Vaxtsız gələn təkcə əcəldir
Kiminsə qəfil ölüm xəbərini eşidəndə
bəzən belə deyirik: «Elə bu cür
yaxşıdır. Kimsəyə əziyyət vermədən,
quş kimi uçub gedirsən, vəssalam». Nə bilim, vallah. Biz kimik ki?
Bu dünyaya gəlişimizi özümüz
planlaşdırmadığımız kimi, gedişimizin vaxtına da, qaydasına da özümüz qərar vermirik.
...Dünən səhər
belə bir qəfil ölüm xəbəri mədəniyyət
aləmini, bütün teatrsevərləri sarsıtdı. Xalq
artisti Telman Adıgözəlov səhərə yaxın
dünyasını dəyişmişdi. Dünən
bütün günü teatrda olan 57 yaşlı aktyor
axşam evdə özünü pis hiss etdiyni deyib,
yatağına uzanıb... Gecə çağırılan təcili
yardım aktyorun son səfərini təxirə sala bilməyib.
Deyilənə görə, infarkt!
....İlham Rəhimlinin
«Füzuli meydanındakı sənət məbədi»
kitabını vərəqləyirəm. 1996-cı ildə
çıxan kitabda Telman Adıgözəlov barədə məlumatı
tapıb oxuyuram, gənclik şəklinə baxıram. Əslində,
Telman müəllim zahirən çox dəyişməmişdi.
Bir dəfə onunla söhbətimdə gileyləndi ki,
90-cı illərdə teatrda uzanan təmir onun
yaradıcılığından «oğurladı». Yaşının
ən gözəl vaxtında istədiyi qədər rol
oynamadı, ürəyindən keçən obrazları yarada
bilmədi. Yadıma
düşür ki, Akademik Milli Dram Teatrında yenə də təmir gedir.
Xalqın onu daha
çox televiziya tamaşalarındakı rollarından,
«Kinoklub» verilişindəki aparıcılığından
tanıdığını da özünə qarşı
gizli istehza ilə vurğulayırdı. Çünki istəyirdi
ki, onu daha
çox tamaşalardakı
rollarından, çəkildiyi
filmlərdəki obrazlarından
tanısınlar. Nədənsə
Telman Adıgözəlov
öz rolunu oynamadı, ən yaxşı obrazını
yaratmadı. Hər halda, mənə belə gəlir. Hərçənd 30-35 yaşlarında
«Nişanlı qız»
tamaşasında Qoca kişi rolunda da çıxış etmişdi, sonralar az qala 50-ni haqladığı
yaşda «Ah, Paris, Paris!» tamaşasında
cavan oğlan obrazını da yaratmışdı.
Ondan niyə kinoda, teatrda
baş rolları az oynadığını soruşanda
yanıb-tökülürdü: «Aktyor asılı peşə
sahibidir, bu sualı rejissorlara verin» deyirdi.
Bir neçə il əvvəl
Mədəniyyət və İncəsənət Telman müəllimin
dərsindən reportaj hazırlamışdım. Telman müəllim
bütün sənət
müəllimləri kimi
tələbələrinə həm çox mehriban yanaşırdı,
həm də onlara münasibətində
bir qədər rəhmdil görünürdü.
Uşaqlar auditoriyanın
bir küncünə çəkilib jurnalistin qarşısında öz
məharətlərini göstərmək
üçün obraza
girməyə çalışdığı
zaman düşündüyümü
Telman müəllimlə
bölüşdüm. Bir
an tutuldu: «Yəni belə hiss olunur?» Cavab verdim ki,
uşaqları deyə
bilmərəm, amma mən hiss elədim. Ağır-ağır başını
yellətdi: «Yazıqdırlar...
Onlar da asılı peşə sahibi olacaqlar. Universiteti bitirib hansı teatrda işləyəcəklər, necə
dolanacaqlar...».
Komik aktyor ampluası Telman Adıgözəlovun boynuna
biçilmişdi. Amma
o, Azərbaycan komik aktyorlarının səhnədən
kənardakı ciddi davranış ənənələrini
davam etdirirdi. Dəvət olunduğu verilişlərdə (əslində,
onu birbaşa sənətə aidiyyəti
olmayan televiziya proqramında gördüyüm
yadıma gəlmir), müsahibələrdə ciddi
danışar, təmkinini
pozmaz, yersiz lətifə söyləməz,
həmsöhbətini güldürməyə,
onun qılığına
girməyə çalışmazdı.
Səhv eləmirəmsə,
teatrda onun son rollarından biri «Müsyö Jordan və Dərviş
Məstəli şah»dakı dərviş obrazı idi. Eyni əsərin
bir neçə quruluşunu da görmüşəm, həmin
əsər əsasında
çəkilmiş filmi
isə demək olar, hamı görüb. Telman Adıgözəlovun dərvişinədək
gördüyüm Məstəli
şahlar yalnız fırıldaqçı və
şarlatan kimi yadımda qalmışdı,
Telman müəllim isə onu daha
çox “avam qadın” psixologiyasına yaxşı bələd olan çoxbilmiş kimi təqdim edirdi. Bilmirəm, bu tamaşa bütünlükdə zəif
olduğundanmı, ya da yenə də
təmir üzündənmi
repertuarda tez-tez görünmədi. Heyif...
Yeni ilin ilk günlərində «Evləri
köndələn yar»ın davamını - «Evləri göydələn
yar»ı göstərdilər.
Telman müəllimin obrazı - foto həvəslisi gənc Kamil artıq məşhur foto ustasına, ərgən qız atasına çevrilmişdi. Dəyişən
təkcə ifaçının
və obrazın yaşı idi. Onun tamaşaçıya sevdirdiyi Kamil öz cazibəsini, əqidəsini zərrəcə
itirməmişdi.
... Dünən
yaradıcılıq planı
quran, təzə nəsə axtaran, yaratmaq istəyən insan barədə bu gün keçmiş
zamanda danışmaq çətindir. Amma neyləyəsən ki, həyat budur!
Telman müəllim
ömür boyu qalmaqallardan uzaq olmuşdu, müsahibələrində
şok açıqlamalar verib, rol davasını, teatrın mətbəxində
olanları mətbuata açıqlamamışdı. Amma deyəsən,
«mən aktyoram» deyən hər kəsin ömründə
heç olmasa, bir şok olaya ehtiyac var.
Telman Adıgözəlov
da bu şok olayı qəfil ölümü ilə teatrsevərlərə
yaşatdı. Nə ailəsindən, balalarından
doydu, nə də sənətdən.
Biz də onun ifasından doymadıq!
Çoxdan oxunmayan bir
mahnıda deyildiyi kimi: vaxtsız gələn təkcə əcəldir.
Allah rəhmət eləsin!
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2010.- 16 aprel.- S. 6.