Turizmin inkişafına dair
Dövlət Proqramı ilə bağlı toplantı
keçirildi
Əbülfəs Qarayev: «Azərbaycan
turizmi dayanıqlı və davamlı inkişaf yolundadır»
Aprelin 13-də “Hyatt Regency” hotelində “Azərbaycan
Respublikasında 2010 - 2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı”nın təqdimatı
ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin
təşəbbüsü ilə geniş toplantı
keçirildi. Tədbirdə mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev, nazir müavini Teymur Mehdiyev,
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli,
Prezident Administrasiyasının sosial siyasət məsələləri
sektorunun müdiri Mehman Tağıyev, Nazirlər Kabinetinin Elm,
təhsil, mədəniyyət və sosial problemlər
şöbəsinin baş məsləhətçisi Mirəli
Seyidov, eləcə də Azərbaycanda fəaliyyət
göstərən turizm təşkilatlarının, mehmanxana
və turizm şirkətlərinin nümayəndələri
iştirak edirdilər.
Proqramla bağlı məlumat
verən nazir Əbülfəs Qarayev sənədin Azərbaycan
turizm sənayesi qarşısında ciddi tələblər
qoyduğunu və bu sahədəki məsuliyyət
yükünü daha da artırdığını bildirdi:
“Söhbət Azərbaycan turizminin iqtisadiyyatın ən
dayanıqlı, inkişafda olan sahəsinə çevrilməsindən
gedir. Proqramda qanunvericilik baxımından tənzimlənən
sənədlərin hazırlanması, yeni turizm zonaları,
onların əsasnamə və nizamnamələrinin
yaradılması, beynəlxalq səviyyədə turizm sənayesinə
investisiyaların yatırılması və ölkənin
turizm potensialının geniş təbliğinə xüsusi
önəm verilir. Eyni zamanda, zəngin maddi-mədəni
irsimizin, mədəniyyətimizin imkanlarının turizm məqsədləri
üçün geniş istifadə olunması, infrastrukturun
yaradılması və bunun üçün peşəkar
kadr potensialının hazırlanmasına dair
tapşırıqlar verilib. Hesab edirəm ki, bu proqram 4 il
müddətinə mütləq icra olunmalıdır. Bundan
sonra Azərbaycan turizm sənayesi tamamilə yeni mərhələyə
qədəm qoyacaq».
Nazir respublikamızın
turizm potensialından daha səmərəli istifadə
üçün geniş imkanların olduğunu diqqətə
çatdırdı: «Amma bu o demək deyil ki, ölkəmizdə
turizm sənayesinin hazırkı inkişafı ilə razı
deyilik. 2001-ci ildən Azərbaycan turizmi dayanıqlı
və davamlı inkişaf yolundadır. Həmin vaxt mərhum
prezidentimiz Heydər Əliyevin sərəncamı ilə
turizm böyük bir nazirliyin əsas strukturuna çevrildi. O
ildən bu günə qədər qəbul edilən
bütün iqtisadi inkişaf proqramlarında, sərmayə
qoyuluşu ilə bağlı layihələrdə, yoxsulluqla
mübarizə və eləcə də regionların
sosial-iqtisadi inkişafı ilə bağlı proqramlarda turizm
və nəqliyyat infrastrukturunun yaradılması öz əksini
tapır. Müqayisədə görülən işləri təqdirəlayiq
adlandırmaq olar».
300 hotel və 123 turizm şirkəti lisenziya alıb
2002-ci ildə ölkə
iqtisadiyyatı turizmdən 432 milyon manat gəlir
götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1
milyard 122 milyon manat həcmindədir. Burada söhbət
yalnız Azərbaycana gələn turistlərin xərclədiyi
vəsaitdən gedir. Nazir bildirdi ki, mehmanxanaların, turizm
şirkətlərinin qazancını da nəzərə
aldıqda, bu sənayenin milyardlarla vəsait hesabına öz
maddi-texniki bazasını yaratdığı məlum olur: «Bu
gün turizm bazarı şəffafdır. Bu sahə hər
hansı inhisarçılıqdan, maneələrdən azad
istiqamətdir. Mədəniyyət və Turizm Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi və digər dövlət
qurumları bu sənayeyə sərmayələrin gətirilməsinə
maraq göstərərək lazımi işləri
görür».
