XII əsrin yadigarı - Möminəxatun
məqbərəsi
Azərbaycanın tarixi yurdu, qədim Naxçıvan torpağı memarlıq abidələri ilə zəngindir. Dünya şöhrəti qazanmış
Yusif Küseyir oğlu və Möminəxatun türbələri,
Culfa yaxınlığındakı
Gülüstan və Qarabağlar kəndindəki
qoşa türbələr,
Oğlanqala və Əlincə qalası kimi möhtəşəm
müdafiə istehkamları
bu diyarın tarixi sərvətidir.
XII əsr
Azərbaycan milli mədəniyyətinin yüksəliş
əsri idi. Gəncədə dahi Nizami, Şamaxıda böyük Xaqani yaşayıb yaradır, Naxçıvanda - Azərbaycan
Atabəylər dövlətinin
paytaxtında isə memar Əcəmi Əbubəkr oğlu ölməz sənət incilərini inşa edirdi. Memarın
1175-1186-cı illərdə inşa etdiyi Möminəxatun türbəsi
qadın zərifliyini
göylərə ucaldan
və əbədiləşdirən
möhtəşəm sənət
əsəridir. Bu, sadəcə
türbə deyil, Eldəniz Atabəy Cahan Pəhləvanın anasının (Möminəxatun)
dəfn olunduğu müqəddəs məqbərə
idi. 26 metr hündürlüyə yüksələn
bu abidə Əcəmi düşüncələrinin
ən yüksək zirvəsidir.
Abidə yeraltı
(yeraltı sərdabə)
və yerüstü hissədən ibarətdir.
Türbə bişmiş
kərpicdən hörülüb,
onun səthini örtən plitələrin
üzəri həmin kərpicdən düzəldilmiş
zəngin ornamentlər,
bəzi yerlərdə
isə mavi şirlə (mina) ilə bəzədilib. Türbənin
üzərində kitabələrdən
ibarət memarlıq bəzək elementləri diqqəti cəlb edir. Möminəxatun türbəsi əlvan naxışlarının təravəti,
əzəməti, Yasin
surəsindən gözəl
xətlə yazılmış
müqəddəs kəlamları
ilə Naxçıvan
memarlığının əsrlər
boyu Azərbaycan memarlıq mədəniyyətinə
çox uğurlu yol, istiqamət verməsinə parlaq sübutdur.
XVII əsr
fransız səyyahı
Tavernye, XIX əsrin əvvəllərində Naxçıvana
gələn D.De Monpere, eləcə də fransız Djelafua, alman memarı Yakobstal, rus şərqşünası
Xanıkıf və başqaları Əcəmi
memarlığında möhtəşəmliklə
zərifliyin sintezindən
yaranan kompozisiya bitkinliyinə heyrətlərini
bildirmiş, onun qeyri-adi istedadına heyran qalıblar. Muxtar respublikada olan əcnəbi qonaqlar muzeyin rəy kitabında Möminəxatun məqbərəsinin
möhtəşəmliyindən, gözəlliyindən, dünyanın
ən gözəl abidələrindən biri
olduğunu qeyd edirlər.
Onu da qeyd edim ki,
məqbərənin içərisində
Atabəylər dövlətinin
fəaliyyətini, Əcəminin
yaradıcılığını nümayiş etdirmək üçün ekspozisiya
müvafiq plan əsasında
qurulub.
Ekspozisiyada Azərbaycan
Atabəylərinin nəsil
şəcərəsi, Atabəylər
dövlətinin sahib olduğu
ərazilərin xəritəsi,
Əcəminin yaratdığı
sənət incilərinin
fotoşəkilləri, rəssam
Rafael Qədimovun yağlı
boya ilə işlədiyi Şəmsəddin
Eldənizin, Möminəxatunun,
Əcəminin portretləri
müxtəlif sənədlər
və başqa materiallar hər bir tamaşaçının
marağına səbəb
olur. Bu məqbərəyə
daxil olarkən sanki adama elə
gəlir ki, XII əsrə səyahət edirsən.
Tariximizin, sənətimizin
bu nadir incisi qayğıkeşliklə qorunub
saxlanılır.
Abidənin ətrafında
aparılmış abadlıq,
genişlik onu bütün əzəmətiylə,
gözəlliyi ilə
qavramağa imkan yaradır. Bu gün Möminəxatun məqbərə
kompleksinin ətrafında
Naxçıvan memarlıq
ənənələrinə oxşar üslubda ucaldılmış tarixi binalar - Xan evinin
binası, Açıq
Səma Altında muzey bir-birini tamamlayır, bütövlük
təsiri yaradır.
Hüseyn Əliyev,
Naxçıvan
Mədəniyyət.- 2010.- 16 aprel.- S. 9.