Əbədiyaşar sənətkar

 

Dosye:

 

Azərbaycan və SSRİ Xalq artisti Ələsgər Hacağa oğlu Ələkbərov. 1910-cu il martın 26-da Bakıda yoxsullaşmış tacir ailəsində doğulub. İbtidai təhsilini Bakı Realnı Məktəbində alıb. Uşaqlıqdan şeirə, teatra, kinoya həvəs göstərən Ələsgər, 1924-cü ildən Əbilov adına klubda həvəskar aktyor kimi fəaliyyət göstərib. Onun fitri istedadı, gözəl qaməti, gur səsi klubun dram dərnəyinin rəhbərlərinin ilk gündən diqqətlərini cəlb edir. Onlar Ələsgərin gələcəkdə böyük aktyor olacağına şübhə etmirdilər.

 

Ə.Ələkbərov aktyor və rejissor İ.Hidayətzadənin məsləhəti ilə 1927-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Texnikumda təhsil aldığı illərdə onu Bakı Türk İşçi Teatrında işləməyə dəvət edirlər. 1930-1933-cü illərdə Tiflis Azərbaycan Teatrı və Gəncə Dram Teatrında, 1933-cü ildən ömrünün sonunadək indiki Azərbaycan Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Onun milli teatrda ən böyük sənət qələbələri Otello və Vaqif obrazlarıdır. Aktyor Vaqif rolunda 500 dəfədən çox səhnəyə çıxıb.

 

Ələsgər Ələkbərov Azərbaycan teatr və kinosunun o korifey sənətkarlarındandır ki, onun yaradıcılıq nüfuzu ürəkləri fəth etməyi bacaran qəhrəmanlarla təsdiq olunub. Böyük sənətkar yaratdığı obrazlar qalereyasında bu statusu daim saxlaya bilib.

Ələsgər Ələkbərov aktyor kimi qəhrəman ampluasına aparan yol gözəgəlimli xarici görünüşü, gur səsi ilə bağlı idi. 37 yaşlı gənc Ələsgər qubalı Fətəli xan obrazı ilə bizi necə heyran etdi. Yaxud «Kəndlilər»də aşıq Göydəmir, «Uzaq sahillərdə»ki partizan hərəkatının başçısı Ferrero, «Səhər»də milyonçu Rəhim bəy, «Böyük dayaq»da Rüstəm kişi. Aktyorun bu filmlərdə yaratdığı obrazlar Azərbaycan kino tarixində xüsusi yer tutur.

«Fətəli xan» filmi ideoloji təbliğat vasitəsi kimi yaradılmışdı. Yəni burada Azərbaycanın Rusiya ilə birləşdirilməsi, bununla da ölkənin «İran və Türkiyənin təcavüzündən» xilas olması ideyası ön plana çəkilmişdi. Buna baxmayaraq Fətəli xanın ekrandan gur səslə «...Azərbaycan vahid olmalıdır. Əgər birləşməsək, İran bizə qalib gələcək. Vətən - Ərdəbil, Təbriz dərd içindədir... Toya bütün xanları dəvət edəcəyəm. Həmin gün ittifaq barədə məsələ qaldıracağam. And içirəm ki, mənim həyatım sənə həsr olunub, Azərbaycan!» deməsi onun kimliyini, vətənə sədaqətini açıb göstərir.

Filmdə XVIII əsrdə Azərbaycanın çətin ictimai-siyasi vəziyyəti ilə bağlı vətənin müdafiəsinə qalxan Fətəli xanın simasında ağıllı, düşüncəli dövlət xadimini, qəhrəman sərkərdəni görürük. Xəyanət nəticəsində çıxılmaz vəziyyətlərə düşsə də o, müdrikliyi və uzaqgörənliyi sayəsində ona qarşı çevrilmiş düşmən qüvvələri dəf edir. Ə.Ələkbərovun ifasında Fətəli xan vətənpərvər və qeyrətli bir insan kimi tamaşaçıların yaddaşına həkk olunub.

