Xoş avaza köklənəndə...

 

Minillikləri adlayıb, qərinələrin yaddaş süzgəcindən keçən ilahi musiqi - muğam. Xalqın acılı-şirinli hər anında onun dili, özü, sözü... Əbədi sənət, ilahi səda! Əsrləri yola saldıqca hər ağızda daha da cilalanan, cilalandıqca da bütövləşən, tamamlaşan möhtəşəm abidə, yaşayan yaşadıqca da yaşadan məbəd. Təsvirinə sözün bəzən aciz qaldığı bu sənət onu yaşadanlardan biri ilə görüşdürəcəyik sizləri. Əbədi sənətin xoş avazına, fərqli zənguləsinə qulaq vermək üçün Əməkdar artist Cabir Abdullayevlə görüşdük.

 

Muğam beşiyi, sənət məbədi Qarabağın Ağdam rayonunun Zəngişalı kəndində dünyaya göz açan xanəndənin sənət yolu ilə tanış olduq.

İstedadlı gənc kimi sənətdə ilk addımlarını Uşaq Yaradıcılıq Birliyində atan Cabir Abdullayev “Qarabağ bülbülləri”, “Şur” ansambllarında çıxışlar edib. Beləcə, o da əsrlərin yaddaşından süzülən milli musiqi sənətimizin bulağından su içməklə əbədi sənətin vurğunu xalqın sevgisini qazanmağa müvəffəq olub. Məhz bunu ən böyük mükafatı sayan xanəndə sənətə gəlişi ilə bağlı xatirələri dilləndirməkdən zövq alır.

- Ötən əsrin 70-ci illəri idi. Hələ orta məktəbdə oxuyurdum. Xatirimdədi, o vaxt rayon mərkəzində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Birliyindən məktəbimizə tez-tez nümayəndələr gələr, istedadlı gənclərlə söhbətlər edər seçdiklərini həmin birliyə cəlb edərdilər. Mən o gənclərdən biri kimi diqqətdən kənarda qalmadım Qarabağ bülbülləriansamblına dəvət olundum.

Beləcə, böyük sənət yolunda mənim üçün açılan cığırla yol almağa başladım. 80-ci illərdə Bakıda, indiki Heydər Əliyev Sarayında böyük dövlət tədbiri ilə bağlı konsert proqramı hazırlanırdı. ProqramaŞuransamblının da çıxışları salınmışdı. Məni gənc müğənni kimi həmin konsertdə çıxış etməyə dəvət etdilər. Konsertdən bir gün əvvəl maestro Niyazi bizimlə görüşdü. Kollektivə ətraflı baxış keçirdi. Geyimim ansamblın üzvlərinkindən bir az fərqlənirdi. Təbii ki, bu, onun diqqətindən yayınmadı məni göstərib «O uşağın geyimini dəyişin. Çünki ümumi fona uyğun gəlmir» - dedi. Dərhal da geyimimi dəyişdilər...

Yaxşı yadımdadır, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev konsertdə iştirak edirdi. Diqqətlə bizə qulaq asırdı. Çıxışımı bəyənib-bəyənməyəcəyi intizarı ilə ona diqqət kəsilmişdim. İfa bitdi o, bizləri sürəkli alqışı ilə mükafatlandırdı.

Həmin konsertdən sonra “Şur” ansamblının bədii rəhbəri Fərhad Paşayev məni kollektivə dəvət etdi. Bax beləcə, bu gözəl sənətin ilk sirlərini orada öyrəndim. 1997-ci ildə Milli Konservatoriyaya qəbul olundum görkəmli muğam ifaçısı, hamımızın ustadı Arif Babayevdən sənətin incəliklərini, dərin məna çalarlarını öyrəndim. 2001-ci ildə təhsilimi müvəffəqiyyətlə başa vurdum. Sonra da elə oldu ki, Milli Konservatoriyada qalıb işləməli oldum. Artıq xeyli vaxtdır bu elm-sənət ocağında çalışıram.

- Sənət yolunuzda «Şur» ansamblının ayrı bir yeri var. Bəs, «Şur» dəstgahının?

- Əlbəttə. Qədim muğamlardan çox şey əxz edən bu dəstgah daha çox maraqlı ürəyəyatımlıdır. «Şur» oynaq xoşhal, şirin arzulu, xoş xəyallıdır...

- Milli musiqimizin inkişafı istiqamətində yeni-yeni layihələr, maraqlı müsabiqələr, festivallar həyata keçirilir. Yəqin muğam ifaçısı kimi bu sizi sevindirir. Amma bu məqamda məni maraqlandıran başqa bir nüans var: muğama kütləvi axın. Sizcə bu muğama verəcək?

- Milli musiqimizin hərtərəfli inkişafı üçün bacarıqlı sənət adamlarına hələ ehtiyac var. Ötən əsrin 90-cı illərində milli musiqiyə maraq birdən-birə çox dəyişdi. Sevindirici haldır ki, dövlət tərəfindən bu sahənin inkişafına böyük diqqət göstərilir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hərtərəfli qayğısı nəticəsində milli musiqiyə, xüsusilə muğam sənətinə münasibət müsbət mənada xeyli dəyişib. Bir-birinin ardınca maraqlı muğam müsabiqələri, festivallar keçirilir, istedadlı gənclər ortaya çıxır, onlara qayğı diqqət göstərilir. Aparılan məqsədyönlü islahatlar milli musiqimizin uğurlu gələcəyindən xəbər verir. Bu isə təbii ki, istedadlı kadrlardan asılı olacaq.

- Sənət adamlarına tez-tez ünvanlanan ənənəvi suallardan biri fəxri adlarla bağlıdır. Məsələyə Əməkdar artist olaraq münasibətinizi bilmək maraqlı olardı.

- Bu məsələnin əsası keçmiş sovetlər dönəmində qoyulub. Dövlətin sənət adamlarını dəyərləndirmə meyarı olan fəxri ad ümumilikdə sənətin inkişafına xidmət edir. Bunun nəyi pisdir ki?

- Mülayim çöhrənizdə qəribə bir nisgil, qayğı da var.

- Düz deyirsiniz. İnsanıq, hər birimizin aşkar pünhan dərdləri var. Bu, öz yerində. Amma Qarabağ dərdimiz, torpaq nisgilimiz hamıya bəllidir. Bu itki bizi çox kövrəldib. Hər an könlümdən Qarabağ keçir. Doğma torpaqları ürək ağrısı ilə xatırlayıram. Lakin mən nikbin adamam. İnanıram ki, bu mübarizədə gec-tez qalib gələcəyik. Vallah, içimizdə bu inam olmasa yaşaya bilmərik. Elə mən açılan hər səhərdə Qarabağdan xoş soraq gözləyirəm.

 

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2010.- 9 aprel.- S. 8.