Dilçilik tariximizin əvəzedilməz
şəxsiyyəti - Qəzənfər Kazımov...
(Analitik
təfəkkür, kreativ zəka sahibi, ziyalı şəxsiyyəti barədə
ədəbi düşüncələr...)
Qəzənfər Kazımov adı, soyadı heç bir titulsuz, elmi dərəcələri sadalamadan da geniş oxucu kütləsinə yaxından tanışdır. Bu adı-soyadı çəkən kimi hamının gözü önünə müasir Azərbaycan humanitar elmimizin ən populyar, məşhur simalarından biri gəlir. Necə ki, Əzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Musa Adilov, Ağamusa Axundov, Tofiq Hacıyev, Kamil Vəli, Kamal Abdulla, Nizami Cəfərov imza-soyadları çox mətləblərdən xəbər verir, eynilə də Qəzənfər Kazımov imzası-soyadı da bu playedada ən şərəfli yerini tutub və dilçilik tariximizdə öz sözü, müstəqil, bənzərsiz elmi yolu olan əvəzedilməz şəxsiyyətdir!
Belə bir mərtəbəyə yüksəlmək üçün böyük, fenomenal istedad sahibi olmaq, ağır yaradıcılıq zəhmətinə qatlaşmaq, uzun və şərəfli həyat yolu keçmək lazım idi! Xoşbəxtlikdən hər iki cəhət vəhdət halında onun şəxsiyyətində əvvəldən cəmləşibdir!
Filologiya
elmlər doktoru, professor, Əməkdar elm xadimi, uzun illər
N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində
çox mühüm vəzifələrdə səmərəli
fəaliyyət göstərmiş, AMEA-nın Nəsimi
adına Dilçilik İnstutunda dialektologiya şöbəsinin
müdri olmuş, hazırda İnstitutun elmi qurumlarının
üzvü, kərpic-kərpic on cildliyə sığmayan
monoqrafiyalardan, dərsliklərdən, elmi-nəzəri, ədəbi-tənqidi,
bədii-publisist məqalələrdən ibarət
yaradıcılıq məhsulu onu elə bir yüksək mərtəbəyə
qaldırıb, elə bir miqyasda tanıdıb ki, Qəzənfər
müəllimi Avropanın ən sayılan-seçilən
samballı elmi qurumlarına fəxarətlə fəxri
üzv seçiblər...
Azərbaycan, türk dilçilik dünyasının fəxri olan professor Qəzənfər Şirin oğlu Kazımov Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. O, həmçinin Böyük Britaniya Kembirc Beynəlmiləl Dühalar mərkəzinin üzvü və həmin mərkəz tərəfindən 1998-1999-cu illərin “Beynəlmiləl Adamı” elan edilmiş, gümüş “Şərəf medalı”na layiq görülmüşdür. Bu, professor Qəzənfər Kazımovun həyatında institutu “Fərqlənmə diplomu” ilə bitirdiyi zaman keçirdiyi fərəh hissinə tən gələn, amma Azərbaycan elminə fərəh gətirən hadisələrdəndir! Yanılmıramsa, Sovet dövründə Asiya Kral Cəmiyyətinə bizdən yeganə olaraq böyük şəxsiyyət Xudu Məmmədov layiq görülmüşdü!..
Respublikamızda isə Azərbaycan
Yazıçılar Birliyinin və
Jurnalistlər Birliyinin, neçə-neçə
elmi qurumların, təşkilatların üzvüdür... Q.Kazımov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr
2015-ci il tarixli Sərəncamı
ilə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" fəxri
adına layiq görülüb.
Sənət və qələm dostlarının onu “Dilçiliyimizin generalı”, “Dilçiliyin ensiklopediyası”, “Filoloji fikrimizin korifeyi”, “Heç kəsə bənzəmiyən, özü olan alim” adlandırmaları da təsadüfi deyil... Bu gün respublikamızda bir neçə sayılıb-seçilən, güclü dilçi varsa, onlardan biri yox, birincisi Qəzənfər Kazımovdur… Klassik zəka, analitik təfəkkür, yüksək ziyalı şəxsiyyəti… Bunlar məcaz, təşbih olsa da, yalnız Qəzənfər Kazımov ünvanında həqiqət olur... Qəzənfər Kazımov zamanın fövqündə özünə əbədi ömür qazanan böyük alimlər sırasında öz ləyaqətli yeri olan azman kişilərdəndir...
30-ildən artıqdır ki,
rus məktəblərinin 2-3-cü, Azərbaycan
məktəblərinin 8-9-cu sinifləri üçün
«Azərbaycan dili» dərsliklərinin
müəllifidir.
Ali məktəblər üçün «Müasir Azərbaycan dili. Morfologiya», «Müasir Azərbaycan dili. Sintaksis» dərslikləri hazırda universitetlərimizdə tədris olunan əsas dərsliklərdir. Bu o deməkdir ki, Azərbaycanın hər bucağında bu böyük alimi, bu böyük müəllimi tanımayan yoxdur...
