Dünyadakı iqtisadi böhrana baxmayaraq Azərbaycanda turizm sektoru inkişaf edir
Fayis Məmmədov: «2009-cu ildə şirkətimizin xətti
ilə ölkəmizə gələn turistlərin sayı 25
faiz artıb»
İnkişaf etmiş ölkələrin büdcəsinin
mühüm hissəsi turizm sektorundan gələn gəlirlər
hesabına formalaşır. Azərbaycanda
da son illərdə
turizm sektoru inkişaf etməkdədir.
Turizm indi Azərbaycan iqtisadiyyatında
qeyri-neft sektorunun prioritet sahələrindən
biridir. Bəs ölkəmizdə turizm şirkətlərinin fəaliyyəti
necədir, bu sahədə hansı problemlər var?
Bu və digər məsələlərlə
bağlı suallarımızı «Bakı Tur» turizm şirkətinin
rəhbəri Fayis Məmmədova ünvanladıq:
- «Bakı Tur» turizm
şirkəti 1992-ci ildən fəaliyyət göstərir. İlk
vaxtlardan «Bakı Tur» turizmin müxtəlif növləri, o
cümlədən daxili, xarici, ziyarət və istirahət
turizmi ilə məşğul olub. Bir çox ölkələrə
ekskursiya, istirahət, ziyarət və müalicə turları
təşkil edirik. 300-ə yaxın sanatoriya ilə müqavilə
bağlamışıq. Ustəlik Azərbaycan daxilində,
İran və İraqa ziyarət turlarımız var. Fəaliyyətimizin
əsas qollarından birini də «incoming» - gəlmə turizm təşkil
edir. Bütün ölkələrdə turizm sektorunda əsas
gəlirlər məhz gəlmə turizm, yəni xaricdən gələn
turistlər hesabına formalaşır. Bu səbəbdən də
biz gəlmə turizm ilə daha çox məşğul
oluruq.
Şirkətimiz Azərbaycandan
keçən beynəlxalq turizm marşrutlarında yaxından
iştirak edir. Bunlar «Böyük İpək yolu», «Şərab
yolu», «Xalçaçılıq» və «Aleksandr Düma
Qafqazda» marşrutlarıdır. Dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində
yaxından iştirak edirik. Etiraf edim ki, bunun nəticəsini də
görürük. 2008-ci illə müqayisədə 2009-cu ildə
şirkətimizin xəttilə ölkəmizə gələn
turistlərin sayı 25 faiz artıb. Dünya iqtisadiyyatında
baş verən böhrana baxmayaraq, belə bir nəticənin əldə
edilməsinin bir neçə səbəbi var. Əvvəla,
dövlətimizin apardığı iqtisadi siyasət nəticəsində
ölkə çox geniş şəkildə
tanıdılır. İkinci tərəfdən, il ərzində
Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi beynəlxalq
səviyyəli tədbirlərin sayının çox
olması və müxtəlif ölkələrin turizm təşkilatları
ilə qarşılıqlı əməkdaşlığın
sıx qurulması ölkəyə turist axınını
şərtləndirir.
- Xarici ölkələrin
təcrübəsindən də göründüyü kimi,
ölkənin turizm potensialını lazımi səviyyədə
təbliğ etmək üçün vacib şərtlərdən
biri təcrübəli bələdçilərin
olmasıdır. Hazırda Azərbaycanda bu sahədəki vəziyyət
sizi qane edirmi?
- Qonaqda gəldiyi
ölkə haqqında ilk təəssürat məhz bələdçilərin
verdiyi məlumat əsasında formalaşır. Bu baxımdan
çalışırıq ki, təcrübəli bələdçilərlə
işləyək. Amma buna hər zaman nail ola bilmirik. Çünki
hazırda Azərbaycan turizminin ən başlıca problemlərindən
biri savadlı bələdçilərin sayının az
olmasıdır. Sovet dövründən bu sahə ilə məşğul
olan bir neçə bələdçi var ki, onlarla işləyirik.
Gənc nəsildə bu işə maraq azdır. Yaxınlarda
işlədiyimiz alman şirkətinin nümayəndələri
gəlmişdilər. Onlar Gürcüstan şirkətləri
ilə də işləyirlər. Həmkarlarımız bizə
dedilər ki, Gürcüstanda 10 nəfər gənc bələdçi
var ki, alman dilində çox gözəl
danışmağı bacarırlar. Bizdə isə 3-4 nəfər
yaşlı bələdçi var. Bəs onları gələcəkdə
kim əvəz edəcək? Ona görə də bu məsələ
artıq ciddi problemə çevrilib.
