Qısametrajlı filmlər: ənənə və yeniliklər
Dünyanın mədəniyyət
tarixində əvəzsiz
rola malik kinematoqrafiyanın yaranması
qısametrajlı filmlərin
istehsalı ilə başlanıb. Bu filmlərdə zaman məhdudiyyəti ilə yanaşı, personaj sayı və cərəyan edən hadisələrin əhatə
dairəsi də məhduddur.
Zaman ötdükcə, kino özünün inkişaf
mərhələlərini keçdikcə
qısametrajlı filmlər
tammetrajlı filmlərlə
əvəzləndi. Bununla
belə, qısametrajlı
filmlər heç də tamamilə sıradan çıxmadı,
əksinə, özünə
yeni meydan qazandı. İndi dünyada qısametrajlı
filmlərlə bağlı
müxtəlif müsabiqələr,
festivallar da keçirilməkdədir.
Azərbaycan kinosunda da qısametrajlı
filmlərin müəyyən
ənənəsi var.
Ötən əsrin
30-cu illərindən başlayaraq
“Dostlar”, “Rəqs edən qurbağalar”, “Kazbek”, “Liftçi qız”, “Qaraca qız”, “Afroditanın qolları”, “Dəvətnamə”,
“Dairə”, “Boş yer”, “Yapon və
yaponiyalı” və s. filmlər çəkilib. Daha sonra “Debüt” qısametrajlı filmlər
studiyasının fəaliyyəti
ilə qısametrajlı
film çəkilişi
kinomuzda ənənə
halını alıb.
Son illərdə çəkilən
qısa filmlərə
Şamil Əliyevin “Təsadüfi görüş”,
Asif Rüstəmovun “Ev”, Əli İsa
Cabbarovun “Düyün”,
Samir Kərimoğlunun
“Qanadlarıma sığal
çək”, Fariz Əhmədov və İsmayıl Məmmədovun
“Qocalar”, Elməddin Alıyev və Xəyyam Abdullayevin “Nəfəs”, “Koramal” və s. nümunə göstərmək
olar.
Azərbaycanda qısametrajlı
filmlər ənənəsindən
danışan kinorejissor
Şamil Əliyevin sözlərinə görə,
bu filmlərdə professionallıq, yeni estetik axtarışlar mütləq olmalıdır:
«Bu gün çəkilən
qısametrajlı filmlərə
yüksək parametrlərlə
yanaşanda müəyyən
büdrəmələrin şahidi
olursan. Bir neçə film istisna olmaqla, bizim filmlərin ssenari və dramaturgiyasında çox
mühüm problemlər
var. Bu problem
bütün dünyada
da mövcuddur”.
Ötən həftə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin «Səda»
Tədris Teatrında kino həftəsi çərçivəsində tələbələrə göstərilən
gənc rejissorların
qısametrajlı filmlərini
bu mənada uğurlu hesab etmək olar. “Düyün”,
“Qocalar” filmlərini özündə maraqlı
nüansları gizlədən,
həqiqəti çılpaq
şəkildə yox,
düşündürərək tamaşaçıya çatdıran,
incə yumora malik ironik filmlər
sırasına aid etmək olar. Təbii ki, bu və digər
adlarını çəkə
bilmədiyim bəzi qısametrajlı filmlərimizi
gənc rejissorların
uğuru saymaq olar.
Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran”
layihəsinin də bu istiqamətdə gənclərə yaratdığı
şəraitin böyük
əhəmiyyəti var. Bu layihədə qəbul olunan 5 qısametrajlı film ssenarisi rejissorlara özünü bu meydanda sınayıb, peşəkarlığa bir
addım da yaxınlaşmaq üçün
imkanlar yaradır. Rejissor məhz çəkdiyi qısametrajlı
filmlərlə özünün
ümumi yaradıcılıq
üslubunu, imkan və məqsədlərini
şərh edir, gələcəkdə tammetrajlı
film çəkmək
üçün ondan
bəhrələnir.
