Rəsmini çəkmək istədiyim qadın….

 

Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevaya  ithaf

 

Dürüst xarakteri, əməlləri, elm-sənət hünəri, xeyirxahlığı ilə yaxşı ad qazanmış belə böyük insanlar haqqında söz söyləməyin bir çətinliyi var: haqqında desən, sanki  təkrar səslənir. Çünki gözəlliyin, yaxşılığın, insanlığın  tərifində söz acizdir.  Amma  böyük insanlar haqqında söz söyləməyin bir asan cəhəti var: sən desən, yazsan, hər kəs sənin fikrinə şərik olacaq.

Bu gün söz ilə portretini çəkməyə cəhd etdiyimiz Zərifə xanım Əliyevanın elmi titulları, sənət nailiyyətlərini sadaladıqca bitməz. Amma əgər kimisə dünyasını dəyişəndən sonra da xatırlayanlar varsa, demək əsl söz deyilib: hər kəs onu ən böyük nailiyyətitəmiz adı, mehriban qəlbi, xeyirxah əməlləri ilə anır.

 

Arzuladıqlarımdan

 

Hərdən bir sıra görkəmli adamlarla görüşmədiyinə, müsahibə almadığına heyfsilənirsən. Tale sənə onlar haqqında yazmağı yalnız dünyasını dəyişdikdən sonra nəsib edir. Sən zamandan kamını bildiklərini, eşitdiklərini bir xatirə yazısına çevirib yazmaqla alırsan.

XX əsrin səksəninci illərinin əvvəllərində birinci xanım statusu olmasa da, Zərifə xanımı yaxından tanımaq, onunla birgə çalışmaq, dostluq etmək, onun xeyirxahlığından bəhrələnmək şərəfinə nail olmuş, təəssüf ki, illər keçdikcə sıraları seyrələn şəxslər, yəqin bu fikirlə razılaşarlar ki, o, dünyanın çoxdan məqbul saydığı, sadəcə, keçmiş sovet adamlarının gec görüb anladığı ölkənin birinci xanımı missiyasını yerinə yetirirdi. Zərifə xanım heç vaxt xeyirxahlığını kimsədən əsirgəmirdi, ona müraciət edənləri naümid qaytarmırdı. Sadəcə, bunu yalnız onun yaxın çevrəsi bilirdi. Eynilə qədimdən, gen yaddaşımızla xislətimizə hopmuş «sağ əlin sol əldən xəbəri olmaz» kəlamında deyildiyi kimi

 

Eşitdiklərimdən

 

Günlərin birində Zərifə xanım görür ki, onunla eyni korpusda işləyən sanitar qadınlardan biri çox bikefdir. Qadını yanına çağırıb dərdini soruşur. Demə, beş yetim saxlayan həmin qadının tibb institutunda oxuyan böyük qızının qiymətini bir insafsız müəllim kəsir, onu institutdan qovdurmaqla qorxudurmuş. Gələcəkdə göz həkimi olmaq xəyalı ilə yaşayan qızcığazın muradının gözündə qalmaq təhlükəsi varmış. Zərifə xanım işə qarışır: tələbə qızın haqqı qaytarılır, həmin müəllim cəzalandırılır. Qızı institutu bitirənədək Zərifə xanım daim onun dərsləri ilə maraqlanır, sonralar özünün çalışdığı xəstəxanada işə düzəlməsinə kömək edir, toyunda da həvəslə iştirak edir.

Zərifə xanımla birgə çalışmış həkim rəfiqələrinin xatirələrində rus millətindən olan başqa bir sanitar qadının mənzil şəraitinin yaxşılaşmasına köməyi, evgördüsü məclisində əziz adamının xeyrindəki kimi həvəslə iştirak etməsi kimi insanı kövrəldən əhvalatlar az deyil.

