Yazılmamış kitablar
üçün
Çingiz Abdullayev: «Gələn 50 ildə daha çox
iş görməliyəm»
«Romanlarım müxtəlif dillərə tərcümə
olunsa da, daha böyük nailiyyətlər qazanmaq istəyirəm»
Dünya onu detektiv janrda yazdığı əsərləri
ilə tanıyır. 140 romanın müəllifidir. Əsərləri
müxtəlif dillərə tərcümə edilib. Adı
dünyanın ən çox oxunan detektiv
yazıçıları sırasındadır. Əlbəttə,
söhbət Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevdən
gedir. Yazıçı ilə söhbətimiz onun növbəti
ad gününə təsadüf etdi. Aprelin 7-də
Çingiz Abdullayevin 51 yaşı tamam olur.
- Artıq
ömrünüzün yarım əsrini geridə qoymusunuz. Yaşınızın
bu mərtəbəsindən baxanda nələri görə
bilirsiniz?
- Həyatda
qazandığım çox uğurlar var ki, onlarla fəxr
edirəm. Xalq yazıçısı adına layiq
görülən ən gənc yazaram. Bu ada layiq görüləndə
45 yaşım vardı. 50 yaşıma qədər 8 xarici
ölkənin orden və medalları ilə təltif
olunmuşam. Təbii ki, mənim üçün ən
böyük təltif Azərbaycan dövlətinin
mükafatıdır. Keçən il «Şöhrət» ordeni
ilə təltif olunmuşam.
Bu günə qədər
140 romanım 25 milyondan çox nüsxə ilə nəşr
edilib. Bütün bunlar mənim əldə etdiyim nailiyyətlərdir.
Amma hesab edirəm ki, bunlar hələ azdır. Yenə də
işləməliyəm. Məşhur Çin filosofu Konfutsi
deyirdi: Özünü ayaqdan başa qədər
ölçmə. Özünü ayaqdan göyə qədər
ölç. Onda başa düşərsən ki, sən necə
kiçik bir adamsan. Bu baxımdan hesab edirəm ki, hələ
gələn 50 ildə daha çox iş görməliyəm.
- Deməli, oxucular
Çingiz Abdullayevdən hələ çox şey gözləməlidir...
- Əsərlərim əsasında
iki yeni film çəkilir. Bunlardan biri mənim ssenarimə
rejissor Ənvər Əbluçun
ekranlaşdırdığı «Çevrilmiş dünya»
adlı filmdir. Filmin çəkilişində məşhur
kinooperator Kənan Məmmədov da iştirak edir. Ssenarim əsasında
digər film Moskvada çəkilir. Bunlar artıq mənim sayca 9 və
10-cu filmlərdir. Onlardan ikisi serial olub. Ssenari yazıram,
kitablarım çıxır. Rusiyanın «Eksmo» nəşriyyatı
ilə 2018-ci ilə qədər müqaviləm var. Yəni
qeyd etdiyim gözləntiləri doğrultmaq əzmindəyəm.
- Çingiz müəllim, əsərləriniz
dünyanın bir çox dillərinə tərcümə
olunub. Siz özünüz necə, kitablarınızı ən
çox hansı dildə yayımlanmasını istərdiniz?
- Mən əsərimi rusca
yazıram. Sonra digər dillərə tərcümə olunur.
Bu yaxınlarda Çindən əsərlərim Çin dilinə
tərcüməsi ilə bağlı icazə istəyi gəlib.
Bu, əsərlərimin dünyada tərcümə
olunduğu 28-ci dil olacaq. Axırıncı 26 və 27-ci dillər
eston və tacik dilləri olub. Kitablarımın daha çox
hansı dildə nəşr edilməsinə gəlincə, təbii
ki, bu, Azərbaycan dilidir. İndi sevinirəm ki, Azərbaycan
dilinə tərcümə olunmuş 40-a yaxın əsərim
var. Mən bilməzdim ki, öz doğma dilimizdə nəşr
olunan kitablarıma belə böyük maraq yaranacaq. Bu
yaxınlarda «İrəli» İctimai Birliyinin üzvləri ilə
görüşmüşdüm. Orda 100-ə yaxın cavan
oğlan və qız var idi. Mən onlardan soruşdum ki, kim mənim
kitablarımı oxuyur əlini qaldırsın. Demək olar
ki, hamısı əlini qaldırdı. Daha bundan böyük
sevinc nə ola bilər? Etiraf edim ki, əvvəl belə
deyildi.