Qısametrajlı filmlərin
əsasında dramaturji
cəhətdən güclü
ssenarilər durur. Bu filmlərin mövzusu da müxtəlifdir, adətən,
“underground”dan tutmuş sevgi, insan hüquqları və s. səpkili
mövzularda çəkilən
filmlər festivallarda daha çox cəlbedici olur. Filmin qazandığı tamaşaçı auditoriyası
keyfiyyətli ssenaridən
birbaşa asılıdır.
3-4 dəqiqə ərzində
özündə bəşəri
ideyaları əks etdirən filmlərə bu gün qonşu
dövlətlər - İran
və Türkiyə kinematoqrafiyasında da rast gəlmək olar. Adətən belə qısa filmlərin mərkəzində
kosmopolit dildə danışan insan, onun duyğuları, ideyaları qabardıldığı
halda bizdə bu ənənə bir qədər dəyişir. Belə ki, filmlərimizdə daha çox millilik, mental dəyərlər, kolorit ön plana çəkilir.
Təbii
ki, bu da
əcnəbi tamaşaçını
filmi izləmə usandırır. Əminliklə
deyə bilərəm
ki, bu günün
müasir tamaşaçısına
heç bir mental çərçivələrə
sığmayan, özündə
bəşəri duyğuları
ifadə etməyi bacaran filmlər maraqlıdır.
Bu gün kino aləmində
qısametrajlı filmlərin
çəkilməsinə böyük
maraq var. Həm tamaşaçı, həm
də rejissor üçün maraqlı
olan bu filmlərin
«art-video» deyilən forması da mövcuddur. 3-5 dəqiqə,
hətta 30 saniyə ərzində inanılmaz,
tamaşaçını heyrətə
gətirəcək ideyanı
ifadə etmək rejissordan çox böyük bacarıq tələb edən məsələdir. Bu baxımdan bizim filmlərimiz dünyada məşhur olan bu ənənədən bir qədər kənarda qalıb. Bizdə qısa filmlər 20-50 dəqiqə arasında dəyişdiyi halda, yuxarıda adını çəkdiyim qonşu ölkələr, o cümlədən Avropa ölkələrində zamanı
bir az da
məhdudlaşdıraraq 3-5 dəqiqə ərzində
əsas ideyanı verməyə çalışırlar.
Ümumiyyətlə, bizim
qısa filmlərdə
areal genişliyi, zaman hədsizliyi və s. bu kimi
məqamlar tamaşaçını
filmin ideyasından bir qədər uzaqlaşdırıb fikir
yayğınlığı, dolaşıqlıq yaradır.
Avropa qısametrajlı
filmlərində başqa
parametrlərə üstünlük
verilir. Belə ki, İran, Gürcüstan, Türkiyə
qısametrajlı filmlərinə
nəzər salsaq burada mövzu-ideya qabarıqlığı üstün
olduğu halda, Avropada bu, texniki
keyfiyyətlə əvəzlənir.
Yəni bu filmlərdə daha çox ideyanın ön plana çıxması
məsələsi yox,
operator, rəssam, vizual effektlər və s. üstünlük
təşkil edir.
Beləliklə, qısametrajlı filmlər
rejissor üçün
eksperiment, tammetrajlı
filmlərə nərdivan
rolunu oynamaqla yanaşı, həm də böyük bacarıq, estetik, fərqli yanaşma tərzi tələb edən kinematoqrafiya sahəsidir. İstər
peşəkar, istər
bu sahədə yeni olan gənc
rejissor belə kortəbii şəkildə
yox, sırf özünü bu filmlərə hazır görüb qısametrajlı
filmə müraciət
etməlidir. Yalnız
bu zaman peşəkar kinodan danışmaq mümkündür.
Necə deyərlər,
meydan sözünü
deyə bilənlərindir.
Yeganə Cansailqızı
Mədəniyyət.-2010.- 21 aprel.- S. 11.