VƏTƏNƏ QURBAN GEDƏNLƏR...
SEVİNDİK
NƏSİBOĞLU
Vətən müharibəsinin şəhid
statusu almış itkini Asim Yaqub oğlu Mehdiyevin (01 yanvar 2001-ci il, Ağcabədi
rayonunun Yuxarı Qiyaməddinli kəndi) atası Yaqub Mehdiyevin vəfatına elegiya.
Həyat
bəzilərinə səadət,
bəzilərinə isə
məşəqqət gətirir...
Beş barmağın
beşinin də bir olmadığı kimi, həyatda da insanlar yalnız xarici görünüşləri
ilə bir-birlərinə
bənzəyə bilərlər.
Lakin hər insan öz-özlüyündə ayrı
bir sirli dünyadır. Hər insan ayrı bir həyat yaşayır və əslində, elə hər insan öz həyatını yaşayır. Bu mövzuda
insanların həyatı
iki yerə bölünür: özləri
üçün yaşayan
insanlar və təkcə özləri üçün yaşamayan
insanlar. Özləri üçün yaşayan
insanlar eqoist olurlar, pul onlara
hər şeydən, hətta ailələrindən
belə əziz olur. Elə insanlar Vətənin, eləcə də, dost-qardaşın nə gözəl günündə,
nə də dar günündə dəstək olurlar. Həyat onlara özünü qızıl
bir qabın içində təslim etməsə də onlar bu həyatı
şad-xürrəm, sonsuz
səadət içində
və qayğısız
bir şəkildə keçirirlər. Lakin biri
də var, təkcə
özləri üçün
yaşamayan insanlar. Əslində, onlara heç kəs öz həyatlarını
özləri üçün
yaşamamaq şərti
qoymur. Onlar həm gendən, həm də qəlbdən gələn
xüsusiyyətlərə görə bu seçimi özləri edirlər. Bu insanlar bütün məşəqqətlərə,
zülmə və zillətə rəğmən
özlərini yox, ailələrini, Vətənlərini,
torpaqlarını fikirləşir
və hər əmələ onlara görə imza atırlar. Onlar həm də fədaidir, özlərini
bir an da olsun, fikirləşməyib ailə
yolunda, insanlıq yolunda, Vətən yolunda canlarını fəda edənlərdir...
Həyat isə onların bir nömrəli düşməninə
çevrilir və ömürlərinin sonuna
qədər onlara olmazın əziyyətlər
verir. Lakin onlar bütün bunlara sinə gərir və ömürlərini
əsl insan kimi, əsl əməlisaleh biri kimi başa vururlar. Bax budur
əsl həyat! Bax budur əsl
insan! Hansı təbəqədən olmalarından
asılı olmayaraq o
insanlar böyük şəxsiyyət, o ailələr
isə möhkəm ailədirlər.
O ailələrdən biri də Mehdiyevlər ailəsidir... Təəssüflər
olsun ki, həyat özünün ən sərt və ən amansız sifətini bu xeyirxah və əməkçi ailəyə
göstərmişdir. Əzəldən
gendən, qandan və qəlbdən gələn bir duyğu ilə Vətəni sevən və özləri üçün yox, Vətənləri üçün
yaşayan bu ailə, çox təəssüf ki, bu çətin və şərəfli işin acı meyvələrini dadmalı oldu. Əvvəlcə, ailənin
ümidi, çırağı,
3 bacının bir qardaşı olan Asim Mehdiyev Vətən müharibəsinin bitməsinə
2 gün qalmış
itkin düşdü...
Ondan xəbər ala bilməyən çarəsiz
ailə bu 2 il yarımdan çox vaxt ərzində çox yerlərdə oldu, Füzulidə, Xocavənddə Asimi axtardı, onun valideynləri günlərlə,
aylarla övladlarının
yolunu gözlədilər...
Mehdiyevlər ümidli
idilər...
Lakin o ümid işığı
3 gün bundan əvvəl elə bir şiddət və qüvvətlə söndü ki, onu dünyanın ən böyük alov vulkanları belə yenidən yandırmağa
qadir deyil. 3 gün bundan əvvəl Asimlə sanki qədd-qamətini, həyatının mənasını
və hər şeyini itirmiş atası, o əməkçi
və nəcib ağsaqqal, özündən
çox ailəsini və Vətənini düşünən insan
– Yaqub əmi oğlunun dərdinə dözməyərək Allahın
rəhmətinə qovuşdu...
