VƏTƏNƏ QURBAN GEDƏNLƏR...
Vətən müharibəsinin şəhid
statusu almış itkini Asim Yaqub oğlu Mehdiyevin (01 yanvar 2001-ci il, Ağcabədi
rayonunun Yuxarı Qiyaməddinli kəndi) atası Yaqub Mehdiyevin vəfatına elegiya.
Həyat
bəzilərinə səadət,
bəzilərinə isə
məşəqqət gətirir...
Beş barmağın
beşinin də bir olmadığı kimi, həyatda da insanlar yalnız xarici görünüşləri
ilə bir-birlərinə
bənzəyə bilərlər.
Lakin hər insan öz-özlüyündə ayrı
bir sirli dünyadır. Hər insan ayrı bir həyat yaşayır və əslində, elə hər insan öz həyatını yaşayır. Bu mövzuda
insanların həyatı
iki yerə bölünür: özləri
üçün yaşayan
insanlar və təkcə özləri üçün yaşamayan
insanlar. Özləri üçün yaşayan
insanlar eqoist olurlar, pul onlara
hər şeydən, hətta ailələrindən
belə əziz olur. Elə insanlar Vətənin, eləcə də, dost-qardaşın nə gözəl günündə,
nə də dar günündə dəstək olurlar. Həyat onlara özünü qızıl
bir qabın içində təslim etməsə də onlar bu həyatı
şad-xürrəm, sonsuz
səadət içində
və qayğısız
bir şəkildə keçirirlər. Lakin biri
də var, təkcə
özləri üçün
yaşamayan insanlar. Əslində, onlara heç kəs öz həyatlarını
özləri üçün
yaşamamaq şərti
qoymur. Onlar həm gendən, həm də qəlbdən gələn
xüsusiyyətlərə görə bu seçimi özləri edirlər. Bu insanlar bütün məşəqqətlərə,
zülmə və zillətə rəğmən
özlərini yox, ailələrini, Vətənlərini,
torpaqlarını fikirləşir
və hər əmələ onlara görə imza atırlar. Onlar həm də fədaidir, özlərini
bir an da olsun, fikirləşməyib ailə
yolunda, insanlıq yolunda, Vətən yolunda canlarını fəda edənlərdir...
Həyat isə onların bir nömrəli düşməninə
çevrilir və ömürlərinin sonuna
qədər onlara olmazın əziyyətlər
verir. Lakin onlar bütün bunlara sinə gərir və ömürlərini
əsl insan kimi, əsl əməlisaleh biri kimi başa vururlar. Bax budur
əsl həyat! Bax budur əsl
insan! Hansı təbəqədən olmalarından
asılı olmayaraq o
insanlar böyük şəxsiyyət, o ailələr
isə möhkəm ailədirlər.
O ailələrdən biri də Mehdiyevlər ailəsidir... Təəssüflər
olsun ki, həyat özünün ən sərt və ən amansız sifətini bu xeyirxah və əməkçi ailəyə
göstərmişdir. Əzəldən
gendən, qandan və qəlbdən gələn bir duyğu ilə Vətəni sevən və özləri üçün yox, Vətənləri üçün
yaşayan bu ailə, çox təəssüf ki, bu çətin və şərəfli işin acı meyvələrini dadmalı oldu. Əvvəlcə, ailənin
ümidi, çırağı,
3 bacının bir qardaşı olan Asim Mehdiyev Vətən müharibəsinin bitməsinə
2 gün qalmış
itkin düşdü...
Ondan xəbər ala bilməyən çarəsiz
ailə bu 2 il yarımdan çox vaxt ərzində çox yerlərdə oldu, Füzulidə, Xocavənddə Asimi axtardı, onun valideynləri günlərlə,
aylarla övladlarının
yolunu gözlədilər...
Mehdiyevlər ümidli
idilər...
Lakin o ümid işığı
3 gün bundan əvvəl elə bir şiddət və qüvvətlə söndü ki, onu dünyanın ən böyük alov vulkanları belə yenidən yandırmağa
qadir deyil. 3 gün bundan əvvəl Asimlə sanki qədd-qamətini, həyatının mənasını
və hər şeyini itirmiş atası, o əməkçi
və nəcib ağsaqqal, özündən
çox ailəsini və Vətənini düşünən insan
– Yaqub əmi oğlunun dərdinə dözməyərək Allahın
rəhmətinə qovuşdu...
