Oğuzun daş yaddaşından
Qədim Azərbaycan torpağının
dilbər guşələrindən
biri, əsrlərin səsini, nəsillərin
nəfəsini yaşadan
Oğuz rayonu açıq səma altında muzeyi xatırladır. Rayonun
ərazisində tarixin
müxtəlif dövrlərinə
aid 40-dan çox abidə var. Bölgədə ilk arxeoloji qazıntı işləri
1915-ci ildə aparılıb.
1950-ci illərdə əslən
Oğuzdan olan alim, respublikamızda arxeologiya elminin əsasını qoyanlardan
biri Saleh Qazıyevin rəhbərliyi
ilə aparılan tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə
kəndlərində qədim
dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlər
aşkar edilib.
Rayonun möhtəşəm
abidələrindən biri Xaçmaz Gavur qalasıdır. Qala
Xaçmaz kəndinin şimal-qərbində, Ərmənət
kəndinin şimalında, Qaladağın zirvəsində
yerləşir. Tarixi mənbələrdən məlumdur ki,
1578-1583-cü illərdə Şirvan və Dağıstan
torpaqları uğrunda Səfəvi və Osmanlı dövlətləri
arasında gedən müharibədə bu qalanın
qarşısında ağır vuruşma olub.
Xaçmaz Gavur
qalası VII əsrdə çay daşı və kirəc məhlulu
ilə tikilibr, ikimərtəbəlidir. Qala 7 bürcdən
ibarət olub xüsusi su kəməri vasitəsilə
içməli su ilə təchiz edilib. Qala XVI əsrədək
fəaliyyət göstərib.
Qalanın bugünkü
qalıqlarına görə müəyyən etmək olar ki,
burada 12-yə qədər otaq olub. Qaladakı 7 bürcdən
də ev kimi istifadə edilib. 1965-ci ildə qalanın sahəsində
aparılan qazıntı işləri zamanı çoxlu
saxsı məmulatlar aşkar edilib.
Muxas qülləsi Muxas
kəndindən şimalda, Daşağıl keçidi
qarşısında yerləşir. Orta əsrin gözətçisi
məntəqələri kimi Muxas qülləsi də yadelli
işğalçılardan, qəfil basqınlardan qorunmaq
üçün tikilib. Qəfil düşmən
basqınlarını ilk dəfə buradan görüb el-obaya
xəbər verirmişlər. Abidənin şimal, cənub və
qərb tərəfləri düzbucaqlı, şərq tərəfi
isə yarımdairəvidir. Qüllənin bu formada tikilməsi
yerləşdiyi sahənin quruluşuna uyğundur. Perimetri 24,7
m-dir. Muxas qülləsi üçmərtəbəli olub.
Onun birinci və ikinci mərtəbələri yaxşı
qalmış, üçüncü mərtəbəsinin
yuxarı hissəsi uçub dağılıb.
Abidə ərazisində
1965-ci ildə iki sahədə, qüllənin qərb və
şərq divarlarının dibində aparılan
qazıntılar zamanı çoxlu sayda saxsı məmulatları
tapılıb. Muxas qülləsi özünün memarlıq
xüsusiyyətlərinə və arxeoloji
materiallarının öyrənilməsinə əsasən
demək olar ki, təxminən IX əsrdə tikilib və ondan
XIV əsrə kimi istifadə edilib.
Azərbaycanın qəhrəmanlıq
tarixi və memarlıq mədəniyyətinin gözəl
nümunələrindən biri də Oğuz rayonunun Yuxarı
Filfilli kəndindəki Surxay xan qalasıdır.
Qala düzbucaqlı
formada olub, hündür qaya üzərində
ucaldılıb. Eni 1 metrə yaxın,
hündürlüyü təxminən 10 metr olan qala
divarları qayanın düz uçurumunda bənd edilib. Qala əsasən
çay daşından və kərpic məhlulundan
hörülüb. Əfsus ki, qalanın divarları bir
neçə yerdən dağılıb.