3 gün bundan əvvəl sosial şəbəkələrdən bu xəbəri aldığım zaman sanki
dünya başıma
yıxılmış, gözümdə
qaralmışdı. Dəfələrlə
beynimdə bu xəbərin doğru olub-olmadığını yoxladım.
Çox məyus olmuş və qəm dəryasına batmışdım. Yaqub əminin vaxtsız və bütün ümidləri yandırıb
kül edən vəfatı məni və ailəmi olduqca kədərləndirmişdi.
O an xatirimdə bir daha bütün olanları yenidən yaşayırmışam kimi
canlandırdım.
Asim qardaşım 2001-ci ilin
ilk günündə ata
yurdum Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində
anadan olmuşdu. Orta təhsilini də öz kəndində almışdı.
Elə ağlı kəsən vaxtlardan nur üzündəki saflıqdan da artıq saflıq onda cəmlənmiş, ailəsinə,
valideynlərinə bağlı
və sadiq bir oğul olmuşdu.
Asim üç bacının
tək qardaşı,
evin tək oğlu kimi bir ailənin ümid işığına
çevrilmişdi. Atası
Yaqub əmi və anası Gültəkin ana Asimin gələcəyinə böyük
ümidlər bəsləyirdilər.
Anası Asim üçün
saçını süpürgə
etmiş, 19 il boyunca Asimin saçından bir tük əskik
olmasın deyə bütün həyatını
tək oğlunun ayaqları altına atmışdı. Əsl xalqdan biri, xalqın
ən layiqli təmsilçilərindən olan,
ailəsini düşünüb
onun gələcəyi
üçün canını
verməyə belə
hazır olan Yaqub əmi də Asimi canı
qədər sevir, istəyirdi. Bütün gələcəyini ona həsr etmişdi və Asimin gələcəyə olan
planları kimi onun da Asimlə bağlı planları, arzuları var idi...
Asimdə
elə ilk vaxtlardan Vətən sevgisi baş qaldırmışdı.
Yaşadığı yer
– Mehdiyevlər ailəsinin
evi Ağcabədi rayonunun ən ucqar kəndinin də ucqar bir
nöqtəsində yerləşirdi.
O əraziyə əvvəldən
“Eşşəkkeçməz dərəsi” deyərdilər
və ora 30 il müddətində qəlbimizdə
dağ olmuş Azərbaycan-Ermənistan təmas
xəttinin düz yaxınlığında yerləşirdi.
O yerin əhatəsində
olan kəndlərin, demək olar ki, sadəcə bir neçəsi işğalda
deyildi. Bir tərəfdən
Xocavənd rayonunun Qarakənd kəndi, digər tərəfdən
də Ağdam rayonunun Mərzili kəndi görünürdü.
12 iyun 1993-cü ildə
erməni qəsbkarları
Ağcabədi rayonunun
Yuxarı Qiyaməddinli
kəndinə hücum
edən zaman 5 mülki
vətəndaşımız və 5 əsgərimiz şəhid olmuşdular.
Asim məcburi köçkün
olmasa da elə uşaq yaşlarından məcburi köçkünlərin
halını anlayır,
özünü onların
yerinə qoyur və dərin bir əziyyət girdabına atılırdı.
Uşaqlıqdan belə
öyrəncəli idi
Asim. Kənddə, demək
olar ki, ancaq Qarabağ müharibəsindən,
atəşkəsin gələcək
illərindən, mina fəlakətindən,
təmas xəttində
ermənilərin atəşkəs
pozuntularından və
s. söz açılırdı.
Asim bütün bunlara
görə çox məyusluq keçirirdi. Valideynlərinə bəzi
işlərdə əlindən
gələn qədər
kömək göstərən
Asim eyni köməyi Vətəninə də göstərmək arzusunda
idi. Tez bir zamanda böyüyüb həm ailəsinə, həm də Vətənə layiq işlər görmək istəyirdi. Onun çox xəyalları, arzuları vardı... Qəlbi dünyada sərhəd, ölkə tanımayıb o başdan-bu
başa uçan bir göyərçinə
bənzəyirdi. Özünün
və ailəsinin arzularının gerçəkləşəcəyinə
əmin idi.
