Faşizm üzərində
qələbənin 80 illiyi
Bütün dünya xalqları, xüsusilə keçmiş Sovet İttifaqında məskunlaşmış və onun tərkib hissəsini təşkil edən respublikalar 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 80 illiyini qeyd edirlər.
Mən də öz növbəmdə bir neçə müharibə iştirakçısı haqqında oxuduqlarımı və eşitdiklərimi yazıya almağımı Vətənim qarşısında özümə borc və böyük qürur hesab edirəm.
Mənim Bakı şəhərində 40 ilə yaxın müddətdə yaşadığım, İnşaatçılar prospektində yerləşən və “bolşoy dvor” adlandırılan hərbi şəhərcik 1953-cü ildə Boyük Vətən müharibəsi veteranları üçün salınmışdır. Bu şəhərcikdə ucalan 40 nömrəli bina müharibədə iştirak etmiş (rus dilində PVO deyilən) Hava Hücumundan Müdafiə döyüşçüləri üçün tikilmişdi. Bu veteranlardan bir çoxları ilə həyatda olduqları vaxt qonşu kimi dəfələrlə görüşmüşəm, söhbətlər eləmişəm. Onların əksəriyyəti vəfat etmişlər. Lakin ailə üzvlərindən bir neçəsi ilə mən indi də ünsiyyətdəyəm.
Onlardan biri 1945-ci ildə Berlində faşizm üzərində qələbə bayrağını dalğalandıran əfsanəvi polkovnik Rəşid Məcidovun gəlini 77 yaşlı Tamara Mixaylovna Məcidovadır. Onun ailəsi və daha bir neçə müharibə iştirakçısı haqqında oxuduqlarımı və eşitdiklərimi yazıya almağımı Vətənim qarşısında özümə borc və böyük qürur hesab edirəm.
Tamara xanımın valideyiləri də müharibə qəhramanları olmuşlar. Mənə bu şəxslərin hər ikisini görmək və tanımaq nəsib olmuşdu.
Tamara xanımın atası polkovnik Baranov Mixail Georgieviç 1913-cü ildə Kirov şəhərində anadan olmuşdur. Müharibə illərində Leninqrad hərbi akademiyasında oxumuş, döyüşlərdə iştirak etmişdir. Leninqradın (indi Sankt Peterburq) mühasirəsi zamanı don vurmuş Baranovu cənub cəbhəsinə, Azərbaycanın Yevlax şəhərinə bölmə komandiri olaraq göndərirlər. Bu illərdə o, Tamara xanımın anası 23 yaşlı zenitçi (təyyarəvuran topçu) Valentina Gerasimovna Smorçkova ilə tanış olur. Hər ikisinin fədakarcasına iştirak etdikləri müharibə bitdikdən sonra onlar evlənirlər və bu izdivacdan Tamara və Vladimir adlı iki övladları dünyaya gəlir. Atası polkovnik Baranov Hava Hücumundan müdafiə dairəsi qərargahı nəzdində kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmış və 85 yaşında vəfat etmişdir. Valentina Gerasimovna 1944-cü ildə “Qafqazın müdafiəsi” medalı ilə təltif olunmuşdu. O, 92 yaşında dünyasını dəyişmişdir. Valentina Gerasimovna Smorçkovanın (ailə qurandan sonra Baranova) müharibə illərində etdiyi qəhrəmanlıqlar üzərində bir qədər dayanmaq istərdim.
Valentina 1921-ci ildə Bakıda anadan olmuşdur. O, VNOS deyilən
(Служба воздушного наблюдения, оповещения и связи) hava müşahidəsi, xəbərdarlığı
və rabitəsi xidməti postunun başçısı olan
ilk qız döyüşçü
idi.
Ümumittifaq plana uyğun olaraq Hava hücumundan
müdafiə vasitələri,
qoşunları və
əhalini düşmən
aviasiyasının həmləsindən
xəbərdarlıq məqsədi
ilə 1924-25-ci illərdə
Şimali Qafqaz və Zaqafqaziya ərazisində hərbi hava hədəflərinin kəşfiyyatı təşkil
olunmuşdur. Onun adı qısaldılmış
halda VNOS idi. Bu xidmətin Yevlax şəhərindəki bölməsinə
başçılıq edən
gənc qız təyyarəvuran Valentina Smorçkova hər zaman rəhbərlik etmək bacarığını
nümayiş etdirirdi.
O, öz işinə vicdanla yanaşır və düşmən təyyarələrinin hücumlarını
müvəffəqiyyətlə dəf edirdi. VNOS xidmətinin əsasını
hava müşahidə
postları təşkil
edirdi. Onlar şahmat qaydası
ilə iki xətdə düzülmüşdülər.
