük qafa” deyərdik.
Yaltaqlara, yalaqlara,
simasızlara “aftafa” deyərdik.
İşdən sonra kiçik rayon mərkəzinin
az qala yeganə geniş küçəsi
- raykomun yerləşdiyi binaların həndəvərində
gəzişərdik. Yaxınlıqdakı kiçik
mehmanxananın müdiri - Seyid deyilən yaşlı kişi arabir bizi xəbərdarlıq edərdi:
“Müəllimlər,
xahiş edirəm keçin o biri küçəyə”.
Biz onun bu sözləri nədən
ötrü dediyini bilsək də yenə öz “əbədi”
sualımızı verərdik: “Nə olub, yoxsa küçədən
qoşun keçəcək?”
Onun cavabı adətən
qısa-konkret olardı: “Ordu keçsə nə vardı ki,
müəllimlər? Bir azdan yoldaş Babayev
keçəcək”.
Məhəmməd ciddi şəkildə,
əslində isə zarafatyana, bu kişiyə hər dəfə
bir söz tapıb deyərdi. Bir dəfə də lap ciddi görkəm
alıb dedi: “Seyid, yoldaş Babayevə sizdən şikayət
edəcəyəm”.
Kişi qorxub soruşdu: “Nə
üçün, axı mən neyləmişəm?”
Məhəmmıd dedi: “Deyəcəm
ki, Seyid sizin xətrinizi lazım olandan çox istəyir”.
Kişi heyrətlə bizə
baxıb başını buladı.
Əlisahib Babayev o vaxtlar həmin
rayonda - Saatlıda raykom katibi idi. Çox sərt, ciddi,
inzibatçı, tələbkar bir adamdı.
Çox zarafatcıl və
hazırcavab idi Məhəmməd. Xüsusən, qadınlara
xoş münasibət, diqqət yetirməyi xoşlayardı. Arada ona təxminən belə
zarafatyana atmacalar deyərdim:
- Cavan oğlan, gözəllərə
yaman tez-tez vurulursan,
Vurulandan sonrasa Axıncı
tək durulursan.
Yeri gəlmişkən,
Axıncı çayı öz mənbəyini bizim tərəfdən
götürüb onun doğulduğu Böyükqışlaq
kəndindən keçirdi.
Bəzən o da mənə zarafatla
cavab verərdi:
- Axıncı nə gəzir, sən
Araza bax.
Gələn yaza, nalə çəkən
saza bax...
Bilirdim ki, məktəbdəki
gənc xanımlardan hansınasa vurulub. Arada Səməd
Vurğundan misal gətirərdi:
Şirin bir xatirə tək
qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək
ölənlər...
O zamanlar şagird və müəllimləri
pambıq yığımına aparırdılar. Təhsildən
yayınan, əl-ayağını kol-kosun
cızdığı, işləməkdən yorulub əldən
düşən körpə balaları “şərəfli əməkdən”
yayındırmağa cəhd etdiyimiz üçün dəfələrlə
“yuxarılardan” xəbərdarlıq almışdıq. Şagirdlər daim onların tərəfini saxlayan,
yüksək səviyyədə dərs deyən, gənclərin
yolunda şam kimi yanan müəllimlərini - Məhəmməd
Məhərrəmovu hədsiz dərəcədə sevirdilər.
Bizi hətta rayon mərkəzində
yerləşən təhsil ocağından belə, əsgərliyə
aparmaq istəmirdilər. Çünki müəllimə ehtiyac
çox idi. Dediyim kimi, fikrimiz bu idi ki, əsgərlik
xidmətini tezliklə başa vurub aspiranturaya daxil olaq. Buna görə Respublika Hərbi
Komissarlığına ərizə ilə müraciət
etdik.
Nəhayət, günlərin
bir günü bu arzumuza da çatdıq. Əvvəlcə
Məhəmməd hərbi xidmətə getdi. O, Ukraynada
- Lvov şəhərində qulluq etdi. Bir il
sonra mən də hərbi xidmətə yola düşdüm.
Uzaq Şərqdə, Xabarovskda qulluq etməli
oldum. Dostumla tez-tez məktublaşırdıq.
O, artıq Bakıda, Xırdalanda
müəllim işləyirdi. Bir dəfə mənə
məktubunda yazmışdı ki, işlərini aspiranturaya
verib. Amma onun rəqibi Elmlər
Akademiyasında “tanış” taparaq, özünə yuxarı
qiymət yazdırıb. Elə həmin il
həmin yerə onun rəqibi qəbul olundu. Mən
ona məktub yazıb bir xeyli təsəlli verdim. Sonralar
həmin yerə qəbul edilən adam
maşın qəzasına düşüb həlak oldu. Sən demə, ən böyük qəza hələ
irəlidə imiş.