Elə bu düşüncələrlə
də Asim 2018-ci ildə
kənd məktəbindən
məzun oldu və bir il sonra hərbi xidmətə yollandı. Dövlət Sərhəd
Xidmətinin Sərhəd
Qoşunlarında xidmətə
başladı. Hərbi
xidmətinin ilk aylarında
sevincindən sanki qanad çalıb uçurdu. Hərbi xidmətinin çətin
olmasına rəğmən
o, özünü çox
rahat hiss edir, Vətənə xidmət
etməyin, layiqli şəkildə onun üçün çalışmağın
verdiyi böyük qürur və enerji ilə xidmətini davam etdirir, yorulmağın nə olduğunu bilmirdi. Elə bu cür nümunəvi
xidmətinə görə
də hərbi hissə rəhbərliyi tərəfindən ona təltif kimi “Qızıl Ulduz” nişanı verilmişdi.
1 il 6 ay keçdikdən sonra Asim kənd, el-oba, ata-ana həsrəti və hərbi xidmətdən ayrılmaqdan
duyduğu kədər
ilə öz doğma yurduna, kəndinə geri qayıtdı. O vaxt təqvimlər 2020-ci ilin isti yay günlərini göstərirdi. O günlər
sanki Mehdiyevlər ailəsi üçün
toy-bayram, ən gözəl bir gün idi. Çünki
Asim hərbi xidmətini
nümunəvi bir şəkildə tamamlayaraq
evinə qayıtmışdı.
Lakin fələk onların
bu sevincli günlərini qısaltmaq
üçün əlindən
gələni edirdi.
Asim çox ağır
bir dövrdə xidmətini bitirib evə qayıtmışdı.
Ölkənin pandemiya
burulğanı içində
çabaladığı bir
vaxtda mənfur qonşularımız olan erməni bədxahları yenidən məkrli planlarına və fəaliyyətlərinə başlamışdılar.
Tovuzda nə qədər geri otuzdurulsalar da qəhrəman
əsgər və zabitlərimiz şəhid
olmuşdular. Bu da azmış
kimi qərib ölkələrdə yaşayan
və haqlı olaraq Qarabağla bağlı mitinqlər keçirən azərbaycanlılara
hücum edir, onları vəhşicəsinə
döyürdülər. Azərbaycanı
Bakıya qədər
getməklə və işğal etməklə
hədələməkdən heç cür çəkinmirdilər. Belə
bir zamanda Asim evində oturmağı heç cür özünə sığışdırmırdı.
Bütün Azərbaycanın
da bildiyi kimi Asim də bilirdi ki, Qarabağın azad ediləcəyi gün yaxındadır. Ona görə
də həm Vətənə olan layiqli xidmətini davam etdirmək, Qarabağın azad ediləcəyi o böyük
müharibədə iştirak
etmək, həm də bu çətin
günlərdə ailəsinə
kömək etmək,
ailəsinin yanında
olmaq üçün
Quru Qoşunlarının
sıralarında “Müddətdən
artıq həqiqi hərbi xidmət” kurslarına yazıldı.
Asim bu riskli qərarı verəndə
2020-ci ilin sentyabrı
idi. Yay fəsli özünü tənha payıza təslim edirdi. O, bu qərarı
verərkən həmişə
olduğu kimi yenə də bir insanı düşünməmişdi: Özünü!
Asim ancaq Vətəninin,
ailəsinin vəziyyətini
və gələcəyini
düşünərək bu addımı atmışdı. Onun bu addımına ailəsi birmənalı yanaşmamışdı. Çünki
hələ anası, atası onu bir doğru-düzgün görüb bağrına
basa da bilməmişdilər.
Hərbi xidmətdən
qayıtmağı bir
ay ya olardı, ya olmazdı. Onlar Asimə görə narahat olurdular, evin tək oğlu olduğu üçün
onun üstündə
əsim-əsim əsirdilər.
Lakin Asim onlara bu sözü söylədi və bundan sonra heç düşünmədən hərbi
xidmətə qayıtmaq
qərarı verdi: “Siz məni düşünürsünüz,
amma mən də Vətənimi düşünürəm. Onda
necə olsun? İkimizdən birinin dediyi olmalıdır. Məndən inciməyin, amma qoyun bu
dəfə elə mənim dediyim olsun. Qoy mənim
canım Vətənimə
qurban olsun! Nə qəm! Əsas odur ki, mən Vətən yolunda gedəcəyəm,
Vətənimə olan
borcumu yerinə yetirib kişi kimi yaşadığım
bu həyatı kişi kimi də sonlandıracağam!”
