Erməni vəhşiliyinin
qanlı səhifəsi
Martın 30-da Muzey Mərkəzinin
Sərgi qalereyasında 31 Mart - Azərbaycanlıların
Soyqırımı Gününə həsr olunmuş sərginin
açılışı keçirildi.
Tədbirdə giriş
sözü ilə çıxış edən Mədəniyyət
və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan
xalqının qan yaddaşına həkk olunmuş bu
soyqırım aktının erməni xislətinin bariz
nümunəsi olduğunu diqqətə çatdırdı:
«1918-ci ilin 31martı Azərbaycan xalqının tarixinə
qanla yazılıb. Erməni daşnak ordusu və bolşeviklərin silahlı cəza dəstələri Bakıda
və ölkənin müxtəlif yaşayış
məntəqələrində dinc əhaliyə olmazın divan tutmuş, xalqımıza qarşı soyqırım
aktı törətmişlər.
Bu tarixi hadisə, digər sənətkarlarımız kimi,
rəssamlarımızın da əsərlərində
mühüm mövzu olub».
Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov
da çıxışında zaman-zaman xalqımızın
başına gətirilən bəlalardan, qan
yaddaşımızın milli təsviri sənətdəki əksindən
bəhs etdi: «Sərgidə təqdim olunan əsərlərin
ümumi ruhunda kədərli motivlər, qara və tünd rənglər
üstünlük təşkil edir. Təbii ki, bu, rəssam təxəyyülünün
məhsulu olmaqla yanaşı, onun doğma xalqının faciəsinə
münasibətinin təzahürüdür».
Qeyd edək ki, 90-dan
artıq müəllifin müxtəlif üslublu 100-dən
çox əsərinin nümayiş olunduğu sərgi aprelin
5-dək davam edəcək.
Savalan Fərəcov
Mədəniyyət.- 2010.- 2 aprel.- S. 14.