6-dan 60-a
Və ya
40 ilin uşaqlığı
İncəsənətimizin zəngin, insanlarımızın
istedadlı olmasını
tez-tez etiraf edirik. Amma Gənc
Tamaşaçılar Teatrının
aktrisası, «Qızıl
Dərviş» mükafatı
laureatı Almaz Mustafayeva istedadının
digər tərəfləri
bir yana, həm də səhnəmizin yeganə travesti olaraq maraq və dəyər
kəsb edən yaradıcı insanlardandır.
Düz 40 ildir ki, böyük həvəs və şövq ilə səhnəmizə həm
də uşaq rollarını ifa edir. Özü də elə uşaqlara xas şirinlik və ərkəsöyünlüklə.
Bəlli olduğu
kimi, Gənc Tamaşaçılar Teatrının
xarakteri çox mürəkkəbdir. Ona görə ki, bu teatra gələnlərin
içərisində uşaqlar
da çoxluq təşkil edir. Onlar isə olduqca tələbkar seyrçilər sayılır.
Və bu teatrda heç də hər aktyor baş çıxara bilməz. Aktrisa Almaz Mustafayeva
bu teatrla doğmalaşıb - 40 ildir
ki, burada çalışır.
Səhnədə öz emosionallığı, sərbəstliyi,
yaratdığı obrazların
gerçəkliyə uyğunluğu
ilə yadda qalan aktrisa bu
yaxınlarda ömrünün
60-cı ilini də özünəməxsus şirin
təbəssümü ilə
yola saldı.
Özünü başqa
sənətdə təsəvvür
etməyən Almaz Mustafayevanı geniş tamaşaçı kütləsi
1964-cü ildə «Sehrli
xalat» filmindəki Səkinə obrazı ilə tanıyıb. Kinomuzun korifeylərindən
olan Əlisəttar Atakişiyevin filmində çəkilmək hər
uşağa nəsib olan xoşbəxtlik deyildi. 29 saylı məktəbin şagirdi Almaz Mustafayeva elə kiçik yaşlarından böyük
sənətkarların əhatəsində
formalaşıb. «Sehrli
xalat» ekran əsərində çəkilməklə
Almaz Mustafayeva dublyaj sənətində özünü təsdiq etmək imkanı qazanır. A.Mustafayeva həmin günləri belə xatırlayır: «Əlisəttar müəllim
məni dublyaj studiyasına gətirib dedi ki, bundan
sonra uşaq rollarını səsləndirmək
üçün bu qızın imkanlarından
istifadə etmək olar. Özü də həm oğlan, həm də qız uşaqlarının. Beləcə,
mənim həyatımda
yeni mərhələ
başlandı».
Almaz xanım
həmçinin Əfsər
Cavanşirovun məşhur
«Bənövşə» uşaq
xor kollektivinin üzvü olub. Günlərin bir günü isə Azərbaycan Televiziyasının
rejissoru Nazim Zeynalov onu «Gecəniz
xeyrə qalsın, balalar» verilişinə dəvət edir.
Onun aktyorluğa
marağına gəlincə
isə o daha çox kinoaktrisa olmaq istəyib. Ondakı bu barağı sezən atası balaca Almazı mərhum rejissorumuz Adil İsgəndərovun C.Cabbarlı
adına «Azərbaycanfilm»
kinostudiyasının nəzdində
yaratdığı kinoaktyor
kurslarına yazdırır.
Sonradan rejissor Cənnət Səlimovanın
tələbəsi olan
Almaz xanımın potensialı Gənc Tamaşaçılar Teatrının
o zamankı direktoru Bala Qasımovun gözündən yayınmayıb
və o, gənc aktrisanı təkidlə teatrda çalışmağa
dəvət edib. Yusif Vəliyev, Firəngiz Şərifova kimi ustad aktyorlarla
tərəf-müqabili olmaq
gənc Almazda teatra böyük maraq oyadır. Beləcə, o ömrünü
bu teatra bağlamaqla gənc nəslin zövqünün
formalaşdıranlardan biri
kimi özünəməxsus
yaradıcılıq yolu
ilə addımlamağa
başlayır. Özü
də bir qayda olaraq oğlan
rollarında çıxış
edir.
