Müharibə cəbhələrdə,
səngərlərdə bitsə də, ürəklərdə
bitmir...
(Şair-jurnalist,
yazıçı-publisist Nizami Məmmədzadənin “Şəhid
ürəyindən keçən misralar…” poemasına
yazılan ön söz)
Xalqımızın milli azadlıq və müstəqillik savaşı mədəniyyət və incəsənət xadimlərinin, yaradıcı şəxsiyyətlərin hər zaman müraciət etdiyi başlıca mövzulardandır. Xalqların müstəqillik və milli azadlıq uğrunda mübarizə yolunda baş verən tarixi hadisələr-üsyanlar, inqilablar, münaqişələr, müharibələr ədəbiyyatın, yaradıcı insanların hər zaman müraciət etdiyi mövzulardan olmuşdur. Bu mövzu poeziyada da öz əksini tapıb və tapacaq. Şəhidlərimizin xatirəsinə yazılan neçə-neçə əsərlər arasında Nizami Məmmədzadənin “Qanla yazılmış Xocalı ...” poemasının adını da çəkə bilərik. Əsər nə qədər kədər hissi ilə yazılsa da, faciənin ağrı-acısı böyük narahatlıqla öz əksini tapsa da əsərin sonu qalibiyyət və zəfərlə nəticələnmişdir. Müharibə cəbhələrdə, səngərlərdə bitsə də, ürəklərdə bitmir, onun ağrısını daşıyan sonuncu insan dünyadan köçsə belə gələcək nəsillərin yaddaşına ötürülür, çünki torpaq ağrısı, vətən dərdi heç zaman sahibsiz qalmır, bir gün onu heç tanımayan insanın qapısının ağzını kəsdirir, onunla itirilmiş torpağın, ağacların, quşların diliylə danışır. Qarabağın köksünə vurulan yaralar tarixin və insanlığın yaddaşında unudulmayan izlər buraxıb. Ona görə də Vətənə ünvanlanan şeirlərin, mahnıların hamısında, Vətən naləsi, hayqırtısı yaşayır. Bu ağrı qələmin ucunda daha sərt, daha dəhşətli hiss edilmişdir. Vətən müharibəsi Azərbaycan tarixinə zəfər səhifələri yazdı. Müharibə həm də işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizədə xalqın tarixi birliyi ilə yaddaşlarda qaldı. Yaddaşlardan silinməyəcək bu Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə qırx dörd günlük savaşla son qoydu. Qələbəyə ədəbiyyat aləmi etinasız qalmadı, əksinə döyüş zamanı hərbçilərimiz, igid oğullarımız üçün ilhamverici rol oynadı. Yazılan şeir, poema və hekayələrdə həsrət hissləri deyil, qələbə ovqatı aparıcı mövzuya çevrildi. Bu mövzuda ən çevik yanaşma özünü poeziyada geniş mənada göstərdi. Şəhidlərə, qazilərə, Vətən müharibəsinə, Zəfər sevincinə həsr olunmuş şeirlər çağdaş poeziyamızın ən çox müraciət olunan mövzuları sırasında yer almaqdadır. Şəhidlər bu yüksək vətənpərvərlikləri ilə bu ali zirvəyə ucaldılar. Odur ki, onların ünvanına neçə-neçə sənət əsərləri yazıldı. Vətən müharibəsi mövzusunda yazılmış şeirlərin ana xəttində şəhid obrazı üstünlük təşkil edir.
Bu dəfə mövzumuz şair-jurnalist Nizami Məmmədzadənin nəsillərə ötürülə biləcək janr, üslub axtarışları ilə maraqlı, təhkiyə özünəməxsusluğu ilə seçilən “Şəhid ürəyindən keçən misralar…” poeması haqqında olacaqdır. Şairin 300 bənddən çox qələmə aldığı “Şəhid ürəyindən keçən misralar…” əsəri qan və can borcumuz olan bütün şəhidlərimizə ithaf edilib. Nizami Məmmədzadə müharibənin xalqın iradəsini, birlik əzmini ortaya çıxarmasını, Azərbaycan xalqının birliyi, ordumuzun qüdrəti sayəsində düşmən üzərində qalib gəldiyini poemada əks etdirmiş, qırx dörd gün davam edən müharibədə xalqın yumruğunu bir nöqtəyə vurmasını, qəzəb və nifrətini düşmən üzərinə istiqamətlənməsini önə çəkmişdir. Ölkənin Müzəffər Ali Baş Komandanından tutmuş sıravi vətəndaşına qədər hər kəsin birlik nümayiş etdirməsini, beləcə vətənin daşına, torpağına çevrilərək onu qətiyyətlə qoruduğunu xüsusi bir təntənə ilə, pafosla əks etmişdir:
Biz yazdıq zirvəyə, söz: “AZƏRBAYCAN!”
