Kəndlə şəhərin
qovuşduğu məkan
Bakının 14 kilometrliyindəki
böyük təpənin
yamacında bir kənd yerləşir. Bura Xırdalan
kəndidir. Kəndin ətrafında artıq böyük bir şəhər ucalıb.
Bu isə Xırdalan şəhəridir.
Beləcə, qədim
tarixdən bu günə - kənddən
şəhərə maraqlı
keçid alınır.
Biz də bu məkana - şəhər içindəki
kəndə, dünənlə
sabahın görüşdüyü
kənd içindəki
şəhərə baş
çəkdik.
Ticarət mallarının xırd
edildiyi yer
Xüsusi memarlıq məktəbinə
malik olan Abşeronun tarixi abidələri tipik xüsusiyyətlərinə görə
seçilir. Eyniadlı yarımadada yerləşən
rayonun tarixi abidələri əsasən
orta əsrlərdə
tikilmiş məscidlər,
türbələr, qalalar,
hamamlar və ovdanlardır. Ərazinin fərqli quruluşunu və genişliyini nəzərə alıb, təqdimata Xırdalan şəhərindəki abidələrdən
başladıq.
Bələdçimiz isə söhbətində
Abşeron rayon Mədəniyyət
və Turizm şöbəsinin məsləhətçi-inspektoru
Etibar Muradov oldu. O, ərazidəki bəzi tarixi abidələrin dövlət
tərəfindən bərpa
olunduğunu, bəzilərində
isə bu işin planlaşdırıldığını
qeyd etdi: “Abidələrin əksəriyyəti
bərpa olunub. Lakin bu işi
təkcə dövlətin
üzərinə qoymaq
düzgün deyil. Xeyriyyəçilər, sahibkarlar
da bərpa prosesinə qoşulmalıdır.
Çünki ərazidə
olan tarixi abidələr sırasında
məscid və hamamlar çoxluq təşkil edir. Onların bir çoxunu bərpa etməklə xidmətlərindən
yenidən istifadə etmək mümkündür».
Bələdçimizin Xırdalanın
tarixi haqqında verdiyi qısa məlumat da maraqlı oldu: “Qədim yaşayış
məskənlərindən olan Xırdalanın adı yerli sakinlərin dilində çox vaxt “xır dalı”,
yəni “əkin yerindən dala” kimi mənalandırılır.
Bəzi mülahizələrdə
isə bu yerin adı “xur”, yəni “qeyri-adi od” mənasını
verir. İkinci versiya “xırd və alan” mənası
üzərində meydana
gəlib. Bu versiyanın tərəfdarları
Xırdalanın karvan
yolunun üzərində
yerləşməsini və
Bakıya gələn
tacirlərin buradakı
böyük karvansaralarda
gecələmələrini, bazarlarda alış-veriş
etmələrini nəzərə
alıblar”.
İnsanların ərazidə məskunlaşma
prosesinin maraqlı cəhətləri olub. Belə
ki, Xırdalanın ilk sakinləri indiki şəhərdən
6 kilometr qərbdə,
təxminən XIV əsrdə
«Kültəpə» adlanan
ərazidə yaşayıblar.
Lakin Keçəldağ
palçıq vulkanının
tez-tez püskürməsi
nəticəsində əhali
təşvişə düşərək
oranı tərk edib. Əhalinin növbəti qayıdışı
XVII əsrin sonlarından
başlayıb. Onlar köhnə kəndin yerindən üzü günçıxana doğru
- Ziyiltəpənin ətəyində
yeni kənd salaraq Xırdalanı bərpa ediblər”.
Sovetləşmənin məscid qiyamı
Həqiqətən də Xırdalanda yerləşən iki mühüm tarixi abidə sahibkarların köməyi ilə təmir olunub. Etibar
müəllimin verdiyi
bu məlumatlardan sonra Xırdalan şəhərində yerləşən
və XIX əsrin sonlarında tikilən məsciddə və İmambaxış hamamında
olduq. Məlum oldu ki, tarixin
müxtəlif mərhələlərində
əhali təbii fəlakətlərlə əlaqədar
yaşayış yerini
dəyişdirdiyindən burada
abidələr azdır.
Abşeron memarlıq məktəbinin
tipik xüsusiyyətlərini
özündə əks
etdirən məscid
1884-cü ildə Axund
Hacı Molla Qafur Molla Ələsgər
oğlunun təşəbbüsü
və kəndin imkanlı adamlarının
vəsaiti hesabına tikilib. Tikintidə istifadə olunan
daşlar at-araba ilə Alatava və Güzdəkdən daşınıb. Şirvan-Abşeron
məscidlərinə xas
asimmetrik tək minarəsi olan Xırdalan məscidinin əsas binası daxili ölçüləri
12-16 metr olan böyük ibadət zalı və 2 yan otaqdan ibarətdir.
