Üç şəhərin hekayəti
«Xalq Yaradıcılığı Paytaxtları»na virtual
səyahət
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı Paytaxtları” proqramına
uyğun olaraq 2010-cu il Gəncə Azərbaycanın əfsanələr,
Qazax folklor, Şəki isə sənətkarlıq paytaxtı
elan olunub. Qəzetimizin ötən saylarında bu barədə
müxtəlif tanıtım xarakterli yazılar dərc edilib.
“Xalq Yaradıcılığı Paytaxtları” layihəsinin əsas
məqsədlərindən biri də mədəni-turizm
marşrutlarını və bu regionların turizm
potensialının təbliğatını həyata
keçirməkdir. Layihənin bu istiqamətini nəzərə
alıb, bu dəfə Gəncə, Qazax və Şəki
şəhərlərinin turizm potensialını
araşdırdıq.
Bənzərsiz qədim şəhər
İlk olaraq
böyüklüyünə görə Azərbaycanın
ikinci şəhəri sayılan qədim Gəncədən
başlayaq. Gəncəçayın hər iki sahilində
yerləşən qədim Gəncədə turistlərin diqqətini
cəlb edəcək tarixi abidələr və təbiət mənzərələri
çoxdur. Buranı gəzdikcə qədim şəhərin
izlərinə rast gəlirik.
Avtobusla Gəncəyə gələn
turistlər elə şəhərin girəcəyində
tarixi abidənin şahidi olurlar. Bu, dünya ədəbiyyatında
“Xəmsə”si ilə məşhur olan XII əsr şairi
Nizami Gəncəvinin məqbərəsidir. Turistlər məqbərəyə
bayır tərəfdən baxmaq üçün
başlarını qaldırmalı olacaqlar. Ona görə ki,
mərmərdən düzəldilmiş bu monumental abidənin
hündürlüyü 20 m-dir. Abidənin arxa tərəfində
metaldan tökülmüş fiqurlarda isə Nizaminin əsərlərindən
ayrı-ayrı süjetlər təsvir edilir. Maraqlı səfəri
Comərd Qəssab məqbərəsi ilə davam etdirmək
olar. Bu şəxs xəlifə Əli İbn Əbutalibin
hakimiyyəti dövründə (656-661-ci illər)
yaşayıb, ədalətli və namuslu olması ilə
çoxlarından seçilibdir. Gəncə sakinləri
bütpərəst olduğu dövrdə Comərd Qəssab
onlardan xəbərsiz İslam dinini qəbul edib. Bu tarixi dəlil
isə Gəncəni turistlərin baxışında daha da qədimləşdirir.
Ardınca turistlərə məlum
olacaq ki, X əsrdən başlayaraq Bərdə Arranın
paytaxtı rolunu itirəndə Gəncə Azərbaycanın
ictimai-iqtisadi və mədəni həyatında mühüm
rol oynamağa başlayıb və ticarət, sənətkarlıq
bu şəhərin həyatında mühüm yer tutub. Artıq
bu dövrdə qala divarları tikilib, xəndəklər
qazılıb. Möhtəşəm Gəncə qalası da
o dövrün yadigarıdır.
Turistlərin
diqqəti Gəncənin Cümə məscidinə yönələcək.
Bələdçinin onlara görkəmli Azərbaycan
şairi Mirzə Şəfi Vazehin bu məscidin nəzdindəki
mədrəsədə dərs deməsi barədə məlumatı
eşitməsi onlar üçün daha maraqlı olacaq.
Çünki burada xarici turistlər Mirzə Şəfi
Vazehin şeirlərinin Avropanın bir çox dillərinə
çevrildiyini biləcəklər.
Davam edək.
Turistlər Şeyx İbrahim məqbərəsinin öz ilkin
gözəlliyini qoruyub saxladığına məmnun olacaqlar.