Şəhid ürəyindən keçən misradır.
Ali Baş Komandan yazdı durmadan:
“Yenilməz – “QARABAĞ AZƏRBAYCANDIR!”
Ali Baş Komandan, əmrinə hər an,
Mən də
əsgər kimi bil, AND içmişəm.
Sənə
olan sevgimin od- alovuyla,
Qayanı, sərt daşı xıncıb
keçmişəm.
Sərt
yoxuşu qalxıb düzə çatanda,
Mən ordan boylanıb Şuşaya baxdıım.
Asan yollar
çətin olmasa da, bil –
“Dəmir Yumruğumu” düşmənə
çaxdım.
Nizami Məmmədzadənin
poemasında tarix boyu xalqımızın rifahı,
torpaqlarımızın azadlığı uğrunda özlərini
fəda edərək, canlarından keçən ər igidlərimiz,
şəhidliyin təməlini qoyan oğullarımız
haqqında ürək ağrısı ilə
danışılıb. O şəhidlərin ki, indi
onların adları qəhrəmanlıq tariximizin səhifələrinə
qızıl hərflərlə yazılıb. Əcdadları
kimi Vətən uğrunda mübarizlik göstərən
şəhidlərin tək bir məqsədi vardı,
onların yenilməz mübarizədə bir müqəddəslik
dolu dedikləri inamlı fikirlərlə - “Biz vətən
uğrunda ölə də bilərik, təki Ana Vətən
yaşasın!” - deyib mübarizəyə
qalxdılar. Nizami müəllim xalqımızın
başına gətirilən bu müsibətləri, bu faciələri
gələcək nəslin unutmaması üçün bədii
təsvir və ifadə vasitələrinin dili ilə poemada əks
etdirmişdir. Nizami Məmmədzadə əsərində gələcək
nəsillərə bildirir ki, “qəhrəmanlıqla dolu
ömür yolları qanla bitmiş şəhid
balalarımızın qanı yerdə qalmasın. Onların
keçdiyi yol qəhrəmanlıq üçün əsil
örnəkdir”- deyə vətəndaş
yanğısını misralara cilalayaraq alovlu sözlərə
çevirmişdir. Nizami Məmmədzadə əsərdə
böyük ürək ağrısı ilə bu
haqsızlığa, günahsız insanların qətlə
yetirilməsinə öz etirazını emosional-ekspressiv təsir
gücünü artıraraq ifadə etmişdir. Nahaq yerə
demirlər ki, poeziya özü güclü
ruhlandırıcı silahdır. Şəhidlərdən
kövrək misralarda söz salan şair qəlbi odlanan
ananın və bu dünyadan Vətən deyib köçən
şəhidin oz dilindən lay-lay deyir:
Anam layla,
atam layla, şəhidim!
Hər
sözümdə sabahıma inam var.
Ana, layla
çal – hər yatan şəhidim,
Fəxr
edir ki, layla çalan Anam var.
Şəhidəm,
Analar! Qəbrimin üstə,
Gəlin,
asta-asta laylamı çalın!
Mən
südəmər nadinc bir uşağam ki,
Həsrətəm
bir gecə mənimlə qalın!
Vətən uğrunda baş verən
hadisələri öz ağrı-acısı, kədəri
ilə ifadə edən Nizami müəllim günahsız
bacı-qardaşlarımızın, məsum körpələrimizin
faciəsi və nahaq ölümünü qələminin
qüdrəti ilə əks etdirmiş, oxucusunu təsirləndirməyi
bacarmışdır. Bu faciəni tarixin yaddaşında daha
da möhkəmlətmək və onu gələcək nəsillərə
çatdırmağı özünə mənəvi borc bilən
şair bu yaşananları təbinin və istedadının
gücü ilə poemada ifadə etməyi
bacarmışdı:
Zalımmış,
qəddarmış düşünməmiş heç,
Əsgər
körpəsı də ağlar qalarmış.
