“Sənətin
Məcnunu”
Ziyadxan Əliyevin Səttar Bəhlulzadəyə həsr
olunmuş kitabı haqqında qeydlər
Aprelin 16-da Dövlət
İncəsənət Muzeyində
Əməkdar incəsənət
xadimi, sənətşünas
Ziyadxan Əliyevin dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadəyə həsr
olunmuş “Sənətin
Məcnunu” kitabının
təqdimat mərasimi
keçiriləcək. Kitabı böyük
sənətkar S.Bəhlulzadənin
100 illik yubileyinin qeyd olunması barədə Azərbaycan Respublikası Prezidentinin
31 yanvar 2008-ci il tarixli sərəncamına
əsasən Mədəniyyət
və Turizm Nazirliyi nəşr edib. Nəfis tərtibatlı kitab “Aspoliqraf” nəşriyyatında
çap olunub.
Qeyd edək ki, S.Bəhlulzadənin
100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncama əsasən,
2009-cu ildə bir çox tədbirlər keçirilib. İncəsənət Muzeyində və
UNESCO-nun Parisdəki mənzil-qərargahında S.Bəhlulzadəyə
həsr edilmiş sərgilərin təşkili
və sənətkarın
həyat və yaradıcılığından bəhs edən nəfis kataloqun çap edilməsi sadalanan işlərə bariz nümunədir.
Bu işlər böyük rəssamın
keşməkeşli həyatı
boyu Azərbaycan incəsənəti üçün
etdiyi fədakarlıqların
xalqımıza və
dünyaya çatdırılması
üçündür.
Ziyadxan Əliyev
1974-cü ildə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini
fərqlənmə diplomu
ilə bitirib. Sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq,
Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq
fakültəsində (1976-1982) təhsil alıb. Təsviri sənətimizin
müxtəlif sahələrinə
aid çoxsaylı elmi və publisistik
məqalələrin müəllifidir.
“Sənətin Məcnunu”
kitabını müəllifin
yaradıcılığının ən yaddaqalan əsəri hesab etmək olar. Müəllif hələ
S.Bəhlulzadə ilə
ilk tanışlığından
başlayaraq dahi rəssamla canlı ünsiyyətləri və
uzun illər apardığı gərgin
axtarışları nəticəsində
bu kitabı ərsəyə gətirib.
Azərbaycan incəsənət tarixində
S.Bəhlulzadənin həyat
və yaradıcılığına
həsr edilmiş kitabları ötəri şəkildə belə nəzərdən keçirsək,
deyə bilərik ki, indiyədək sənətkara layiq səviyyədə kitab çap edilməmişdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş
“Sənətin Məcnunu”
kitabı bu sahədə görülmüş
işlərdən ən
uğurlusu olmaqla hadisə sayıla bilər.
Qeyri-adi həyat yaşamış
S.Bəhlulzadənin əsərlərinin
bitib-tükənməyən enerjisi, ideyalarının ölməzliyi insanı bu şəxsiyyət haqqında oxumağa, öyrənməyə, maraqlanmağa
vadar edir. Sənətkarın həyat və yaradıcılığını əhatə edən müxtəlif məsələlər
barədə Z.Əliyev
kitabda ayrı-ayrı
bölmələrdə geniş,
maraqlı məlumatlar
verib.
Müəllif “Rəssamın
həyat və yaradıcılığı”, “Rəssamın qrafik irsi”, “Füzuli poeziyası... Səttar dünyası”,
“Səttar Bəhlulzadə
sənətkarlığı”, “Səttar fəlsəfəsi”,
“Süslənmiş rənglərin
poetikası”, “Səttar
Bəhlulzadə yaradıcılığında
tarixilik”, “Rəssamın
gündəlikləri”, “Səttar
Bəhlulzadə sənət
haqqında”, “Səttar
Bəhlulzadə haqqında
fikirlər”, “Səttar
ömrü xatirələrdə”, “Səttar Bəhlulzadəyə
ithaflar” (şeirlər),
“Səttar Bəhlulzadəyə
ithaflar” (tablolar, heykəllər), “Söz adamlarını duyğulandıran
sənətkar”, “Şamaxının
qonağı”, “Əbədiyyətə
qovuşan anlar”, “Səttar əliaçıqlığı”,
“Səttar hazırcavablığı”,
“Səttar Bəhlulzadənin
əsərlərinin siyahısı”,
“Səttar Bəhlulzadənin ömür
yolu” bölmələrində
sənətkar haqqında
ətraflı məlumat
verib. O, sadalanan bölmələrdə sənətkarın
həyat və yaradıcılığına müxtəlif
prizmalardan yanaşaraq
son nəticədə
Səttar sənətinin
böyüklüyünü oxucuya çatdıra bilib. Kitaba rəssamın
yaradıcılığı haqqında ingilis və rus dillərində
də qısa məlumat əlavə olunub.
Z.Əliyev kitabı oxunaqlı bir dildə yazıb. Belə ki, müəllif
kitabı elmi və bədii üslub xüsusiyyətlərinin
sintezindən istifadə
etməklə xalq danışığına yaxın,
poetik bir üslubla qələmə
alıb. Müəllifin
S.Bəhlulzadə ilə
müxtəlif vaxtlarda,
müxtəlif yerlərdə
birgə olması ona sənətkarı daha yaxından müşahidə etmək
imkanları qazandırıb.
S.Bəhlulzadənin ən gərgin və ən xoş məqamlarında keçirdiyi hisslər, onun necə hazırcavab olduğu, nə dərəcədə
sadə həyat yaşadığı, sənət
barədə dolğun
fikirləri müəllifin
əyani ünsiyyəti,
müşahidələri nəticəsində
oxucuya çatdırılıb.
Əsəd Quliyev,
sənətşünas,
Rəssamlar İttifaqının üzvü
Mədəniyyət.- 2010.- 16 aprel.- S. 15.