Səməd Vurğunun «Aslan qayası» poeması niyə qadağan olunmuşdu?

 

Səməd Vurğun 1937-ci ildə mətbuatda belə yazmışdı: «Son zamanlar mən «Azərbaycan» adlı böyük bir epopeya yazmışam. Burada mənim Vətənimin iki min illik tarixinin əsas mərhələləri öz əksini tapmışdır». Şair bu epopeyanın 30 poemadan ibarət olacağını bildirirdi.

 

Şairin şəxsi arxivində qırmızı cildli bir albom var. Albomun titul vərəqində yazılıb: «Azərbaycan. Tarixi poema. 1934-1935. Səməd Vurğun. Bakı». Əlyazmadan görünür ki, şair 30 poemanın hamısını yazmayıb və buna görə də «Azərbaycan» adlandırdığı epopeyanı bütöv şəkildə dərc etdirməyib. Bu poemalardan bəziləri «Azərbaycan» ümumi qeydi ilə mətbuatda çap olunub.

Səməd Vurğun həmin epopeyaya daxil etdiyi «Aslan qayası» poemasını ilk dəfə «İnqilab və mədəniyyət» jurnalında (1938, ¹ 4-5) çap etdirib. Poemada təsvir olunan hadisələrin konkret tarixi məlumdur. Bu, Azərbaycanın çar Rusiyasına birləşdirilməsi, o cümlədən Bakı şəhərinin rus qoşunları tərəfindən işğal olunması tarixidir.

«Aslan qayası» ədəbi tənqidin diqqətini o qədər də çəkməmişdi. Şairin tədqiqatçılarından bəziləri bu əsərin adını xatırlatmaqla kifayətlənmiş, bəziləri onu çox qısa şəkildə təhlil etmişlər.

Maraqlıdır ki, hələ 1947-ci ildə «Aslan qayası»nı «Səməd Vurğun poemalarının ən gözəli, ən mükəmməli» hesab edən, «əsərin mövzusunu XIX əsrin başlanğıcında Bakının istilaçı rus ordusu tərəfindən işğal olunması təşkil edir» yazan tədqiqatçı O.Həsənov 1956-cı ildə nəşr olunmuş monoqrafiyasında poema haqqında heç bir söz deməmişdi.

Mərhum şair-tədqiqatçı A.Zeynallı «Aslan qayası»nın tədqiqi ilə bağlı bu boşluğu doldurmağa çalışaraq ilk dəfə onu obyektiv təhlil etməyə səy göstərib. Onun «Səməd Vurğun sənəti» (Bakı, «Elm», 1990) kitabından aşağıdakı parçanı olduğu kimi burada veririk: «...1948-ci ildə SSRİ Yazıçılar İttifaqının Milli Komissiyasının növbəti iclasında S.Vurğunun rus dilində buraxılmış kitabının müzakirəsi zamanı tənqidçi P.Q.Skosıryev «Aslan qayası»nı tarixi təhrif edən zərərli bir əsər adlandırmışdır. Heç şübhəsiz ki, poemada Azərbaycanın Rusiyanın tərkibinə daxil olması dövrünün hadisələri qələmə alındığı üçün burada çar Rusiyasına qarşı, onun işğalçılıq siyasətinə qarşı mübarizə motivləri vardı. Bu motivlər bədxah, vulqar-sosiologizm təsəvvürlərindən ayrılmamış ayrı-ayrı tənqidçi və ədəbiyyatşünaslara xoş gəlmirdi. Onlar böyük beynəlmiləlçi olan S.Vurğunun şair mövqeyini şübhə altına almaq istəyirdilər. P.Q.Skosıryev S.Vurğunu nəzərdə tutaraq deyirdi: «Millətçilik qalıqları elə adamların kitablarına daxil olur ki, onlar özlərini bu qalıqlara qarşı mübariz sayırlar».

