«Mən istəyirdim ki, bəşəriyyətə heç
olmazsa bir xeyir verim...”
Böyük ədib, maarifçi
və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 140 ili tamam olur
Azərbaycan xalqının böyük
oğlu, ictimai-siyasi xadim, görkəmli yazıçı-publisist, həkim
Nəriman Nərimanov
düz 140 il bundan öncə, 1870-ci il aprelin 14-də Tiflis şəhərində,
yoxsul bir ailədə anadan olub. 1882-ci ildə Nərimanov Qori şəhərindəki Zaqafqaziya
Müəllimlər Seminariyasına
daxil olub. Seminariyada oxuduğu illərdə o, Azərbaycan, rus və Avropa ədəbiyyatı klassiklərini
həvəslə öyrənir.
Onun ilk qələm təcrübəsi
də məhz həmin illərə təsadüf edib.
Seminariyanı bitirdikdən
sonra Nərimanov
1890-cı ildə
Bu dövrdə ədəbi fəaliyyətə
başlayır. 1894-cü ildə
"Şamdan bəy"
komediyasını, 1896-cı ildə məşhur "Bahadır və Sona" romanının birinci hissəsini, 1899-cu ildə isə "Nadir şah" faciəsini nəşr etdirir, böyük rus yazıçısı
N.V. Qoqolun məşhur
"Müfəttiş" komediyasını Azərbaycan
dilinə tərcümə
edir.
Nərimanov 1902-ci ildə
Odessa Universitetinin tibb
fakültəsinə daxil
olub. Odessada həmçinin siyasi fəaliyyətə başlayır.
1905-ci ildə Bakıya
qayıdır və burada aktiv ictimai-siyasi
fəaliyyətə başlayır,
«Hümmət» sosial-demokrat
partiyasının rəhbərliyində
yer alır. 1906-cı
ildə Nərimanov Zaqafqaziya müsəlman müəllimlərinin qurultayına
rəhbərlik edir.
1909-cu ildə Nərimanov
siyasi fəaliyyəti
ilə bağlı çar rejimi tərəfindən həbs
olunur və Həştərxana sürgün
edilir.
1913-cü ildə
Bakıya qayıdan Nərimanov Qaraşəhər
xəstəxanasında həkim
işləməklə yanaşı,
ədəbi fəaliyyətini
də davam etdirir. "Pir" (1913),
"Bir kəndin sərgüzəşti" (1915) hekayələrini yazır.
1918-ci ildə
Bakıda bolşevik hökuməti (Bakı Soveti) qurulanda Nərimanov şəhər
təsərrüfatı xalq
komissarı təyin edilir. Həmin ilin yayında bolşevik hökuməti süqut edəndən sonra Həştərxana gedir və Həştərxan
Quberniya İcraiyyə
Komitəsinin rəhbəri
işləyir.
1919-cu ildə
Rusiya bolşevik hökumətinin rəhbəri
Lenin Nərimanovu Moskvaya
çağırır və
o, xarici işlər komissarının Şərq
şöbəsinin müdiri
təyin edilir.
1920-ci ildə
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Nərimanov Müvəqqəti İnqilab
Komitəsinin, sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri işləyib.
1922-ci ildə Nərimanov
Zaqafqaziya İttifaq Sovetinin (Azərbaycan, Ermənistan, Gürcüstan)
sədri, sonra isə SSRİ-nin yaranması ilə ittifaq hökumətinin (Mərkəzi İcraiyyə
Komitəsi) həmsərlərindən
biri seçilib.
1925-ci ilədək bu
vəzifədə çalışan
Nərimanov həmin ildə vəfat edib.
Nərimanovun maarifçi
fəaliyyəti və
ədəbi yaradıcılığı
çoxşaxəlidir. O, xalqının
maariflənməsi yolunda
yorulmadan çalışıb,
rus məktəbləri
üçün «Azərbaycan
dili», Azərbaycan məktəbləri üçün
«Rus dili» dərslikləri, qrammatika
kitabları, lüğətlər
hazırlayıb.
