Azərbaycanda turizmin prioritet istiqamətləri:
mövcud imkan və potensialdan necə istifadə olunur?
Zəngin tarixi-mədəni irsə
və əlverişli
təbii şəraitə
malik olan Azərbaycan turizm sektorunun böyük inkişaf perspektivləri
var. 1999-cu ildə «Turizm
haqqında» qanunun qəbul edilməsi, “Azərbaycan Respublikasında
2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı”nın
həyata keçirilməsi
nəticəsində bu
sahədə nəzərəçarpacaq
nəticələr əldə
edilib, ölkəmizin
turizm sektorunun beynəlxalq turizm bazarına inteqrasiyanın
əsası qoyulub. Son illərdə ölkəmizin sürətli
sosial-iqtisadi tərəqqisi
bu sahədə yeni imkanlar yaradıb.
Bugünlərdə ölkə
prezidenti tərəfindən
təsdiq edilən “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” həmin imkanların reallaşması
üçün mühüm
baza yaradır.
Müxtəlif turizm istiqamətləri üzrə
infrastrukturun yenilənməsi
xarici turistlərin respublikamıza marağını
artırmaqla yanaşı,
həm də ölkədə yeni iş yerlərinin açılması deməkdir.
Təkcə Qusarda inşa
edilən «Şahdağ»
Qış-Yay İdman-Turizm
Kompleksində 5 minədək
insan işlə təmin olunacaq.
Ölkəmizdə turizmin əksər növlərinin,
o cümlədən kənd,
müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və
s. növlərinin inkişafı
üçün imkanlar
mövcuddur. Bəs
bu imkanlardan necə yararlanırıq?
Turizm obyektlərinə
vergi güzəştləri
tətbiq edilməlidir
Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri,
dosent Bahadur Bilalovun sözlərinə
görə, ölkəmizdə
turizmin bütün istiqamətlərinin inkişafı
üçün potensial
var: «İnkişaf edən turizm növləri içərisində
birinci yeri çimərlik turizmi tutur. Xəzər sahilinin 825 km-i Azərbaycanın payına
düşür. Bu, böyük potensialdır.
Son illər bu sahədə çoxlu işlər görülüb. Xəzərsahili
zonalarda, xüsusən
Nabran ərazisində
çimərlik turizmi
ilə bağlı çoxlu turizm-istirahət
mərkəzləri yaradılıb».
Mütəxəssisin sözlərinə
görə, ölkəmizdə
turizmin inkişaf edən növlərindən
biri də mədəni turizmdir: «Mədəniyyət və
Turizm Nazirliyi turizmin bu növünün
inkişafı üçün
son illər çox işlər görür. Mədəni turizm çimərlik turizmi kimi mövsümdən asılı deyil. Azərbaycan ərazisində
6 mindən çox tarix-mədəniyyət abidəsi
qorunub saxlanılır.
Bu baxımdan incəsənətimiz,
muğamımız, abidələrimiz
bu turizm istiqamətinin inkişafı
üçün böyük
potensialdır. İpək
yolu marşrutu ilə Azərbaycana gələn əcnəbi turistlər, ilk növbədə, mədəniyyətimizlə,
tarixi yer və abidələrimizlə
tanış olmaq üçün gəlirlər».
B.Bilalov bildirir ki, ölkəmizdə
böyük perspektivlər
vəd edən turizm növlərindən
biri də kənd turizmidir. Mütəxəssis
yerli bələdiyyələrin
intensiv şəkildə
bu işə qoşulmasını vacib hesab edir: «Bələdiyyələr
öz ərazilərində
kiçik hotellər,
qonaq evləri tikməklə, kənd turizminin atributlarını
formalaşdırmaqla daha
böyük gəlir əldə edə bilərlər».
Perspektivli turizm növləri sırasında xüsusi yer tutan ekoturizm
Azərbaycanda ötən
əsrin 80-ci illərindən
gündəmə gəlib. B.Bilalovun
sözlərinə görə,
2010-cu ilin Azərbaycanda
«Ekologiya ili» elan olunduğunu nəzərə alsaq, ekoturizmin inkişafına xüsusi diqqət verməyin vaxtıdır:
«Bunun üçün
bir sıra dövlət qurumlarının,
ilk növbədə,
Mədəniyyət və
Turizm Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə işləməsinə ehtiyac
var. Ölkəmizdə
turizmin inkişafı
ilə bağlı vergi güzəştlərinin
edilməsi lazımdır.
Bu səbəbdən Vergilər Nazirliyinin də bu məsələdə
iştirakı zəruridir.
Turizm üzrə inkişaf etmiş ölkələrin təcrübəsi
də bunu deməyə əsas verir. Maneələr aradan qaldırılmalıdır
ki, həvəsi olanlar bu işə
qoşula bilsinlər».
B.Bilalovun sözlərinə
görə, ölkəmizdəki
müxtəlif müalicəvi
kurortlar bizə sağlamlıq turizmini də geniş inkişaf etdirməyə imkan verir: «Naftalan
nefti kimi dünyada tayı-bərabəri
olmayan müalicəvi
palçıq, mineral bulaqlarımız
turizmin bu növünün inkişafı
üçün potensialdır.
Sadəcə, kurort
zonalarında dünya
standartlarına cavab verən hotellərin tikilməsinə ehtiyac var. Bundan əlavə,
avto-mototurizm, ekstremal,
dağ, atçılıq,
rekreasiya-istirahət turizmini
inkişaf etdirmək olar. Hətta Xəzər dənizi imkan verir ki,
ölkəmizdə sualtı
- dainq turizmi inkişaf etsin».
Turizm mövsümünün
müddəti 150-160 günə
çatdırılacaq
Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun dediyinə
görə, hazırda
Azərbaycanda turizmin prioritet təşkil edən növləri mədəni, konfrans, rekreasiya-müalicə, ov,
ekoloji, kənd turizmidir: «Qusarda «Şahdağ» Qış-Yay
İdman-Turizm Kompleksinin
inşası ölkəmizdə
yeni turizm növünün - qış
turizminin inkişafına
imkan açacaq. Bundan əlavə, nazirliyin hədəf olaraq qarşısına qoyduğu məsələlərdən
biri də turizm mövsümü günlərinin sayının
artırılmasıdır. Bu gün Azərbaycanda
real olaraq turizm mövsümü
45-60 gün hesab edilir. İstəyirik ki, cəlbedici infrastruktur layihələri
yaratmaqla, turizm günlərinin sayının
artırılmasına nail
olaq. Mərhələlərlə
bu müddəti 150-160
günə çatdırmaq
niyyətindəyik».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 21 aprel.- S. 8.