Ardınca şəhərdə daha bir neçə qədim məscidi
ziyarət etmək mümkündür:
Qızılhacılı, Ozan, Balabağbanlı, Şərəfxanlı,
Şahsevən və başqaları. Şeyx İbrahim
türbəsini də ziyarət etdikdən sonra Gəncəni
gəzən turist Gəncəçayın üzərindən
salınmış XII əsrə aid olan Böyük
Körpü və Kiçik Körpüyə, karvansara və
tikililər kompleksinə, göy kaşı günbəzli
İmamzadəyə, Darısultan sarayına, son dərəcədə
gözəl qədim şəhər hamamlarına da baş
çəkə bilərlər. Hamamların günbəzləri
diqqəti uzaqdan cəlb edir. Yeri gəlmişkən, bu hamamlar
indi də xidmət göstərir.
Orta əsr hamamından
çıxıb XVI əsrə aid qala divarlarının
qalıqlarına baxmaq yerinə düşər. Onların
yaxınlığında isə Cavad xanın məzarı
yerləşir. Onun qəhrəmanlığı haqqında
eşidən turistlər bundan sonra Gəncədə müasir
sənətkarlığın möcüzəsi sayılan 2 mərtəbəli
«Butulka-ev»ə tamaşa edə bilərlər. «Butulka-ev»in tikilməsi
üçün 50 min şüşə butulkadan istifadə
edilib.
Tarix və Akademiya Muzeyi turistlərə
Gəncənin tarixi inkişaf yolundan söhbət açacaq.
Onlar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
və Azərbaycanın ilk parlamentinin burada yerləşməsi
barədə də eşidəcəklər.
Bütün bu səyahətdən
sonra turistlər «Qaya», «Kür-Xəzər», «Kəpəz»,
«Göygöl», «Gəncə» restoranlarında yüksək
ixtisaslı aşpazların hazırladıqları ləziz
milli xörəklərin və Gəncə şərablarının
dadına baxmaqla istirahət edə bilərlər. Şəhərdə
şərab məhsulları istehsalının inkişaf
etdiyini bilən turist özü ilə vətəninə Gəncə
şərabı aparmağı unutmayacaq. Şərabın
dadına baxdıqdan sonra turistlər Gəncə
xalçalarının naxışlarına heyran olacaqlar.
Ardınca şəhər ətrafına səyahətə
çıxmaq pis olmaz.
Gəncənin mərkəzindən
6 km şərqdə qədim şəhərin xarabalıqlarını
seyr edən turist buranı turizm məkanı kimi seçməkdə
yanılmadığına bir daha əmin olacaq. Gəncədən
25 km cənubda isə Murovdağın şimal yamaclarında,
dəniz səviyyəsindən 1566 m yüksəklikdə
gözəl Göygöl yerləşir. Turistlər
Göygöl qoruğunun ərazisində təbiət muzeyini
də görəcəklər. Bu gölün ətrafındakı
Hacıkənd kurort zonası isə yay vaxtı sevimli istirahət
yeridir. Turist marşrutlarından bir neçəsi də bu
yerlərdən keçir. Beləliklə, hər bir turist Gəncə
səyahətindən sonra əfsanələr diyarına
düşdüyünü dana bilməyəcək.
“Keçib getdiyim diyar adamı heyran edir”
Turistlər üçün
Azərbaycanın sənət və ticarət mərkəzlərindən
olan Şəkiyə səfər etmək böyük bir xatirə
olaraq qalacaq. Çünki onlar bu məkanda eşidəcəklər
ki, Böyük Qafqaz dağlarının mənzərəli cənub
yamaclarında, qarlı zirvələr fonunda yerləşən
Şəkinin əsası bizim eradan əvvəl I minillikdə
qoyulub. Qədim Şəki ticarət yolları
qovuşağında yerləşib. O iri ticarət, ipəkçiliyin
və sənətkarlığın inkişaf etmiş
olduğu mərkəzlərdən olub. Əsrlər boyu buraya
gələn səyyahlar ilk növbədə Şəkinin
bazarlarına baş çəkirdilər. Məşhur Şəki
bazarlarında şıdırğı alver gedirdi: taxıl,
ipək, dulusçuluq, döyməli işi olan qablar və zərgərlik
məmulatları satılırdı. Lakin Şəkini ən
çox məşhurlaşdıran onun ipəyi idi. Turistlər
özləri ilə Şəkidən maraqlı məlumatlar
da apara biləcəklər.