Mən Milli Təhlükəsizlik
Nazirliyinin Akademiyasında olmuşam. Təbii ki, dərslər
orda Azərbaycan dilində tədris olunur. Müəllimlər
danışırlar ki, indi bizim tələbələrimiz rus
dili müəllimlərinin yanına əlavə
hazırlığa gedirlər ki, nəinki Azərbaycan,
ingilis, hətta rus dilini də bilsinlər. Yəni mənim əsərlərim
həm də o imkanı yaradır ki, gənclər rus dilini
öyrənsinlər.
- Maraqlıdır, nə
üçün əvvəllər kitablarınız Azərbaycanda
az oxunurdu. Bəlkə buna səbəb rus dilində
yazmağınız olub?
- Ola bilsin ki, tərcümə
az idi. Çox adam indi də mənə deyir ki, axı,
Çingiz Abdullayev Bakıda yaşamır. 3-4 il bundan öncə
«Oqonyok» jurnalında yazılırdı: «Axı, biz
hamımız bilirik ki, Çingiz Abdullayev adlı
yazıçı yoxdur. 3-4 tanınmış
yazıçı, müstəntiq, jurnalist oturub onun
adından yazırlar. Axı, ola bilməz ki, bir adam bu qədər
yazsın». Mən də onlara məktub göndərdim ki, gəlin
mərc gələk, yoxlayın yazdığım
kitabları. Bir sətir tapsanız ki, mən yazmamışam,
onda sizə 10 min dollar verərəm. Əgər tapmasanaz, mənə
bir rubl verin və üzr istəyin. Üzr istədilər,
amma 1 rublu vermədilər.
- Bəs sizcə,
yazıçının dünyaya çıxması,
tanınması üçün Azərbaycan dili yetərlidirmi?
- Xeyr. Mən dünyada
tanınmaq üçün kitablarımın ingilis dilinə
tərcüməsini istərdim. Ona görə yox ki, mən
hansısa dilə üstünlük verirəm. Məsələn,
kitablarımı Çin dilinə tərcümə etsələr,
onu 1 milyard yarım oxucu mütaliə edəcək. Amma buna
baxmayaraq bu, bütün dünyanın oxuya biləcəyi ədəbi
dil deyil. Dünyada bu gün 5 dil var ki, müəllif o dillərdə
təqdim olunanda onu bütün dünya tanıyır.
Türk dilində məni 100 milyondan çox oxucu mütaliə
edir. Dostum Orxan Pamuk mənə şəxsən
danışırdı ki, kitabları türk dilində
çıxanda onu dünyada heç kim tanımırdı.
Amma əsərləri fransız dilinə tərcümə
ediləndə bütün dünya onu oxumağa
başladı. Bu şərtdir və istərdim ki,
oxucularımız bunu başa düşsünlər.
- Bayaq ssenariləriniz əsasında
çəkilmiş filmlərdən bəhs etdiniz. Ümumiyyətlə,
bu filmlərin səviyyəsi sizi qane edirmi?
- Heç bir
yazıçı ssenarilərinə çəkilən filmlərdən
razı olmur. Ona görə ki, yazıçı yaradanda bir
şey fikirləşir, rejissor başqa bir şey. Doğrudur,
ssenarilərim əsasında ən tanınmış
rejissorlar film çəkib. Biri 13, digəri 20 seriya olan 2
serial çəkilib. Bunlar çoxlarının xoşuna gəlib.
Buna baxmayaraq, təbii ki, mən hər dəfə nə isə
bir xırda qüsur tapıram. İstəyirəm ki, daha yaxşı
olsun. Bu xasiyyətimlə bağlı Ənvər Əbluç
mənə gülür və deyir ki, hər dəfə
görüşəndə sən bizi tənqid edirsən.