Görkəmli aktrisamız Leyla Bədirbəyli həmkarı Ə.Ələkbərov barəsində xatirələrində belə yazmışdır: «Ələsgər Ələkbərov sözün tam mənasında səhnə üçün, sənət üçün doğulmuşdu. Bu mahir aktyoru səhnədə bir dəfə görən heç zaman unutmurdu. O, vüqarlı səhnə surətlərinin - Elxan, Aydın, Otello, Vaqif, Fərhad və Cavanşirin ülvi hisslərini coşqun məhəbbətlə yaratmışdı. O, yüz dəfə, min dəfə Otellonun, Vaqifin faciəsini öz faciəsi kimi yaşamış və bu «ölümlərlə» ölməzlik qazanmışdı».

Ələsgər Ələkbərov sənətkar kimi kamilləşdikcə kinoda və teatrda bir-birinin ardınca müxtəlif səpkili, dərin məzmunlu obrazlar yaradıb.

Onun çoxşaxəli yaradıcılığında ekran rolları xüsusi yer tutur. İlk dəfə kinoya 17 yaşında gələn aktyor «Vulkan üzərində ev» filmində neftçi Həsən rolunda çəkilib.

Filmin əsasını olmuş əhvalatlar - 1907-1908-ci illərdə Bakı quberniyasının Zabrat neft mədənlərində və onun yaxınlığında fəhlə-neftçilər üçün salınmış komalarda baş verən faciəli hadisələr, Bakı neft mədənlərində çalışan fəhlələrin çətin və acınacaqlı həyat şəraiti, müxtəlif millətlərdən olan neftçilərin dostluğu təşkil edir. O vaxtı film səssiz idi. Ona görə də burada gənc Həsənin hiss və həyəcanı mimika və jestlər, gözlərindəki narahatçılıq vasitəsilə tamaşaçılara çatdırılmışdır.

Bundan sonra Ələsgər Ələkbərov «Lətif» filmində kolxoz sədri Qurban, «Altıncı hiss»də mühəndis, «Almaz»da Fuad, «Yeni horizont»da Aslanov, «Qara Daşlar»da İsmayılzadə, «Kölgələr sürünür»də Sərdarlı, «Ögey ana»da Hüseyn dayı, «Leyli və Məcnun»da Şeyx Əmir, hətta A.Dovjenko adına Kiyev kinostudiyasında istehsal olunmuş iki seriyalı «Varislər» filmində padre Aqilla rollarında çəkilmişdir.

Ə.Ələkbərov «Lətif», «Ögey ana» və «Böyük dayaq» filmləri ilə müxtəlif illərin bir-birindən fərqlənən kolxoz sədrlərinin surətlərinin də müəllifidir.

Rüstəm kişi - Ə.Ələkbərov böyük və qabaqcıl bir kolxozun sədridir. O, zahirən zabitəli, hökmlü nəzərə çarpsa da, təmiz vicdanlı, safürəkli, xeyirxah bir adamdır. Rüstəm kişi xalqın içərisindən çıxıb, xalq üçün çalışır. Lakin son zamanlar o, xalqın iradəsinə, gücünə inanmır, arxalanmır, hətta bəzən özünü ondan üstün tutur. Bu zəif cəhətinə görə də yaltaq, əliəyri adamların toruna düşür, onların sözlərinə inanıb namuslu kolxozçulardan üz döndərir. Nəhayət, öz səhvinin qurbanı olur. Çətin anda yenə də xalq ona dayaq olur. Rüstəm kişi təcrübəli, zəngin təbiətli təsərrüat başçısı olsa da, ziddiyyətli obrazdır. Aktyor düşdüyü çətin vəziyyətlə bağlı qəhrəmanının keçirdiyi psixoloji sarsıntıları, daxili aləmində gedən təbəddülatı, nəhayət, həqiqəti dərk edərək özündə qüvvə tapıb yenidən xalqa arxalanmasını ekranda sənətkarlıqla canlandırmışdır.

Ələsgər Ələkbərovun «Kəndlilər» filmində yaratdığı aşıq Göydəmir obrazı onun maraqlı işlərindəndir. Bu film çəkilərkən artıq Azərbaycan kinosuna bir neçə il idi ki, səs gəlmişdi. Aktyorlar öz fikirlərini, düşüncələrini nitq vasitəsilə ifadə edə bilirdilər. Tamaşaçılar da ilk dəfə aktyorun səsini məhz bu filmdə eşitdilər.

Tarixi-inqilabi janrda çəkilmiş «Kəndlilər»də əgər əvvəllər aşıq əlində saz həmyerlilərinin ağır güzaranından mahnılar oxuyurdusa, sonradan o, əlinə silah götürüb inqilabi hadisələrin burulğanına düşür. Göydəmir hadisələrin inkişafı prosesində adi kənd aşığından mübariz inqilabçıya çevrilir.

