Uğurlu səfərin
maraqlı təəssüratı
İrəvan Dövlət Azərbaycan Dram Teatrının
kollektivi bugünlərdə
Dərbənd şəhərində
qastrolda olub. Kollektiv dərbəndli
teatrsevərlər qarşısında
rejissor Nazir Rüstəmovun quruluşunda
Aqşin Babayevin “Xilaskar”, Elçin Əfəndiyevin “Qatil”, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz”,
Hidayətin “Bu dünyanın adamları”
tamaşalarını nümayiş
etdiriblər. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan qastroldan qayıdan kollektivin təəssüratını
öyrənmək məqsədilə
teatra baş çəkdik. Dərbənd
səfərindən məmnunluqla
danışan teatrın
direktoru, Əməkdar
mədəniyyət işçisi
İftixar Piriyev və truppa rəhbəri Elnarə Heydərova bu cür qastrolların böyük əhəmiyyət
daşıdığını vurğuladılar.
İftixar Piriyev səfərin Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü
ilə gerçəkləşdiyini
vurğuladı: “Bu çox
maraqlı, həm də çox əhəmiyyətli bir təşəbbüs oldu.
Məqsəd respublikamızın hüdudlarından kənarda
yaşayan soydaşlarımıza
mədəni xidmət
göstərmək, milli-mənəvi
dəyərlərimizə maraq
oyatmaq, azərbaycançılıq
ideyasını təbliğ
etmək və onlarda milli dəyərlərə
dərin maraq yaratmaqdır. Məhz
bu səbəbdən onlarla teatr və
mədəniyyət müəssisələrinin
vaxtaşırı görüşünü
təşkil etmək
bir vəzifə olaraq qarşıya qoyuldu. Eyni zamanda
bu, bir layihə
şəklində də
hazırlandı və
onun həyata keçirilməsi ilk olaraq İrəvan teatrına həvalə olundu. Qeyd edim
ki, bundan öncə belə bir səfərimiz Gürcüstana olmuşdu.
Tiflis şəhərində
və ətraf rayonlarda yaşayan soydaşlarımız qarşısında
geniş proqramla tamaşalar göstərmişdik.
Həmin layihənin
davamı olaraq bu il
mart ayının 14-dən 27-dək Dərbənd şəhərində
və ətraf kəndlərində səfərdə
olduq. Bizi orada şəhərin rəhbəri Qurban Qurbanov, mədəniyyət
nümayəndələri və
ziyalılar qarşıladı.
İlk tamaşamız
Aqşın Babayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Xilaskar” əsəri oldu. Daha sonra
dörd tamaşa ilə - Elçin Əfəndiyevin “Qatil”, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz”,
Hidayətin “ Bu dünyanın adamları”
əsərləri və
Novruz bayramı tamaşası ilə çıxış etdik.
Dərbənd ətrafındakı
bir çox yaşayış məntəqələrində
də olduq. Deyim ki, camaat
tərəfindən çox
maraqla və xoş əhval-ruhiyyə ilə qarşılandıq.
“Xilaskar” tamaşası
oynanılarkən bu torpaqda yaşayan hər bir azərbaycanlıda
Heydər Əliyev şəxsiyyətinə nə
qədər böyük
hörmət və ehtiramın oluğunun şahidi olduq. Əlbəttə, bu bizim hər birimizdə qürur hissi doğururdu.
Cəmilkənd adlı yaşayış məntəqəsində
də olduq. Bu kənd digər
yaşayış məntəqələrinə
nisbətən daha abad idi. Kənddəki
Heydər Əliyev adına orta məktəbə baş çəkdik. Məktəbdə
böyük liderin büstü qoyulub, xatirə muzeyi yaradılıb. Bu kənddə də bir tamaşa göstərdik.
Səfərdə olduğumuz müddətdə
demək olar ki, hər gün
ictimaiyyət qarşısında
2-3 tamaşa göstərirdik. Son
tamaşamız Səlim
kəndində oldu.
Səfərimiz başa çatarkən Dərbənd şəhərinin
rəhbəri Qurban Qurbanovla bir daha görüşdük. O, Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkür
məktubu göndərdi.
Şəhər rəhbəri,
eyni zamanda, kollektivimizi may-iyun ayları üçün
Dərbəndə növbəti
dəfə dəvət
edib.
Truppanın rəhbəri
Elnarə Heydərova səfərin çox maraqlı, həm də yaddaqalan olması ilə sözə başladı:
«Tamaşalarımızı qərib ölkədə,
ancaq uzun illər üzlərini görmədiyimiz soydaşlarımız
qarşısında oynayırdıq.
Onları yaxından
tanımasaq da, baxışlarında, hərəkətlərində
və ürəkdən
alqışlamalarında bir
doğmalıq, yaxınlıq
vardı. Sözün
həqiqi mənasında
kollektivimizin hər bir üzvündə bu qənaət yaranıb. Səfərimizdə
“Xilaskar”da sədrin köməkçisi,
“Subaylarınızdan görəsiniz”də Sənəmi, “Bu dünyanın adamları”nda Səkinə və Novruz tədbirlərində
Bahar qızı rollarını oynadım.
Rayonun bir sıra kəndlərində
tamaşa göstərdik.
Doğrudan da, Dərbənd səfəri
kollektivimizin hər bir üzvündə maraqlı və yaddaqalan təəssüratlar
yaratdı».
Savalan Fərəcov
Mədəniyyət.- 2010.- 2 aprel.- S. 13.