Sovet vaxtı Bakı Səyahət
və Ekskursiyalar Bürosunun nəzdində 2-3 aylıq kurslar
təşkil edilir, kurslarda bələdçilər
hazırlanırdı. İndiki yaşlı bələdçilər
bu kursların məzunlarıdır. Azərbaycan Turizm
İnstitutunun nəzdində də belə kurslar təşkil
edilməlidir. Bir çox ölkələrdə bu tipli kurslar
turizm şirkətləri assosiasiyalarının nəzdində
açılır. İnkişaf etmiş ölkələrin əksəriyyətində
assosiasiyalar sertifikat verməsə, heç bir turizm müəssisəsi
həmin bələdçini işə götürmür. Turizm
şirkətlərinə də tapşırılır ki,
sertifikatı olmayan bələdçini ekskursiyalara
buraxmasınlar. Əks təqdirdə, həmin şirkətlər
ciddi surətdə cəzalandırılırlar. Hesab edirəm
ki, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının
nəzdində də bələdçi kursları təşkil
edilməlidir.
- Turizm məhsulunun
reklamı ilə turizm şirkətləri məşğul
olur. Dünya təcrübəsi də onu göstərir ki,
hotellər özlərini reklam etmir. Onların bəlli bir
operatoru olur və bütün satış hüququnu da həmin
təşkilat həyata keçirir. Azərbaycanda bu praktika
formalaşıbmı?
- Çoxdan işləyən
təcrübəli hotellər və istirahət mərkəzləri
turizm şirkətləri ilə yaxşı əlaqələr
qurublar. Amma elələri də var ki, rəhbərliyində təcrübəsi
olmayan insanlar təmsil olunurlar. Onlar düşünürlər
ki, təkbaşına çalışmaqla nə isə əldə
edə biləcəklər. Lakin bu belə deyil. Turizmin
inkişaf etdiyi bütün ölkələrdə turizm
şirkətləri hotellərin və istirahət mərkəzlərinin
öz işini qurmasında aparıcı rol oynayır. Tutaq
ki, hotelin qiyməti 100 dollar müəyyənləşdirilib.
Amma həmin hotel turizm şirkəti ilə müqavilə
bağlayanda bunu korporativ əsaslarla edir. Yəni burada hotelin
qiyməti olur 80 dollar. Bəzən olur ki, hətta 10 faiz də
turizm şirkətinə komissiya haqqı verilir. Hər
hansı turist şirkətin xətti ilə həmin hotelə
gedəndə 80 dollar ödəyir, amma birbaşa yer
sifariş verəndə 100 dolları ödəmək məcburiyyətində
qalır. Üstəlik bilmir ki, orada ona necə xidmət
göstəriləcək. Turizm şirkəti isə nisbətən
ucuz qiymətlə yerləşdirməni, nəqliyyat xərclərini
öz üzərinə götürür. Ona görə də
vətəndaşlar turizm şirkətlərinin xidmətindən
istifadə etməlidirlər.
- Məlum olduğu kimi,
aprelin 28-30-da Bakıda «AİTF - 2010» beynəlxalq turizm və
səyahətlər sərgisi keçiriləcək. Builki sərgidə
ilk dəfə olaraq Azərbaycanın regional turizmi geniş
şəkildə təqdim olunacaq. Bütöv bir pavilyon
ölkənin istirahət zonaları, sanatoriyaları və
mehmanxanalarının ekspozisiyasına həsr ediləcək. «Bakı
Tur» bu sərgidə iştirak edirmi?
- Biz bu sərgidə
turizm şirkəti kimi yox, istirahət mərkəzi kimi
iştirak edəcəyik. Mədəniyyət və Turizm
Nazirliyi Heydər Əliyev adına İdman və Konsert
Kompleksinin foyesində böyük bir sahəni öz
hesabına icarəyə götürüb və orada regionların
turizm potensialını təqdim edəcək. Burada bizim Qəbələdə
fəaliyyət göstərən hotelimiz üçün yer
ayrılıb, həmin yerdə «Bakı Tur»un da təbliğatı
aparılacaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 9 aprel.- S. 6.