Dövrün aynası
«Molla Nəsrəddin» - 104
«Molla Nəsrəddin»i zaman özü
yaratdı»...
Bunu Cəlil Məmmədquluzadə özü
deyirdi. Jurnalın
hamı tərəfindən
məhz onun özünün təşəbbüsü,
təsisçiliyi, naşirliyi,
baş yazarlığı
ilə meydana gəldiyi etiraf edilən C.Məmmədquluzadə
deyirdi. Bu jurnal
xalqa onu - dahi hekayənəvis, dahi dramaturqu dahi jurnalist kimi də təqdim
etdi.
Milli Mirzə
Qoca Şərqin şifahi təfəkkür təmsilçisi,
lətifələr kanı,
baməzəlik rəmzi
Molla Nəsrəddin ötən əsrin əvvəllərindən dahi
Mirzəmizin - Cəlil
Məmmədquluzadənin (habelə
onun əqidə və qələmdaşlarının)
timsalında bu xalqların yazan əlinə çevrildi. 1907-ci il aprelin 7-də düz 25 il - öndə Azərbaycan olmaqla, türk-müsəlman
dünyasının milli
əxlaq, mədəni-mənəvi
aləmini işıqlandıran
«Molla Nəsrəddin»
jurnalı nəşrə
başladı. Gürcüstan paytaxtında doğulan bu məcmuə «
Niyə Bakıda
yox, Tiflisdə?..
Bunun bir sıra «tarixi-müqəddəm» səbəblərlə
yanaşı, elə həmin jurnalda çıxan «Dəmdəməki»
sərlövhəli felyetonda
ərz edilən səbəbləri də vardı. O Dəmdəməki ki, böyük Mirzə Cəlil jurnal səhifələrində
bu təxəyyül qəhrəmanı ilə
tez-tez məktublaşır,
belə-belə mükamilələşirdi:
«Ay Dəmdəməki, bu
nə zadlardı sən yazıb göndərirsən bizə?
Bəs heç fikirləşmirsənmi ki,
mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə
çap edərəm,
Bakı qoçuları
da namusa dolub çıxararlar tapançanı, səni orda, sonra da
gəlib məni burda qanımıza qəltan edərlər?!»
«Mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə çap
edərəm»... Bu publisistik priyomun fərqinə vardınızmı,
əziz oxucular? Bakıda baş verən eybəcərliklər,
qadın (xüsusən,
azyaşlı qızlarla
bağlı) problemləri
bütün detalları
ilə çap etdikdən sonra «çap edərəm»!..
Daha bir səbəbi dahi Mirzənin dahi məsləkdaşı Üzeyir
bəyin bir felyetonundan da görmək olar: «Başqa ölkələrdə
qəzet bağlansa, noolar? Biri deyər:
- Vay, kor oldum! Biri deyər:
- Vay, kar oldum! O biri deyər:
- Vay, lal oldum! Bəs bizdə qəzet
bağlansa, nə deyərlər? Heç
zad, bir məşədi digərinə
deyər: - Məşədi,
bəs şorumuzu nəyə büküb satacağıq?»
Kimləri deyib gəlmişdi?..
«Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!»
Bu müsəlman qardaşlar
yalnız elə qəzet-jurnal oxumaq kimi «qeyri-vacib» işləri buraxıb «daha vacib əməllərin»
(xoruz döyüşdürmək,
it boğuşdurmaq, hamamda
yatmaq və s.) dalınca gedən «keçəl-keçəllər»dən ibarət idimi? Yox, onlar həm də «bir boynuyoğun, yekəqarın adam görən kimi onu məmur, qorxulu bəndə hesab edib oturduğu
yerdən dik atılaraq ayağa qalxıb, təzim edən «ən ayıq, ən xoşbəxt» müsəlmanlar
(«İrəvan müsəlmanları»),
bütün milli, xəlqi dərdləri unudub, üstünə milçək ləkəsi
düşmüş bir
ərəb əlifbası
hərfinin məna dəyişiminin fikrinə
getmiş «həriflər»
(«Nigarançılığın sonu»), beş-üç il Rusiyada yaşayıb
qayıdarkən ağzıdualı
anasına küftə
əvəzinə «qofta»
bişirməyi təklif
edən «abrazovannı»lar idi. Bu dərdlərin
ən obrazlı izharı isə böyük jurnalist-publisistin
«Meşədə gördüklərim»
felyetonunda əks olunub: «Bir əcnəbi
redaksiyamıza gəlib,
Şirvan bölgəmizdən
silsilə yazılar hazırlamaq istəyilə
məcmuəmizin vəsiqəsini
istədi. Verdik. Getdi və tez-tez
yazılar göndərməyə
başladı. Onun
məqalələrinin mövzusu
müxtəlif olsa da, başlıqları eyni idi: «Meşədə
gördüklərim»...
Milli ocaq...
