«Bəndalı
bəndə düşüb»
Füzuli teatrının paytaxt
tamaşaçılarına təqdim etdiyi komediya birmənalı qarşılanmadı
Milli Teatr Festivalının ikinci mərhələsi çərçivəsində
bu dəfə teatrsevərlərə Füzuli
Dövlət Dram Teatrının
tamaşası təqdim
edildi. Aktyor Evinin tamaşa
zalında iynə atsan, yerə düşməzdi. Əslən
Füzuli rayonundan olan Bakı sakinlərinin yerli teatrlarına maraqlarını
anlamağa və alqışlamağa dəyər.
Təəssüf ki, seyrçilərə təqdim
olunan tamaşa barədə belə yüksək fikir söyləmək mümkün
deyil.
Salonu dolduran seyrçilər Səttar Axundovun «Bəndalı bəndə
düşüb» adlı
ikihissəli komediyasına
teatrın baş rejissoru Asif Şirinovun quruluşunda tamaşa etdilər.
Ötən əsrin 50-60-cı illərində
sovet Azərbaycanı
kəndlərindən birində
cərəyan edən
hadisələr süjet
xəttinə görə
Altay Məmmədovun
«Kişilər» komediyasını
xatırladırdı. Fərq
yalnız qadın hesabına yaşamaq istəyən kişidə
- Bəndalı obrazındadır.
Onu da tamaşanın
finalında kəndin işgüzar və dərrakəli qızları
dürüst adama çevirməyə nail olurlar. Vəssalam. Tamaşa boyu cərəyan edən hadisələr, zəhmətkeş
kənd insanının
həyatının təsviri,
əməksevərliyi, kolxoz
təsərrüfatına can-dillə
bağlılığı tipik sovet adamının
nostalji modelini yaradırdı, sadəcə.
Teatrın direktoru Vaqif Vəliyev truppanın komediya janrına müraciət etməsini sənət ocağının
cəbhə bölgəsində
yerləşməsi ilə
əlaqələndirir. Janrın seçimi,
zəmanəmizin təəssüf
doğuran hallarına
teatral baxış cəhdi təqdirəlayiq
olsa da, cəhdin gerçək ifadəsini baş tutmuş hesab etmək çətindir. Çünki ötən əsrin ortalarında kolxoz quruluşu, gənc qızların ictimai həyatdakı fəallığı və
bütün bu təzahürlərə
çağdaş prizmadan
yanaşma əvəzinə,
50-60 il geriyə səyahətdən savayı
səhnədə heç
nə baş vermədi. Bundan başqa, teatrın
təcrübəli aktyorlarını
istisna etmək şərtilə tamaşanın
digər iştirakçılarının
əksəriyyətinin oyun
tərzi statik və süni komiklik səviyyəsində
idi. Əlbəttə,
çatışmazlıqları Füzuli Dövlət Dram Teatrının cəbhə bölgəsində,
çətin şəraitdə
fəaliyyət göstərməsi
ilə izah etmək olar. Amma 21-ci mövsümünü
yaşayan truppa ən ağır şəraitdə də peşəkarlığını qoruyub-saxlamağa çalışmalıdır.
Ümidvarıq ki,
Füzuli teatrı
ilə
növbəti görüşümüzdə bu kimi məqamların şahidi
olmayacağıq.
Samirə Behbudqızı
Mədəniyyət.- 2010.- 14 aprel.- S. 6.