Rəhman Ağarəhim oğlu Quliyev

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Teatr sənətinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Rəhman Ağarəhim oğlu Quliyev 2010-cu il aprel ayının 7-də 55 yaşında qəflətən vəfat etmişdir.

Rəhman Ağarəhim oğlu Quliyev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.

O, 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir.

1978-1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981-1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984-1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktor müavini, 1989-cu ildən bu günə qədər direktor vəzifəsində çalışmışdır.

Bu illər ərzində teatrın yaradıcılıq imkanlarının artırılması, repertuarın zənginləşdirilməsi, teatra istedadlı gənclərin cəlb olunması istiqamətində dolğun fəaliyyət göstərmişdir. Rəhman Quliyevin rəhbərliyi dövründə teatr kollektivi Beynəlxalq Kukla Teatrları Təşkilatına-UNİMA-ya üzv seçilmiş, geniş qastrol səfərləri başlamışdır. Müxtəlif illərdə teatrda hazırlanan ən maraqlı tamaşalarla Rusiyada, Gürcüstanda, Türkmənistanda, Türkiyədə, Tacikistanda keçirilən Beynəlxalq Kukla Teatrları Festivallarında uğurla çıxış etmiş, diplom mükafatlara layiq görülmüş, xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərində milli teatr sənətimizi ləyaqətlə təmsil etmişdir.

Teatrın ən uğurlu tamaşaları «Humay» və «Qızıl Dərviş» mükafatlarına layiq görülmüşdür.

Rəhman Quliyev öz əməyinə görə Azərbaycan Həmkarlar İttifaqı Şurasının, Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının fəxri diplomlarına layiq görülmüş Azərbaycan Respublikasının «Əla mədəniyyət işçisi», «Kənd zəhmətkeşlərinə mədəni hamilik», «Hərbi hamilik üzrə» döş nişanları ilə təltif olunmuşdur.

Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə R.Quliyev 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

İstedadlı təşkilatçı, gözəl, təvazökar insan Rəhman Quliyevi ölüm sıralarımızdan apardı. Bu itki onun dostlarının, yaradıcı ziyalıların, ailə üzvlərinin kədəri olmaqla yanaşı, bütün sənətsevərləri qəlbən ağrıtdı.

Onun xoş xatirəsi həmişə qəlbimizdə yaddaşımızda qalacaqdır.

 

Allah rəhmət eləsin!

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi

Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqı

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

 

 

Mədəniyyət.- 2010.- 9 aprel.- S. 2.