VNOS-un vəzifələrini
hərbçi qızlar
icra edirdi. Döyüşçü qızlar bilavasitə
müşahidə postlarında
hava düşmən kəşfiyyatı üzrə
döyüş təcrübəsi
əldə etmişdilər.
Onların bir çoxuna
əldə silahla mövqelərimizi müdafiə
etmək lazım gəlirdi. O illərin
qəzetləri yazırdı:
“Müharibənin gedişində
bizim hissələrin
VNOS xidməti müşahidə
postları və RLS (Radiolokasiya xidməti) hərbi hissələri tərəfindən Bakıya
daxil olmağa cəhd edən 70-dən çox düşmən təyyarələri aşkar
edilmişdir. Onlar neft
şəhərini müdafiə
edirdilər. Faşist işğalçılar
Bakını tutmaq və ordunu neftdən təcrid etmək istəyirdilər.
Leytenant V.İ.Qladkovun rəhbərlik
etdiyi rotanın VNOS xidmətinin döyüşçüləri
xüsusilə seçilirdi.
1942-ci il mayın əvvəllərində
serjant Smetaninin komandanlıq etdiyi yüksək dağ müşahidə postu faşist bombardmançı
kəşfiyyat təyyarəsi
olan “Heynkel-111” ilk uçuşunu
qeydə aldı. Tezliklə bu məlumatı serjant Smorçkovanın başçılıq
etdiyi digər post da təsdiqlədi. O, müşahidə postu komandiri vəzifəsinə
təyin edilən ilk qadın döyüşçü
idi.. Yüksək dağ postları gecə-gündüz çətin
şəraitdə durmadan
hava kəşfiyyatı
aparırdılar. Yefreytor Allahverdiyevin
komandanlıq etdiyi müşahidə postunun döyüşçülərini fəlakətlərlə mübarizədə
göstərdikləri şücaətlərə
görə “dağ qartalları” adlandırırdılar.
Bu postun müşahidəçiləri
Narkadzi, Həsənov,
Qolopuzov bu yerlərin mürəkkəb
relyefindən istifadə
edərək Bakıya
hücum etmək istəyən düşmən
təyyarələrini dağlarda
aşkar edib qarşısını almışdılar”.
Qeyd olunmalıdır
ki, müharibənin dəhşətli günlərində
Vətənin müdafiəsində
bütün xalqla birlikdə Hava Hücumundan Müdafiə
qüvvələri fədakarcasına
iştirak edirdi. Bu qoşunların cəbhəboyu
düzülməsi Bakıda
müəyyən edilmiş
qaydada və mütəşəkkil surətdə
həyata keçirilmişdi.
Hərbi
hissələr hava hücumunu dəf etməyə hər zaman hazır idilər. Müharbənin ilk anlarından Azərbaycan
döyüşçüləri bütün cəbhələrdə
özlərini məğrur,
sarsılmaz, mətin,
cəsarətli əskər
kimi göstərmişdilər.
Bakıya gələn Hava
Hücumundan Müdafiənin
15-ci briqadasının döyüşçüləri
xüsusi fədakarlıq
göstərmişdi. Hərbi texnika artilleriya qərargahının
1-ci dərəcəli zabitləri
Y.Lemeşev və H.Rəsulbəyov (sonralar mühəndis-texniki xidmətinin
general-leytenantı rütbəsinədək
yüksələn) 1941-ci il avqustun 23-də
Odessa limanını qoruyan
hərbi hissəyə
gəldilər. Batareya komandiri
kapitan S.Ştukaturovla
birlikdə onlar əsgərləri düşmənlə
döyüşə hazırlayırdılar.
1967-ci ildə yazılmış “Hava hücumundan müdafiə Bakı dairəsinin tarixi. Qısa oçerk (1920-1966)” (История Бакинского округа противовоздушной обороны. Краткий очерк (1920-1966 гг). Редакционная коллегия:Генерал-лейтенант Чубаров С.К. (главный редактор), Бандурин В.И. (зам.главного редактора), Панжинский С.П. (зам. главного редактора), Александров М.М., Быченко В.И., Гичко Г.А., Зубрев В.Н., Расулбеков Г.Д..В написании истории принимали участие: Михайлов С.Е., Баранов П.В., Бутенко П.И., Баранов М.Г., Вяткин А.Г., Серов Г.М., Старов И.Ф., Столяренко С.М., Шустов А.Н.) kitabında ilk dəfə olaraq Bakı dairəsi döyüşçülərinin cəsarəti, şücaəti və Vətənə sədaqəti toplam şəkildə öz əksini tapmışdır. Burada 1920-1941-ci illərdə Bakı sənaye rayonunun havadan müdafiə sisteminin təşəkkülü və inkişafından bəhs edilir. Kitabın müəllifləri içərisində mənim mərhum qonşum polkovnik Baranov Mixail Georgiyeviç və general-leytenant H.Rəsulbəyov də var idi.