1826-cı ildə
A.S.Puşkinin dostu general N.Rayevski bu diyarda olandan sonra
qohumlarına yazdığı məktubda buranı belə təsvir
edib: “Mənim keçib getdiyim diyar adamı heyran edir.
Düşərgəmiz nar, çinar və başqa
ağaclar bitən meşədədir. Nuxa əsl möcüzədir.
O, Bağçasaraydan qat-qat üstündür. Burada bu
diyarın keçmiş xanlarının sarayı var. Saray o qədər
gözəldir ki, Bağçasaray onunla müqayisədə
çox zəif təsir bağışlayır”.
Beləcə, turistlər bütün
bu deyilənlərdən sonra Şəkiyə səyahətə
çıxaraq eşitdiklərini öz gözlərilə
görəcəklər. Onlar çoxəsrlik tarixə malik
arxeoloji abidələrlə rastlaşacaqlar: Cüyürlü
və Daşüz kurqanları, Yoncalı nekropolu (eramızdan
əvvəl II əsr), Qoturtəpə adlı qədim məskən,
Salmandərə (Tunc dövr), Dəhnə kəndindəki
qüllə və s.
Şəki xanlarının
sarayı (1762-cı il) turistlərin yaddaşında silinməz
izlər buraxacaq. Bu saray xalq memarlığı ilə saray
arxitekturası ənənələrinin birləşməsini
təcəssüm edən nadir nümunədir. Şəki xanlarının
sarayının bir növ kiçildilmiş surəti olan qədim
yaşayış binası da böyük marağa səbəb
olacaq. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər,
pəncərələrdəki zərif şəbəkə
xüsusilə qiymətlidir.
Turistlər Şəkidə
XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı
karvansaraların hələ də salamat
qaldığını görüb şaşıracaqlar.
Yuxarı Karvansaranın günbəzinin Yaxın Şərqdə
ən iri günbəzlərdən biri olduğunu eşidəcəklər.
Şəkidən 4 km şimalda, Kiş çayının qərb
sahilində, Qaratəpə dağının zirvəsində
«Gələrsən-görərsən» qalasının
xarabalıqlarının şahidi olan turistlər bir vaxtlar
düşmənlər üçün əlçatmaz olan
bu qala şəhərin gəliş-gediş yollarına
baxacaqlar.
Oxumayanlar burada eşidəcək,
oxuyanlar isə xatırlayacaqlar ki, Lev Tolstoyun məşhur
«Hacı Murad» povestində təsvir etdiyi hadisələr Şəki
qalasında baş verib. Turistlər şəhərin lap girəcəyində
burada döyüşlərin birində həlak olmuş
Hacı Muradın məzarını da ziyarət edə bilərlər.
Şəkinin kəndləri
də turistlər üçün maraqlı olacaq. Ucqar
dağ kəndi olan Kiş kəndindəki qədim alban kilsəsi
(I-II əsrlər) eyniadlı çayın sahilindədir. Məbədin
binası xalq arasında «şirima» deyilən iri daşdan
tikilmişdir. Müqəddəs Yelisey tərəfindən
ucaldılmış kilsə böyük maraq doğurur. Bu
kilsə keçmiş SSRİ ərazisində ən qədim
xristian məbədi hesab edilir. Kilsə bərpa edilib və
muzey kimi fəaliyyət göstərir. Bu məbəd Kiş
kəndinin Maflar məhəlləsində yerləşir. Məbədin
yerli əhali tərəfindən bu günə qədər
qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs
sayılmasıdır ki, bu da onun antikliyi ilə
bağlıdır. Aparılan kəşfiyyat xarakterli arxeoloji
qazıntılar məbədin bünövrəsinin kasa şəklində
və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu
sübut edib. Bu xəbər isə turistləri daha da
özündən çıxaracaq. Onlar bələdçidən
eşidəcəklər ki, Misir ehramları da bu cür
bünövrə üzərində qurulub.