Tədbir
iştirakçılarının diqqətini son 8 ilin
statistikasına yönəldən nazir Ə.Qarayev hər il Azərbaycanda
25-50 yeni mehmanxana, hotel, motel və bu tipli obyektlərin
inşasına başlandığını dedi: «Hazırda
50-yə qədər mehmanxana kompleksinin inşası davam edir.
2002-ci illə müqayisədə yerləşdirmə
yerlərinin sayı 3 dəfə artıb. Həmin vaxt cəmi
32 şirkət vardısa, indi bu rəqəm 123-dür. Hesab
edirəm ki, bu rəqəm Azərbaycanda rəqabət
imkanları açır. Biz lisenzalaşdırmaya
başlayanda ölkədə cəmi 40-50 hotel lisenziya
aldı. Bu gün isə 300-ə qədər hotel artıq
lisenziya alıb, 20-sinin sənədlərinə
baxılır».
Çıxışında
Azərbaycanda beynəlxalq hotellər şəbəkəsinə
daxil olan obyektlərin inşasına da toxunan nazir ölkəmizdə
bu sahə ilə bağlı brendlərin sayının getdikcə
artdığını diqqətə çatdırdı: «Azərbaycanda
300-ə yaxın yerli hotel olduğu zaman bunun olması məqsədəuyğundur.
Çünki əvvəldən brendli hotellər Azərbaycanda
tikilsəydi, yerli sərmayəçilərə yer
qalmayacaqdı. Artıq beynəlxalq şəbəkələrin
Azərbaycana inamı artıb. Hazırda «Hilton», «Şeraton»,
«Mariot» hotelləri tikilir. «Hyatt Regency», «Park İnn» və
başqaları illərdir fəaliyyət göstərir. Bu
hotellər dünyanın ən nəhəng şirkətləridir.
Bu, Azərbaycan turizm bazarının cəlbediciliyinin göstəricisidir».
Ə.Qarayev qeyd etdi ki,
ölkənin turizm sənayesinin üzləşdiyi
başlıca problemlərdən biri də əlaqəli xidmətlərin
səviyyəsi ilə bağlıdır: «Bu məsələ
Dövlət Proqramında öz əksini tapıb. 4 il əvvəl
ölkədə turizm təhsili verən yeganə ali təhsil
ocağı - Azərbaycan Turizm İnstitutu yaradıldı. Bu
il institutun ilk məzun buraxılışı olacaq. 300 nəfər
məzunun hamısı artıq harada işləyəcəklərini
bilirlər. Biz bundan sonra lisenziyalaşdırma
qaydalarını da ciddiləşdirəcəyik. Belə ki,
mehmanxanalara və turizm şirkətlərinə lisenziya verərkən
orada peşəkar kadrların olması tələbini irəli
sürəcəyik. Çünki bizim qonaqlama təsisatımız
ali təhsilli kadrlardan ibarət olmalıdır».
«Turizm haqqında» yeni qanun qəbul
ediləcək
Dövlət Proqramında Azərbaycanda
turizm zonalarının yaradılmasına xüsusi önəm
verildiyini diqqətə çatdıran Ə.Qarayev prosesin
işlənmə mexanizmi barədə də məlumat verdi:
«Proqramda turizm zonalarının yaradılması
üçün müvafiq yerlərin ayrılması da əksini
tapıb. Məsələn, Qusarda “Şahdağ”
Qış-Yay Turizm İstirahət Kompleksinin tikintisi kimi. Bu səbəbdən
də Ekologiya və Təbii Sərvətlər, İqtisadi
İnkişaf nazirliklərindən, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsindən, eləcə də yerli icra hakimiyyəti
orqanlarından aktiv fəaliyyət tələb olunur. Onu da
qeyd edim ki, Dövlət Proqramının hər bir bəndinin
icrası ilə bağlı xüsusi işçi qrupu
yaradılacaq və onların iş planı tərtib ediləcək».