Adı çəkilən kitabda oxuyuruq: “Saat 12.10-da çoxlu düşmən təyyarələri göründü. Atəş mövqeyinə çatmamış onlar iki hissəyə bölündülər. Az hissəsi limana doğru istiqamət götürdü, çoxları isə kənara çəkildi. Bu düşmənin kələyi idi. Elə ki, əsgərlər 1-ci qrupu atəşə tutub özlərini büruzə verdilər, 2-ci qrup kənardan gizlicə çıxaraq batareyanın (hərbi hissənin) üzərinə şığıdı. Qeyri-bərabər döyüş başladı. Havada tüstü və toz aləmi bürüdü. Sanki batareya yerlə-yeksan olacaqdı. Y.Lemeşev ağır yaralanmış top komandirini əvəz etdi, Hüseyn Rəsulbəyov isə həlak olmuş top tuşlayıcının yerinə keçdi. Döyüş davam edirdi. Faşist boçbardmançılarından biri vuruldu və mövqedən 400 m aralıda dənizə düşdü. Bir az sonra ardınca o biri də suya düşdü. 4 maşın itirən faşistlər bombaları hara gəldi atıb qaçdılar. Topçuların dəqiq atəşi düşmən təyyarələrini uzun müddət bu sektordan yan keçməyə məcbur etdi.
Bakıda briqada zabitləri döyüş təcrübələrini xüsusilə yeni 85 mm topları və ПУАЗО-3-dən istifadə təcrübəsini bölüşür və ölkənin cənub sərhədlərini müdafiə edənləri ruhlandırırdılar. HHM 15-ci briqadası korpusun tərkibində cəmi bir aya yaxın oldu və Bakıda təşkil edilmiş divizionları (bölmələri) öz tərkibinə daxil edib Novorossiysk şəhərinə yola düşdü. O, Kerç yarımadasında çıxarılmış desantda iştirak edirdi. HHM-nin əsas vasitələri olan zenit topları və qırıcı aviasiya Bakı sənaye rayonunun obyektlərini sədaqətlə himayə edirdi.
Müxtəlif cəbhələrdə vuruşan Bakı dairəsinin hərbi hissələri faşizm üzərində qələbəyə öz töhfəsini vermişdilər. Müharibə illərində onlar düşmənin minlərlə təyyarəsini, topunu, tankını və canlı qüvvəsini məhv etmişlər.
Əfsanəvi qəhraman polkovnik Rəşid Məcidovu xüsusi qeyd etmək istəyirəm.
Müharibə qəhrəmanlarından olan Sovet İttifaqı marşalı G.K.Jukov xatirələrində yazır: “Berlinə şərqdən daxil olan general P.A.Firsovun 26-cı qvardiya korpusunun və general D.S.Jerebinin 32-ci korpusunun tərkibinə daxil olan aşağıdakı qoşunlar idi: (bir neçəsini sadaladıqdan sonra)... 416-cı diviziya (komandiri general D.M.Sızranov, siyasi şöbənin rəisi polkovnik P.Ə.Məcidov)”. (Маршал Советского Союза Г.К.Жуков. Вспоминания и размышления. Изд-во Агентство печати новости. Москва, 1969).
416-cı diviziyanın tarixi 1942-ci ilin fevral ayından başlayır. O zaman Zaqafqaziya hərbi dairəsinə başçılıq edən ordu generalı İvan Tyulenevin əmri ilə 4 atıcı alayın təşkilinə başlandı: ikisi Ağdamda, biri Göyçayda və digəri Sumqayıtda. Diviziyanın qərargahı Ucarda yerləşirdi. Azərbaycan atıcılarının ilk sınağı Şimali Qafqaz oldu. 1942-ci ilin payızında 44-cü ordu (416-cı diviziya onun tərkibinə daxil idi) strateji cəhətdən əhəmiyyətli olan Mozdok şəhəri uğrunda vuruşur. Diviziya komandiri polkovnik Tərlan Əliyarbəyov idi. O, çar ordusunun təcrübəli zabiti olmuşdur. Əliyarbəyov həm də ADR ordusunun qurucularından idi. Böyük Vətən müharibəsi cəbhələrində şərəfli döyüş yolu keçmiş və general-mayor rütbəsinədək ucalmışdı. Qafqazı işğalçılardan azad etməkdə bu diviziyanın rolu böyükdür. Onun tərkibi əsasən azərbaycanlılardan ibarət idi. 1368-ci atıcı alayı pulemyot bölməsinin komandiri Ağaşirin Cəfərov bir neçə dostları ilə birlikdə almanlara hücum edib pulemyotdan atəş açmışdı. Üç dəfə yaralanmasına baxmayaraq Cəfərov hərbi bölmə cəbhəni yarıb keçənə qədər mövqeyini buraxmadı. 416-cı diviziya bir çox şəhərlərin azad edilməsində iştirak etdi. Onlar bir çoxlarından tez Berlin şəhərinə yaxınlaşdılar. 1945-ci il aprel ayının 20-də diviziyanın 1373-cü alay komandiri podpolkovnik Zəqəfran Seyidbattalov aldığı yaralardan həlak olmuşdu. Alaya rəhbərliyi müvəqqəti olaraq diviziya komandirinin müavini general Zyuvanov öhdəsinə götürdü. Yeri gəlmişkən qeyd edək ki, Vladimir Zyuvanov da əslən azərbaycanlı idi. Onun əsil adı Heybət Heybətov olmuşdu. Hələ uşaq ikən 1920-ci illərin əvvəllərində onu Qızıl Ordu komandiri Zyuvanov oğulluğa götürmüş və soyadını ona vermişdi. 1937-1938-ci illərdə Vladimir Zyuvanov 77-ci Azərbaycan atıcı diviziyasının komandiri idi, müharibə vaxtı isə 416-cı diviziyada xidmət edirdi. Azərbaycandan çağırılmış əsgərlərdən ibarət olan 416-cı diviziya Qafqazdan Berlinə qədər döyüşlərdə fədakarlıq göstərərək gəlib keçmişdi.