Azərbaycan ziyalılığını böyük ləyaqətlə və yüksək elmi səviyyədə təmsil edən Prof.Qəzənfər Kazımov keçdiyi yol və onun çoxcəhətli fəaliyyəti həyat, insanlıq və yaratmaq eşqi dərsidir. Qəzənfər müəllimin 60 ildən çox dövrdə yazdıqları ilə düşündükləri və yaşadıqları arasında təbii bir tarazlıq vardır. Qəzənfər Kazımov yaşadığı kimi yazır, yazdıqları tərzdə yaşayır. Çağdaş Azərbaycan ziyalılığında bütövlük, halallıq və səmimiyyət nümunəsini, özü də, yalnız ona məxsus nümunəsini göstərən Qəzənfər Kazımov cəmiyyətə elmi təfəkkürlə mənəvi zənginliyi vəhdətdə təqdim edir.
Azərbaycan ictimaiyyətinin Qəzənfər Kazımovla tanışlığı onun hələ 62 il əvvəl, 1960-cıildən bu günümüzə qədər Azərbaycan dilciliyinin ən yeni problemləri haqqında yeniləşən təfəkkür işığında yazdığı elmi əsərlərlə başlayıb. Qəzənfər Kazımovun tədqiqatlarında Azərbaycan dilçiliyinin yeni mərhələsinə mənsub elmi-nəzəri düşüncəsinin nəbzi döyünür. O, keçmiş ideoloji mühitin çətin dövrlərində elmi düşüncənin bədii təfəkkürə və gerçək həyata doğru inkişafına məsuliyyətlə xidmət edib. Qəzənfər Kazımov bədii dil məsələlərinə həsr edilmiş əsərləri ilə filoloji elmin altmışıncı illərdə meydana çıxan yeni təmayülünün formalaşmasına təkan verib.
Bu cəhətdən akademik Ağamusa Axundovun fikirləri olduqca səciyyəvidir: “Mənə qalsa, Qəzənfər müəllimi dilçidən çox, sözün geniş mənaında filoloq hesab etmək olar və bu cəhətdən o bizim dilçilik klassiklərimiz Bəkir Çobanzadə, Əzəl Dəmirçizadə kimi alimlərlə müqayisə edilə bilər.
Nədir onun
orjinallığı?
Qəzənfər
müəllim dilin bizə məlum olan adi məsələləri
ilə bərabər, estetik məsələlərinə ən
çox fikir verən dilçilərimizdəndir. Yəni
o, dilin o məsələləri ilə məşğul
olubdur ki, indiyəcən
bizim dilçiliyimizdə heç
kəs onunla məşğul
olmayıbdır. Məsələn, Azərbaycan dilində komizm ünsürlərinin yaranması. Bir tərəfdən baxanda,
bəlkə də, bunu ədəbiyyat mövzusu hesab etmək olar. Amma bu
ədəbiyyat mövzusunu, bu ədəbiyyat nəzəriyyəsinə aid olan bir
məsələni Qəzənfər müəllim bir dilçi kimi həll edir və orjinal fikirlər söyləyir, orjinal nəticələrə gəlir. Hər
halda, bizdə bu mövzuda, bu şəkildə
yazan başqa bir dilçi yoxdur, olmayıb!”.
Akademik Bəkir Nəbiyev: “...Qəzənfər müəllimin yradıcılığının bir istiqaməti də bilavasitə poetika məsələləri ilə bağlıdır. Poetika, yəni bu və ya digər ədibin, sənətkarın, şairin öz yaradıcılığında, öz əsərinə istifadə etdiyi ədəbi-bədii sənətkarlığın incəlikləri. Öz aramızdır, bunun özünün təhlili üçün gərək bu barədə tədqiqat aparan müəllifin özünün adını çəkdiyimiz sahədə biliklərə bir incəliklə yiyələnməsi lazım gəlir. Bu cəhətdən də Qəzənfər müəllimi az-az alimlərlə müqayisə etmək olar... Öz daxili aləmi, şəxsi xarakteri, xasiyyəti ilə yaradıcılığının uyuşması baxımından Qəzənfər Kazımov həqiqətən də bizim alimlərimizin, müəllimlərimizin, ədəbiyyatşünaslarımızın içərisində nadir simalardan biridir!”.
Onu
taniyan elm adamları Qəzənfər Kazımovun xarakterini əsasən
“ciddi, səbirli, işinə vicdanla yanaşan bir alim” (prof.
Kamran Məmmədov) kimi səciyyələndirirlər və
bu olduqca dürüst müşahidədir...