Asim fikrində qəti idi. Bəlkə də bundan sonra başına gələ biləcəklərdən
xəbərdar idi, amma yenə də fikrindən dönməmişdi. Bu yolda
onu, bəlkə, ailəsinin narahatlığı,
anasının qəlbində
gizli-gizli axan göz yaşları və bacılarının
yol çəkən gözləri dayandırardı.
Ancaq Asim gözünün
qabağında darda qalan Qarabağ torpağının fəryad
edən, kömək istəyən, əllərini
qapı kimi taybatay açan heykəlini görürdü
və qəlbindəki
sarsılmaz Vətən
eşqi ona dinc dayanmağa imkan vermirdi. O, “Ana Vətən çağırır”
deyərək, ailəsi
və doğma torpağı yolunda hər ehtimalı gözə alaraq bu yola qədəm
qoymuşdu, buna görə
də zərrə qədər də narahatlıq keçirmirdi.
Əksinə, nümunəvi
hərbi xidmət edib sonra da torpaqlarımızı
işğaldan azad edəcəyi o möhtəşəm
günləri səbirsizliklə
gözləyirdi.
Beləliklə, sentyabrın əvvəli
taleyini yenidən orduya bağlayan Asim həmin ayın sonunda artıq 200 illik məğlubluğumuzu
dayandıracaq olan şanlı müharibənin
şanlı əsgəri
kimi qanlı savaşların, odun-alovun
içində idi. Taleyin, fələyin cilvəsinə bir baxın... Hələ az müddət əvvəl öz ev-eşiyində, isti yorğanının altında
keçirdiyi gecələrini
o, indi soyuq daş-kəsəyin, qara torpağın üstündə
keçirirdi. Ancaq yenə də bütün bunların
Asim üçün heç
bir fərqi yox idi. O isti
yorğan da, o doğma
ev-eşik də, bu soyuq daş-kəsəklə
qara torpaq da və bunların əhatəsində keçən
yuxusuz gecələr də Asim üçün
doğma idi, əziz idi... Tək kəlmə ilə Vətən idi!..
Bir çox yaşıdlarının
uğurlu həyat, təhsil, karyera və ailə qurmaq ilə bağlı düşündüyü
bir vaxtda Asimin tək düşündüyü Qarabağın
azadlığı idi.
O, dünyaya göz açdığı vaxtdan
da çox-çox əvvəl
düşmənlərin qəlbimizdə
açdığı yara
olan, onun uşaqlığında da, həyatına
təzə qədəm
qoyan gəncliyində
də ona rahatlıq verməyən Qarabağ həsrətini sonlandırmaq, Azərbaycanın
alnındakı bu qara damğanı götürmək, vətənimizin,
millətimizin nüfuzunu,
qeyrətini və qüdrətini bərpa etmək üçün
var qüvvəsi ilə
vuruşurdu. Füzulinin,
Xocavəndin azadlığı
uğrunda gedən döyüşlərdə qəhrəmanlığı,
şücaəti ilə
fərqlənən Asim daxilindəki
Vətən eşqini
və intiqam alovunu üzə çıxarıb düşmənlərə
qan uddururdu. Xocavəndin və Füzulinin bir sıra kəndləri, o cümlədən, Hadrut və
sonra Füzuli şəhəri azad olunanda Asimin ailəsi nə qədər narahat olsa da onların da ürəkləri dağa
dönürdü. Müharibənin
isə başlandığı
vaxtdan günlər, həftələr keçirdi.
Hər gün Asimi və uğrunda
döyüşdüyü Azərbaycanı qələbəyə
yaxınlaşdırırdı. Asim zəfərə yaxınlaşdığı
kimi hər ötən gün Asimin ailəsi də oğullarına günbəgün yaxınlaşdıqlarını
düşünür və
gələcək şanlı
Zəfər günlərinin
birində ona qovuşacaqları anı böyük ümidlərlə
gözləyirdilər... Ancaq
heç kəs bilmirdi ki, o gün fələk də öz saydığını
sayır, bəxt, tale
isə üz döndərəcəyi günü
gözləyirdi...
07 noyabr 2020-ci il... Həm mənfur qonşularımızın,
həm də bizim daxilimizdə fırtına öncəsi
səssizlik var idi. Hamımız 42-ci gününə
çatan zəfər
marafonumuzun yavaş-yavaş
sona çatdığını
hiss edir və şanlı müharibəni
daha da şanlı edən o parlaq qələbəni gözləyirdik.