1945-ci il mayın 2-də 1373-cü alayın döyüşçüləri Berlində yerləşən Paris meydanına çıxdılar. General Zyuvanov burada yerləşən Brandenburq qapıları üzərində bayrağı qaldırmağı siyasi şöbənin müdiri polkovnik Rəşid Əsəd oğlu Məcidova tapşırdı. Məcidovun o zaman 37 yaşı var idi və 416-cı diviziyanın yarandığı gündən etibarən onun tərkibində idi. 4 nəfər – Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev Məcidovun başçılığı ilə qırmızı bayrağı qaldırdılar. Milyonlarla insanın həyatının və taleyinin məhv edilməsinə bais olmuş müharibəyə son qoyuldu.
Rəşid Məcidovu tanıyanlar onu diviziyanın canı adlandırırdılar.
Onun haqqında
general-leytenant F.Y.Bokovun
dedikləri:”Sadə insan idi. Döyüşçülər arasında böyük
nüfusa malik idi. Dolğun cüssəli olmasına baxmayaraq xüsusi zirəkliyi ilə fərqlənirdi. İri qara
gözlərinə baxanda
istər-istəməz dikəlirdin
və başını
dik tuturdun”. Ümummilli lider Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin
sədr müavini işlədiyi illərdə
Azərbaycan SSR MK İnzibati
şöbənin müdiri
olan Rəşid Məcidova dəfələrlə
təbrik məktubları
göndərmişdi.
Məcidovun gəlini Tamara xanımın
söylədiklərinə görə hələ Almaniyanın Qalle şəhərində olduğu
illərdə o, Saratovlu
radist qız Mariya İvanovla ilə evlənmişdi. Bu izdivacdan onların 3 oğlu var. Vladislav, Mikayıl və Teymur. Zamanında Məcidov da
ailəsi ilə İnşaatçılar prospektində
hərbçilər üçün
tikilmiş binada yaşamışdı və
onun oğlu Teymur ilə Tamara qonşu olub eyni məktəbdə oxumuşdular və sonralar ailə qurmuşdular. Tamara xanımın həyat yoldaşı olmuş Teymur 2002-ci ildə vəfat etmişdir. Vladislav və Mikayıl sağdırlar. Övladları və nəvələri onun soyadını daşıdıqları ilə
fəxr edirlər.
Mehdi Hüseynzadə, general Həzi
Aslanov, Qəzənfər
Məmmədov və digər adları çəkilməyən oğulların
və qızların şöhrət salnaməsi
nəsildən-nəsilə ötürüləcək və
gənclər qəhrəmanlığı,
şücaəti, vətənə
sədaqəti və hünər göstərməyi
onlardan öyrənəcək.
İnşaatçılar prospektində
1953-cü ildə Böyük
Vətən müharibəsi
iştirakçıları üçün tikilmiş
binalarda yaşayıb
vəfat edən veteranlar: Çernışov,
Karetin, Fyodorov, Osipov, Simonçik, Qoryaçev, Kuznetsov,Yeqorov və adlarını çəkə
bilmədiklərimə və xalqımızın faşizmdən
azadlığı naminə
döyüşlərdə həlak olanların hər birinə Allahdan rəhmət diləyirəm.
Tahirə
ƏLİYEVA, AMEA-nın Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutu, böyük elmi işçi
Kredo 2025.- 22 may (№18).- S.13;14.