Baxıram
şəhidin tək başdaşına,
Qızıyla
daş üstə şəkil də varmış.
Nizami müəllimlə bu əsər
haqqında yazışmalarımızda onun ürək
ağrısı ilə qeyd etdiyi fikirləri burada
xatırlamağı, onun poeziyasına işıq
salmağı özümə borc bilirəm: “Bu əsəri
Xocalıda şəhidlərin il mərasimində səsləndirməyi
düşünürəm. Əlbəttə, hər bir sətir
üzərində işləmək mənim üçün
çox ağır idi. Çünki faciəni poeziyanın
dilinə çevirmək çox çətindir. Özü
də elə bir faciəni ki, onu sən öz xalqınla birgə
yaşamısan. Amma nə qədər çətin olsa da, mən
belə bir əsər yazmağı özümə mənəvi
borc bildim. Odur ki, bütün qəlbimi, beynimi, ruhumu məhz
bu əsər üzərində səfərbər etdim.
İnanın ki, mən bu əsəri için-için,
ağlaya-ağlaya yazmışam. Bu əsəri nə qədər
kədər hissi ilə yazsam da əsərin sonu mübariz tərzdə
tamamlanır. Yəni ki, biz varıq, olmuşuq və
olacağıq. Hər birimiz Vətən kimi müqəddəs
bir varlıq naminə şəhid olmağa da hazırıq”.
Vətəndaş şairin bu fikri təbii ki, hər bir vətənpərvər
insanın ürəyindən soraq verir. Odur ki, biz bütün
şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik.
Sevindirici haldır ki, artıq düşmən
tapdağından xilas olan torpaqlarımızın
azadlığını tərənnüm edən qələbə
müjdəli əsərlər ədəbiyyat salnaməmizi zənginləşdirir.
Poemada vətəni əziz tutmaq, uğrunda şirin
canından keçmək amalının hər zaman
oğullarımızı bir yumruqtək birləşdirməsi
qabarıq ifadə olunmuşdur:
Ah, necə sevməyim “Dəmir
Yumruğ”u,
Səadət nəğməsi bəxş
edib mənə.
Həyatda ayırdım qaranı,
ağı –
Mənim bir sevgim var, verdim Vətənə!
“Təki Vətən sağ
olsun!”, “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” - deyərək
döyüş meydanına atılan igid qəhrəmanlarımız
şirin canlarından keçərək hərb tariximizdə
qanları ilə şanlı tarix yazdırmaları, Vətən
sevgisi, yurda olan bağlılıq igid
oğullarımızı şəhidlik adlı zirvəyə
ucaltması kimi təsvirlər poemada bir-birinin ardınca sənətkarlıqla
ifadə olunmuşdur. Şair bununla xalqımıza
şanlı Zəfər yaşadan oğullarımızın
illər keçsə də qəlblərdə əbədi
yaşayacaqlarını, onların döyüş
meydanındakı şücaətini, Vətənə olan
sevdalarını, torpağı, yurdu uğrunda öləcək
qədər sevməkləri hər zaman gələcək nəsillərə
nümunə olacaqlarını təmtəraqlı şəkildə
oxucularına hiss etdirmişdir.
Azərbaycan publisistikasında,
poeziyasında öz yeri, öz sözü, fərqli
yaradıcılıq üslubu olan Nizami Məmmədzadənin
yazdığı misralar qəlbimizin sarı tellərinə
toxunur, hər birimizi ermənilərin vəhşiliklərini,
Qarabağın işğal altında olduğu
vaxtlarını unutmamağa çağırır, kövrək
misralarda yaralanan qəlbimizin ağrısını dilə gətirir.
Növbəti misralarda 2020-ci ilin sentyabrın 27-nə qədər,
səbr kasasının daşdığı, intiqam məqamının
yetişdiyi, AZADLIQ şərbətinin içildiyi
günün sevincini böyük coşğu ilə dilləndirmişdir.