Ümumiyyətlə, aktyor təkcə xarici görünüşü və gözəl səsi ilə uğur guşəsində çox qərar tuta bilməz. Ə.Ələkbərov bu baxımdan fərqli sənətkar idi. Yəni o, həmişə öz üzərində gərgin işləyir, istedadını zəhməti hesabına daha da təkmilləşdirirdi. Nəticədə biz aktyorun simasında yüksək səviyyəli ustalıq, sənətkarlıq görürük, ifaçının şəxsiyyətinin dərinliyini hiss edirik, aktyorun imkanlarının diapazonunun genişliyinin şahidi oluruq.

Müqayisə edək: «Uzaq sahillərdə» filmindən yaxşı tanıdığımız partizan hərəkatının başçısı, hər bir partizanın qeydinə qalan, onlara atalıq qayğısı göstərən Ferrero və «Səhər» filmindəki Rəhim bəy, hətta öz doğma oğlunun xoşbəxtliyinə belə mane olan hökmlü milyonçu Rəhim bəy. «Leyli və Məcnun» filmindəki Şeyx Əmir, oğlunun ruhi xəstə olduğunu zənn edib onu müqəddəs yerlərə ziyarətə aparan ata və «Böyük dayaq»dakı Rüstəm kişi, oğlu Qaraşla gəlini Mayanı özünün qoyduğu köhnə qayda-qanunlara tabe etdirməyə çalışan, həyatda necə yaşamağı cavanlara öyrədən ötkəm ata. «Yeni horizont» filmindəki Aslanov, gənc geoloq Murad Səmədovla qocaman alim, Muradın müəllimi, professor Əhmədov arasında elmlə bağlı yaranan kəskin münaqişəni aradan qaldırmağa müvəffəq olan partiya komitəsinin katibi və «Kölgələr sürünür»dəki öz vicdanına xəyanət edən alim Sərdarlı. Realist aktyor Ə.Ələkbərov hər bir qəhrəmanı üçün ona xas olan cizgilər, ştrixlər axtarıb tapır, onları tamaşaçıya sevdirə bilir.

Ələsgər Ələkbərovun kino fəaliyyəti ərzində ən uğurlu işlərindən biri də «Uzaq sahillərdə» filmindəki Ferrero obrazıdır. Bu film kinoda qeyri-standart xarakterin dialektikasını dərk etmək bacarığına malik yeni Ələsgər Ələkbərovu bizə təqdim etdi. Onun dərin düşüncəli qəhrəmanı rəhbərlik etdiyi partizanlardan hər birinə ata nəvazişi ilə yanaşır, onlara qayğı göstərir. Lakin komissar mehriban, təmkinli olduğu qədər də sərtdir, ciddidir. Mehdinin Karranti tərəfindən bıçaqlanıb aradan çıxdığını eşidəndə özünə yer tapa bilmir, nə qədər qəzəblənsə də təmkinini pozmur. Təcili olaraq dəstənin yerini dəyişməsi barədə göstəriş verir. Qəlbində faşistlərə nifrəti aşıb daşan Ferrero məhz beləcə-qayğıkeş insan və cəsur komissar kimi yadda qalır.

Müxtəlif dövrlərin və nəsillərin personajlarını təcəssüm etdirən aktyor onları özünün daxilindən keçirirdi. Aktyorun yaradıcılıq imkanları hərtərəfli inkişaf etdikcə, realist sənətkar kimi püxtələşdikcə yaratdığı obrazlar da dolğunlaşır və zənginləşirdi. Bu da Ələsgər Ələkbərov qəhrəmanlarının əbədi yaşamalarına səbəb olmuşdur. Ə.Ələkbərov yaradıcılığınıın daha bir xüsusiyyəti: aktyorun ilhamla yaratdığı müxtəlif səpkili, müxtəlif xarakterli qəhrəmanlar ləyaqətdən, fədakarlıqdan, nəciblikdən, ən əsası insana inamdan yoğrulmuşlar.

 

 

Aydın Kazımzadə,

Əməkdar incəsənət xadimi,

kinoşünas

 

Mədəniyyət.- 2010.- 7 aprel.- S. 10.