Azərbaycan muğamının
Alim zirvəsi
Yer üzündə
bütün səslər
içərisində Allaha
ən yaxını musiqidir. Əgər belə olmasaydı, heç bir ifaçı minlərlə insanı bir araya gətirib
səsin sehrinə sala bilməzdi. Elə ogünkü kimi.
Həmin gün (9 aprel - red.) Heydər
Əliyev Sarayında Xalq artisti, “Şöhrət” ordenli muğam ustası Alim Qasımovla qızı Fərqanə Qasımova eyni səhnəni birgə, lakin fərqli, həm də yeni forma və məzmunda bölüşürdülər...
Azərbaycan xalqının qədim irsi olan muğam
hələ ötən
əsrin 70-ci illərində
dünya musiqisinin bənzərsiz nümunəsi
kimi tanınıb. 1975-ci ildə Azərbaycan muğamları UNESCO tərəfindən
“Musiqi mənbələri”
seriyasında buraxılmışdı.
2003-cü ildə isə
UNESCO Azərbaycan muğamını
“bəşəriyyətin şifahi
və mənəvi irsinin şedevrləri” siyahısına daxil etməklə, bir daha muğamın bədii təkrarolunmazlığını
və dünya mədəniyyəti üçün
dəyərini təsdiq
etmiş oldu.
Son illərdə bu musiqi incimiz muğam ustası Alim Qasımovun ifasında daha geniş üfüqlərə
yol açıb, daha böyük zirvələri fəth etməyə başlayıb. Alimin
oxuduğu muğamda fərəh də var, kədər də. O oxuduqca insan sanki qədim
bir rəvayət dinləyirmiş kimi dünənini öyrənir,
bu gününü dərk edir və sabahına boylanır. Alim Qasımov olmaq yolu alın təri, fəhlə əməyi, gecə-gündüz
usanmadan çalışmaqdan
keçir. Alim Qasımov olmağın mahiyyətində məcnunluq,
sənətə, ifaya,
muğama dəlicəsinə,
çılğıncasına aşiqlik var.
Alim Qasımovun həyat yolunu vərəqləyərkən
diqqətimi çəkən
bir məqamı oxuculara çatdırmaq istəyirəm. Körpə
ikən halı xarablaşan Alimi valideynləri - Həmzə
kişi və Mədinə xanım Bakıya - Qarayev adına Uşaq xəstəxanasına gətirirlər.
Həkimlər heç
bir ümid yeri qoymurlar, “bu uşaqdan əlinizi üzün” - deyirlər. Elə bu məqamda Mədinə xanımla bir palatada yatan
qadın gələcək
xanəndənin dərd-qəmə
batmış anasına
maraqlı məsləhət
verir: “Bacım, ola bilsin, indiki
adı uşağa düşmür. Gəlsənə,
onun adını dəyişəsən. Bəlkə
Allah rəhm elədi, sağ qaldı”.
Gələcək muğam ulduzunun
ilk adı Pənah imiş. Əli hər yandan üzülən Mədinə ana da ona məsləhət
vermiş qadından xahiş edir ki, madam, bu,
sənin ağlına
gəldi, körpəmə
təzə adı da özün ver. Qadın bir an düşünüb,
sonra “qoy uşağın adı Alim olsun” - deyir.
Bu, həmin addır ki, indi dünyanın neçə qitəsində
Azərbaycanın mədəniyyətini,
musiqi sənətini tanıdır. Təzə
ad həqiqətən
də körpə üçün düşərli
olur.
Azərbaycan musiqisində bir-birinə bənzəyən və bənzəməyən səslər
çox olub. Bu
sənətə könül
bağlayıb, onu sevən və sevdirənlər də az olmayıb. Sənətə bütün ifaçılar
kimi oxumaq, özünü sübut etmək amalı ilə gələn Alim Qasımov qısa zaman kəsiyində çoxlarından,
bəlkə də elə hamıdan fərqləndi. Ən azı ona görə
ki, özü olmağa çalışdı
və oldu. Təkcə səsi, avazı, zili, bəmi ilə yox, həm də
qazandığı tamaşaçı
sevgisi ilə. Hamı kimi başlasa da, özü kimi addımlamağa qərar verdi və muğamatın
Alim yolunu tapa bildi.
İlk başlanğıcda
ona heyfi gələnlər də az olmadı. Alimin bu yolda
uzun illər duruş gətirəcəyinə
inananların sırası
barmaqla sayılacaq qədər idi. Amma Alim muğamın minillik könül bağçasında elə
bardaş qurub əyləşdi ki, illər keçdikdən sonra onu buradan
qaldırmağın mümkünsüzlüyü
qəbul edildi. İllər ötdükcə
o, dinləyicisinin diqqətini təkcə səsinə, ifasına deyil, həm də hərəkətlərinə cəmləyə bildi. İlk başlanğıcda
birmənalı qarşılanmayan
əl-qol hərəkətləri,
tərpənişlər, enmələr,
qalxmalar sonradan onun ifalarında təbii şəkildə
tamamlandı. Belə oxumağın yolu yalnız bu cür çırpınmadan,
özündən uzaqlaşıb,
yenidən özünə
qayıdışdan keçir.