Mən hərbi xidmətdən
geri dönəndən sonra biz yenə tez-tez görüşməyə
çalışırdıq. Lakin artıq
vaxtımız məhdud idi. Çətin,
ağır, amma maraqlı günlər yaşayırdıq.
Mən qəzetlərə, radio-televiziyaya məqalələr,
süjetlər, reportajlar yazır, qonorarla dolanırdım.
O isə müəllimlik edirdi, dərs deyirdi. Mən
“Ulduz” metrostansiyasının yaxınlığında, o isə
Xırdalanda yaşayırdı. Yenə
kitabxanada bir araya gəlirdik. Aspiranturaya imtahan verməli
idik... Planlarımız çox idi.
Günlərin bir
günü, daha doğrusu isti bir yay günü, dostlardan
birinin verdiyi qəfil xəbər məni sarsıtdı. “Məhəmməd
həlak olub”. Onu son mənzilə-doğulduğu
kəndə aparmışdılar. Tələbə
yoldaşımız Əsgər Quliyevlə axşam
qatarına əyləşib Tovuza yola düşdük.
Səhər tezdən stansiyadan maşın tutub birbaşa
Böyükqışlağa yola düşdük... Artıq dostumuzu torpağa
tapşırmışdılar.
Biz həmin gün -
yağışlı, çisəkli, şimşəkli yay
günü Əsgərlə uzun bir məsafəni,
Böyükqışlaqdan bizim kəndə, yəni
İsalıyacan olan yolu piyada qət etdik. Heç
birimiz danışmırdıq. Arada
göylər öz ildırım və yağış dili ilə
“danışırdı”. Mən yol boyu
öz nakam dostumu, onun gözüm önündə keçən
unudulmaz anlarını, qısa və mənalı
ömrünü yada salır, qovrulurdum. Yəqin
ki, Əsgər də həmin anlarda eyni hissləri
keçirirdi. Sədaqətli, ləyaqətli, cəsarətli
bir dost itirmişdik...
Sonralar tələbə
dostumuz, uzun illər polis orqanlarında işləmiş
İsmayıl Həkimov mənə kiçik bir qovluq gətirdi. O qovluqda Məhəmmədin
elə öz ömrü kimi yarmçıq, bitməmiş
yazıları toplanmışdı.
Əgər xatirinizdədirsə,
söhbətimin əvvəlində dedim ki, “Dənizkənarı
bulvarda qaçan yaşlı bir kişi mənim
yaddaşımı təzələdi”.
Məsələ belə
olmuşdu. Biz tələbə olarkən Məhəmmədlə
Nabrana tələbə-idman düşərgəsində dincəlməyə
getmişdik. Səhərlər Günəşi
dənizin sahilində qarşılayırdıq. Demək
olar ki, hər gün orada eyni mənzərənin şahidi
olardıq; belə ki, Xəzərin qumlu sahili boyu arıq,
yaşlı bir kişi, onun da arxası ilə
kişinin özü kimi, arıq, tükləri tökülmüş
bir it qaçardı.
Bir dəfə Məhəmmədlə
aramızda belə bir dialoq oldu:
- Bu kişi hara
qaçır belə?
- Ölümdən qaçır.
- Bəlkə də ölümə
doğru qaçır.
- Onda ölümdən ölümə
qaçır...
Bir müddət sonra dedilər ki, kişi suda, özü də sahilə
yaxın, dayaz bir yerdə həyatla vidalaşıb.
Elə mənim dostum Məhəmməd
Bəhram oğlu Məhərrəmov da həyatını Xəzərdə
qeyb etdi...
O, işıqlı bir adam
idi və mən düşünürəm ki, onun ürəyinin
işığı bu gün də şölə salır.
Çünki onun dərs dediyi şagirdlər arada mənə
rast gələndə ehtiramla öz sevimli müəllimlərini
xatırlayırlar və fəxrlə deyirlər: “Bizə Məhəmməd
müəllim dərs deyib”. Mən o
keçmiş şagirdlərin çöhrəsində Məhəmmədin
qəlbinin ziyasını, işığını, nurunu
görürəm. Sanki bu anlarda unudulmaz dostumun səsini
eşidirəm:
Şirin bir xatirə tək
qalacaqdır dünyada,
Sevərək
yaşayanlar, sevilərək ölənlər...
Kredo.- 2021.-
10 mart.- S.4.