Xalqın qədir-qiymətli
qızı
Xalq artisti
Fatma Qədir qızı Qədri
Fatma Qədri.
14 aprel 1907,
Bu qəriblə bağlı
qəribəlik
Yazımın başlıq
və başlıqaltısını
yazdım, oxudum və duruxdum. Doqquz sözdə səkkiz «q» hərfi, «qe» səsindən hoyuqdum. Düşündüm
ki, deyəsən bu, heç də təsadüfi deyil. Qəribə bir hissə qapıldım ki, bu nə «qrammatik
qanunauyğunluq»dur belə - bu major dünyamızda minor ifadələrin
çoxusu məhz bu hərflə başlayır: qürbət,
qan-qada, qətl, qalmaqal, qaçaqaç, qaçqınlıq, qisas,
Qarabağ...
Fikirləşdim ki...
Fatma Qədrinin
qismətinə düşən
tale qalmaqallarından ən
qarası elə bu hərflə başlayır: qəriblik.
Bəli, bütün
özəllik-gözəlliklərilə,
səsi, fotoşəkilləri,
xatirələrdəki obrazı
ilə Azərbaycan folkloruna çəkən
bu xanım qürbətdə doğulub,
qəriblikdən gəlmişdi
doğma xalqının
qulluğuna. Atası Qədir kişi, qəribə həyat dramı personajlarından biri kimi, gedib
qəribliyə - Odessa şəhərinə
düşmüşdü, bu dünyaya gəlişində Fatma, gedişində Fatma Qədri adlanası bu qızcığaz isə anasının boyuna...
1907-ci il.
Rusiyada inqilab, qarmaqarışıqlıq, aclıq...
Şəkər zavodunun
fəhləsi Qədir
kişinin kasıb komasında isə «qa» deyib çörək,
«qu» deyib su istəyən ağır külfətin
sayını artıran
növbəti bir «inqə». Özü də «duz yükü»
- qız.
Qərəz, bu «qe» səsi alletrasiyasından
qurtulmaq üçün
publisistik «qərar» qəbulu vəqtidir. Ancaq belə bir assosiativ qeydlə: əgər bu qadir sənətkar
təsadüfən elə
o qürbətdə qalsaydı,
çox yəqin ki, Rusiyanın xalq artisti adını
qazanacaqdı.
«Baxıb xatırlama...»
Sovetlər dövründə
hamı, xüsusən
də sevib-sevilənlər
bir-birilə yadigari-mübadilə
etdikləri fotoşəkillərinin
arxa tərəfində
məhz bu epiqraf-avtoqraf olardı: «Baxıb xatırlama, xatırlayıb - bax...»
Elə bu yarımbaşlıq da, Fatma Qədrini, qismən də olsa, canlı xatırladan iki elementdən biri ilə - fotoşəkillə
bağlı gəldi ağlıma. Belə ki, hər dəfə
adını teatr ictimaiyyətinin dilindən
eşidərkən bizdə
çox kolorital bir isim təəssüratı,
ciddi, ağır klassika ab-havası yaradan Fatma Qədrini
ad-sanına layiq təqdim etmək üçün o qədər
də zəngin, mükəmməl mənbə
yoxdur. Teatrşünaslar,
araşdırmaçılar, televizionçular, «sitat»çılar bu və ya başqa
səbəblərdən susduğundan,
statistik oxucu və tamaşaçılar
heç nə oxuya və görə
bilmirlər. Onun iki teatr (“Azdram”
və bir vaxtlar “Rusdram”) foyelərindəki məhzunluq
saçan bir fotoşəklindən və
hərdən Azərbaycan
radiosunda səsləndirilən
aktrision səsindən
başqa, heç nə.
Hə, deməli,
o boyda humanitar-filoloji aspektli bir persona bir-iki darısqal texniki-faktoloji guşəyə
sığışdırılaraq qalmaqdadır. Deməli, iki cüt bir
tək fotoşəkil,
plyus, başqalarının
obrazlarını yaradan
üç cüt bir tək fonoteka
məhsulu, bərabərdir
Fatma Qədri?