Orta Zəyzid kəndindəki
kilsə də (VI-VII əsrlər) şirima daşdan tikilib.
Kiş kəndindəki Qızlar qalası adlı qüllə
isə IV-V əsrlərə aiddir. VI əsrə aid Gavur
qülləsi, XVIII əsrə aid Gileyli məscidinin minarəsi
də diqqəti cəlb edir.
Turistlər tarixi abidələrlə
yanaşı, Şəkinin sənətkarlıq aləmi ilə
də tanış olacaqlar. Onlar burada «təkəlduz» deyilən
tikmə sənətinin yüksək dərəcədə
inkişaf etdiyini əyani şəkildə görəcəklər.
Əvvəllər bu işlə əsasən kişilər məşğul
olurdu. Bundan əlavə, Şəkidə
papaqçılıq, musiqi alətlərinin
hazırlanmasını görüb həzz alacaqlar. Şəkidə
xalq sənətinin bir sıra növlərini bu gün də
yaşadırlar. Şəkili ustalar üstü əlvan
naxışlı sandıqlar düzəldir, qadınlar
üçün kəlağayı toxuyur, ipək və məxmər
üzərində tikmə işləri görürlər.
Turistlər şəhərdə bu və ya digər peşə
adlarını hələ də özündə saxlayan
Dulusçular, Zərgərlər, Halvaçılar
küçələrini də gəzəcəklər.
Öz ustaları ilə ad çıxarmış qədim
emalatxanalara baş çəkənlərə zərgərlik
məmulatları, metaldan və ağacdan hazırlanmış
müxtəlif suvenirlər təklif edilir. Bu suvenirləri
görən və alan turistlər Şəkinin bənzərsiz
sənətkarlıq mərkəzi olduğunu daim
xatırlayacaqlar.
Azərbaycanda analoqu olmayan
orijinal Şəki mətbəxi də turistlərin
marağında olacaq. Şəki halvasının dadına
baxan turistlər qırmabadam, zilviyyə, qoz və düyü
unundan bişirilmiş paxlava, adamın ağzında əriyən
şirin pəşvəng halvası və başqa məşhur
Şəki şirniyyatlarını dadmaqdan özlərini
saxlaya bilməyəcəklər.
Kür qırağının əcəb seyrəngahı
var...
Azərbaycanın qərbində
yerləşən Qazax bölgəsindən Kür,
Ağstafaçay, Çoğaz və Xramçay
çayları axır. Turistlərə isə ən çox
Kür çayını seyr etmək maraqlı olacaq.
Çay boyunca tuğay meşələri uzanıb gedir. Qazax
rayonunda turistlər dağ ətəyindən başlanan
düzənliyi - Altuntaxt yaylağını görəcəklər.
Yaylağın arxa tərəfində mavi rəngli İncə
dərəsinin o tayında isə Qaraqoyunlu dağı
ucalır.
Əgər turistlər Qazax
şəhərinin tarixi haqqında maraqlansalar, bələdçilərdən
bunları eşidəcəklər: “VIII əsrdə sərkərdə
Mərvan ibn Məhəmməd «Kasal» adlı
yaşayış məntəqəsi salıb. O dövrün ərəb
mənbələrində Qasak və ya Qazak adlanan bu yerin iri
yaşayış məntəqəsi olması qeyd edilir”.