Beləliklə, «Aslan qayası»na 1948-ci ildə Moskvada, SSRİ Yazıçılar İttifaqında göstərilən bu münasibət əsərə Azərbaycan ədəbiyyatşünaslarının da (əlbəttə, hamısının yox!) münasibətini müəyyənləşdirmişdi.

Bundan sonra ədəbiyyatşünaslarımız bu əsər barədə çox ehtiyatla danışmış, yaxud heç danışmamağı üstün tutmuşlar. Görəsən, 1938-ci ildə çap olunmuş bu poema 10 sonra niyə belə hücuma məruz qalmışdı? Poemanın məzmununu xatırlayaq: 1806-cı ilin fevral ayıdır. General Sisyanovun başçılığı ilə çar Rusiyasının qoşunları Bakı şəhərini mühasirəyə alıbdır. Tələb aydındır: Bakının açarı generala təqdim olunmalı, şəhər əhalisi Rusiya təbəəliyini qəbul etməlidir. Xalqın qeyrətli oğlu Aslan (o, bir qədər əvvəl Bakı xanının qızı Mahniyarla evlənmişdi) şəhərin açarını generala təqdim etməyi öz üzərinə götürür və həmin mərasimdə onu xəncərlə vurub öldürür. Rus qoşunu geri çəkilir... Lakin yadellilərin ikinci hücumunun qarşısını almaq mümkün olmur. Aslan düşmənin əlinə keçməmək üçün sevgilisi Mahniyarla birlikdə Xəzər dənizinə atılır...

Göründüyü kimi, əsər Azərbaycanın Rusiyaya birləşdirilməsinin ilk illərindən bəhs edir və şair folklor motivləri ilə tarixi faktları əlaqələndirmişdir. Tənqidçini razı salmayan isə məlumdur: Bakının yadellilər tərəfindən işğalının və işğalçı çar generalının qətlə yetirilməsinin qələmə alınması.

Qeyd etmək lazımdır ki, «Aslan qayası» bu gün də rus dilinə tərcümə olunmayıb. Bəs Skosıryev nəyə istinad etmişdir? Əlbəttə, S.Vurğunun «qələm dostlarının» məlumatına.

Şair burada Rusiyanı təmsil edən iki surət yaradıb. Bunlardan biri general Sisyanov, digəri sıravi rus əsgəridir.

Sisyanov tarixi şəxsiyyətdir. Qafqazı, o cümlədən Azərbaycanı işğal etmiş rus qoşunlarının komandanı olmuşdur. 1806-cı ildə Bakı şəhərində qətlə yetirilmişdir. Şair onun simasında çarın müstəmləkəçilik siyasətini həyata keçirən, Azərbaycana yuxarıdan, məhz qarətçi gözü ilə baxan, özündən razı və əlbəttə ki, işğalçı bir general obrazı yaradıb. O, Hüseynqulu xana belə bir ultimatum göndərir:

 

   Bakının hakimi Hüseynqulu xan

   Səhər, yuxusundan ayılan zaman

   Bütün dövlətini, bütün varını,

   Şəhər qalasının öz açarını

   Knyaz Sisyanova təslim verməli!

   Yoxsa, ordumuzun dağıdan əli

   Sizin də ölkəni yandıracaqdır,

   Yerdə padşahların dediyi haqdır.

 

Bu ultimatum rus çarının işğalçılıq siyasətini aşkar əks etdirir. Çarın planında təkcə Bakı deyil, bütün Azərbaycan, bütün Qafqaz «böyük Rusiya»ya tabe olmalıdır. Əks halda başqa ölkələr kimi, Azərbaycan da odlara qalanacaqdır.

Nə yaxşı ki, bütün Rusiya belə düşünmür. Bu baxımdan poemada rus əsgəri surəti maraq doğurur. Qarmonda qəmli havalar çalan bu əsgər başqa cür düşünür:

Dərdini söyləyir ötən dillərə:

«Mən niyə gəlmişəm bu yad ellərə?»

