Bir Səməndər vardı...

 

Əfsanəyə görə, Səməndər adlı bir quş var, o, odda yaşayır. Yanıb-yanıb kül olur. Lakin külün ortasındakı qor yumurtaya çevrilir və yenidən Səməndər quşu peyda olur.

 

41 yaş... Nə tez gəlib keçdi illər...Və ömrün qırx birinci baharı qəfil xəzana döndü...

Deyirəm, insanın yaşı onun həyatda uğur qazanmasında o qədər önəm kəsb etmir. Elə insanlar var ki, dünyaya söz, sənət fədaisi kimi gəlmişlər. Tarixə nəzər salaq: Mikayıl Müşfiq - 30, Əli Kərim - 37, Cəfər Cabbarlı - 35... və Səməndər Rzayev - 41...

Deməli, ədəbiyyatda, mədəniyyət və incəsənət səhifəsində imzanı təsdiq etmək üçün heç də uzun ömür yaşamaq əsas şərt deyil.

İnsanı şəxsiyyət kimi zaman yetişdirir, ona istiqamət verir. İnsanın ömrü isə Yaradanın əlindədir. Onun insana ömür olaraq verdiyi zaman kəsiyindən, baxır, kim necə istifadə edir, nəyə nail olur...

Görkəmli teatr və kino aktyoru Səməndər Rzayev qısa ömür yaşadı. Nağıl kimi yüyrək və qəfil bitən bir ömür. Amma o, qısa ömrü ilə həyatda, sənət tariximizdə böyük iz, kolorit qoyub getdi.

...1945-ci il, qışın oğlan çağı, yanvarın 2-də Ağsu bölgəsində Mənsim adlı kişinin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Adını Səməndər qoydular...

Hələ uşaq vaxtlarında kinoya, teatra maraq göstərən Səməndər, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil oldu. İnstitutda oxuduğu illərdə tanınmış sənətşünas-rejissorlar Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərovun mühazirələrini dinlədi. Elə tələbəlik illərində sənət adamlarının diqqətini çəkdi.

Səməndərin aktyorluq həyatı başlandı. Gənc aktyor qısa zamanda sənətdə əldə etdiyi nailiyyətlərlə minlərlə tamaşaçının qəlbinə yol tapdı. Yaratdığı bənzərsiz obrazlarıyla adını Azərbaycanın teatr və kino tarixinə həkk etdirdi.

Teatr səhnəsində oynadığı yaddaqalan rollarla yanaşı, 20-dən çox kinofilmdə çəkildi, 30-dan artıq televiziya tamaşasında müxtəlif obrazlar yaratdı. Onun bənzərsiz səs tembri, ifa dinamikası yaratdığı obrazlara məxsusi rövnəqlik verirdi.

Səməndər Rzayevin ecazkar səsi onun dublyaj etdiyi onlarla filmdəki rollara öz möhürünü vurdu. O, milli dublyajın korifeylərindən idi.

Səməndər Rzayev həm də bədii qiraət ustası idi, onun radioda təqdim etdiyi «Bulaq» xalq yaradıcılığı verilişini, həzin, kövrək və şirindillə səsləndirdiyi bayatı, qoşma və rəvayətləri xalq sevə-sevə dinləyərdi.

41 yaş... Səməndər Rzayev ömrü bu kiçik rəqəmin içinə sığsa da, sənəti, sənətkarlığı çərçivəsini qırdı, yaşam stereotiplərini dağıtdı. Onun sənət həyatında yaratdıqlarına baxanda adamın inanmağı gəlmir ki, belə bir zaman kəsiyində bu qədər uğurlara imza atmaq və minlərlə insanın sevimlisinə çevrilmək olar. Kim bilir, yaşasaydı, o, sənətdə daha hansı uğurlara imza atacaqdı?!

Amma ölüm istədiyi vaxt, istənilən kəsi ağuşuna alır. Hamı bir ömür yaşayır. Dünyaya gəlir və dünyadan köçür. Ancaq baxır taleyinə düşən ömür payını kim necə yaşayır? Bax, əsas məsələ budur.

O, payına düşən ömrünü əsl insan, əsl sənətkar kimi başa vurdu. Ömrünün son günlərini də tamaşaçılar və böyük sənət üçün yaşadı.

Günlərin birində xəstəhal olmasına baxmayaraq, teatra gəldi və «Həyatın dibində» tamaşasında səhnəyə çıxdı və... elə həyat səhnəsindəki son jestini də səhnədən etdi.

1986-cı il mart ayının 27-də - Beynəlxalq Teatr Günündə ölüm ağuşuna aldı Səməndəri. Beləcə, zamanın məhvərinə sığmayan bir insan ömrü bitdi. Yerini əbədi sevgi və xoş xatirələrə verdi...

 

 

Xədicə İsgəndərli,

fəlsəfə doktoru

 

Mədəniyyət.- 2010.- 2 aprel.- S. 4.