3 gün bundan əvvəl sosial şəbəkələrdən bu xəbəri aldığım zaman sanki
dünya başıma
yıxılmış, gözümdə
qaralmışdı. Dəfələrlə
beynimdə bu xəbərin doğru olub-olmadığını yoxladım.
Çox məyus olmuş və qəm dəryasına batmışdım. Yaqub əminin vaxtsız və bütün ümidləri yandırıb
kül edən vəfatı məni və ailəmi olduqca kədərləndirmişdi.
O an xatirimdə bir daha bütün olanları yenidən yaşayırmışam kimi
canlandırdım.
Asim qardaşım 2001-ci ilin
ilk günündə ata
yurdum Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində
anadan olmuşdu. Orta təhsilini də öz kəndində almışdı.
Elə ağlı kəsən vaxtlardan nur üzündəki saflıqdan da artıq saflıq onda cəmlənmiş, ailəsinə,
valideynlərinə bağlı
və sadiq bir oğul olmuşdu.
Asim üç bacının
tək qardaşı,
evin tək oğlu kimi bir ailənin ümid işığına
çevrilmişdi. Atası
Yaqub əmi və anası Gültəkin ana Asimin gələcəyinə böyük
ümidlər bəsləyirdilər.
Anası Asim üçün
saçını süpürgə
etmiş, 19 il boyunca Asimin saçından bir tük əskik
olmasın deyə bütün həyatını
tək oğlunun ayaqları altına atmışdı. Əsl xalqdan biri, xalqın
ən layiqli təmsilçilərindən olan,
ailəsini düşünüb
onun gələcəyi
üçün canını
verməyə belə
hazır olan Yaqub əmi də Asimi canı
qədər sevir, istəyirdi. Bütün gələcəyini ona həsr etmişdi və Asimin gələcəyə olan
planları kimi onun da Asimlə bağlı planları, arzuları var idi...
Asimdə
elə ilk vaxtlardan Vətən sevgisi baş qaldırmışdı.
Yaşadığı yer
– Mehdiyevlər ailəsinin
evi Ağcabədi rayonunun ən ucqar kəndinin də ucqar bir
nöqtəsində yerləşirdi.
O əraziyə əvvəldən
“Eşşəkkeçməz dərəsi” deyərdilər
və ora 30 il müddətində qəlbimizdə
dağ olmuş Azərbaycan-Ermənistan təmas
xəttinin düz yaxınlığında yerləşirdi.
O yerin əhatəsində
olan kəndlərin, demək olar ki, sadəcə bir neçəsi işğalda
deyildi. Bir tərəfdən
Xocavənd rayonunun Qarakənd kəndi, digər tərəfdən
də Ağdam rayonunun Mərzili kəndi görünürdü.
12 iyun 1993-cü ildə
erməni qəsbkarları
Ağcabədi rayonunun
Yuxarı Qiyaməddinli
kəndinə hücum
edən zaman 5 mülki
vətəndaşımız və 5 əsgərimiz şəhid olmuşdular.
Asim məcburi köçkün
olmasa da elə uşaq yaşlarından məcburi köçkünlərin
halını anlayır,
özünü onların
yerinə qoyur və dərin bir əziyyət girdabına atılırdı.
Uşaqlıqdan belə
öyrəncəli idi
Asim. Kənddə, demək
olar ki, ancaq Qarabağ müharibəsindən,
atəşkəsin gələcək
illərindən, mina fəlakətindən,
təmas xəttində
ermənilərin atəşkəs
pozuntularından və
s. söz açılırdı.
Asim bütün bunlara
görə çox məyusluq keçirirdi. Valideynlərinə bəzi
işlərdə əlindən
gələn qədər
kömək göstərən
Asim eyni köməyi Vətəninə də göstərmək arzusunda
idi. Tez bir zamanda böyüyüb həm ailəsinə, həm də Vətənə layiq işlər görmək istəyirdi. Onun çox xəyalları, arzuları vardı... Qəlbi dünyada sərhəd, ölkə tanımayıb o başdan-bu
başa uçan bir göyərçinə
bənzəyirdi. Özünün
və ailəsinin arzularının gerçəkləşəcəyinə
əmin idi.