Əsgərin düşüncələrində Rusiyanın işğalçılıq siyasətinə qarşı etiraz nidaları ifadə olunub. S.Vurğun poemada Aslan obrazını sevərək yaradıb. Aslan doğma xalqına bağlıdır, xalq da onu sevir. Knyaz Sisyanovun qoşunları Bakını mühasirəyə alanda camaat üzünü Aslana tutur:

 

   Tez çağırın Aslanı,

   Yığsın eli, obanı...

 

Aslan öz Vətəninin azadlığını hər şeydən üstün tutur. Elə buna görə də şəhərin açarını Sisyanova təqdim edərkən xəncəri onun köksünə sancır:

 

   Al! - deyir - payını, soruşma nədir -

   Çara «qullarından» ilk hədiyyədir...

 

Şair isə öz qəhrəmanının şücaətini belə səciyyələndirir:

Alqış tarixdəki o şanlı günə!

Bu misralar Azərbaycanın öz müstəqilliyini asanlıqla vermədiyinə, bu yolda qanlar töküldüyünə işarədir.

Qeyd etdiyimiz kimi, S.Vurğun «Aslan qayası» poemasını da «Azərbaycan» epopeyasına daxil etməyib. Əlyazmada «Aslan qayası»nın son hissəsi diqqəti cəlb edir. Bu hissəni, şair özü qeyd etməsə də, poemanın epiloqu hesab etmək olar. S.Vurğun həmin parçanı çap etdirməyib. Şairin yeddicildlik «Əsərləri»nin III cildinin «İzahlar və şərhlər» bölməsində poemanın əvvəllər çap olunmamış 12 bəndi verilib, 6 bənd isə yenə «işıq üzü» görməyib.

Poemanın haqqında danışdığımız hissəsində Bakı şəhəri çar ordusu tərəfindən işğal olunduqdan sonra, yəni Azərbaycanın şimal hissəsi Rusiyaya birləşdirildikdən sonra burada baş verən məhrumiyyətlər, talanlar oxucuya çatdırılır. «Cüt başlı qartalın bayrağı» yurdumuzun üstündə titrəyəndən sonra Azərbaycan kəndlisinin xırmanı boşaldı, aşığın sazı ağladı, ipəyimiz, neftimiz Rusiyaya daşındı. Şair bu parçada Azərbaycan Rusiyanın müstəmləkəsinə çevriləndən sonra ədəbiyyatımızın və dilimizin təzyiqlərə məruz qaldığını, ölkənin sərvətlərinin daşındığını ürək ağrısı ilə qələmə alıb.

 

   Tər içdi, qan uddu motal papaqlar,

   Son dana, son çuval getdi vergiyə...

   Bağlandı qapılar, söndü ocaqlar,

   Qarılar, qocalar yalvardı göyə...

   O gündən titrədi yurdun üstündə

   Cüt başlı qartalın qanlı bayrağı.

   Tarixin doğduğu o qara gündə

   Böyük bir ölkənin söndü çırağı.

 

«Aslan qayası» poeması yüksək vətəndaşlıq mövqeyindən qələmə alınıb. Burada Azərbaycan xalqına, onun adət-ənənələrinə, tarixi abidələrinə, hətta xalqın yaratdığı əfsanələrə böyük məhəbbət duyulur. Əsərdə yurd sevgisi, torpaq təəssübü güclü verilib.

 

   Sel olsa da qanımız

   Qurban olsun canımız

   Bu sünbüllü çöllərə,

   Bu mehriban ellərə.

 

Beləliklə, «Aslan qayası» bu günümüzlə səsləşən sənət nümunəsi kimi diqqəti cəlb edir. Qeyd edək ki, Səməd Vurğunun latın qrafikası ilə nəşr olunmuş beşcildlik «Seçilmiş əsərləri»nin üçüncü cildində poema bütövlükdə oxuculara təqdim edilib.

 

 

Adilxan Bayramov,

filologiya elmləri doktoru

 

Mədəniyyət.- 2010.- 14 aprel.- S. 12.