Gürcüstanda Azərbaycan-türk toponimləri

 

Onların bir çoxu artıq xəritədən silinib

 

Azərbaycan türklərinin yığcam yaşadığı qədim ən ünlü tarixi mahallardan biri Borçalıdır. Gürcüstan Sovet Ensiklopediyasının da etiraf etdiyi kimi, “Borçalısözü ən böyük türk tayfalarından birinin adı olub. Qədim türklər tayfaları (hunlar, buntürklər, barsillər, bulqarlar, xəzərlər, oğuzlar, qıpçaqlar, qarapapaqlar) Borçalıda miladdan öncə məskunlaşıb.

 

Borçalı tarixən türk-Azərbaycan dövlətlərinin tərkibində olsa da, Cənubi Qafqazın sovetləşməsindən sonra bu ərazinin bir hissəsi Ermənistanın (Lori bölgəsi), digər hissəsi isə Gürcüstanın tərkibinə daxil edilib.

1929-cu ildə Gürcüstanın tərkibindəki Borçalı qəzası ləğv edilərək üç rayona bölündü: Borçalı (Marneuli), Lüksemburq (Bolnisi), Başkeçid (Dmanisi). Borçalı adı 1949-cu ilədək saxlandıqdan sonra, indiki Marneuli toponimi ilə əvəzləndi. Gürcüstanın müstəqillik dövründə isə bu rayonların əsasında Kvemo-Kartli quberniyası yaradıldı.

 

Addəyişmə kampaniyasının başlanması

 

1940-1950-ci illərdən etibarən Borçalıdakı yer adlarına tətbiq olunan gürcüləşdirmə siyasətində əsas məqsəd yerli əhalini uzaq tarixi keçmişi ilə birləşdirən bağları qırmaq, sakinlərə bu bölgələrə gəlmə olduqlarını təlqin etmək milli-etnik kökə malik maddi-mənəvi abidələri dağıtmaq idi.

Araşdırmalar göstərir ki, Gürcüstandakı türk kökənli yer adlarının dəyişdirilməsi prosesi Bolnis (Bolnisi) bölgəsindən başlayıb: Qoçulu-Çapala, Cəfərli-Samtredo, Mığırlı-Vanati, İmirhəsən-Savaneti, Aşağı Qoşakilsə-Kvemo Arkvani, Muğanlı-Farizi, Kolagir-Surtava, Daşlıqullar-Muxrani, Həsənxocalı-Xidisquri, Əsmələr-Mskneti... kimi süni əvəzləmələr aparılıb.

Maraqlıdır ki, Gürcüstanın rəsmi dövlət qəzeti olanSakartvelos Respublika” 10 iyun 1992-ci il tarixli sayında türklərin tarixinə mənəviyyatına vurulan bu zərbəniTarixi həqiqətin zəfəriadlandırmışdı. Bolnisi rayonunun türk əhalisinin, eləcə onların respublikada təmsil olunduqları ictimai-siyasi təşkilatların rayon respublika rəhbərlərinə çoxsaylı müraciətləri, etiraz aksiyaları nəticəni dəyişdirmədi. Yerlərdəki bələdiyyələrin, kənd məclislərinin addəyişməyə etirazlarını ifadə edən qərarlarına da Gürcüstan rəhbərliyi məhəl qoymadı.

Bütün bunlara rəğmən rəsmi Tiflis iddia edirdi ki, addəyişmə məsələsinə türklər tolerant yanaşır. Gürcü araşdırmaçısı M.Komaxetiya yazır: “Eduard Şevardnadzenin tərəfdarları hesab edirdilər ki, 35 Azərbaycan kəndinin adının dəyişdirilməsi (1993-cü il) əhalini narahat etmədi. Hazırda kəndlər, yaxud da çaylar iki adlıdır. Biri rəsmidir (gürcücədir), ikinci azərbaycancadır yerli əhali gündəlik həyatında öz dilindəki adlardan istifadə edir ki, bu da öz növbəsində müəyyən problemlər yaradır”.

Müəllif bu vəziyyətin Gürcüstandaxili inteqrasiyaya mənfi təsir göstərdiyini etiraf edir: “Yerli əhali hesab edir ki, hakimiyyət bu yolla onların tarixi yaddaşını məhv etməyə cəhd göstərir. Bu da azərbaycanlıların inteqrasiyasına neqativ təsir göstərir”.

