Teatr Festivalının ikinci mərhələsi «Hekayəti - xırs quldurbasan»la başladı

 

Milli Teatr Festivalının ikinci mərhələsinə start verildi. Aprelin 4-də Gənc Tamaşaçılar Teatrının səhnəsində ilk olaraq M.F.Axundzadə «Hekayəti - xırs quldurbasan» əsəri oynanıldı. Tamaşanın rejissoru Cənnət Səlimova bizimlə söhbətində qeyd etdi ki, indiyədək bir sıra teatrlarda oynanılmış «Hekayəti - xırs quldurbasan» əsərinə yeni səhnə həyatının verilməsinin səbəbi komediyadakı mətləblərin son dərəcə aktual olmasıdır. Cənnət xanım Mirzə Fətəlinin qəhrəmanları ilə müasirlərimiz arasında çoxlu oxşarlıqların olduğunu vurğuladı. Cənnət xanım deyir ki, bəlkə də bu, yaxşıdır.

 

Bəs spesifik əsərin Gənc Tamaşaçılar Teatrında qoyulan səhnə variantının hansı özəllikləri var? Tamaşa bir az müzikli, bir az da operettanı xatırladan tərzdə təqdim edilir.

Cənnət Səlimova: «Bunu hər kəs istədiyi kimi adlandıra bilər. Ən əsası odur ki, Axundzadənin fikirlərini çatdırmaqdan ötrü məqsədəuyğun formanı tapa bilmişəm. Axı, Mirzə Fətəlinin dramaturgiyası çox canlı, həyatidir. Onun komediyalarının səhnə yozumu da belə olmalıdı. Çalışmışıq ki, canlı tamaşa alınsın. Bir də ki klassikanı tamaşaya qoymaq monoloqların qiraəti kimi anlaşılmamalı, dramaturqun qələmə aldığı mətləblərin teatral ekvivalenti tapılaraq təqdim edilməlidir».

Tamaşanın musiqisinin müəllifi gənc bəstəkar Firudin Allahverdidir.

Tamaşa üzərində işləyərkən dram əsərində hər bir rejissorun prinsipinə uyğun dəyişikliklər olur. Baş verənlər ilk və ötəri baxışda, daha doğrusu, dramaturqun yaradıcılığından xəbərsiz vəziyyətdə dəyişiklik kimi qavranılır. Əslində isə bunlar əsərin sətiraltı mənalarının oxunuşunun yozumudur.

M.F.Axundzadənin 1851-ci ildə qələmə aldığı dördüncü komediyası olan «Hekayəti - xırs quldurbasan»ın birinci variantı elə həmin ildə Tiflisdə nəşr edilən «Kavkaz» qəzetində çap olunub. 1852-ci ildə isə komediya Tiflis rus teatrında tamaşaya qoyulmaq üçün qraf Solloqubun iştirakilə əlavə və dəyişikliklərə məruz qalıb. Təbiidir ki, Solloqubla birlikdə komediyanı rus teatrı üçün hazırlayarkən Axundzadə birinci variantda yer verdiyi çar məmurlarının tənqidindən vaz keçməli idi. Çünki komediyanın redaktəsi məhz rus imperiyasının maraqlarının müdafiəsi üçün Solloquba həvalə edilmişdi.

Cənnət Səlimova hesab edir ki, müasir tamaşaçıya bir millətin başqa bir millətə öyüd-nəsihət verməsini nümayiş etdirmək düzgün deyil. Buna görə də komediyadakı rus millətindən olan divanbəyi obrazı tamaşada azərbaycanlı kimi təqdim edilir. Bundan savayı, tərcüməçi obrazı tamamilə ixtisar edilib.

Milli Teatr Festivalına gəlincə, Cənnət Səlimova vurğuladı ki, əslində hər bir truppa üçün tamaşaçıları ilə hər bir görüş festival əhvalında məsuliyyətində olmalıdır.

Milli Teatr Festivalını açıq elan edən münsiflər qrupunun üzvü, sənətşünaslıq doktoru Məryəm Əlizadə çıxışında söylədi ki, noyabr ayınadək davam edəcək festival müsabiqə xarakterli olmasa da, teatrımızın bugünkü mənzərəsi haqqında təsəvvür yaradır: «Hər bir festival üç məqsədə xidmət edir. Birincisi, şənlikdir. Çünki «festival» sözü ilk növbədə şənliklə assosiasiya olunur. İkincisi, hesabatdır. Hər bir teatr kollektivi öz çıxışı ilə həm də hesabat vermiş olur. Üçüncüsü isə müsabiqədir. Əmin ola bilərsiniz ki, qaliblərin seçilib-seçilməməyindən asılı olmayaraq, tamaşaçı marağının dərəcəsi qalibləri qeyri-rəsmi də olsa müəyyənləşdirir».

«Hekayəti - xırs quldurbasan» tamaşasının dekorasiyası, aktyorların əlbəsələri, oynadıqları rolun dilində danışmaq bacarıqları baxımlı təsir bağışlayır.

 

 

Samirə Behbudqızı

 

Mədəniyyət.- 2010.- 7 aprel.- S. 7.