Bütün müdafiə
qalaları kimi, Surxay xan qalasının da gizli yolu olub. Bu yol adətən
mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə
ətrafla əlaqə yaradarkən düşməni duyuq
salmamaq üçün nəzərdə tutulub. Qalaya
yeraltı su kəməri də çəkilib. Bu isə
yadellilərin hücumları zamanı əhalinin müdafiə
üçün qalaya çəkilməsi və uzun müddət
burada yaşamasına dəlalət edir. Qalanın ətrafındakı
yaşayış evlərinin xarabalıqları bu gün də
qalmaqdadır. Qala XVIII əsrdə Dağıstan feodalı
Surxay xan tərəfindən tikilib, Nadir şahın
Dağıstana və Azərbaycana hücumları zamanı
dağıdılıb. Kim bilir, bəlkə də Azərbaycan
tarixinin qaranlığa düşmüş maraqlı bir səhifəsi,
zəncirindən qırılmış halqa məhz bizim bu
qalanın tarixi ilə bağlıdır?
Azərbaycan ərazisi
Qafqaz Albaniyası ilə bağlı olan qədim və orta əsr
memarlıq abidələri ilə zəngindir. Bu baxımdan
Oğuz rayonunun şimal-şərqində yerləşən
məbəd öz memarlıq üslubuna görə xüsusilə
fərqlənir. Özünəməxsus üslub xüsusiyyətləri
və plan quruluşu olan bu abidə qədim və orta əsr
memarlığının ən gözəl və maraqlı
nümunəsidir. Məbədin divarlarının
hündürlüyü 6 metr olub, şərqdən giriş,
qərbdən çıxış qapıları qoyulub. Məbəd
yonulmuş müxtəlif ölçülü çay
daşı və əhəng məhlulundan inşa edilib. Məbədin
əsasını təşkil edən zal otağının
diametri təxminən 14 metrdir. Azərbaycan ərazisində
yerləşən digər alban abidələri ilə eyniyyət
təşkil etməsini nəzərə alsaq, onun tikilmə
tarixini VI əsrə aid etmək olar.
Oğuz Rayon
Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi məbəd
də dövlət tərəfindən mühafizə edilən
memarlıq abidələrindəndir. Binanın tarixi dəqiq
müəyyənləşdirilməsə də, bu gün
öz əzəmətini saxlamaqdadır. Abidədə
inşaat materialı kimi iri kvadrat formada kəsilmiş tuf
daşından və kirəc məhlulundan istifadə edilib. Bu
abidə 1981-ci ildə bərpa olunaraq, bu günə kimi
tarix-diyarşünaslıq muzeyi kimi istifadə edilir. Oğuz
rayonunun tarixinin maraqlı nişanələrindən biri də
Yaqublu kəndi yaxınlığında Kərimli kənd bələdiyyəsinə
məxsus torpaq sahəsində yerləşən qədim
kurqanlardır. «Kurqanlar çölü» adlandırılan bu ərazidə
vaxtilə mövcud olmuş 9 kurqandan 5-i öz ilkin
formasını saxlayıb, 4-nün isə yerüstü hissəsi
təsərrüfat işləri aparılarkən
dağıdılıb. Son illər bu ərazidə
genişmiqyaslı arxeoloji qazıntı işləri
aparılıb, eramızdan 1500 il bundan əvvələ aid qədim
əşyalar tapılıb. Ekspozisiyaya Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
Şəki-Qax arxeoloji dəstəsinin rəisi Nəsib
Muxtarov rəhbərlik edir. Kurqanlarda aparılan arxeoloji
qazıntılar zamanı yalnız Azərbaycanın deyil, həm
də regionun tarixinin öyrənilməsi üçün
maraqlı, nadir arxeoloji materiallar üzə
çıxarılıb. Həmin ərazidən gildən
düzəldilmiş quş və ilan fiqurları, eramızdan
əvvəlki minilliklərə aid 100-ə qədər qab,
mis, sümükdən hazırlanmış ox ucları, tunc və
misdən hazırlanmış əşyalar, qızıldan
hazırlanmış öküz maskası da aşkarlanıb.
A.Xuduyeva,
Oğuz Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru
Mədəniyyət.- 2010.- 16 aprel.- S.9.