Neft salnaməmizin canlı və
şanlı əfsanəsi
Akademik Xoşbəxt Yusifzadənin doğum
gününə
Təkcə doğulduğu
Pirşağıda və neft
Bakısında deyil, bu
gün bütün Azərbaycanda
az qala uşaqdan
böyüyə kimi hər kəsin yaxşı
tanırdığı bu sadə və səmimi
insanla ilk
tanışlığım 90-cı illərin əvvəllərində, vaxtı ilə Nazirlər Kabinetinin
şöbə müdiri olmuş Rasim Dadaşovun 4-cü mərtəbədə
yerləşən
otağında olmuşdu. Hər dəfə də
Bakı neftçilərinin fədakar əməyindən vurğunluqla danışan Rasim
müəllim neft korifeylərimiz Azad Mirzəcanzadənin, Firudin
Əliyevin, Sabit Orucovun,
Fərman Salmanovun, Qurban
Abbasovun, Bəhmən Hacıyevin, Bəxtiyar
Məmmədovun və düzünü deyim ki,
tanımadağım bir çox adları da çəkər və bu sırada Xoşbəxt Yusifzadəni xüsusi vurğulayardı. Onu
da əlavə edərdi ki, Xoşbəxt çox
yüksək səviyyəli mütəxəssisdir, o, Bakı neftinin canlı tarixi və Azərbaycanı dünya
neft sənayesinin beşiyi
kimi tanıdanlardandır. Mən belə
korifeylərlə işləmişəm...
İndi
uzun illər sonra
xatırladıqlarıma diqqət edəndə görürəm
ki, 93 illik ömrünün 70 ilini
Azərbaycanın neft sənayesi ilə bağlayan Xöşbəxt Yusifzadə doğrudan da canlı korifeydir. Həm də onu da xatırlayıram ki, 3 il əvvəl Birinci vitse-prezident Mehriban
xanım Əliyeva rəsmi sosial şəbəkə
hesabında Xoşbəxt Yusifzadənin fotosunu
paylaşaraq onu 90 illiyi münasibətilə təbrik edib yazırdı:
Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq
səhifələr yazmış canlı əfsanədir.
O, elə nadir insanlardandır ki, ölkəmizdə həm milyardıncı, həm də iki milyardıncı ton neftin hasil olunmasında şəxsən iştirak edib. Onun rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən çox neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf olunub. Xarici şirkətlərlə birgə bütün layihələrin işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, iri “Abşeron” kimi yataqların, eləcə də 2010-cu ildə SOCAR-ın öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində, Azərbaycanın siyasi-iqtisadi həyatında xüsusi önəm daşıyan “Əsrin müqaviləsi”nin həyata vəsiqə almasında əvəzedilməz xidmətləri olub. Nəhayət ki, 2022-ci ilin dekabrında “Akademik Xoşbəxt Yusifzadə” tankerinin inşası və Azərbaycanın dəniz nəqliyyatı tarixində 1957-ci ildən sonra ilk dəfədir ki, hər hansı bir gəmiyə həyatda olan şəxsin adının verilməsi də onun taleyinə yazıldı…
Bütün bu deyilənlər nə qədər xoş görünsə də, taleyin yaşatdığı amansızlıqlar ona böyük ağrılar da yaşadıb. Ailələri repressiya qurbanları sırasında olub. Atası həbs olunanada beş yaşı olub. Amansız müharibə uşaqlıq illərininin sevincini əlindən alıb. Həyatı yeni-yeni dərk edən balaca Xoşbəxt hər gün göz yaşları ilə övladlarını cəbhəyə yola salan, qara kağız alıb saçlarını yolan anaların ürəkdağlayan fəryadını görüb. Taleyin bəxş etdiyi 3 övladından ikisini - birini uşaq, o birini yetkin yaşlarında itirəndə dünyanın ən böyük dərdi ilə baş-başa qalıb...
Amma
sınmayıb, həmişə qururla, vüqar və təmkinlə, dövlətinə,
millətinə vurğunluqla
danışıb. Söhbətlərini Molla Nəsirəddin
lətifələri, atalar sözləri, müdrik kəlamlar üzərində quran Xoşbəxt müəllim hər kəsin
diqqət və səmimiyyətlə dinlədiyi mühasib olub. Sovetlər
dövründə də, Azərbaycanın müstəqillik
illərində də belə olub. Molla Nəsirəddin lətifələrini məhəbbətlə
və yerində təqdim etməyi bacaran
Xoşbəxt müəllim olduqca
zarafatcıl, baməzə, həm
də olduqca müdrik insandır. Adi
və ən ali
insanlarla da yumorun dili ilə
danışmaqdan çəkinməyib. O, SSRİ Nazirlər Sovetinin sədri Kosıginin də, ulu öndərimiz Heydər Əlivevin hüzurunda da olduğu kimi görünüb.