1990-cı il 20 Yanvarın şənbə gecəsində
Bakıda törədilən vəhşət və dəhşətdən
34 il keçsə də, ölümə ölməzlik yazan
şəhidlərimiz Nizami müəllimin poetik fikrində
rahatlıq tapmayıb, narahat misralarda yenidən göz
önünə gəlmişdir:
34 il
ötüb - 20 Yanvar -
Sızıldayan yaram sağalmır nədən? Bu
tarix məni də yaman göynədir,
Hələ
dərd söyləyir bu Torpaq, Vətən!
Nizami Məmmədzadə
şəhidin səsini, harayını tamamlayan,
ağrını və dərdini ətraflı və kəskin
dildə poemada mənalı şəkildə əks
etdirmişdir:
Mən
şəhidəm, anam məni görməyib,
İşğal
altda olan torpaq dardadır.
Dərd-kədərdən
telini də hörməyib –
O, bilmir
ki, oğlu indi hardadır?
Müəllifin bu kitabını
mən zamana sözünü deyən, onu görüşə
çağıran bir hayqırtı kimi qiymətləndirirəm.
Şair sanki bütün ağrı-acıların,
haqsızlıqların içindən sıyrılaraq
üzünü göylərə tutub bir ümid axtarır,
alqış diləyir:
Vətən
göylərində Ulduz, Ay olsun!
Üzərlik
yandırsın, həsrətlə Anam.
Arxamca
atdığı su igidlərə,
Durmadan bəxş
etsin güclü bir inam.
Nizami Məmmədzadə vətəndaş
şairdir. Vətənə ünvanlanmış şeirlərində
yurd-yuvasından ayrı düşmüş, qürbətdə
qəriblik havasında yaşayan lirik “mən”in könül həsrəti
boylanır. Bu mənada Nizami müəllimin poemasında Vətən
sözü səksən altıdan çox təkrarlanmışdır:
Ötdü
qəlbimdə bülbül nəğməsi,
Çalın-çarpaz
dağı yarıb da keçdim.
Vətənin
eşqinə güllə gücüylə,
Qarşıma
çıxanı vurub da keçdim!
Nizami Məmmədzadənin
poeziyasında ikinci əzəmətli varlıq Ana
obrazıdır! Ana haqqında saysız duyğularını,
düşüncələrini böyük məhəbbətlə
qələmə alan Nizami Məmmədzadə onun əzəmətinin
bütün tərəflərini də qələmə
güc verərək oxucusuna çatdırmışdır:
Səslənir
Anamın duası, sözü,
Sənin
gəlişinlə qisas alıram!
Bir dua
sözündən bil ki, ay Ana,
Əsgərəm,
gücümlə alovlanıram.
Poemada işğaldan azad
edilmiş torpaqlarımızın adını çəkən
şair böyük qürur və sevinc, eyni zamanda
güclü intiqam hissi yaşadığını təntənəli
dildə bəyan etmişdir:
Qaranlıq
gecələr aydınlaşanda,
Şuşanı,
Xankəndi görüb ucaldıq.
Dağları,
daşları bilki aşanda,
Düşündük,
nəhayət, biz də bac aldıq!
Qarabağ müharibəsi
başlanan gündən xalqımızın fədakar, qəhrəman
oğulları vətənə ləyaqətlə xidmət
göstərmiş, Azərbaycanın suverenliyi uğrunda mərdliklə,
rəşadətlə vuruşmuşlar. Məhz buna görə
də müasir Azərbaycan poeziyası Qarabağ müharibəsində
böyük qəhrəmanlıq, igidlik göstərmiş
övladlarımızın bədii obrazını yaratmağa
çalışmışdır:
Qarabağ
bizimdir, deyib babalar,
Oğullar
böyüyüb onu aldılar.
Döyüşdə Vətəni
ucaltmaq üçün,
Al-qana boyanıb ZƏFƏR
çaldılar!
Nizami müəllim təpədən-dırnağa
vətənpərvər bir insandır, onun Vətən
sevgisini, şəhid ehtiramını olduğu kimi səsləndirməyi
özümə borc bilirəm: “Kaş, xocalılar sağ
olaydı və kaş, Xocalıda həlak olan şəhidlərdən
biri də mən olaydım. Kaş, ömrümü Xocalıda
əzab verilən və meşələrdə donan Xocalı
sakinlərindən biri də mən olaydım və
düşmənlə mərdliklə kənd sakinlərinin
azadlığa qovuşmasına görə döyüşərkən
qəhrəmanlıqla həlak olaydım. Bax, bu günü mən
ən xoşbəxt bir gün sanardım!”
