Səs...
Dünyaya səs salan səs!
O hadisənin, o olayın
ki səsi çıxmadı, ondan olay olmaz. Nüvəsində
məna-mənalılıq, mayasında heyran-heyranlılıq
olan bir hadisəninsə səsi mütləq çıxır.
Onda gəl ki, səsi çıxan
bu nəsnənin özü səs ola!..
Səsin səsi
Şuşanı - Azərbaycanın
bu təbii konservatoriyasını səslə,
avazla təəccübləndirmək
havayı cəhd imiş bir zamanlar.
XIX yüzilliyin sonlarında
bu şəhər daha bir səs
inqilabını gözləyirdi.
1889-cu il öncə şuşalıların, ardınca
bütün azərbaycanlıların,
lap sonra Yaxın Şərqin hafizəsinə
Seyid adlı bir səs və
sənət nəhənginin
adını yazacaqdı.
Sonralar Şuşinski
təxəllüsü ilə
çağının bütün
oxuyanlarına atalıq-ustadlıq
edəsi bu uşaq İsa bulağının zümzümələri,
Qırxqızın, Cıdır
düzünün axar-baxarı,
anasının laylaları
ilə bərabər,
artıq məmləkətin
hər yerindən gələn ilahi bir səsə - qonşu Cabbar əminin avazlarına da qulaq kəsilə-kəsilə
böyüyürdü. Bu səsin
sahibi Seyiddən 28 yaş böyük idi. Adı Cabbar,
soyadı Qaryağdıoğlu.
Bu səs, artıq hər yana yayılmışdı,
bütün təəccüblərin,
heyrətlərin «barıtına
su tökmüşdü»,
dünyanın muğam
arealının «zövq
qidası» ehtiyacını
ödəyirdi. Onun səsini ecazkar italyan tenoru Karuzo ilə müqayisə edən kim, onu «Şərq
musiqisinin peyğəmbəri»
adlandıran kim, «Səs Günəşi» çağıran kim... Və bu Səs
Günəşinin kölgəsində
gözqamaşdırıcı bir işıq parlamaqda idi. Bu işığın qonum-qonşu
«xəbər»ində bir Seyid «isim»ləşirdi. Qonşuya, məhəlləyə sığmayan
bu səs bütün Azərbaycanın
qulağına çatırdı.
Bu Səs
19 yaşına çatanda
Şuşanın «Yay
klubu»nda növbəti bir konsert-tamaşa düzənlənir.
Konferansye Seyidi səhnəyə, belə
deyək, «uşaq ayağından» dəvət
edir. Lakin Seyid səhnəyə ağır-batman ağsaqqal
salğarıyla çıxır
və muğamlardan da ən ağsaqqalını
- «Şur»u ifa edir. Söyləyənlər
belə bəyan edirlər ki: «Salon bu uşağın səsindən qocaman Şərq xəyalatına
dalmışdı...»
Söyləyirlər ki, onun bu vaxta
qədər, bu vaxtaqədərki ifaçılarda
görünməmiş zəngulələri
salonun nitqini qurutmuşdu, çəpik
çalası əlləri
«qandallayıb», səhnəyə
qalxıb onu bağrına basmaq istəyənlərin ayaqlarını
sandallamışdı...
Amma belə
bir rəsmi - daha doğrusu, mətbu söyləmə
də var ki, həmin vaxt salonda olan
Cabbar Qaryağdıoğlu
ağır-ağır ayağa
qalxıb, birayaq-birayaq
səhnəyə tərəf
irəliləyir. Seyidi
bağrına basıb,
az qala iki
təsnif müddətinə
üzü üzünə
söykəli qalır.
Bu «fürsət»dən
istifadə edib qəhərini boğur, sevincdən dolmuş gözlərinin yaşını
qurudur və deyir: «İndi mən ölməkdən,
bu dünyadan, bu sənətdən getməkdən qorxmuram. Çünki bu dünyaya, bu sənətə Seyid gəlir!..»
Xalq məktəbindən
çıxmış ali
müəllim
Şərti olaraq «xalq məktəbi» dediyimiz bu ocaq
az tələbə hazırlayıb yetişdirir,
amma yetişdirir, ha! Azərbaycan fitrətən
müəllim, ustad sarıdan heç bir dövrdə, heç bir bölgədə korluq çəkməyib. Belə
simalardan, «canlı universitet»lərdən biri Mir Möhsün Nəvvab idi ki, böyük Seyid Şuşinski də ilk dərsini ondan alıb. Sonralar dövlət texnikum və universitetlərini bitirib, özlərinə binə
qurub ev olan çox sənətkarlar məhz Nəvvabın dühasında
yetişiblər. Seyidin
sonrakı müəllimi
isə ifalarının
birində riqqətə
gəlib öz qavalını ona bağışlayan Cabbar Qaryağdıoğlu olub.