Nərimanov realist yazıçı
idi. O, «Nadir şah» pyesi ilə Azərbaycan ədəbiyyatında
tarixi faciə janrının əsasını
qoyub. Nərimanov alovlu publisist idi. Öz dövrünün
bir sıra qəzet və jurnallarında məqalələrlə
çıxış edərək
istibdadı, gerilik və cəhaləti, fanatizmi qamçılayıb,
Azərbaycan dilinin təmizliyi, saflığı,
inkişafı uğrunda
mübarizə aparıb.
Nərimanovun zəngin
ictimai-siyasi fəaliyyəti
və əbədi irsi ilə bağlı
çoxsaylı materiallar
onun Bakıdakı ev-muzeyində qorunub saxlanılır. İstiqlaliyyət
küçəsində yerləşən
xatirə muzeyi 1977-ci ildən fəaliyyət göstərir.
İşıqlı və geniş otaqları olan bu ev-muzeydə
qəribə bir aura
var. Nərimanov 1913-cü ildən
bu evdə yaşayıb. O dövrün
görkəmli ziyalıları,
Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla
Şaiq və başqaları hər həftənin cümə
günləri bu evdə süfrə arxasına toplaşar, maraqlı söhbətlər
edərdilər. Həmin
otağa nəzər yetirəndə gözlərim
önünə ziyalılarımız
gəldi... Qonaq otağı ilə üzbəüz Nərimanovun
iş otağıdır.
İçi kitab dolu rəflər, yazı masası və üstündə bir neçə köhnə kitab... Marağımı boğa
bilməyib kitablara baxıram: Puşkin, Qoqol, Lermantov, Turgenev və başqa rus yazarlarının əsərləri...
Həkim kimi də fəaliyyət göstərən Nərimanov
xəstələri burada
qəbul edirdi. Xeyirxahlığı ilə
seçilən bu insan hətta imkanı olmayan xəstələrin dərmanları
alması üçün
də onlara yardım edərdi.
Burada onun bitirdiyi Novorossiysk Universitetinin
tibb fakültəsinin
diplomunu görürəm.
Bu otaqda ani olaraq qəribə hisslər keçirirdim, sanki zaman geri
dönəcək, bu boş qalmış stulda doktor Nəriman
əlində qələm
nəsə yazacaq... xəstələr qapıda
növbə gözləyəcək...
Muzeyin direktoru
Kamilə xanım Nərimanov haqqında fikirlərini bizimlə bölüşür: “Onu
daima sıxışdırır,
müxtəlif böhtanlar
ataraq gözdən salmağa çalışırdılar.
1956-cı ilə qədər
N.Nərimanov «xalq düşməni» kimi damğalanıb və bundan bütün qohumlar, biz əziyyət çəkmişik. Stalin dünyasını
dəyişəndən sonra
artıq ona bəraət verildi. İlk dəfə onun ədəbi fəaliyyəti haqqında
Mir Cəlal Paşayev
“Ədəbiyyat və
incəsənət” qəzetində
məqalə yazmışdı”.
Təsadüfən stolunun üstündə Nərimanovun
1925-ci ilin yanvarında
6 yaşlı oğlu
Nəcəfə yazdığı
bitməmiş məktubuna
rast gəlirəm.
Nərimanov oğluna
yazırdı: «...mənim
həyatım daim qayğılarla dolu olmuşdur: Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə
baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm.
Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu
öz az maaşımla böyütmüşəm.
Bütün bunların
hamısını icra
etdikdən sonra mən yenə də təhsil almağa başladım. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün
məzəmmət etməyəsən...”
Məktubun bir hissəsində isə deyilir: “...Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki
ətalət, ətrafımızdakı
həyat təzahürləri
- nə soyuq münasibət, millətlər
arasında gedən mənasız çəkişmələr,
buradan da doğan iztirablar: qan, göz yaşları,
yoxsulluq, yalan və bir sıra
başqa şeylər,
bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə
də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir
olunub, mənim öz qüvvə və imkanlarım daxilində yazılarım
göstərir ki, mən bir çoxları
kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə
heç olmazsa bir xeyir verim...”
Yeganə Cansail
Mədəniyyət.- 2010.- 14 aprel.- S. 14.