İkimərtəbəli məscidin
böyük ibadət zalının ortasında ornamentlə və yazılarla bəzədilmiş günbəz
vardır. Məscidin tavanı isə interyerə xüsusi yaraşıq verən 6 ədəd sütun üzərində dayanır.
Sütunların tikilməsində
inşaat materialı kimi bütün kənd əhalisindən yığılmış yumurtaların
sarısından istifadə
edilib. Məscidin minbəri 1899-cu ildə Hacı Hümbətəli
adlı kənd sakini tərəfindən məscidə hədiyyə
edilib.
Xırdalan məscidi də sovet dövründə
çətin sınaq
yaşayıb. Belə
ki, abidənin həyətindəki köhnə
minarə 1937-ci il repressiyasının qurbanı
olub. Onun daşları sökülərək
Xırdalan kənd məktəbinin tikintisində
istifadə edilib. Özü isə kolxozun taxıl anbarına çevrilmiş
məscid, keçən
əsrin 90-cı illərində
yenidən dindarların
öhdəsinə verilib.
Hazırkı tək minarə isə 1999-cu ildə inşa olunub.
Saxta qızılı
aşkar edən hamam
Ərazidəki digər tarixi abidə 1897-cü ildə
Məşədi İmambaxış
tərəfindən tikilmiş
və onun adını daşıyan
hamamdı. 1964-cü ilədək
əhalinin istifadəsində
olan hamamın, sən demə, başqa bir funksiyası da olub. Hamam daxilindəki
quyu möcüzəli
bir xüsusiyyəti ilə fərqlənib. Quyunun suyunda xalis qızılla qəlp qızılı çox asanlıqla aşkar etmək mümkün olub. Qızılın xalis və ya saxta
olmasını kənd
camaatı burada aşkarlayıblar. İnsanlar
bunu quyunun suyuna salınan saxta qızılın dərhal qaralması ilə biliblər.
Qızılın qəlpliyini
ayırd edən hamamın istifadəsi düz 45 il
dayanıb və ətrafda yaşayan sakinlərin zibilxanasına
çevrilib. Yerli
xeyriyyəçi Ağabala
Xalıqov tarixi əmanətə bigənə
qala bilməyib. Öz vəsaiti hesabına hamamı əsaslı təmir etdirmək qərarına gəlir və bu fikrini müvafiq
təşkilatlara, səlahiyyətli
şəxslərə bildirib.
Təşəbbüs bəyənilib,
rəsmi icazə alındıqdan sonra mütəxəssislərin iştirakı
və məsləhəti
ilə işə start verilib. Abidənin ilkin görkəminə azca da olsa müdaxilə
edilmədən yüksək
səviyyədə bərpa
işləri qısa müddətdə başa
çatdırılıb. Hamamın girəcəyində
divarda qara mərmər löhvə abidənin dövlət tərəfindən qorunması
göstərilməklə onu
inşa etdirən Məşədi İmambaxışla
bərabər, 2009-cu ildə
bərpa işlərini
aparan Ağabala Xalıqovun (Fərhad Xalıqovun atası) da adı qeyd
olunub.
Ehsan xarakterli ovdanlar
Xırdalanda tarixi abidə kimi ovdanlara da rast gəlinir.
Onlardan biri də Hacı Həsən ovdanıdır. Bunlar artıq
öz funksiyasını
itirərək sırf
tarixi abidə xarakteri daşıyır.
İçməli suya həmişə
ehtiyac olduğundan həmin tələbatı
ödəmək məqsədilə
tikilən ovdanlar bir qayda olaraq
maili quyu şəklində qazılırdı.
Ovdana enmək üçün
20-25 pilləsi olan daş pilləkən hörülüb. Yağış suyu ovdana yığılır
və əhali həmin suyu duruldaraq ondan içməli su kimi istifadə edirdi. Ovdanın üstü naxışlı
tağla örtülü
olur. Bu da
yoldan keçən zəvvarlara yaxınlıqda
su quyusunun olduğunu bildirirdi. Ovdanların tikilməsi bir qayda olaraq ehsan
xarakteri daşıyıb.
Elə Hacı Həsən də vaxtilə ovdanı bu niyyətlə özündən
yadigar saxlayıb.
Sonda onu qeyd edək
ki, Xırdalanın tarixi baxımdan kənd hissəsi nə qədər maraqlıdısa, şəhər
hissəsi bir o qədər cəlbedicidi. Bir sözlə,
bir-birilə qovuşan
kənd və şəhər Xırdalanın
qonağı olmağa
dəyər. Çünki kəndlə şəhəri
birləşdirən mənzərə
daha cazibədardır.
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 7 aprel.- S. 9.