Tarixi abidələrimizi
öyrənməli, qorumalı
və təbliğ etməliyik
Beynəlxalq Abidələr və
Tarixi Yerlər Gününə həsr olunmuş konfrans keçirildi
Aprelin 19-da Muzey Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə «Tarix və mədəniyyət
abidələrinin qorunması»
mövzusunda respublika konfransı keçirildi. Konfrans 18 aprel
- Beynəlxalq Abidələr
və Tarixi Yerlər Gününə
həsr olunmuşdu. Tədbirdə çıxış edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev
1983-cü ildən UNESCO səviyyəsində
bütün dünyada
qeyd olunan bu günün Azərbaycanda ilk dəfə qeyd edildiyini nəzərə çatdırdı: «2009-cu ildə
Azərbaycanın memarlıq
abidələrinin qorunması
haqqında Avropa Konvensiyasına qoşulub və bu il biz
həmin günü qeyd edirik».
Azərbaycanın
tarixi-mədəniyyət abidələrinin bir çoxunun Ermənistanın
hərbi təcavüzü nəticəsində
dağıdıldığını nəzərə
çatdıran nazir müavini bu faktı dünyaya
çatdırmaq, erməni vandalizmini ifşa etmək
üçün beynəlxallq səviyyədə bütün
imkanlardan istifadə olunduğunu dedi.
Nazir müavini bildirdi
ki, Azərbaycan müstəqillik qazandıqdan sonra maddi-mədəni
irsə dövlət tərəfindən qayğı və
diqqət göstərilir: «Azərbaycan ərazisində
aşkar edilmiş tarixi abidələrin yeni siyahıya
alınması prosesi davam edir. İşlərin ilin sonuna kimi
başa çatacağı planlaşdırılır. Nazirlər
Kabinetinin 2001-ci ildə təsdiq etdiyi sonuncu siyahıya 6543
tarixi abidə daxil edilib. Bu abidələr dünya, yerli və
ölkə əhəmiyyətli abidələr olaraq təsnifləşdirilib.
Lakin iki il öncə ölkə
başçısının tarixi abidələrlə
bağlı imzaladığı sərəncama əsasən,
sonradan tapılmış abidələr də daxil olmaqla,
bütün tarixi abidələrin yeni siyahısı tərtib
olunmalıdır”.
Abidələrin
pasportlaşdırılmasına gəlincə, Ədalət Vəliyev
bu işin qısa zaman ərzində başa
çatmasının mümkünsüz olduğunu bildirdi:
“Birinci növbədə bu işə böyük maliyyə vəsaiti
tələb olunur. İkinci tərəfdən isə xeyli
zaman lazımdır. Amma bu istiqamətdə işlər davam
edir”.
Abidələr və
tarixi yerlərin qorunması ilə bağlı vacib işlərdən
danışan nazir müavini bildirdi ki, ilkin vaxtlar
üçün ölkə ərazisində 1000-ə
yaxın irili-xırdalı abidə qeydiyyata düşüb:
«Hazırda isə Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutu tərəfindən həmin abidələr
araşdırılır və tarixi abidə kimi qeydiyyata
alınması işləri aparılır».
MEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova
respublikamızda aparılan son arxeoloji tədqiqatlar, milli sərvətimiz
olan tarixi abidələrin qorunmasının vacibliyi haqqında
danışdı: «Vaxtilə ümummilli lider Heydər Əliyev
tərəfindən imzalanmış «Bakı şəhərində
“İçərişəhər” tarix-memarlıq qoruğunun
mühafizəsi və bərpası ilə bağlı bəzi
tədbirlər haqqında», «Çıraqqala tarixi abidələr
kompleksinin qorunması və bərpası haqqında»,
“Şabran şəhəri tarix və mədəniyyət abidəsinin
qorunması haqqında” sərəncamları arxeoloqlar və
etnoqraflar qarşısına yeni vəzifələr qoyub. Heydər
Əliyev Azərbaycanda arxeoloji tədqiqatların
aparılmasına böyük diqqət verirdi, bu sahəyə
maliyyə vəsaitləri ayrılırdı. Prezident
İlham Əliyev bu ənənəni davam etdirməkdədir.
Cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən
2008-2009-cu illərdə aparılması nəzərdə
tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında” 5
fevral 2008-ci il tarixli sərəncamı ölkənin
bütün bölgələrində arxeoloji tədqiqatların
aparılmasına təkan verdi. Hazırda 40-a yaxın arxeoloji
ekspedisiya və dəstə Paleolit dövründən
tutmuş son orta əsrlərədək olan dövrün abidələri
tədqiq edir».
Mədəniyyət və
Turizm Nazirliyinin mədəni irs şöbəsinin əməkdaşı
Təranə Qəmbərova öz
çıxışında mədəni irsin qorunması sahəsində
görülən işlər barədə danışdı.
Azərbaycan Dövlət
Neft Şirkətinin şöbə müdiri Füzuli
Hacıyev Abşeron yarımadasında şirkətin istifadəsində
olan neft-qaz mədəni ərazilərindəki tarixi abidələrin
monitorinqinin aparıldığını, bərpaya
ehtiyacı olan abidələrin siyahıya
alındığını diqqətə
çatdırdı. Onun sözlərinə görə,
ARNDŞ-ın Ekologiya İdarəsinin əməkdaşlarının
iştirakı ilə Abşeron yarımadasının neft
yataqları hissəsində yerləşən arxeoloji və
tarixi abidələrin öyrənilməsi məqsədilə
monitorinq keçirilib: «Əsas məqsəd bu abidələrin
tarixinə, hazırkı vəziyyətinə diqqət
çəkmək, onların təmir-bərpası
üçün görüləcək işləri müəyyənləşdirməkdir».
F.Hacıyev bildirdi ki, bu məqsədlə bir sıra abidələr,
Ramana qalası, mayak, məscid, eləcə də digər abidələr
qeydə alınıb.
Tədbirdə mədəni
irsin qorunması ilə bağlı görülən işlərdən,
qeyri-hökumət təşkilatlarının bu sahədəki
fəaliyyətindən, qədim yaşayış məskənlərimizdən
olan Göytəpə abidəsi haqqında
danışıldı.
Konfrans çərçivəsində
«Qədim Azərbaycan abidələri» diskinin təqdimatı
oldu.
Mehparə Sultanova
Mədəniyyət.- 2010.- 21 aprel.- S. 5.