Alim muğamımızın və
mədəniyyətimizin tarixində
əbədi qalmaq haqqını qazanmış
sənətkarlardandır. Alim səsi,
Alim ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış
təcrübənin məcmusu
və zirvəsidir.
Alim Avropa səhnəsinə
XX əsrin sonlarında
çıxdı, qısa
zaman kəsiyində avropalılara muğamı
sevdirməklə yanaşı,
onları muğam aludəçisinə çevirə
bildi. O, muğam sənətini Fransa, İngiltərə,
ABŞ, Almaniya, Belçika,
İspaniya, Yaponiya, Braziliya və digər ölkələrdə
tanıdaraq Azərbaycan
mədəniyyətinin dünyaya
yayılması, musiqi
dünyasında Şərq-Qərb
anlaşmasını, vəhdətini
təmin etmək baxımından misilsiz xidmət göstərib.
A.Qasımovun Avropada, Amerikada ifa elədiyi
muğam sadəcə
istedadlı bir xalqın ənənələrinə
və düşüncə
tərzinə bağlı
ekzotika kimi yox, bəşəri musiqi kimi dəyərləndirilir.
Əgər bu gün UNESCO muğam ustası Alim Qasımovu dünyanın yüzlərlə,
minlərlə ifaçısı
arasından seçib
ən yüksək mükafatına layiq görürsə, bu, muğamın, Şərqin,
Azərbaycanın uğurudur. Xatırladaq
ki, sənətkar
1999-cu ildə Beynəlxalq
IMC UNESCO Musiqi mükafatını
alıb. O, həmçinin
Amerikanın məşhur
Corctaun Universiteti və İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin
keçirdiyi müsabiqədə
dünyanın ən nüfuzlu 500 müsəlmanı
arasında 4 azərbaycanlıdan
biri olub.
Alimi dinləyənlər yaxşı
bilirlər ki, bu səsin və
sənətin sərhədi
yoxdur. Orda bütün muğamlar qarışa, şöbələr
birləşə, təsniflər
eyniləşə, ritmlər
iç-içə düşə
bilər. Lakin bu “qarışıqlığın”
heç vaxt pozulmayan vahid bir prinsipi var.
Alim ifalarında böyük ustalıqla muğamlarımızın, demək
olar ki, bütün şöbələrinə
baş vurur. Muğamdan az-çox baş çıxaranlar bu gedişlərə sadəcə olaraq heyrətlənməyə bilmirlər.
Çünki insan daha çox bildiyi şeylərə heyrətlənir. Hələ
onun etdiyi gözlənilməz gedişləri,
hər bir muğam parçasından
sonra oxuduğu rəngarəng təsnifləri
demirəm.
Alimi səhnədə tar, kaman, balaban,
nağara ifaçıları
müşayiət edir.
Bu dördlük Alimin dəstəyi ilə səhnədə böyük bir orkestrin işini görür. A.Qasımov ifa etdiyi muğamı
dəfdə vurduğu
maraqlı ritmlərlə
bir daha zənginləşdirir.
Azərbaycan səhnəsi Alimə qədər və Alimdən sonra səhnəni övladı
ilə bölüşən
çox sənətçilər
görüb və bundan sonra da
görəcək. Lakin
onların heç birinə Alim xoşbəxtliyi nəsib olmayıb. A.Qasımov tələbəsi və qızı Fərqanəni
özünə layiqli
davamçı yetişdirməklə
yanaşı, muğam
ifaçılığında ilk dəfə olaraq qadın və kişi səslərinin birgəliyini,
həmahəngliyini yaratmağa
nail olub. Ata-bala, Alimlə Fərqanə bir-birini səhnədə elə tamamlayır ki, dinləyici öz içinə çəkilib
sadəcə onları
dinləməyə məhkum
olur. Təbii ki, söhbət mənəvi məhkumluqdan
gedir.
Alim Qasımov doğulduğu zamanın deyil, bütün zamanların sənətkarıdır.
O, qəlblərə hakim
kəsilən səsinin
gücü ilə bütün sədləri,
sərhədləri, çərçivələri
aşaraq insanları mərhəmətə, düzlüyə,
haqqa, sevgiyə səsləyir.
...Heydər
Əliyev Sarayı bir-birindən güclü
və tanınmış
çox sənətçilər
görüb. Bu səhnədə çoxlarına
əl çalınıb,
gül dəstələri
təqdim edilib. O gün bu saray
tamam başqa bir görkəm almışdı. Ayaq üstdə dayanmış
insanların sürəkli
alqışları Alim
səsinin doyulmazlığını,
onun hər zaman arzulanan bir ifaçı olmasını açıq-aydın
sübut edirdi. O gün tamaşaçılar
üçün konsertin
sonunu fikirləşmək
heç də ağlagələsi bir iş deyildi. İnsanların alqışları
ilə Alim dəfələrlə yenidən
səhnəyə döndü
və oxudu. Konsert sona çatsa
da, hamı Alimi ilk başlanğıcda
olduğu kimi yenidən, özü də böyük həvəslə dinləmək
istəyirdi. Bu istəyin sonu yoxdur. Sənətkar üçün bundan böyük qazanc, bundan böyük xoşbəxtlik varmı?..
Abdulla Suvar
Mədəniyyət.- 2010.- 21 aprel.- S. 7.