 

Ahıska türklərini gürcüləşdirmə siyasəti

 

İndiki Gürcüstan ərazilərində yığcam yaşayan başqa bir türk topluluğu isə bugünkü leksikonda Ahıska türkləri adlandırdığımız Ahıska, Adıgün, Aspinza, Axalgələk bölgələrində məskunlaşmış türklərdir.

Sovet hakimiyyəti yaradılandan sonra Ahıska qəzasında vəzifə başına keçən ermənilər gürcülər yerli türkləri sıxışdırmağa başlamışdılar. Erməni millətinin hakimiyyətdə olan nümayəndələri türklərin savadlı, qabaqcıl təmsilçilərini müxtəlif bəhanələrlə ya həbsxanalara saldırır, ya da Uzaq Sibirə sürgün etdirirdilər. Türk dünyasının görkəmli tarixi şəxsiyyətlərindən sayılan yazıçı-publisist siyasi xadim Ömər Faiq Nemanzadə 1921-ci il mayın 30-da Tiflis İnqilab komitəsinə bu məsələlər barədə geniş məlumat yazmışdı.

Bununla belə, ölkədə antitürk siyasəti davam etdirilirdi: bunun nəticəsi idi ki, 1924-cü ildən sonra Gürcüstandakı türk məktəbləri bağlandı. Ahıska türklərinin övladlarına gürcü dilində oxumağı, vəzifə başına keçmək istəyən nümayəndələrinə isə gürcü soyadları qəbul etməyi təklif edirdilər...

Gürcü millətçiləri bu sakinlərin milli-mənəvi aləmini rahat buraxmayaraq, türklərin toponimlərini «topa tutmağa» başlamışdılar. Qədim türk yer adlarını ya tamamilə dəyişir, ya da gürcüləşdirirdilər.

Bunlardan bəzi nümunələri diqqətinizə təqdim etmək yerinə düşərdi: Siryox - Sirioxi, Qurgəl - Qurgeli, Sür -Sviri, Cunta - Çvinta, Qurutuban - Kurtubani, An - Ani, Sxaltuba - Tekoltibila, Oral - Orali, Minazə - Minadze... (Ahıska rayonu üzrə), Səbuzər - Sabuzara, Beynarə -Benara, Varxan - Varxani, Sakraze - Tsaqradze, Abastuban - Abastumani, Adıgün - Adıqeni, Qorgül - Qorquli, Aral - Arali... (Adıgün rayonu üzrə), Qəmze - Kamza, Aşağı Oşora - Aşoranij, Van - Vani, Qoyundərə - Koiundara, Varxan - Varxani... (Aspinza rayonu üzrə), Azmana - Dzmana, Miraşxana - Miraşxani, Dabana - Dabania, Damğalı -Damkali, Kaxaşen - Qoqaşeni... (Axalgələk rayonu üzrə), Saramo - Saqamo (Boqdanovka rayonu üzrə).

Xatırladaq ki, sadaladığımız bölgələrdəki Ahıska türkləri 202 kənddə məskunlaşmışdılar və onların ümumi sayı 195 min nəfər təşkil edirdi.

1944-cü ilin noyabrında (A.Mikoyanın təhriki İ.Stalinin əmri ilə) bu xalq öz ata-baba ocaqlarından deportasiya edilərək, sovet (rus) əsgərinin tüfəngi altında vaqonlara doldurulub Orta Asiyaya, Ural dağlarına (Qazaxıstan, Qırğızıstan, Özbəkistan çöllərindəki sərt iqlim şəraiti olan ərazilərə) sürüldülər. Orta Asiyaya yetişənəcən yolda ölənlərin sayı 17 min nəfərə çatırdı. Yoldaykən bu çarəsiz türk toplumu çeçenlərin, qaraçayların Ermənistan (əzəli Qərbi Azərbaycan) türklərinin bu cür aqibətlə üzləşdiyindən danışır, bununla da təskinlik tapırdılar...

 

 

Xaqani İsmayıl,

tədqiqatçı

 

Mədəniyyət.- 2010.- 7 aprel.- S. 14.