Proqramın icrası prosesində
Azərbaycanda turizm statistikasının və ümumi turizm
qanunvericiliyinin təkmilləşdirilməsinə də
önəm veriləcək. Bu mənada daxili
statistikanın təşkilinin mürəkkəb proses
olduğunu deyən nazir Ə.Qarayev bu ildən etibarən
Ümumdünya Turizm Təşkilatının ölkəmizdə
ildə 4 dəfə seminar keçirəcəyi barədə
məlumat verdi: «Bu seminarlara region ölkələri də dəvət
ediləcək. Məqsədimiz 2014-cü ildə Azərbaycanın
iqtisadi rəqəmlərində turizm sənayesindən əldə
edilən gəlir və xərclərin şəffaf
hesablanmasına, dövlət büdcəsinin gəlirlər
hissəsində turizmin payının müəyyənləşdirilməsinə
nail olmaqdır. Bütün bunlar nəzərə alınaraq,
«Turizm haqqında» yeni qanun da qəbul ediləcək. Bunun
üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
işçi qrupu təşkil edilib. İlkin variant artıq
hazırlanıb. Dövlət Proqramının icrası ilə
bağlı dəyişiklikləri də əlavə edib yeni
qanunun bu il qəbul edilməsinə
çalışacağıq. Çünki növbəti illərdə
Dövlət Proqramında əks edilən bəndlərin
icrasını təmin etmək üçün yeni qanunun qəbulu
vacibdir».
Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizm sektorunun
müdiri Mahir Qəhrəmanov qeyd etdi ki, Dövlət
Proqramı hazırlanarkən Ümumdünya Turizm Təşkilatının
və Avropa Şurasının, USAİD-in (ABŞ) Azərbaycanda
turizmin inkişafına dair tövsiyələri, habelə Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşlarının əldə
etdiyi son 8 illik təcrübə əsas
götürülüb: «Bu gün dünya üzrə
ümumi daxili məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq
turizmin payına düşür. Göstərilən
xidmətlərin üçdə biri beynəlxalq turizm vasitəsilə
həyata keçirilir. Dünya üzrə əmək qabiliyyətli
əhalinin 8-də bir faizi turizm sektorunda
çalışır. Yoxsulluğun aradan
qaldırılması, ətraf mühitin qorunması, məşğulluğun
artırılması ilə bağlı qlobal problemlərin həllində
turizm ən önəmli vasitələrdən birinə
çevrilib. ÜTT-nin tövsiyələrində turizm
iqtisadiyyatın gəlir gətirən sahələrindən
biri olmaqla yanaşı, ölkənin sosial-iqtisadi həyatında,
dövlətin milli gücünü artırmaq imkanlarına
malik olan vasitə kimi göstərilir».
Dövlət
Proqramının əhəmiyyətindən danışan Azərbaycan
Turizm İnstitutunun rektoru Cəfər Cəfərov sənədin
ölkəmizdə turizm sənayesinin və infrastrukturunun daha
da inkişafına və möhkəmləndirilməsinə təkan
verəcəyinə əminlik ifadə etdi: «Bu proqram turizm sahəsində
dövlət və bələdiyyə orqanlarının əlaqəli
fəaliyyətini daha da gücləndirəcək. Bununla da
turizm sərvətləri, qorunan obyektlər, bu sərvətlərdən
istifadə hüquqları müəyyənləşməklə,
turizm fəaliyyətinə başlama, bu sahədə
attestasiya və tanınma, əlaqələrin hüquqi tənzimlənməsi,
turizm fəaliyyətinə nəzarətin həyata
keçirilməsi üsulları mütərəqqi xarakter
alacaq və müasir tələblər əsasında
gerçəkləşəcək.
Eyni zamanda, turizmdə təhlükəsizlik
və sığorta işlərinin həyata keçirilməsi
yeni xarakter alacaq. Müxtəlif turizm istiqamətləri
üzrə infrastrukturun yenilənməsi və
yaradılması xarici turistlərin respublikamıza
marağını artıracaq. Xarici valyutanın ölkəyə
axını güclənəcək. Bu da öz növbəsində
iqtisadiyyata bilavasitə müsbət təsir edəcək».
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Turizm
Şirkətləri Assosiasiyasının sədri Nahid Bağırov proqramın turizm sənayesinin tərəqqisinə yönələn mexanizm olduğunu və onun icrasının ölkənin iqtisadi inkişafına təkan verəcəyini qeyd etdilər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 14 aprel.- S. 3.