«Mənim
teatr bioqrafiyamda oğlan rolları əksəriyyət təşkil
edib, 2-3 dəfə qız rolu oynamışam.
23-24 yaşımda “Mənim
mehriban balam” tamaşasında 6 yaşlı
oğlan uşağını
oynamışam. Bu teatr
tarixinə düşən
çox uğurlu bir tamaşa idi. Düzdür, hər rolumda mənim canımdan və qanımdan bir tikə var. Ona görə də bütün rollarımı çox sevirəm».
1970-ci ildən
bəri Almaz Mustafayeva Gənc Tamaşaçılar Teatrının
səhnəsində qoyulan
uşaq tamaşalarının
baş rollarının
təkrarsız ifaçısı
olaraq bu gün də fəaliyyətini davam etdirir.
Əlbəttə, indi bu rolların arasında Nənə obrazına rast gəlirik. Bu da təbiidir. Almaz Mustafayevanın obrazlar qalereyasında «Əlvida, Hindistan»da Ramo,
«Mənim nəğməkar
bibim»də Sadıq, «Mənim mehriban balam»da 6 yaşı 100 gün yatıb-durandan sonra tamam olacaq
oğlan, «Ana laylası»nda Bahar, «Açıl,
bənövşəm, açıl»da Lalə, «Ah qadınlar, qadınlar»da VVAQ işçisi, «Çəkməli pişik»də Çəkməli pişik, «Hind fantaziyası»nda Nənə və hələlik son rollarından biri olan «Yatmış gözəl»də Birinci freylin kimi bir-birindən fərqli personajlar var.
Adətən, aktyora hansı rolları ifa etdiyinə görə deyil, necə oynadığına
görə qiymət verilir. Odur ki,
fəxri ad alıb-almaması
onu bir o qədər də narahat etmir. Deyir «Mənim fəxri adım “Qızıl Dərviş”dir.
Bu fəxri mükafata
mənə sənət
dostlarım layiq görüblər. Ümumiyyətlə
mənim üç fəxri adım, üç uğurum var bu həyatda
- iki oğlum və balaca Vaqif nəvəm. Mən giley-güzarı sevməyən insanam. Fəxri adı versələr də sağ olsunlar, verməsələr də.
Çünki mən özümü başqa sənətdə təsəvvür
etmirəm, sanki mənim xəmirim teatrla yoğurulub».
Almaz Mustafayeva
səhnəmizin maraqlı
sənətkarlarından olmaqla
yanaşı, həm də ailəcanlı xanımdır. Həyat yoldaşı Vaqif Mustafayev modelyer-rəssam, böyük oğlu Mustafa
Mustafayev Gənc Tamaşaçılar Teatrının
rəssamı, kiçik
oğlu Tural Mustafayev «Yuğ» və Rus Dram teatrlarının rejissor və aktyoru, gəlini Eleonora Mustafayeva isə opera müğənnisidir. Elə
Almaz xanım özü də rollarının musiqi partiyalarını özü
ifa edir.
Bugünlərdə 60 illik yubileyi Gənc Tamaşaçılar Teatrında
təntənəli surətdə
qeyd olunan aktrisa gecənin yüksək səviyyədə
təşkilinin nəinki
onun, həm də qonaqların yaddaşında qaldığına
görə təşkilatçılara
dərin minnətdarlığını
qəzetimiz vasitəsilə
çatdırmağı xahiş
etdi.
Biz də
«Mədəniyyət» qəzeti
olaraq Almaz Mustafayevanı təbrik edir və ona
yeni sənət uğurları arzulayırıq.
Samirə Behbudqızı
Mədəniyyət.- 2010.- 9 aprel.- S. 7.