Biz
“türk dünyasının böyük dilci alimi” sözlərini
başlığa təsadüfi
çıxarmamışıq. İndiki mərhələdə
bu sözlər, bəlkə də, bir az trafaret
səslənir. Çünki indi əksər məqamlarda bu məsuliyyətli,
səlahiyyət yüklü sözləri
dəb xatirinə işlədirlər. Oğul ona
deyərdim ki, keçən əsrin
60-cı illərində ciddi elmi əsərdə çiynini
belə bir yükün altına verəsən, SSRİ Ali Attestasiyasının şovinist
cəbbəxanasına sinə gərərək, ən çətin
baryerləri, arakəsmələri aşaraq
ümumtürk dili
konsepsiyasını müdafiə edəsən!..
Qəzənfər Kazımovun 1967-ci ildə müdafiə etdiyi “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili” namizədlik işinə verilən rəsmi opponent rəyindən gətirəcəyimiz bu misal fikrimizə sübutdur: “Qəzənfər Kazımov “Dağılan tifaq” pyesinin lüğətini vermiş, onun tərkibini elmi şəkildə, dəqiqliklə izah etmişdir. Tədiqatçı pyesdəki bir sıra azəri sözlərini (bu anlayışı da, o vaxtlar elmi müstəvidə işlətmək böyük cəsarət tələb edirdi – Q.B.) altay, başqırd, qazax, qaraqalpaq, qırğız, qumıq, noğay, tuvin, türk, türkmən, özbək, uyğur, xakas, çuvaş, yakut kimi türkdilli xalqların sözləri ilə müqayisə edir, pyesdəki sözlərin böyük bir qisminin müasir türk dillərində işləndiyini göstərir və belə bir doğru elmi nəticəyə gəlir ki, “həmin sözlər türk dillərinə məxsus ilk ana dilin əsas lüğət fondundakı sözlərdən olmuş və zəruri leksik vahidlər kimi müxtəlif türk dillərində indiyə qədər qalmışdır” (Prof. Kamran Məmmədov). Budur, ortaq türk dili ideyası və bu ideyanı hələ keçən əsrin 60-cı illərində bir daha elmi müstəviyə gətirən ciddi alimlər! İndi, “Bu ideyanı ilk dəfə mən irəli sürmüşəm!” –deyib, əyinlərinə “türkçü qəhrəman” cildi geyənlər çoxalıb, amma əlahəzrət fakt faktlığındadır! Hələ, indinin özündə də, gənclərimizin əksəriyyəti bilmirlər ki, altay, qumıq, noğay, tuvin, uyğur, xakas, çuvaş, yakutlar türk qövmünün ayrılmaz qollarıdır!..
Qəzənfər müəllim son dərəcə mühüm
olan bu elmi
istiqamətdə tədqiqatlarını heç
vədə səngitməmiş, “dəbdən-dəbə” bu məsələyə
qayıtmamış, “Dilimiz tariximiz” (1998), “Azərbaycan
dilinin tarixi” (ən qədim
dövrlərdən XIII əsrə qədər)” (2003), “Dil. Tarix. Poeziya” (2005), “Homerin
poemalarıı və “Kitabi - Dədə
Qorqud” (2006) təkin monumental
monoqrafiyalarda ardıcıl olaraq bu vacib
problematikanı işıqlı, gələcəkli türkçülük ideyaları zəminində
izləmişdir... Onun çox
istedadlı tələbəsi yazıçı-publisist
Əli Rza Xələfli “onun
bu əsəri türk
dünyasının ən yüksək ödülünə layiqdir” deyəndə, əlbəttə,
yanılmır!
Məhz
tədqiqatının bu istiqamətinə görə Qəzənfər
müəllimin yaradıılığı müasir dünya
türkologiyasının aparıcı nəzəriyyələri
fonunda öz yeri olan masştablı baxışdır, onun nəzəri
səviyyəsini qaldıran hadisədir...
Prof. Qəzənfər
Kazımov həmişə filoloji elmin ən mühüm, aktual, az toxunulan
və yaxud da heç toxunulmyan problemlərinə
diqqət kəsilmiş, çoxsahəli elmi
istiqamətlərdə az-az tədqiatçıya
xas olan fəaliyyət
göstərmişdir. Onun
yaradıcılığına küll
halında nəzər salanda adama elə gəlir ki, humanitar elmin elə bir sahəsi olmaz ki, Qəzənfər müəllim orada qadir olmasın! Mənə
elə gəlir ki, Qəzənfər
Kazımov yaradıcılığı, tədqiqat üslubu yalnız filoloji-dilçilik
qadirliyi ilə yox, eyni dərəcədə bədii-estetik qadirliyi ilə də müəyyənləşir.
Və buna görə də o, təkcə bir elmi sahəsində yox,
ümumən filoloji-sənət sahəsinin, humanitar
elmi sahənin hadisəsinə çevrilir...
Qurban Bayramov, ədəbiyyatşünas-tənqidçi,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu
Kredo .- 2022.-
7 may.- S.14.