“Azərbaycan kino həftəsi” başlandı
Aprelin 6-da Heydər Əliyev Sarayında “Azərbaycan
kino həftəsi”nin təntənəli
açılış mərasimi keçirildi. Öncə Azərbaycan kino salnaməsinə həsr olunmuş videorolik nümayiş etdirildi.
Açılış mərasimində
çıxış edən Mədəniyyət və Turizm
naziri Əbülfəs Qarayev kino ictimaiyyətini və kinosevərləri
ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan
kino həftəsi” münasibəti ilə təbrik etdi:
“İnanıram ki, bir həftə davam edəcək kino həftəsi
kino işçiləri üçün əsl bayrama
çevriləcək. Həqiqətən də bu bir həftə
ərzində tamaşaçılar yeni çəkilən
filmləri izləyib zövq alacaqlar».
Son illər dövlət
tərəfindən milli kinonun inkişafına böyük
maliyyə vəsaiti ayrıldığını nəzərə
çatdıran nazir bu sahənin geniş perspektivləri
olduğunu vurğuladı: «İldən-ilə ölkəmizdə
çəkilən filmlərin sayı artacaqdır. Hər il dövlət
büdcəsindən kinoya
- filmlərin çəkilişinə
6 milyon manata qədər vəsait ayrılır. Artıq bizim studiyalarda bir ildə 7-10 arası tammetrajlı film çəkilir. Bu, böyük göstəricidir. Bu ilin sonuna kimi
Azərbaycanda “Nizami” kinoteatrının bazasında
müasir festival mərkəzi istifadəyə
veriləcək. Lakin sözsüz ki, bu sahədə axsayan yerimiz də var. Tamaşaçılar
son illər çəkilən filmləri
görə bilmirlər.
Kino yayımı, kino nümayişi sistemi istədiyimiz səviyyədə deyil. Bu sahədə müəyyən layihələr
həyata keçiririk.
Azərbaycanda kino həftəsinin keçirilməsi
də bu istiqamətdə təşkil
olunan layihələrdən
biridir”.
Nazir qeyd etdi ki, müstəqillik
dövründə Azərbaycan filmləri nümayiş
olunduğu beynəlxalq festivallarda maraqla qarşılanır və
çoxsaylı mükafatlara da layiq görülüb: “Azərbaycan
kinosunun qədim tarixi var. Bu illər ərzində Azərbaycan kino xadimləri sübut etdilər ki, yetərli istedad sahibidirlər. Düşünürəm
ki, Azərbaycan kinosu yaxın vaxtlarda daha böyük uğurlara imza atacaq».
Çıxışlardan
sonra “Vətən and yerimizdir” devizi altında
keçirilmiş vətənpərvərlik mövzusunda ən
yaxşı bədii filmin ssenari müsabiqəsinin qalibləri
mükafatlandırıldı. Müsabiqədə I yerə “Mən evimə qayıdıram” ssenarisinə görə müəllif İsmayıl
Səfərəliyev (ssenari
üzrə film çəkiləcək), II yerə
“Böyüyən övladlar”
ssenarisinə görə
müəllif Səidə
Vəliyeva və III yerə isə “Qarabağ. Dörd gün” ssenarisinə görə müəllif Leyla Tarverdiyeva layiq görüldülər.
Sonra “Mozalan” satirik
jurnalının növbəti buraxılışı
tamaşaçılara təqdim olundu.
Tədbir gənc
rejissor, «Bu meydan bu ekran» müsabiqəsinin qalibi Samir Kərimoğlunun
quruluşunda “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan
“Niyyət” filminin nümayişi ilə davam etdirildi. Film
ötən il «Bakı - İslam Mədəniyyətinin
Paytaxtı - 2009» layihəsi çərçivəsində
çəkilib.
Aprelin 10-dək davam edəcək
«Azərbaycan kino həftəsi»ndə son illər istehsal olunan
milli filmlərimiz ölkənin müxtəlif bölgələrində
nümayiş olunacaq.
Fehruz Şamıyev
Mədəniyyət.- 2010.- 7 aprel.- S. 3.