O günlər ictimaiyyətimizdə
xüsusilə “Şuşaya
nəfəs qədər
yaxınıq” sözü
həm ürəklərdə,
həm də dillərdə kök salmışdı. Hamı
bunu bilir və o nəfəs qədər məsafənin
də qət olunması üçün
səbirsizlənirdi. Belə
bir vaxtda, abu-havasından zəfər
duyulan bir vaxtda Asimin ailəsi
həmişəki kimi
onunla əlaqə saxlamaq istədi. Ancaq hərbçi ailəsinin başına gələ biləcək ən pis ehtimal
onların qapısının
astanasında idi. Asimdən nə səs, nə səda gəlirdi. Zəfər günündə
və müharibənin
sona yetdiyi gündə bütün el-aləm, şəhərindən
kəndinə qədər
hər kəs küçələrə, yollara
tökülüşüb qələbəni qeyd etdiyi bir vaxtda
Asimin ailəsi heç cür bu qələbəni qeyd edə bilmirdi.
Nəinki zəfəri
qeyd etmək, onlar üçün bu vaxt ən
böyük zəfər
və ən böyük sevinc evlərinin tək oğul övladının
ən azından yaşaması ilə bağlı bir iz tapmaq idi.
Ancaq o gözəl xəbər şanlı Zəfərimizin xəbəri
kimi sanki naz edir, heç
cür gəlmək bilmirdi. Azərbaycanın ən ucqar rayonlarından
birinin ən ucqar kəndinin ən ucqar nöqtəsində
isə bir evin güzgüsü sınmış, təməli
sarsılmış, çırağı
sönmüşdü... Günlər
dönüb ay, aylar dönüb il olurdu. Vaxtilə Asimə nəfəs qədər yaxın olduqlarını düşünən Mehdiyevlər
isə günbəgün
Asimdən Azərbaycanın
o tayıyla bu tayı qədər uzaq düşürdülər.
19 il yolunda şam kimi əridiyi oğlundan ötrü qara saçı ağaran, hamar üzü qırışan,
düz beli bükülən Yaqub əmi həm yuxularında, həm də gerçəklikdə
Füzuli-Xocavənd yolunu
dəfələrlə qət
edir, bu yolda min ölüb min də dirilirdi. 7 noyabr tarixindən Mehdiyevlər ailəsinin heç bir üzvünün nə günü gün, nə də gecəsi gecə deyildi. Ailənin varlığı sanki koma vəziyyətində idi. Hər şeyi
isə ancaq 2 söz kökündən dəyişə bilərdi:
“Asim tapıldı!”
Müharibə sona çatandan
sonra Asimlə birgə çox sayda hərbçilərimizin
itkin düşdüyü
bəlli oldu. Ancaq müharibədən keçən günlər,
aylar, illər ərzində, təəssüflər
olsun ki, onların şəhid xəbərləri
gəlməyə başlayırdı.
Hər itkindən gələn qara xəbər Mehdiyevlərin
alovlanan ümidlərinə
bir az da su atırdı. Ancaq bir müddət
sonra daha o xəbərlər də gəlməməyə başladı.
Çünki müharibədən
yavaş-yavaş 3 il keçirdi
və ən pisi də o idi ki, qalan itkinlərin
yaşadığı bilinmədiyi
üçün şərti
olaraq onlara şəhidlik statusu və buna əsasən medallar verilməyə başlayırdı. Cənab
Prezidentimiz İlham Əliyev
bu ilin 25 iyun tarixində Asimi “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etmişdi. Azərbaycanımızın ərazi
bütövlüyü uğrunda
canından, qanından,
varlığından keçən
şəhidlərimizin qəhrəmanlığı
bizi qürurlandırsa
da onların yoxluğu
bizi yaralamaya bilməzdi. Amma Mehdiyevlər
ailəsinin tək oğul övladı, müharibənin az qala son günündə bilinməzliyə qovuşan,
böyük qəhrəmanlıq
və şücaət
göstərib varlığını
iki halda da (şəhidlik və qazilik) vətəninə qurban edən Asimin həyatı ilə bağlı heç bir məlumatın olmaması
insanın ürəyini
parçalayırdı. Nə
“Oğul!” deyib gülərək qucaqlayacaqları
bir bədən, nə də “Oğul!” deyib qan-yaş tökərək
sarılacaqları bir
tabut qalmamışdı Asimdən...