Mirzə Cəlilin «Molla Nəsrəddin»i millətin milli ocağı idi. Bu ocağın başına
millətin çeşid-çeşid
problemlərindən canları
buz bağlayan ədiblər, ziyalılar,
dərd və qələm əhli toplaşırdı. Bunlar kimlər
idi? Böyük
Mirzənin səsinə
ilk səs verən Ömər Faiq Nemənzadə başda olmaqla, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy
Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd
Səid Ordubadi, Mirzəli Möcüz və başqaları. Bu jurnalın nəinki
təkcə o dövr
qədir-qiymətini, habelə
perspektiv şan-şöhrətini
bilən məşhur
alman və polyak rəssamlar O.Şmerlinq və İ.Rotter də «Molla Nəsrəddin»çi olmaqdan qürur duyurdular. Böyük soydaşımız Əzim
Əzimzadə isə
«Molla Nəsrəddin»dəki işlərilə
həm də milli karikatura yaradıcılığımızın banisi oldu.
«Molla Nəsrəddin» bütün nəşri dövründə o çağ
yaradıcılarımız üçün ən
universal nəşriyyat, auditoriya,
tribuna, «radio», «televiziya»
rolunu oynadı. Dövrün digər qəzet və jurnallarından fərqli olaraq, «Molla Nəsrəddin»də çap edilən, imzası görünən müəllifin
milli dəyəri, milli təəssübkeşliyi
birmənalı qarşılanırdı.
O vaxta qədər də az
yazmayan Mirzə Ələkbər Sabiri bu gün seçmələyib-sevdiyimiz
Sabir kimi bizə məhz «Molla Nəsrəddin» təqdim etdi.
1906-cı ildən Tiflisdə alovlanan bu azərbaycandilli
milli ocağımız
1918-ci illərdə öz
doğma vətəninə
- Bakıya qayıtdı. 1921-ci ildə sovet küləyindən sönmə
ehtimalı ilə Təbrizə köçdü.
1922-ci ildə yenidən Bakı... və 1931-ci ilə - böyük naşirin vəfatına qədər
burada nəşr edilir. Tiflisdə 340, Təbrizdə 8, Bakıda 400 sayı çıxır. Saylarının sayı-hesabı bəlli olsa da, mənəvi-mədəni
qədir-qiyməti, milli
oyanışımızda oynadığı
rolu intəhasızdır.
Tahir Abbaslı
Cəlil Məmmədquluzadə
B i z
Felyeton
Biz nəyik?
Bəzi vaxt mən özüm-özümdən
soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm
ki, “biz heç bir şeyik”.
Amma qəribə burasıdır
ki, özgələr bizi bir şey
hesab edirlər və hesab edib
başlayırlar qorxmağa.
Bəlkə elə belə də lazımdır ki, bizi bir
şey hesab edib bizdən ehtiyat eləsinlər?!
Söz yox ki, belə lazımdır
və bizim məsləhətimizdir: amma
biz özümüz öz
əlimizlə öz işimizi xərab eləyirik.
O yerdə
ki, biz görürük
bizi bir şey hesab eləyib bizdən qorxurlar - başlayırıq
astarımızı göstərməyə
ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı, üç qəpikdir.
* * *
“Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə
bil yapondan qorxur.
Keçən nömrələrin birində
həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri
İstanbul ilə münasibətdədir, İstanbuldan
göndərilmiş siyasi
agentlər yuvasıdır.
Qəhvəxanalarda, məktəblərdə sultanın
şəkli divarlara asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə xəyanət tədarükü
görülür”.
Bu rəhmətliyin
oğlu İsmayıl
bəyin də işi-gücü qurtarıb,
“Tərcüman”ın 14-cü nömrəsində başlayıb
“Russkoye znamya”nın yazdıqlarını
yalana çıxarmağa.
Və lakin Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya”
və onun cəmi ... başlı firqədaşları indi indiyə kimi Baxçasaray tatarlarını
bir şey hesab eləyirdilər, amma “Tərcüman”ın
14-cü nömrəsini oxuyub
gördülər ki,
bu millətin içi boşdur.
Məsələn, bir camaatın ki, ticarət sinfinin rəisi ola
S.M.Toppuzov, - o camaatın
içi boşdur.
Bir millətin
ki, üləmasının
başçısı ola Xəlil, Əbdürrəhman, Hacı
Əmir, Həbibulla,
Mustafa, Seyid İbrahim,
Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, - o millətin
içi boşdur.
Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə
Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək
istəməz.
Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı
var, - hamısının
cavan uşaqları dərslərini yarımçıq
qoyub, hökumətə
ixlas ilə qulluq eləməkdədirlər
ki, on üç ildən sonra bir nişana sahib olsunlar.
Bəylərimiz və xanlarımız mülklərindən
hər il
on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik
eləyirlər ki, bir kokardalı böyük görəndə
baş yendirsinlər.
* * *
Budur bizim işlərimiz, biz buyuq. Amma özgələr bizi bir şey
hesab edir.
Mən ölüm üstünü
açma.
“Molla Nəsrəddin”,
9 aprel, 1911
Mədəniyyət.- 2010.- 7 aprel.- S. 6.