Elə bu düşüncələrlə
də Asim 2018-ci ildə
kənd məktəbindən
məzun oldu və bir il sonra hərbi xidmətə yollandı. Dövlət Sərhəd
Xidmətinin Sərhəd
Qoşunlarında xidmətə
başladı. Hərbi
xidmətinin ilk aylarında
sevincindən sanki qanad çalıb uçurdu. Hərbi xidmətinin çətin
olmasına rəğmən
o, özünü çox
rahat hiss edir, Vətənə xidmət
etməyin, layiqli şəkildə onun üçün çalışmağın
verdiyi böyük qürur və enerji ilə xidmətini davam etdirir, yorulmağın nə olduğunu bilmirdi. Elə bu cür nümunəvi
xidmətinə görə
də hərbi hissə rəhbərliyi tərəfindən ona təltif kimi “Qızıl Ulduz” nişanı verilmişdi.
1 il 6 ay keçdikdən sonra Asim kənd, el-oba, ata-ana həsrəti və hərbi xidmətdən ayrılmaqdan
duyduğu kədər
ilə öz doğma yurduna, kəndinə geri qayıtdı. O vaxt təqvimlər 2020-ci ilin isti yay günlərini göstərirdi. O günlər
sanki Mehdiyevlər ailəsi üçün
toy-bayram, ən gözəl bir gün idi. Çünki
Asim hərbi xidmətini
nümunəvi bir şəkildə tamamlayaraq
evinə qayıtmışdı.
Lakin fələk onların
bu sevincli günlərini qısaltmaq
üçün əlindən
gələni edirdi.
Asim çox ağır
bir dövrdə xidmətini bitirib evə qayıtmışdı.
Ölkənin pandemiya
burulğanı içində
çabaladığı bir
vaxtda mənfur qonşularımız olan erməni bədxahları yenidən məkrli planlarına və fəaliyyətlərinə başlamışdılar.
Tovuzda nə qədər geri otuzdurulsalar da qəhrəman
əsgər və zabitlərimiz şəhid
olmuşdular. Bu da azmış
kimi qərib ölkələrdə yaşayan
və haqlı olaraq Qarabağla bağlı mitinqlər keçirən azərbaycanlılara
hücum edir, onları vəhşicəsinə
döyürdülər. Azərbaycanı
Bakıya qədər
getməklə və işğal etməklə
hədələməkdən heç cür çəkinmirdilər. Belə
bir zamanda Asim evində oturmağı heç cür özünə sığışdırmırdı.
Bütün Azərbaycanın
da bildiyi kimi Asim də bilirdi ki, Qarabağın azad ediləcəyi gün yaxındadır. Ona görə
də həm Vətənə olan layiqli xidmətini davam etdirmək, Qarabağın azad ediləcəyi o böyük
müharibədə iştirak
etmək, həm də bu çətin
günlərdə ailəsinə
kömək etmək,
ailəsinin yanında
olmaq üçün
Quru Qoşunlarının
sıralarında “Müddətdən
artıq həqiqi hərbi xidmət” kurslarına yazıldı.
Asim bu riskli qərarı verəndə
2020-ci ilin sentyabrı
idi. Yay fəsli özünü tənha payıza təslim edirdi. O, bu qərarı
verərkən həmişə
olduğu kimi yenə də bir insanı düşünməmişdi: Özünü!
Asim ancaq Vətəninin,
ailəsinin vəziyyətini
və gələcəyini
düşünərək bu addımı atmışdı. Onun bu addımına ailəsi birmənalı yanaşmamışdı. Çünki
hələ anası, atası onu bir doğru-düzgün görüb bağrına
basa da bilməmişdilər.
Hərbi xidmətdən
qayıtmağı bir
ay ya olardı, ya olmazdı. Onlar Asimə görə narahat olurdular, evin tək oğlu olduğu üçün
onun üstündə
əsim-əsim əsirdilər.
Lakin Asim onlara bu sözü söylədi və bundan sonra heç düşünmədən hərbi
xidmətə qayıtmaq
qərarı verdi: “Siz məni düşünürsünüz,
amma mən də Vətənimi düşünürəm. Onda
necə olsun? İkimizdən birinin dediyi olmalıdır. Məndən inciməyin, amma qoyun bu
dəfə elə mənim dediyim olsun. Qoy mənim
canım Vətənimə
qurban olsun! Nə qəm! Əsas odur ki, mən Vətən yolunda gedəcəyəm,
Vətənimə olan
borcumu yerinə yetirib kişi kimi yaşadığım
bu həyatı kişi kimi də sonlandıracağam!”
SEVİNDİK
NƏSİBOĞLU
Şair-publisist, AJB üzvü
Kredo .- 2025.- 6 noyabr
(¹29).- S.12.