Atçılıq turizminin geniş inkişaf imkanları var
Turizmin mühüm istiqamətlərindən olan
atçılıq turizmi ölkəmizdə təşəkkül
tapdıqca bu sahədə problemlər də aradan qalxır. Mədəniyyət
və Turizm Nazirliyinin Şəki və Ağdamda
Atçılıq Turizm Mərkəzinin filiallarının
istifadəyə verilməsi, ötən il Şəki şəhərində
çövkən milli oyunu üzrə “Prezident Kuboku”
yarışının keçirilməsi bu istiqamətdə
görülən işlərin bir hissəsidir. Məlumdur ki,
Azərbaycan relyef baxımından atçılıq turizmi
üçün münasib məkanlardan sayılır. Bu
baxımdan da turizmin bu qolu respublikamızda getdikcə
inkişaf etməkdədir.
Bugünlərdə
Bakı Dövlət Cıdır Meydanında bu sahədə
daha bir yaddaqalan tədbirin - Azərbaycan Atçılıq
Federasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər
və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Kənd Təsərrüfatı
Nazirliyinin birgə təşkilatçılığı ilə
1-ci Milli Atçılıq Festivalının keçirilməsi
deyilənlərə bariz sübutdur.
Festivalın
açılışında çıxış edən Azərbaycan
Atçılıq Federasiyasının sədri Elçin
Quliyev bu sahədə görülən işlərdən
danışdı. Rəşid Behbudov adına Mahnı
Teatrının kollektivi öz musiqi nömrələri ilə
festivala rəng qatdı.
Festival çərçivəsində
ümumi mükafat fondu 15 000 manat olan cıdır
yarışları və çövkən üzrə
ölkə çempionatı və konkur üzrə “Bahar
kuboku” yarışları keçirildi.
Qeyd edək ki, festival
çərçivəsində keçirilən
çövkən oyunlarında Mədəniyyət və
Turizm Nazirliyinin Şəki və Ağdamın
Atçılıq Turizm Mərkəzlərinin komandaları
da iştirak edirdi. Şəki Atçılıq Turizm Mərkəzinin
komandası «Bakı -1» komandasını 7:0 hesabı ilə məğlub
etdi. «Ağdam» komandası isə «Bakı - 2»
komandasını 1:0 hesabı ilə məğlub etdi.
Çövkən oyunlarının qalibi isə «Şəki»
komandası oldu.
Festivalda iştirak edən
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
atçılıq turizminin inkişafı ilə bağlı
fikirlərini bildirdi. Azərbaycanda atçılıq
turizminin getdikcə inkişaf etdiyini vurğulayan nazir bu sahədə
kompleks işlərin görüldüyünü dedi: «Şəkidə,
Ağdamda Mədəniyyət və Turizm Nazirliyinin xətti
ilə atçılıq turizm mərkəzləri yaradılıb.
Bizim coğrafiyamız genişlənməkdədir. Əlavə
olaraq bir neçə rayonda bu tip mərkəzlərin
açılması nəzərdə tutulur, eyni zamanda, təbiət
qoynunda yerləşən bütün istirahət
zonalarında atçılığın inkişafı ilə
bağlı tövsiyələr və şərtlər
hazırlanaraq həmin obyektlərə təqdim olunub. Turizm
şirkətlərinin, komplekslərin nəzdində bir
neçə atların saxlanması, dağ gəzintilərinin
təşkili üçün imkanların yaradılması
bizim təqdim etdiyimiz şərtlərin arasında var».
Nazir birgə layihələrin
əhəmiyyətini də qeyd edərək, müxtəlif təşkilat
və idarələrlə əməkdaşlığın
genişləndiyini bildirdi. Onun sözlərinə görə,
1-ci Atçılıq Festivalının keçirilməsi bu
əməkdaşlığın nəticəsidir:
«Atçılıq Federasiyası ilə əməkdaşlığımız
bu sahədəki inkişafa kömək edəcək. Düşünürəm
ki, birgə layihələrin əhəmiyyəti daha
çoxdur və bu atçılıq turizminin
inkişafına da müsbət təsir göstərəcək».
Fehruz Şamıyev
Mədəniyyət.- 2010.- 2 aprel.- S. 3.