Bir sənətkar
taleyi...
Tanınmış yazıçı-rejissor, böyük teatr təşkilatçısı, ədəbiyyat və incəsənət xadimi...
Onu adətən
belə təqdim edirlər. Bir də deyirlər ki, otuz beş
illik professional teatr sənəti sahəsində çalışdığı
illərdə otuz altı tamaşada bir-birindən maraqlı rollar oynayıb, Azərbaycan teatr tarixinə çoxsaylı
tamaşaya və tamaşa-konsertə quruluş
verib.
Yazımızın qəhrəmanı
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrının quruluşçu
rejissoru Ağalar İdrisoğludur. Bugünlərdə
onun 60 yaşı tamam olub. 60 illik ömrünün 40 ilini ədəbiyyata, incəsənətə həsr
edən Ağalar İdrisoğlu özünəməxsus
dəst-xətti olan rejissordur.
O, 1950-ci ildə
Masallı rayonunun Digah kəndində anadan olub. 1975-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki Mədəniyyət və
İncəsənət Universiteti)
dram və kino aktyorluğu fakültəsini
bitirdikdən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında
işə başlayıb.
Sonra H.Ərəblinski
adına Sumqayıt Dövlət Dram Teatrına
aktyor kimi dəvət olunub. 40- yaxın müxtəlif xarakterik rollarda uğurla çıxış
edən Ağalar müəllimin oynadığı
rolların əksəriyyəti
Mədəniyyət Nazirliyinin,
Teatr Xadimləri İttifaqının və
başqa təşkilatların
diplomlarına və mükafatlarına layiq görülüb.
Ağalar İdrisoğlu
1976-cı ildə Sumqayıt
şəhərində, respublikada
ilk dəfə olaraq «Ümid» adlı teatr studiyası yaradıb. Qısa vaxt içərisində
«Ümid» teatr studiyası Azərbaycanda tanınıb. Uğurlu çıxışlarına və
rəngarəng repertuarına
görə 1979-cu ildən
Sumqayıt Gənclərinin
Xalq Teatrı adlanıb. A.İdrisoğlu
H.Ərəblinski adına
Sumqayıt Dövlət
Dram Teatrında aktyor işləməklə bərabər,
1986-cı ilə qədər
bu teatra rəhbərlik edib. Üç yüzdən artıq sumqayıtlı yeniyetmə və teatr həvəskarı Sumqayıt Gənclərinin
Xalq Teatrında Ağalar müəllimdən
və tanınmış
yazıçılardan teatr
sənətinin, səhnə
danışığının, teatr plastikasının, musiqinin, ədəbiyyatın,
publisistikanın sirlərini
öyrənib. Bu gün
həmin yeniyetmə və gənclərin bir hissəsi professional teatrlarda aktyor, aktrisa, rejissor, rəssam, teatrşünas
işləyirlər.
1985-ci ildə
Mədəniyyət Nazirliyinin
təyinatı ilə
Ə.Haqverdiyev adına
Ağdam Dövlət
Dram Teatrına quruluşçu
rejissor vəzifəsinə
təyin edilən A.İdrisoğlunun bu teatrda quruluş verdiyi ilk tamaşalar Bakıdan Ağdama gələn teatr mütəxəssislərinin, ziyalıların
böyük marağına
səbəb olub. Bu tamaşalardan sonra onun Nobel mükafatı laureatı Alber Kamyunun «Qismət» (tərcümə edəni
Vaqif Əlixanlı) psixoloji dramına quruluş verməsi təkcə Azərbaycan teatrşünaslarını yox,
həm də Moskva teatr mütəxəssislərini
maraqlandırıb. Elə
bu səbəbdən də Moskvadan beş teatr mütəxəssisi 1986-cı ildə
Ağdama gələrək,
bu tamaşaya baxıb. Tamaşanın rejissor yozumu və aktyorların oyunu onların çox xoşuna gəlib. Bu haqda ümumittifaq mətbuatında
maraqlı resenziyalar çap edildikdən sonra məlum olub ki, «Qismət»
pyesinə keçmiş
Sovetlər İttifaqında
ilk dəfə olaraq Ağalar İdrisoğlu quruluş verib.