Deməli, turistlər VIII əsrdə
salınmış bir bölgədə qədim memarlıq
abidələri çoxluğunun şahidi olacaqlar: Yuxarı Əskipara
kəndindəki məbəd (V-VIII əsrlər), Şəkərqala
məbədi (XV əsr), Qıraq Kəsəmənli kəndindəki
dairəvi qüllə (XVIII əsr), Qazax şəhərindəki
məscid, Poylu kəndində XIX əsr məqbərələr
qrupu, Qatır, Qızılhacılı, Kazım
körpüsü (hamısı XV əsrə aid), Xramçay
üzərindən salınmış Qırmızı
körpü (XII əsr). Bundan əlavə, günəşin
qızıl rəngli al şüalarında bərq vuran
«Qızıl qaya»ya baxan turistlər valeh olacaq.
Rayon ərazisində
maraqlı yerlər arasında Daş Salahlı kəndinin
yaxınlığında Avey dağında yerləşən
mağaralar turistlərin diqqətini xüsusilə cəlb edəcək.
Ona görə ki, arxeoloqlar burada qədim insan məskənləri,
əmək alətləri və silahlar aşkar ediblər.
Gəncədə olduğu
kimi turistlər Qazaxda da qədim, lakin hələ də fəaliyyətdə
olan hamamlara rast gələcəklər. Şəhərdə
zəngin ekspozisiyalı muzey fəaliyyət göstərir ki,
buranı gəzərək Qazax bölgəsinin qədimliyindən
xəbər tutacaqlar. Qonaqlara buradakı atçılıq
müəssisəsində yetişdirilən məşhur
dilboz atları seyr etmək də nəsib ola bilər.
Səyahət boyu
Qazağın həm də xalçaçılıq mərkəzlərindən
biri olduğu aşkarlanacaq. Rayonun bir çox sakinləri hələ
də bu ənənəvi xalq sənətini davam etdirir. Qazax
xalça məktəbinin məhsulları olan "Dağ Kəsəmən",
"Qazaxça", "Ağqoyunlu", "Dörd
Buynuz", "Damğalı", "Şıxlı", "Çobankərə",
"Borçalı", "Faxralı",
"Qaymaqlı" xalçalarına dünya bazarında
böyük tələbat var. Bu xalçalardan nümunələr
görmək üçün turistlər Qazax bölgəsində
səyahətlərinin trayektoriyasını genişləndirməlidirlər.Qazağa
səyahət edən turistlərə məlum olacaq ki, bura Azərbaycanın
bir sıra istedadlı şair, alim, aşıqlarının vətənidir.
Şairlərdən Molla Pənah Vaqif, Molla Vəli Vidadinin həyatını
əks etdirən muzeylərə, Səməd Vurğunun evinə
baş çəkmək də mümkündür. Turistlər
Azərbaycanda ilk müəllimlər seminariyasının
1918-ci ildə Qazaxda açılmasını da eşidəcək,
məşhur Qazax aşıqlarının nəğmələrini
dinləyə biləcəklər. Turistlər Novruz bayramı
ərəfəsində Yuxarı Salahlı kəndinə
baş çəksələr, Baharın gəlişini necə
qeyd olunduğunu əyani şəkildə görəcəklər.
Novruz bayramı ilə bağlı bütün adətlər
və mərasimlər Yuxarı Salahlı kəndində
xüsusi qayğı ilə qorunub saxlanılır.
Zəngin folklor nümunələri
ilə tanışlıqdan sonra Qazax mətbəxinin incilərini
ağız tamınıza uyğun duya bilərsiniz. Əsasən
sadə, lakin çox dadlı ət və xəmir məmulatlarından
hazırlanan yeməklərin dadını unutmaq elə də
asan deyil.
Bu üç şəhərə
virtual səyahət də ecazkardır. Amma unutmayaq ki, “Yüz
eşitməkdənsə, bir görmək
yaxşıdır”. Odur ki, yolunuzu bu qədim məkanlardan
salmağa çalışın. Şəhərlərin hər
biri ayrılıqda sizlərə qədim və orta əsrləri
yaşadacaq.
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 2 aprel.- S. 8.