Şəhidlər, bilin ki, ölməyibsiniz!
Anamın telləri sizə
yadigar!
Ay Ana, şəhidlər unutmur səni,
Sənə al bayraqlı ZƏFƏR
bağışlar!
Ən müqəddəs və ən
uca zirvə olan şəhidlik ata-babalarımızdan bizə
miras qalan tor- pağı qorumaq, onun başı
üstünü qara buludlar alanda ölümünü göz
önünə alıb döyüşə atılmaq deməkdir.
Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə
baş əymir, daim qələbələr qazanır:
Əsgərim
– QƏLƏBƏ! Əzmim – döyüşüm –
Mənim
daim şöhrət, səadətimdir!
Onun
varlığından sevinirəm mən,
Döyüşə
güc verən mətanətimdir!
Bu yolda şəhid olanlar,
igidliyi, qəhrəmanlığı ilə seçilənlər
zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə
ötürülür. Əsrlərdən bəri poeziyada, nəsrdə,
musiqi və rəssamlıqda, ekran və səhnədə,
arxitekturada azadlıq, istiqlal mücadiləmizə aid
mübariz ruhlu çoxsaylı nümunələr
yaradılıb. 34 il bundan əvvəl - 1990-cı il
yanvarın 20-də təpədən-dırnağadək
silahlanmış “xilaskar” sovet ordusunun Azərbaycan
xalqının müstəqillik hərəkatını
boğmaq məqsədi ilə törətdiyi şənbə
faciəsi xalqımızın qan yaddaşından heç
vaxt silinməyib və şairlərimiz də bu faciəyə
böyük maraq göstəriblər. Hər il Tiflisdən
Bakıya 20 Yanvar faciəsinin anım günündə şəhidlərin
məzarları önünə gələn Nizami müəllim
torpağı qanları ilə vətənləşdirənləri
ziyarət etməyə borclu olduğunu, onlara sonsuz
ehtiramını ifadə edərək yazır:
Anamın
sözləri ürəkdən gəlir,
Eşidin,
a dostlar dediyi sözü:
Qanlı
Yanvar, dağ çəkibdir sinəmə,
Hələ
sağalmayıb süngü yarası.
Hər il
dərd çəkərək yola çıxıram,
Tiflis-Bakı,
Bakı-Tiflis arası!
O qanlı şənbə gecəsində
bu qırğına “fərman” verənlər, günahsız
insanları qanına bələyənlər nifrətlə
xatırlanır, şəhadətə yüksələn
azadlıq arzulu insanlar isə böyük ehtiramla
anılır. Çünki o müdhiş hadisələrdən
imperiya qüvvələrinin vəhşiliyi də, azadlıq
mücahidlərinin yenilməzliyi də boy göstərir, haqq
səsimizin heç bir vəchlə batırıla bilməyəcəyinin
şahidi oluruq. Tankla, topla silahlanaraq, xalqı əzməyə
gələn sovet qoşunlarının qarşısına əliyalın
çıxan insanların işıqlı xatirələrini
yad etməyə hər kəsi
çağırmışdır:
Yanvarda sizlər də gəlin
Bakıya,
Bu ömrün əlçatmaz
yolları vardır!
Bu Qanlı Yanvarın sirrləri
çoxdur,
Mənim həsrətim də uzaq
yollardır!
Zaman ötür, fəsillər dəyişir,
illər əsrlərə, əsrlər minilliklərə
çevrilir, tarixə dönür. Bu illər ərzində
bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi
hadisələr müəyyən dövrdən sonra yaddan
çıxır, unudulur. Lakin elə tarixi hadisələr də
var ki, onlar heç vaxt unudulmur. Əsrlər ötsə belə,
nəsillər bir-birini əvəz etsə belə öz
qanları ilə dastan yazan şəhidlərimiz, torpaq
uğrunda canından keçən oğul və
qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs
və şərəfli olan şəhidlik zirvəsinə
yüksələnlər daim qəlblərdə
yaşayırlar. Qalibiyyət sevinci yaşayan şair hər
birimizin əvəzindən Vətənin, millətin yolunda
şüurlu surətdə canını fəda edən şəhidlərin
qəlbimizdə daim yaşadığını,
unudulmadığını misralarda
vurğulamışdır:
Ölmədi
şəhidim, daha yaşayır,
Odur qəhrəmanı
obanın, elin!