Hər ötən gün onun varlığına
olan ümidi bir az da tükəndirirdi...
Elə bax bu günlərdə
- gecə-gündüz fikrimizin,
zikrimizin Asimlə bağlı olduğu günlərdə tək oğul övladından xəbər almayan Mehdiyevlər ailəsinin çırağının tamamilə
sönməsi, ailə
başçıları, ruhunu
çoxdan oğlu ilə bilinməzliyə yollayıb dünyada sadəcə cismani ömür sürən Yaqub əminin haqqın rəhmətinə
qovuşması xəbəri,
azca da olsa, nikbinliyə heç bir yer qoymadı.
Oğul dərdi ilə alışan ürək 3 il ərzində
yanıb külə döndü və Asim kimi özü ilə birgə çox arzuları, ümidləri külə
döndərdi...
Məqalənin elə bu yerində ruhumu və ruhumdan gəlməli olan sözlərimi qəhər
boğur... Əllərim
sanki donur, düyünə düşür,
ürəyimdən mərhəmət
diləyir... Bu dəfə
oxucuların əfvinə
sığınaraq yazmağa
daha söz tapa bilmədiyimdən əllərimin
xahişini yerinə yetirməli olacağam. Əvəzində sadəcə
bir hadisədən danışaraq artıq məqaləmi sona yetirəcəyəm.
Bildiyiniz
kimi 19-20 yanvar 2022-ci
il tarixlərində ata
yurdum Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Arazbar və Poladlı kəndlərindəki şəhid
evlərini ziyarət etmiş, yenicə çapdan çıxan “Möhtəşəm Zəfərin
nişanəsi” kitabımı
şəhid ailələrinə
təqdim etmiş və təəssüratlarımı
“Kəbəyə dönən
evlərə doğru”
məqaləmdə qeyd
etmişdim. O vaxt şəhidimiz Azər Əliyevin evindən qayıdarkən ürəyimin
sinəmdə sanki parçalandığını hiss etsəm də yenə də nikbin əhval-ruhiyyədə
Asim qardaşımın evinə
- Yaqub əmigilə getdim. Məni Asimin valideynləri Gültəkin ana ilə Yaqub əmi çox səmimi və mehriban bir şəkildə qarşıladı. Asimdən
danışıb kitabımı
onlara göstərməyə
çalışanda isə
hamımız qəhərləndik.
Sonra yenə nikbin əhval-ruhiyyəyə geri
dönsək də o
ilk dəqiqələri hələlikdə
həyatımın ən
çətin dəqiqələrindən
sayıram. Söhbətimizin
davamını kifayət
qədər nikbin və şirin etməyə çalışdıq,
arabir zarafatyana danışıb gülürdük
də. Amma bu hələ soyumamış,
isti və doğma olan ocaqda nə danışsaq da sözümüzün
sonunu Asim, onun bilinməzliyi və həsrəti kəsir, qəhərləndirirdi. Yaqub
əminin mənə dediyi sözlər onun vəfatından keçən bu qısa müddət ərzində dəfələrlə
qulağımda səslənir.
Bizim kənd o qədər böyük olmadığı üçün
hamı bir-birinə yaxın, doğma, qohumdur. Asim mənim əmimoğlu Salah Əliyevin
sinif yoldaşı, atası Yaqub əmi də atamın sinif yoldaşının qardaşı
idi. Həmin gün də ötən günlərdə
bizimlə olan yaxınlıqlarından söhbət
açırdı. “İndi insanlar bir-birlərindən
lap uzaqlaşıb... Halbuki
vaxt var idi, biz az qala birevli
kimi idik. Biz uşaq olanda, sonra da cavan vaxtımızda Tərlan xala (atamın anası Tərlan nənəm) bizə o qədər mehribanlıq,
səmimiyyət göstərirdi
ki, onun yanından ayrılmaq bilmirdik...”. Yaqub əminin bayaq bura yazdığım
ilk cümləsi isə
qəlbimdə artıq
öz izini qoyub gedib... “İndi insanlar bir-birindən lap uzaqlaşıb...”
Söhbətimizin sonuna yaxın bu gözəl insanlar Asimin həyatından, hərbi xidmətindən danışdılar.
Sonra onların təşəkkürlərini
və xeyir-dualarını
aldım. Onlara təşəkkür edərək
evdən ayrıldım.