Bir gün Zərifə xanımın yaşadığı binanın girişində keşikdə duran gənc milis işçisi onun gözünə bikef görünür. Təbii ki, əgər Zərifə xanım orada yaşayan bəzi xanımlar, bəylər kimi həmin mühafizəçinin yanından saymazyana ötüb keçsəydi, yəqin ki, cavan oğlanın halındakı dəyişikliyi sezməzdi. Amma insanların gözünün nurunu qaytaran, hər kəsə ana, bacı münasibəti bəsləyən bu xanımın iti baxışlarından yayınmaq mümkün idimi? Zərifə xanımın diqqətcilliyi sayəsində həmin oğlan sonralar pis fəsad verə biləcək xəstəliyin astanasından geri dönür.

 

Oxuyub bildiklərimdən

 

Ulu öndərimiz Heydər Əliyevlə Zərifə xanımın sevgi hekayəti, həyatın ən çətin məqamlarında bir-birlərinə həyan, arxa olmaları dillər əzbəri, sevən gənclərə örnəkdir. Müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyev Zərifə xanımı belə xatırlayır:

«Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Onu bir dəqiqə belə unutmuram unutmayacağam».

Zərifə xanımın tələbə yoldaşı olmuş, onu uşaqlıqdan tanıyan, tibb elmləri doktoru, professor Aydın İmaməliyev öz qrup nümayəndəsi haqqında xatirələrində yazır:

«Qrupumuzun oğlanları tez-tez nizam-intizamı pozardılar: məşğələləri buraxar, dərslərə gecikərdilər. Bu barədə kimsə dekanlığa məlumat vermişdi. Diqqətlə araşdırandan sonra biz «məlumat mənbəyinin» kim olduğunu tapdıq. Əsl kişilər kimi onun dərsini verməyi qərara aldıq. Əvvəlcə məsləhətləşmək üçün Zərifənin yanına getdik. O həmin adamla özü danışacağını söylədi. Zərifə ona dedi, demədi, ancaq tezliklə, həmin oğlan qrupumuzdan çıxıb getdi. İldən-ilə qrupumuzda, sonralarsa bütün institutda Zərifənin nüfuzu artırdı. Biz oğlanlarsa onu öz bacımız bilirdik, çətin məqamda köməyimizə yetən bacımız».

Uzun illər Zərifə xanımla rəfiqəlik edən, həyatın hər dönəmində onun yanında olan sirdaşı, professor, ictimai xadim Zəhra Quliyevanın bacı itkisinin nisgili ilə yazdıqlarından:

«Zərifə xanım qeyri-adi bir qadın idi. O, heç hamıya qismət olmayan böyük bir qabiliyyətin sahibi idi. Bu, sevə bilmək qabiliyyəti idi. Həyatda edərdisə, sevgiylə edərdi. Onun sevgisinin qüvvəsi öz ailəsinə münasibətində daha artıq duyulurdu. O, uşaqlarına, sonra isə nəvələrinə sevgisində özünü unudurdu. Zərifə xanım Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ləyaqətli ömür-gün yoldaşı, sədaqətli dostu, sevimli qadını əqidə yoldaşı idi. Bacımızın xatirəsi ilə bağlı ötən günlərimiz heç vaxt yadımdan çıxmır. Yaddaşımda tələbə Zərifənin şən qayğısız siması, gəlin Zərifənin xoşbəxtliyi həyəcanı, ana Zərifənin nəvazişkarlığı, ictimaiyyətçi Zərifənin ehtiraslı, alovlu fəaliyyəti, alim Zərifənin müdrikliyi qədər fakt hadisələrlə əbədiləşib».

 

Son ştrixlər

 

İndiyədək onun fırça ilə çox portretləri çəkilib, sözün köməyi ilə isə daha da çox rəsmlər yaradılıb. Lakin yaxşı insanların, xeyirxah əməl sahiblərinin, özündən sonra xoş xatirə qoyub gedənlərin yaddaşlarda əbədi yaşayan işıqlı obrazı həmişə kiminsə, hətta ən istedadlı rəssamın, ən güclü qələm sahibinin belə yaratdığı portretdən daha canlı, daha sevimli, daha gerçəkdir. Bu sözlü portret cəhdimizin qəhrəmanı Zərifə xanım Əliyevanın ürəklərdə yaşayan gerçək sevimli obrazı kimi

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.az.- 2015.- ¹ 4.- S.74-77.