Yox, niyə
ki, onun avtobioqrafik «dosye»sində əlavə məlumatlar da vardır: «Çarəsizlikdən
Fatmanı 9 yaşında
ikən dindar bir qadının himayəsinə verirlər.
O isə bu qızı aparıb mədrəsəyə təhvil
verir. 11 yaşında
rus xalq məktəbinə gedir. Şagirdlər arasında
öz yaddaşı, lirik-dramatik diksiyası ilə seçilir».
Elə onun xatirələri də hər xatirata bənzəmir: «Həmyaşıdlarım
al-əlvan geyinib gəzintilərə çıxanda,
mən ümummatəm
odasını xatırladan
evimizdə oturub için-için ağlayardım...»
Qəza-qədərlərdən qurtulub qədirbilənlərə
qovuşan Qədri
«Gecə-gündüz
Allaha yalvarırdım
ki, ya tezliklə
canımı alsın,
ya tezliklə bəxtimi açsın!..»
Böyük Tanrı
bu balaca qızcığazın cani-dildən
istədiklərindən ikincisini
(birincisinə isə hələ 47 il qalırdı...) eşitdi
və 14 yaşında
ikən Fatmaya Bakı yolu açdı. Burada yenicə yaradılmış
Bakı Dövlət Teatr Texnikumuna daxil oldu, ilk direktor Şövkət Məmmədovanın analıq
qayğısı ilə
əhatə olundu. Zəngin təcrübəyə
malik teatr xadimlərindən - A.Tuqanov,
A.Muradov, V.Sladkonevtsdən
dərs aldı. Azərbaycanda ilk professional teatr
təhsili görmüş
qadın-artist kimi tamaşaçıların yaddaşına,
milli teatrımızın
tarixinə düşdü.
Bu istedadlı
və zəhmətkeş
qız teatr texnikumu ilə paralel olaraq, Ali Qadın Partiya İnstitutunda da təhsil alır və elə tələbəykən səhnə
fəaliyyətinə başlayır.
«Anamın kitabı» (Gülbahar), «Dərviş
Məstəli şah»
(Şərəfnisə), «Notrdam
kilsəsi» (Esmiralda) və sair tamaşalarda
yaratdığı obrazlar
o dövrün təkcə
məhəllə, dükan-bazar
yığnaqlarında deyil,
elitar məclislərində,
yüksək rəyasət
mərtəbələrində də mədəniyyət
hadisələri kimi
qarşılanır.
1926-32-ci illər
- Türk İşçi
Teatrı, 1933-36 - Bakı
Rus DramTeatrı və ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Dram Teatrı. Xalq artisti fəxri
adı, «Qırmızı
Əmək bayrağı»,
«Şərəf nişanı»
ordenləri, neçə-neçə
medal. Mükafatlar mükafatı
- ümumxalq alqışları...
Bu qədər kollektivlər,
fəxri ad, orden-medal,
alqışlar, iki dildə yaratdığı
iki yüzdən çox obraz bizim mədəniyyət tariximizə dörd sözdən - ikisi rəsmi, ikisi ismi-bədii kəlmədən
ibarət bir ad yazdı: Xalq artisti Fatma Qədri...
O Fatma Qədri ki, sonralar - 1968-ci ilin soyuq fevral günlərində
onun haqqında çox isti sözlər yazıldı,
gözlər yaşardı.
Bütün qəzetlər
«Respublikamızın teatr
ictimaiyyətinə ağır
itki üz vermişdir» yazdı. Məşhur teatrşünas
Cəfər Cəfərov:
«Fatma Qədrinin yaratdığı Xuraman Səməd Vurğunun yaratdığı Xuramanla
əkiz bacılardır...»
yazdı. Fatma da daxil olmaqla
bütün Azərbaycan
gəlinliyinin sənət
Qayınanası Nəsibə
xanım Zeynalova ağlar-gülər bir nitq söylədi: «Ay Fatma, sən misilsiz bir nağıl
qəhrəmanı ömrü
yaşayıb, getdin. Amma hara gedirsən,
nə qədər bu xalq var,
o qədər də sən olacaqsan».
Tahir Abbaslı
Mədəniyyət.- 2010.- 16 aprel.- S. 14.