“...Sinəmdə
dastan gəldim”
Zəlimxan Yaqubun 60 illik yubileyi yüksək səviyyədə qeyd olundu
Açılışı özü elədi... Belə də olmalı idi. Zəlimxanı Zəlimxan qədər
kim bilə bilər ki?! Ötən şənbə
şairin Heydər Əliyev Sarayında keçirilən 60 illik yubiley tədbirinin elə açılışındanca
hiss olundu ki, bu gecə
yalnızca Zəlimxan
Yaquba həsr olunmayacaq, özü demiş, Dədə Yunusdan Dədə Şəmşirəcən bütün
nurani-pirani sənətkarların
anım-xatirə gecəsi
olacaq.
Böyük ehtiram və hörmətlə yad olunanların arasında ulu öndər Heydər Əliyev də vardı. Düz
12 il əvvəl, hələ şairin 48 yaşı tamam olanda elə bu sarayda keçirilmiş
gecədə Heydər
Əliyev də iştirak etmişdi. Bütün istedadlı insanlar kimi Zəlimxan
Yaquba da həmişə yüksək
qiymət verən, qayğı göstərən
ümummilli lider...
Əslində, yubiley tədbiri foyedə təşkil olunmuş sərgidən başlayırdı. Sərgidə
Z.Yaqubun müxtəlif
ölkələrdə, müxtəlif
dillərdə çap
olunan kitabları, eyni zamanda, şairdən
bəhs edən maraqlı nəşr nümunələri nümayiş
olunurdu. Bir müəllif üçün
kifayət qədər
böyük sayıla
biləcək bu stend Zəlimxan müəllim haqda yetərincə məlumat verirdi. Onun təkcə
quzeyli-güneyli Azərbaycanın
deyil, bütün türk dünyasının
sevimli şairi olduğunu açıqca göstərirdi. Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi yubiley tədbirinin proqramı olduqca maraqlı tərtib olunmuşdu. Aşıqlar
Birliyinin sədri, “Şərəf” və “Şöhrət” ordenli Xalq şairi Zəlimxan Yaqubun ürəkdolusu giriş nitqindən sonra ona həsr olunan
sənədli filmdən
fraqmentlər göstərildi.
Ardınca da, təbii ki, saz!
İlk çıxış
Ədalət Dəlidağlının
oldu - “Ruhani”! Sazın beşiyində - ulu Borçalıda doğulub boya-başa çatan şair seçimində haqlı idi. Ədalət Dəlidağlı, yalan olmasın, böyük adaşından fərqlənməyən
bir ifa nümayiş
etdirdi. “Ruhani”nin insanın ruhuna, bəli məhz ruhuna ilahi bir sakitlik
gətirən bənzərsiz
melodiyaları könülləri
asanlıqla fəth eləyib tamamilə dolmuş zalı öz sehrinə sala bildi. Bu
ifa özündən sonrakı çıxışların
da yaxşı olacağına zəmanət
verirdi sanki...
“Dünya
Ahıska Türkləri”
cəmiyyətinin prezidenti
Ziyəddin İsmixanlının
Osmanlı və Azərbaycan türkcəsini
doğma bir şirinliklə özündə
birləşdirən çıxışı
da maraqlı oldu, onun şair
üçün gətirdiyi
hədiyyə də! Ziyəddin bəy Zəlimxan Yaquba Ahıska xanlarının xəz geyimini və papağını hədiyyə etdi... Şair uzun əbanı səhnədəcə
əyninə geyib bir anlıq da olsa, xan
duyğusunu yaşadı
da!
Şirvan məktəbinin tanınmış
nümayəndələrindən biri, Aşıq Ağamuradın “Sarıköynək”
havacatı üzərindəki
çıxışı ifaçının
gözəl, təmiz
səsi, muğam-havacat
qarışıq gözəl
zəngulələri ilə
yadda qaldı.
Əməkdar artist Könül Xasıyevanın
ifasının ardınca
cənublu gənc şair Məhəmməd
İbadi səhnəyə
çıxdı. Məhəmməd
bəyin çıxışını
dinləmək kifayət
idi ki, Zəlimxan
Yaqub yaradıcılığının
güneyli qardaşlarımıza,
orada yazıb-yaradan qələm adamlarına necə təsir etdiyini anlayasan. Gənc şair ürəkdolusu Təbriz havası gətirmişdi Heydər Əliyev Sarayına. Çıxışı
da sürəkli alqışlarla müşayiət
olundu. Təbriz aşıqları Çingiz Mehtipur və Məhbub Xəlilinin çıxışı
isə tamaşaçıları
Təbriz, Borçalı,
Göyçə, Dərbənd,
Ərdəbil, Xoy deyin Azərbaycanı el-el, oba-oba gəzdirdi. Çingizin ustad çalğısı
və Məhbubun bu çalğını mükəmməlcəsinə tamamlayan
ifası onları çoxdan tanıyan dinləyiciləri bir
daha heyrətləndirdi.
Güneyli sənətkarlar
şairə daha bir sürpriz də etdilər: şairin iri çərçivəyə alınmış
portretini ona bağışladılar!
İrəvan Dövlət Azərbaycan
Dram Teatrının şairin
eyniadlı poeması əsasında hazırladığı
“Göyçə dərdi”
səhnəciyi də
yaddaqalan çıxışlardan
oldu. Xüsusilə, sazın müşayiətində
Dədə Ələsgərin
məşhur “Dağlar”
şeirindən asta səslə oxunan iki bənd könüllərin
sarı siminə toxundu.
Tədbir Z.Yaqubun digər poema və şeirlərindən
nümunələrin ifası,
tanınmış elm və
sənət adamlarının
çıxışı ilə
davam etdirildi.
Yubiley tədbirində
Baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının Humanitar
siyasət məsələləri
şöbəsinin müdiri
Fatma Abdullazadə, Milli Məclisin deputatları, tanınmış
elm və mədəniyyət
xadimləri, poeziya vurğunları, Türkiyə,
İran, Qırğızıstan,
Gürcüstan və
digər ölkələrdən
gələn qonaqlar iştirak edirdilər.
Vüsal
Mədəniyyət.- 2010.- 21 aprel.- S. 6.