Qarabağ
sanki bir ilham pərisi,
Analar,
yeni bir VƏTƏNƏ gəlin!
Vətən sevgisi insanın qəlbinə
hakim kəsilən, özündən asılı olmadan yaranan
bir ümmandır. Hər bir kəs bu dünyaya göz
açdığı anda ilk olaraq anasını görürsə,
ilk qədəmlərini Vətən torpağında atır və
torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət
zaman keçdikcə o qədər artır ki, insan bir an belə
Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda
gözünü qırpmadan, ölümün gözünə
dik baxan oğul və qızlarımızı yad etmək,
xatirəsini əziz tutmaq, onları hər il Anım
Günündə xatırlamaq isə hər birimizin ən
müqəddəs borcudur. Söz yaradanın insana
lütfü, bəlkə də ən böyük hədiyyəsi
olduğundan ədəbiyyatın da məqsədi həm də
insanların ruhuna və ürəyinə yol tapmaqdır.
Nizami Məmmədzadə
poeziyasında sözün dəyəri, bədii çəkisi
vardır. Öz dəsti-xətti olan şair canlı dildə,
xalq üslubunda və məzmunca orijinal olan şeirləri ilə
oxucusunun qəlbinə rahatlıqla yol tapa bilir. Onun
poeziyasında həm sevinc var, həm kədər; həm
vüsal var, həm həsrət; həm sevgi var, həm də
nifrət. Nizami müəllim yarım əsrdən çox
yaşadığı həyat təcrübəsini və
görüşlərini poeziyasında sadə dildə ifadə
etməyə çalışmışdır. Vətən
nisgili, torpaq itkisi, yurd həsrəti, zorla sürükləndiyimiz
müharibənin törətdiyi bəlalar və nəhayət
QƏLƏBƏ müjdəli misralar, qalib əsgər və
zabitlərimiz və ölməz şəhidlərimiz,
onların misilsiz qəhrəmanlıqları poemanın əsas
ideya istiqamətini təşkil edir. Sevindirici haldır ki,
poemada Azərbaycanın AZADLIQ uğrunda mübarizə
tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən
34 il sonra erməni işğalında olan
torpaqlarımızın Vətən oğulları sayəsində
igidliklə azad edilməsi sevincini bədii dildə bəyan
etmək Nizami müəllimin taleyinə
yazılmışdır. Nizami Məmmədzadə əldə
edilən ZƏFƏRLƏ 20 Yanvar şəhidlərinin
qisası alındığını poemada qürur hissi ilə
dilə gətirmiş, AZADLIQ uğrunda şəhidlər verən
xalqın yasa batdığı halda belə təmkinini,
qürurunu qoruyaraq, düşməndən aman diləməyərək
mücadilənin sonunda müstəqillik
qazandığını, torpaqlarında suverenliyini tam bərpa
etdiyini də dilə gətirmişdir:
Şəhid anasının
üzü gülərüz,
Hər alqış sədası ona
bir dua!
Oğul qisasını alıb
dostları,
Dərd, ələm çəkmir,
ana bir daha!
Nizami Məmmədzadə “Şəhid
ürəyindən keçən misralar…” kitabı ilə təsdiq
etdi ki, onun da Azərbaycan poeziyasında öz sözü,
öz imzası var! Poeziyanın bu enişli, yoxuşlu
yollarında Nizami müəllimə uğurlara imza
atmağı arzulayır, yeni-yeni poetik nümunələrin
müəllifi olmağı arzulayıram. Məşhur bir
fikir var ki, şair olmaya da bilərsən, amma vətəndaş
olmağa borclusan. Hər zaman yazdığım kimi “Nə
xoş ki, Nizami Məmmədzadə məhz vətəndaş
şairdir!”
“Şəhid
ürəyindən keçən misralar…” poemasına ön
sözün müəllifi:
Mehriban Əsədullasoy (Quliyeva)
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Kredo 2025.- 11 yanvar (№01).- S.13.