Axı, belə olmaz. Mən də deyirəm ki, kino çəkilməzdən
əvvəl tənqid etmək istəyirəm ki, sonra
yaxşı alınsın. Bütün çəkiliş
qrupunu bir yerə toplayıb ssenarini 4-5 dəfə yenidən
yazmışam. Hesab edirəm ki, heç kəs inciməməlidir.
İstəyirəm ki, elə bir film ərsəyə gəlsin
ki, əhəmiyyətini 100 illərlə saxlaya bilsin.
- Elə yazıçı
var ki, əsəri yazarkən qəhrəmanlarını xəyalında
əvvəlcədən canlandırır. Olurmu ki, hansısa
bir əsəri yaza-yaza, artıq onu film kimi
görürsünüz?
- Nəinki görürəm,
onun qəhrəmanları hələ mənimlə mübahisə
də edirlər. Mən orda yaşayıram. Yuxarıda
haqqında danışdığım çəkilməkdə
olan «Çevrilmiş dünya» filmi əsərim deyil, ssenarim əsasında
lentə alınır. Mən bu filmə orijinal bir ssenari
yazmışam. Fikirləşdim ki, biz polislərimizə və
hüquq-mühafizə orqanlarımızda
çalışanlara nə qədər tənqidi tərəfdən
yanaşmalıyıq? Bu gün narkomaniyaya, digər neqativ
hallara qarşı mübarizə aparan və bu mübarizədə
bəzən həlak olan mühafizə orqanları
işçilərimiz var. Ssenarimdə bunu göstərmək
istəmişəm.
- Maraqlıdır,
Çingiz Abdullayev yaradıcılığında nə
vaxtsa dramaturgiya özünə yer tapacaqmı?
- Bir pyes yazmışam və
onu Rus Dram Teatrına vermişəm ki, baxsınlar. Sadəcə
olaraq vaxt problemim var. Moskvada inanmırlar ki, il ərzində
8-10 kitabım çıxdığı halda işə də
gəlməyə vaxt tapıram.
- Adətən insanlar öz
asudə vaxtlarını kitab oxumağa sərf edirlər. Amma
kitab yazmaq və oxumaq artıq sizin işinizdir. Yəqin ki, hər
hansı hobbiniz də var.
- Hobbim elə kitab
oxumaqdır. Operanı çox sevirəm. Sonuncu dəfə
Milanda «
- Təsəvvür edin ki,
bir gün yazmaqdan yoruldunuz: onda nə işlə məşğul
olarsınız?
- Bəlkə də
yazmadım. Amma ən azı öz keçmiş
kitablarıma redaktorluq edəcəyəm. Deyə bilmərəm
ki, yazıçılığı seçmişəm.
Görünür, Tanrı məni bu sənətdə
seçib. Həyatdır də. Kitab yazmasam, məqalə
yazacam. Qeyd edim ki, bu günə qədər siyasət, təhsil,
Qarabağ məsələsi və digər mövzularla
bağlı 400-dən çox publisist məqalənin müəllifiyəm.
140 romanım müxtəlif dillərə tərcümə
olunsa da, daha böyük nailiyyətlər qazanmaq istəyirəm.
Məsələn, Nobel mükafatı. Əgər türk
yazıçısı bu mükafatı alıbsa, biz də
alacağıq. İnanıram ki, 5-10 ilə Azərbaycan
yazıçısı bu mükafatı əldə edə
biləcək.
- Çingiz Abdullayevi
bütün dünya oxuyur. Bəs siz kimləri oxuyursunuz?
- Amerika fantastlarını
çox sevirəm. Klassiklərdən Heminquey, Folkner,
Remarkı sevirəm. Azərbaycanda Anar, Natiq Rəsulzadə, Elçin
Hüseynbəyli, İlqar Fəhmi kimi yazarların əsərlərini
oxuyuram. Bundan başqa, hər gün olmasa da, hər həftə
mənə oxumağa gənc bir yazarın əsərini gətirirlər.
Mehparə Sultanova
Mədəniyyət.- 2010.- 7 aprel.- S. 4.