Deyirlər, Seyiddən
sonra uzun illər heç kim «Çahargah»ı ifa etmirmiş. O zamanın tamaşaçıları
arasında millətçi
kimi tanınan birisi deyib ki,
sovetlər bizim milli çırağımızı
söndürdü, cəddinə
qurban olduğum Seyid isə oxuyanda bunların «lampıçkalarını» söndürür.
Paytaxta «xəlqi
diplom»la gəlmiş bu tələbə qədim şəhərin
«ustad şapalağı»ndan çəkinmədən
yeniliklər edir, hər düz yüz addımdan birini «əfkari ümumiyyə» tərəfindən
nəm-nümlə qarşılanan
novatorluqla atırdı.
Təkcə elə «Çahargah»ına görə, onu «axırı əvvəl oxuyan» adlandıranlar varmış. Nədən
ki, o, hər məclis-mərəkədə «Çahargah»ı «maye»dən yox, «mənsuriyyə»dən başlayarmış.
... İndinin
70-80 yaşlıları Seyidin
74 yaşında (vəfatına
iki il qalmış)
oxuduğu «Mənsuriyyə»sindən məftun-məftun
danışalar... sən
də oturub susqun-susqun qulaq asasan!
Onun milli düşüncələrindən şövqlə danışanları
da az eşitməmişəm.
Söyləyirdilər ki,
qocalar-qocamanlar məclislərində
camaatı Füzulinin,
Nəbatinin, Seyid Əzimin qəzəllərilə
heyran edən Seyid, elə ki salondakıların əksəriyyətinin gənclərdən
ibarət olduğunu görürdü, - «valı
dəyişirdi». Milli
ruhlu, ictimai-siyasi şeirlərdən oxuyurdu.
Ən maraqlı, döyüşkən misraları,
qafiyələri isə
salona zəngulələrinin
ən qırmanc ləpələrilə çatdırırdı.
M.Ə.Sabirin «Millət
necə tarac olur-olsun» şeirini oxuduğu «Müxalif»i, «Ayıl, ey millət», «Mən bir türkəm»
mahnıları o qorxulu
dövrün qeyrət
sədaları kimi səslənirdi.
Xatirələrdəki Seyid
Bəri başdan
qeyd edək ki, bu virtuoz
sənətkar haqda əzəl-başdan çox
az yazılıb və bu mətbu
nankorluq hələ də davam etməkdədir.
Onun barəsində yazılan kitablar, qəzet-jurnal məqalələri,
tutumlu portret-verilişlər
muğamlarımızın sayı qədər ola ya olmaya.
Qocaman, ahıl yaşlı muğam ifaçılarımız isə,
sağ olsunlar, Seyid Şuşinskini hər yerdə, hər an çox sayğı ilə xatırlayırlar. Xalq artistləri Əlibaba Məmmədovun, rəhmətlik
İslam Rzayevin və bir çox
başqalarının keçmiş
günlər, tədris-təlim
barədə 5 sözündən
3-ü Seyid fenomeni, Seyid ustadlığı, Seyid şəxsiyyəti haqda olur. Seyid
Şuşinski muğamın
tədrisində, təlimində
necə bir klassik cığır açıbsa, nəhəng-nəhəng
müasirləri hələ
də özlərini
«şəyird» hesab edir, onun möhtəşəm
ustadlıq qalasından
kənara çıxa
bilmirlər. Və çox maraqlıdır, Seyid Şuşinski ülgüsündən çıxan
tələbələrin, demək
olar, 99 faizi zaman-zaman Xalq artisti fəxri adına layiq görülüb.
Sonda istədim
Seyid Şuşinskinin
zirvə səs oktavası, ifa etdiyi muğamlara vurduğu məxsusi müəllif möhürlərinin
sənətkarlıq təhər-tövrü
haqda da bir neçə kəlmə yazam. Lakin bu ənənəvi
«yazı tapşırması»
axarının əksinə
üzməyi daha münasib sayıb, bu məsələyə həsr edəcəyim 2-3 abzasın yerinə bir cümlə əlavə etmək qərarına gəldim: Müəllimlər müəllimi
Seyid, ruhun şad olsun!..
Tahir Abbaslı
Mədəniyyət.- 2010.- 9 aprel.- S. 11.