…1976-cı ildə SSRİ Nazirlər Sovetinin sədri Kosıginin yanında bütün ölkə üzrə neft idarə rəhbərlərinin
müşavirəsi keçirilir.
Kosıgin çox ciddi adam idi. İştirak etdiyi tədbirlərdə
hələ heç kəs onu gülən görməmişdi.
Müşavirədə Azərbaycan neftçiləri
adından çıxış etmək Xoşbəxt müəllimə
tapşırılır. Xoşbəxt müəllim bu barədə illər sonra
danışırdı: mən Moskvada,
Kosıginin yanında çıxış etdim.
Rəhbər şəxslər hamısı kağızdan oxuyurdular. Mən səhərdən orda oturmuşdum, nəhayət,
söz verdilər. Nazirdən soruşdum ki, xəritələrim
var, asım, asmayım? Dedi
buranın ağası mən deyiləm, Kosıgindən soruş! Dedim onda asacağam. Mən
danışanda xəritədə neft
yataqlarını göstərirdim
və birdən Kosıgin soruşdu ki, boş yerlər var orda, onlar
xəritədə niyə boşdur, siz işləmirsiniz, ya başqa səbəb var? Dedim bizim Şərqdə
Molla Nəsrəddin lətifələri var, icazə verin, mən lətifə
ilə cavab verim. Dedi buyur. Qayıtdım ki, Molla Nəsrəddin
qaranlıq otaqda sancaq
itirir, çıxır bayırda
axtarır. Soruşurlar ki,
Molla, nə axtarırsan? Deyir sancaq. Yenə soruşurlar
ki, otaqda itirdiyini bayırda
niyə axtarırsan? Molla qayıdır ki, otaq qaranlıqdır, amma
bayır işıqlı… Dedim, biz də oraya qədər
işləyirik ki, ora
“işıqlıdır”, yəni balıqçılar, hərbçilər
bizə imkan vermirlər. Dedi
sən onları sıxa bilməzsənmi? Dedim mən nə
mümkündür etmişəm, amma siz etsəniz, olar əla! Bundan sonra bütün
müşavirə iştirakçıları və
Kosıgin də gülməyə başladılar. Ən
önəmlisi məsələ qısa vaxtda
həllini tapdı. Molla Nəsrəddin lətifələri
məni çox vaxt vəziyyətdən
çıxarıb.
Yaxud doğma
Pirşağıya akademikin 60 il arzusunda olduğu
elektrik qatarı gələndə Xoşbəxt
müəllim 90 illik yubileyində bu hadisəni müdrikcəsinə və incə
bir yumorla belə təqdim
edirdi: Neft
Daşlarında işləyirdim. Amma
xanımım hər gün kənddən
şəhərə gedib-gəlirdi, özü
də o vaxt yollar Pirşağıda bir
kökdəydi. Gördüm bu yazıq lap əziyyət
çəkir. İdarə rəisim Bəxtiyar Məmmədova
ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç,
ya Pirşağıya “elektriçka”
çəkdir, ya da mənə
ev ver. O, da bir az
fikirləşib dedi ki,
“elektriçka” çəkdirə bilmərəm,
amma sənə ev verərəm…
O gün cənab İlham
Əliyev Pirşağıya “elektriçka”
ilə gəldi. Mən gördüm bu “elektriçka”nı, ay
Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ
olsaydı, deyəcəkdi evi qaytar. “Elektriçka” gəldi
evi neyləyirsən?..
***
Heydər Əliyev Xoşbəxt müəllimin əməyinə həmişə yüksək dəyər verərdi. Onun Heydər Əliyevlə tanışlığı 1969-cu ilin iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən dövrdən başlanmışdı. 1970-ci ildə onu “Xəzərdənizneft” İstehsalat Birliyinin rəis müavini, baş geoloq vəzifəsinə də Ulu öndər təyin etmişdi. Heydər Əliyev “Azəri”, “Çıraq”, “Günəşli” və digər yataqların kəşfində və mənimsənilməsində gərgin əmək sərf etmiş bir alim kimi onun biliyinə, təcrübəsinə həmişə inamla yanaşırdı. Ulu öndərin Xoşbəxt müəllim haqqında söylədiyi bir fikri yada salmaq bəs edir ki, deyilənlərin təsdiqi olsun: Azərbaycanda bizim çox hörmətli geoloqumuz Yusifzadə kimi Xəzər dənizini bilən ikinci adam yoxdur...
Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olmuş, ali məktəbi bitirdiyi 1952-ci ildən sonra SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı ”Dövlətxüsusineftlayihə” kontorunda əmək fəaliyyətinə başlamış, sonra ”Dənizneft” Birliyində mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ildə ”Gürganneft” trestində (indiki ”Neft daşları” NQÇİ) birinci mədənin böyük geoloqu vəzifəsinə irəli çəkilmiş, 1958-1960-cı illərdə ”Neft Daşları” mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu və rəisi işləmişdir. 1960-cı ildə o, ”Gürganneft” rəisinin müavini – baş geoloq vəzifəsinə təyin olunmuş, 1963-cü ildən 1970-ci ilədək “Dənizneft” İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi – baş geoloqun müavini, 1970-1992-ci illərdə “Xəzərdənizneft”də baş direktorun müavini – baş geoloq, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra yaradılmış “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri olmuşdur. 1994-cü ildən ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-cü ildən isə birinci vitse-prezidentidir.
Xoşbəxt Yusifzadə 1960-cı ildə namizədlik və 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Onun elmi-tədqiqat işlərinin nəticələri 200-dək elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında əksini tapmışdır. Dünya şöhrətli neftçi-geoloqa 2005-ci ildə professor elmi adı verilmiş, 2007-ci ildə isə o, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Xoşbəxt
Yusifzadənin keçmiş SSRİ-də,
eləcə də beynəlxalq
aləmdə nüfuzlu
alim və istehsalat rəhbəri
kimi tanınmış, Rusiya
Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər
Akademiyasının xarici üzvüdür.
Onun alimlər qrupu ilə işləyib
hazırladığı qaz kondensat yataqları ehtiyatlarının qiymətləndirilməsinin
və yataqların işlənilməsinin nəzəri və
təcrübi əsasları işi 1982-ci
ildə Azərbaycanın Dövlət Mükafatını
almış, Azərbaycanda neft və
qazçıxarmanın inkişafına verdiyi
böyük töhfələrə
görə bir sıra yüksək
dövlət mükafatlarına və fəxri adlara
layiq görülmüşdür.
O, keçmiş SSRİ dövlətinin
2 dəfə “Qırmızı əmək bayrağı”,
“Şərəf nişanı” ordenləri, bir
sıra medalları və fəxri mükafatları ilə təltif
edilmişdir. Müstəqillik illərində
isə neftçi-alim Azərbaycanın
“Şöhrət”, “Şərəf”, I dərəcəli
“Əmək”, “İstiqlal”, “Heydər
Əliyev” ordenləri ilə təltif
olunmuşdur. O, Heydər Əliyev
mükafatı, “Azərbaycan Respublikası Prezidentinin
fəxri diplomu”, Nizami
Gəncəvi adına qızıl medal,
UN Council for Public Awards beynəlxalq təşkilatının
“Avropaya xidmət” ordeni
kimi nüfuzlu təltiflərin
sahibidir.
Müstəqilliyimizin memarı olan
Ulu Öndərimizin siyasi
kursunun layiqli
davamçısı olan Prezident
İlham Əliyevin neft
sənayesinin inkişafı naminə həyata keçirdiyi
layihələrdə də Xoşbəxt müəllim səmərəli
əməyi olan insanlardandır. O, bu gün də iş
başındadır. O, bu gün də müstəqil
Azərbaycanın tərəqqisi
naminə şərəflə,
yorulmadan çalışır…
Sonda möhtərəm prezidentimiz İlham
Əliyevin Xoşbəxt müəllimi 90 illiyi
münasibətilə “Heydər
Əliyev” ordeni ilə təltif edərkən
dediyi sözləri yada
salmaq istədim: Bu gün ona təqdim ediləcək
ən ali mükafat bir daha onu
göstərir ki, Azərbaycan dövləti
və xalqı Xoşbəxt müəllimin fəaliyyətini
yüksək qiymətləndirir. Buraya gələrkən
baxıb gördüm ki,
Xoşbəxt müəllimdə Azərbaycanın yalnız
“Vətənə xidmətə görə” ordeni
yoxdur. Onu da saxlamışam 95 illik
yubileyinə.
İnşallah, Xoşbəxt müəllim, 95-ci yaşınızda görüşənədək...
Namiq Əhmədov
Xalq qəzeti .- 2023.- 14 yanvar.- S.7.