Bölgələrimizin ədəbi mühiti
Əyalət yazarlarına yaradıcılıq
stimulu vermək lazımdır
Etiraf etsək
də, etməsək də, illərdir bölgələrdə və
paytaxtda yaşayan yazarlarımız arasındakı
əlaqə sanki qırılıb. Odur
ki, əyalətdəki
yazarların üzləşdiyi
problemlərdən söz
açmaq ehtiyacındayıq.
Əlbəttə, o da bəllidir ki, son illər həm paytaxtda, həm də bölgələrdə kitaba
maraq zəifləyib, kitab mağazalarının
sayı azalıb. Bu
yaxınlarda Yazıçılar
Birliyində keçirilən
tədbirlərdən birində
qurumun katibi, dünyaşöhrətli yazıçı
Çingiz Abdullayev təəssüflə belə
bir statistik hesablamanı diqqətə
çatdırdı ki,
Azərbaycanda əhalinin
8 faizi kitab oxuyur. Təbii ki, kitabın oxunmadığı bir cəmiyyətdə yazmağa
da həvəs qalmır.
Bir müddət əvvəl
«Milli Kitab Mükafatı» layihəsi
çərçivəsində bəzi bölgələrdə
olduq, bu vəsilə ilə yerlərdəki yazarlarla tanışlıq imkanı
əldə etdik.
Məlum oldu ki, bölgələrdə
ədəbi kontingent elə paytaxtdakı kimi yekcins deyil. Məsələn,
Qubada 12 ildir fəaliyyət göstərən
“Ay işığı”
ədəbi məclisində
məktəblidən tutmuş
ağsaqqaladək ən
müxtəlif nəsillərin
nümayəndələrinə rast gəlmək olar.
Bölgələrdə ədəbi dərnəklər
fəaliyyət göstərsə
də, onların səviyyəsi ürəkaçan
deyil. Konkretləşdirsək,
dərnək üzvlərinin
böyük əksəriyyəti,
ən yaxşı halda, ötən əsrin 60-70-ci illər ədəbi nəslinin yazdıqlarını bu və ya digər
şəkildə təkrarlayırlar.
Oxucular isə Bəxtiyar Vahabzadədən,
ya da Nüsrət
Kəsəmənlidən başqa,
demək olar ki, heç kəsi tanımırlar. Dünya ədəbiyyatı
ilə tanışlıq
səviyyəsi, ümumiyyətlə,
ağrılıdır.
Təbii ki, əyalətdə yaşayan yazarın imkanları paytaxtda yaşayan həmkarı ilə eyni deyil. Bölgələrdəki
yazarların “aclığını”,
bir qayda olaraq, “525-ci qəzet”in şənbə sayı ödəyir ki, bu da
yetərli deyil. “Ulduz”, “Azərbaycan” kimi ədəbiyyat jurnallarının cəmi
100-120 nüsxəsi rayonlara
(bir rayona ən yaxşı halda 2 jurnal düşür) göndərilir.
Deməli, bölgədə
yaşayan yazar ciddi ədəbi informasiya «aclığı»
keçirir.
Maraqlıdır ki, əyalətdə yaşayan
yazarlarımızın böyük
əksəriyyəti şeir
yazır. Adətən
vətənpərvərlik və məhəbbət mövzularına üstünlük
verirlər. Nə yazıq ki, bu sırada poeziyadan uzaq nümunələrə də
tez-tez rast gəldik.
Yazarların paytaxtla əlaqələri sıx
deyil. Bakıda keçirilən ədəbi
tədbirlərə qatılmaq
isə maliyyə və vaxt itkisidir.
Nəzərə alsaq
ki, şeir və ya nəsr
bizdə hələ pul gətirmir, deməli, Bakıya gəlmək üçün
əyalətdə yaşayan
yazar öz cibindən xərcləməlidir.
Bakıdakı yazarlar
isə bölgələrə
nadir hallarda üz tuturlar. Bu səfərlər, bir qayda olaraq,
şəxsi xarakter daşıyır.
Problemlər barədə bu qədər. Onların aradan qaldırılma yollarına gəlincə,
bu da məlumdur:
əyalətdə yaşayan
yazarların yaradıcılığına
stimul verəcək müxtəlif ədəbi
müsabiqələr keçirmək,
paytaxtda yaşayan yazarların regionlara səfərlərini təşkil
etmək, rayonlarda çıxan qəzetlərdə
ədəbiyyat səhifələrinin keyfiyyətini
artırmaq.
Onu da qeyd edək
ki, Mədəniyyət
və Turizm Nazirliyi bu istiqamətdə
tədbirlər həyata
keçirir. İlk addım kimi ədəbi müsabiqə
başlayıb. Deməli,
bölgələrdən maraqlı
ədəbiyyat nümunələri
və yeni yazarların meydana çıxmasını gözləməyə
dəyər.
Rəbiqə Nazimqızı
Mədəniyyət.- 2010.- 7 aprel.- S. 13.