Amma Yaqub əmi bizi yola salmaq
üçün çölə
çıxdı. Yaqub
əminin gözlərinə
və bənizinə baxdım və müharibənin, itkinin dəhşətini bir daha gördüm. Onun, bəlkə də bir vaxtlar
gənclik eşqi ilə parıldayan gözlərinin, bənizinin
indiki solğunluğunun
yanında gecənin qaranlığı, bəlkə
də heç nə idi. O vaxt isə aramızda
sonuncu dialoq belə keçdi:
- Yaqub əmi, yəqin ki, dini-tarixi seriallara baxırsan.
- Hə, bala, əlbəttə, baxıram.
- Deyirəm, ay əmi, sən gör ki, Həzrəti Yaqub peyğəmbər ölüm
xəbəri verilən
oğlu Yusifdən ötrü illərlə necə səbirlə, dözümlə gözlədi,
qocaldı, saçı
da, gözlərinin qarası
da ağardı, amma nə qədər illər keçsə də sonda öz
Yusifinə qovuşdu.
İndi, əmi, sözüm
ondadır ki, dözək,
qurban olum, sən də o peyğəmbərin adını
daşıyırsan. O Yaqub
bir gün Yusifinə qovuşdu, sən də bir gün Asiminə
qovuşarsan...
Bu sözü dedikdə, həqiqətən də Yaqub əminin solğun bənizinin və gözlərinin bir anlıq necə parıldadığını
görməli idiniz...
Bu fikir bir anlıq onun ağlında və qəlbində yer etdi, sanki arzusuna
çatmış kimi
oldu. “Hə, bala, düz deyirsən, mən o seriallara, filmlərə çox baxmışam, düz deyirsən. Nə deyim, inşallah, bala, çox sağ ol, inşallah...” Yaqub əmigildən qayıdanda bir daha düşündüm
ki, o sözlər, həqiqətən
də mənə məxsus deyildi. Sanki bir ilahi qüvvə
bu sözləri müharibədən keçən
bu qədər müddət ərzində
sönmüş ümidi
azca yandırsın deyə Yaqub əmiyə çatdırmışdı...
İndi o
hadisə min bir şəkilə bürünərək
ağlımı, fikrimi
məşğul edir,
bu sözləri yazarkən o səhnəni
dəfələrlə düşünürəm.
Qismət belə imiş, bəlkə də Yaqub öz
Yusifinə - Asiminə
cənnətdə qovuşa
bilib... Amma nə olursa olsun, bu
dəqiqdir ki, həyat
həmişə insanların
istədiyi kimi ola bilməz... Yenə də bunu bu
qədər ağrılı
bir şəkildə təcrübə etməyi
heç istəməzdim...
Allahdan Yaqub əmiyə rəhmət, ailəsinə
və sevdiklərinə
səbir diləyir, sonsuz kədərimi, başsağlığımı bildirirəm. Sonda onu deyə bilərəm
ki, qəhrəman igidlər,
şəhidlərlə birlikdə
qəhrəman ailələr
də var. Ailəsində
qazi, şəhid olan, iki oğlu
qazi, şəhid olan valideynlər, ailələr, talelər...
Bu gün ucqar bir rayonun ən
ucqar kəndinin ən ucqar nöqtəsində
xoşbəxt ömür
sürməyə çalışıb
arzuları ürəklərində
qalan Mehdiyevlər ailəsi də o qəhrəman ailələrin
sırasındadır. Ona görə
ki, o evin tək oğlu vətəninə,
o oğulun atası da
həm oğluna, həm də vətəninə həyatını
fəda etdi. Müasir dünyamızın
Yaqub-Yusif dastanı bu dəfə fərqli başlayıb fərqli bitdi.
Yox! Ümid edirəm ki, bu mövzuda vətənimizin qeyrətli
oğulları, qızları
məni yanıldacaqlar.
Onlar bu dastanı bitməyə qoymayacaq, dəfələrlə
yazıb, oxuyub, işıqlandırıb gələcək
nəsillərə çatdıracaqlar.
Hər kəs biləcək ki, bizim də Yaqubumuz, Yusifimiz var və onlar kimi ata-oğulu
yetişdirən bir ölkə, bir xalq heç bir zaman, hətta ən son anda belə məğlub olmayacaq, ola da bilməz!
Vətənə qurban gedənlər
Vətəni yaşatdıqları
kimi Vətən də onları yaşadacaq!
Allah rəhmət eləsin! Amin
Kredo 2025.- 20 noyabr (¹33).- S.12.