Ekoloji turizm- sağlam istirahət və təbiəti mühafizə
Müasir dünyada turizmin
sürətlə inkişaf
etməsi, turizm sənayesinin geniş infrastruktur şəbəkəsi,
insanların istirahəti
üçün böyük
imkanlar yaratmaqla yanaşı, bir sıra problemlər doğurub. Bu problemlərdən biri də ekologiya və ətraf mühitin mühafizəsi
məsələsidir. Gözəl
təbiət, cəlbedici
landşaft, təmiz hava, göl və çaylar, çimərliklər, meşə
sahələri - bütün
bunlar turizmin inkişafı üçün
başlıca təbii
sərvətdir.
Lakin turizm sənayesi genişləndikcə
bu təbii sərvətin istismar olunması, ətraf mühitin çirklənməsi
təhlükəsi də
artır. Odur ki, turizmin ekologiyaya
olan zərərli təsirini tamamilə aradan qaldırmaq müasir turizm sektorunun qarşısında
duran mühüm vəzifələrdəndir. Bu
baxımdan ekoloji turizmin (ekoturizm) inkişaf və təşviq etdirilməsi
mühüm önəm
kəsb edir.
Ekoturizm insanların
dincəlmək, istirahət
etməklə yanaşı,
ətraf mühit qarşısında məsuliyyətini
dərk etməsini, təbiətin gözəlliklərindən
zövq almaqla bərabər, onu qorumaq mədəniyyətini
də özündə
ehtiva edən turizm növüdür. Təsadüfi deyil ki, son dövrdə
turizm sənayesi yüksək inkişaf etmiş bir sıra ölkələrdə
insanlar artıq ənənəvi turizmdən
imtina edərək ekoloji turizmə daha çox meyil göstərirlər.
Özü də turizmin bu növünün
inkişafı geniş
maliyyə imkanları
və gəlirlərlə
müşayiət olunur.
Məsələn, ABŞ-da
ekoturistlərin milli parklara gəzintisindən ölkə büdcəsinə
milyardlarla dolla vəsait daxil olunur.
Azərbaycanda ekoturizm üçün böyük
potensial mövcuddur. Turizm şirkətləri ölkə ərazisindəki
milli parklara ekoturlar təşkil edirlər. Lakin hələlik bu sahənin geniş inkişafından danışmaq
mümkün deyil. Bəs turizm müəssisələri ekologiya
məsələlərini necə
həll edir, onların həllində müəssisə rəhbərliyi
nə dərəcədə
maraqlıdır?
Respublika Turizm və Ekskursiyalar Şurasının sədr
müavini Sabir Rəhimovun bildirdiyinə görə, son illərdə
bu sahədə müəyyən qanunvericilik
tədbirləri daxil olmaqla, turizm sektorunda ətraf mühitin mühafizəsi
yeni səviyyəyə
qalxıb: «Avropa İttifaqı “Ekoloji menecment və təftiş sistemində şirkətlərin könüllü
iştirakı haqqında”
əsasnamə hazırlayıb.
Avropa ölkələrinin
ekologiya menecmenti sistemi turizm müəssisələrində ekotəftişlərin aparılması,
turizm müəssisələri
tərəfindən xammal,
su, elektrik və istilik enerjisinə qənaət olunmasına köməklik
və s. tədbirləri
nəzərdə tutur».
Mütəxəssis deyir ki, ekoloji menecmentin
metodikasına uyğun
olaraq, müəssisələr
turizm xidmətləri
göstərərkən, ərzağın
və inventarların alınmasından başlayaraq,
gündəlik praktiki
məsələlərin həllinə
qədər, öz fəaliyyət dairəsinə
ekologiya məsələlərini
də daxil etməlidirlər: «Turizm müəssisələrinin idarə
edilməsinə ekoloji
üsulların tətbiq
olunması turizm sənayesi üçün
yeni bir işdir. Beynəlxalq
səviyyədə ekoloji
məsələlərin ardıcıl
və münasib idarə edilməsinin təməlində ekoloji menecment sistemi durur».
S.Rəhimov bildirir ki, bu gün
Azərbaycanda turizm sənayesi müəssisələri
tərəfindən ekoloji
idarəetmə üsullarının
tətbiqində Avropa
ölkələri təcrübəsi
və standartları nəzərə alınmalıdır.
Onun sözlərinə
görə, «Turizm haqqında» Azərbaycan Respublikasının Qanunu və “Turist-ekskursiya xidmətləri” Dövlət
standartı ekologiya məsələlərinə praktiki
olaraq toxunmur. Azərbaycan Respublikasının
“Turist-ekskursiya xidmətləri.
Turist xidmətləri.
Ümumi tələblər”
Dövlət standartında
(maddə 4.2.2) qeyd olunur ki, turizm
xidmətlərinin təşkili,
ətraf mühitin pisləşməsinə (ərazinin
çirklənməsi, bitki
örtüyünün tapdanması,
ağac və kolların zədələnməsi
və yandırılması
və s.) təsir etməməlidir.
2010-cu ilin Azəbaycanda
«Ekologiya ili» elan edildiyini nəzərə aldıqda
bu tələbin təxirəsalınmaz həlli
arzuolunandır».