Burada maraqlı
bir faktı da qeyd etmək
yerinə düşər
ki, Ağalar İdrisoğlu 1981-1986-cı illərdə
Moskva şəhərində
A.Lunaçarski adına
Dövlət Teatr Sənəti İnstitutunun
(indiki Beynəlxalq Teatr Akademiyası) musiqili teatrlar rejissorluğu fakültəsində
qiyabi təhsil alıb. O, Ağdam Dövlət Dram Teatrına
rəhbərlik etdiyi vaxtda həm yerli kadrların aktyor kimi yetişməsində,
həm də teatr repertuarının rəngarəng, maraqlı,
baxımlı olmasında
çoxlu işlər
görüb. Özü
də rejissor kimi təkcə Azərbaycan yox, həm də dünya dramaturgiyasının
maraqlı pyeslərinə
səhnə həyatı
verib. Onun bu teatrda quruluş
verdiyi Mirzağa Atəşin «Şərəfin
sandığı», Xalq
şairi Zəlimxan Yaqubun «Aşıq Ələsgər», Cəfər
Cabbarlının «Oqtay
Eloğlu», Georgi Caqarovun «Prokuror», Əli Səmədlinin «Analar və oğullar», Georgi Xuqayevin «Qaqutsa, Babutsa, Danel və Dardanel», Aleksandr İvaşenkonun «Uşağa bir üç yazın»,
Leonid Cuxavitskinin «Şahzadə
və bacatəmizləyən»
tamaşaları və
başqa əsərlər
teatrsevərlər, teatr
mütəxəssisləri tərəfindən maraqla
qarşılanıb.
1989-cu ildə
Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət Dram Teatrına
direktor vəzifəsinə
gətirilən A.İdrisoğlu
il yarımdan sonra kollektivin istəyi ilə həmin teatra bədii rəhbər və direktor təyin olunub. Bu teatrda ilk musiqili tamaşa olan Üzeyir Hacıbəyovun
«Arşın mal alan» operettasına da orijinal quruluşu məhz Ağalar İdrisoğlu verib.
Ümumiyyətlə, onun rəhbərlik etdiyi teatrlar rəngarəng repertuarına, professional quruluşlarına,
dərin rejissor yozumlarına, tərtibatına,
maraqlı aktyor truppasına, aktyorların
rollardakı rəngarəng
oyununa görə mütəxəssislər və
tamaşaçılar tərəfindən
həmişə rəğbətlə
qarşılanıb. Bu teatrlar
məhz Ağalar İdrisoğlunun təşkilatçılığı
və təşəbbüsü
ilə Moskvada, Qazaxıstanda, Şimali Osetiyada, Gürcüstanda,
Dağıstanda və
başqa respublikalarda festivallarda çox böyük uğurla çıxış ediblər.
1997-2000-ci illərdə
Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr
truppasına rəhbərlik
edən Ağalar İdrisoğlu üç
il müddətində
bu kollektivlə Dağıstan Respublikasında
yüzdən artıq
tamaşalar göstərməklə,
iki respublika arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində
böyük işlər
görüb. Dağıstanda
Azərbaycan Dövlət
Dram Teatrının yaranmasında
əsas təşəbbüskar
və təşkilatçılardan
biri olub.
2001-ci ilin
fevral ayından Azərbaycana qayıdan Ağalar İdrisoğlu Dövlət Gənclər
Teatrında quruluşçu
rejissor kimi fəaliyyətə başlayıb.
Bu teatrda ilk quruluş
verdiyi əsər isə özünün yazdığı «İnan
mənə» dramatik faciəsi olub.
2009-cu ilin
mayında Dövlət
Gənclər Teatrı
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrı ilə birləşdiyindən o, həmin
teatrın quruluşçu
rejissor vəzifəsinə
təyin edilib. Hazırda bu teatrda quruluşçu rejissor işləyir.
Azərbaycanın teatr səhnəsinə dünyanın
məşhur dramaturqlarından
Nobel mükafatı laureatları
Alber Kamyunun, Slavomir Mrocekin, dramaturqlar Georgi Jaqarovun, Aleksandr Suxovo-Kobılinin, Vasili Şukşinin, Eduard Bobrovun, Aleksandr İvaşenkonun, Leonid Cuxovitskinin,
Kirill Obalenskinin və başqalarının
pyeslərinin gəlişi
bilavasitə Ağalar
İdrisoğlunun adı
ilə bağlıdır.
Həmçinin sözügedən
dramaturqların bir neçəsinin pyeslərini
dilimizə tərcümə
edib. O, nasir, dramaturq, publisist kimi də aktiv
yaradıcılıqla məşğul
olur. Ömrünün
60 ilini tamamlayan Ağalar İdrisoğlu bundan sonra da
Azərbaycan mədəniyyətinə
ləyaqətlə xidmət
etmək əzmindədir.
Rasim Muradzadə
Mədəniyyət.- 2010.- 9 aprel.- S. 12.