Turizm marşrutlarında
ekoloji təhlükəsizlik
nəzərə alınmalıdır
Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri,
dosent Bahadur Bilalov isə qeyd edir ki,
turizmin iqtisadi səmərəsi hər kəs üçün aydın olsa da, çoxları bu sahənin inkişafının ekologiya
üçün mənfi
təsiri haqqında məlumata malik deyil. Bu səbəbdən də əksəriyyət turizmə,
sadəcə, bir gəlirli sahə yanaşırlar: «Dünya
təcrübəsinə diqqət
yetirsək görərik
ki, hələ ötən əsrin
70-80-ci illərində tədqiqatçılar
turizmin ekologiyaya mənfi təsiri barədə həyəcan
təbili çalmağa
başlayıblar. Bu problemin həlli təbii resurslardan turizm məqsədli istifadə zamanı müxtəlif təsir vasitələrinə malik
olan sistemli yanaşma tələb edir. Dərk etmək lazımdır ki, təbiəti qorumaq, onu həm
də turizmin gələcək inkişafı
üçün saxlamaq
ən vacib problemlərdəndir. Ekoloji
tarazlığın pozulması
zaman keçdikdən
sonra özünü büruzə verir. Turizm məqsədilə ətraf mühitdən nəzarətsiz istifadə
onun məhvinə gətirib çıxarır
və təbiət gələcək nəsillər
üçün itirilir».
B.Bilalov dünya
ölkələrinin təcrübəsinə
nəzər yetirməyi
məsələhət görür:
«Böyük Kanyon Milli Parkı (ABŞ) turistlərin həddindən
artıq gəlməsi
səbəbindən çirklənib
və öz cəlbediciliyini itirib. Şərqi Afrikadakı bir çox əyləncə parkları
dördtəkərli arabalarda
əylənən turistlər
tərəfindən toz
təpələrinə çevrilib.
Sanitar normalara əməl edilməməsi
və zibillik Tailanddakı çimərlik
kurortlarına ciddi ziyan vurub. Kamçatkadakı
çox nadir termal mənbələr nəzarətsiz turist axını səbəbindən
temperatur balansının
pozulması, bəzilərinin
isə fontan vurmasının dayanması
ilə üzləşib.
Tez-tez turizm və ekologiyanın qarşılıqlı münasibətində
üstünlük iqtisadiyyata
verilir. Hesab edilir ki, ətraf
mühitin qorunması
problemləri iqtisadi problemlərdən sonra həll edilməlidir. Əslində isə bu məsələ əksinə olmalıdır.
Bir qayda olaraq turistləri məhz ekoloji təmiz regionlar cəlb edir, çünki burada onlar tam sağlam
istirahət və təbiətlə təmasdan
estetik təəssürat
əldə edə bilirlər. Lakin bu zaman ətraf
mühitin mühafizəsinin
nəzərə alınmaması
nəticə etibarilə
regionda istirahət imkanlarının və turizm potensialının məhvinə gətirib çıxarır.
Bütün deyilənlərə
əsaslanaraq qeyd etmək lazımdır ki, ölkəmizdə turizmin inkişafında kortəbiiliyə yol vermək çox ciddi ekoloji fəsadlar
törədə bilər.
Ona görə də hər hansı bir turizm obyekti yaradılarkən, turizm marşrutları işlənib
hazırlanarkən ekoloji
təhlükəsizlik məsələsi
nəzərə alınmalıdır».
Qanunlara əməl etmək lazımdır
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Bioloji müxtəlifliyin qorunması
və xüsusi mühafizə olunan təbiət ərazilərinin
inkişafı departamentinin
direktor müavini Hikmət Əlizadənin sözlərinə görə,
Azərbaycanda ekologiyanın
qorunması və təbiətə dəyən
mənfi təsirlərin
aradan qaldırılması
üçün müəyyən
qanunvericilik aktları
və bir sıra qadağalar var: «Bizim vətəndaşlar
elə hesab edirlər ki, təbiət qoynunda dincələndə hər
şey eləmək olar. Meşədə tonqal qalamağı, ağacların budaqlarını
sındırıb yandırmağı
insanlar adi hərəkət hesab edirlər».
Nazirlik rəsmisi
qeyd edir ki, Meşə Məcəlləsində, «Xüsusi
mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında» qanunda və bir sıra
digər qanunvericilik aktlarında müəyyən
qadağalar var: «Məsələn, qoruq ərazisinə insanların
girməsi qadağandır.
Milli parkların
ərazisinə isə
vətəndaşlar yalnız
xüsusi marşrutlar
üzrə - turistlər
üçün nəzərdə
tutulmuş əraziyə
girə bilər. Meşəlik ərazilərə
turistlərin daxil olmasına icazə var, amma tonqal
qalamasına yox. Bunların hamısı bizim qanunvericilikdə nəzərdə tutulub. Sadəcə, qanunlara əməl etmək lazımdır»
H.Əlizadənin sözlərinə
görə, bu məsələdə inzibati
tədbirlər, qanunvericiliyin
tətbiqi ilə yanışı, maarifləndirmə
məsələsi də
böyük önəm
kəsb edir: «Dünya praktikasında da bu sahədə
əsas iş maarifləndirmədir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 7 aprel.- S. 8.